Məhkəmə qərarları › İş №2(105)-492/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-492/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-492/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1769/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh istifadə etdiyi təbii qazın dəyərinə görə 576,14 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pul tutularaq, İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Avaxıl kəndində yaşayan Cavabdeh 576,14 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə Şamaxı Xidmət Sahəsinə 576,14 manat debitor borcu yaranmışdır. Borclu Cavabdeh Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent Cavabdeh hər ay bildiriş almış, sonuncu dəfə 2024-cü ilin 10 ay ərzində heç bir ödəniş etməmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00131 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri tam ödənməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi tam əsassız və ədalətsizdir. Belə ki, Şamaxı Rayon Məhkəməsi icraatında olan işlə bağlı onu xəbərdar etməmişdir. Bu səbəbdən o, İddiaçı ona qarşı 576,14 manat (beş yüz yetmiş altı manat on dörd qəpik) borc pul tələbinə qarşı etiraz və izahatını, habelə sübutlarımı vaxtında məhkəməyə təqdim edə bilməmişdir. Xahiş edir ki, aidiyyəti orqanlara sorğu verərək iş materiallarına daxil edildiyi kimi onun abonent kodu üzrə (**********00131) qaz pulu ödənişi etməyini təsdiq edən qəbzlərin iş materiallarına daxil edilməsinə köməklik göstərilsin. Çünki özü bu qəbzlərin dublikat nüsxələrini ala bilmədi. Odur ki, o, istehlak etdiyi qaz pulunu təkrar ödəməli deyil. Şamaxı Rayon Məhkəməsi qət etdiyi e-2(074)-1769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində işin bütün faktiki halları tam aydınlaşdırılmamış və həm ondan xəbərsiz, həm də əsassız qətnamə qət edərək onun hüquqlarını pozmuşdur. Ona görə də bu qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qət edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini cavabdeh istifadə etdiyi qaz üçün yaranmış borcunu ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, istehlak etdiyi təbii qazın dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Məlahət Atakişiyeva vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı yaranmış borcun ona ödənilməsini xahiş edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları” nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. İşdən göründüyü kimi cavabdeh təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Bu hal işə əlavə edilmiş abonent saldosunda öz əksini tapmışdır. Cavabdeh borcu ödədiyini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar