Məhkəmə qərarları › İş №2(105)-495/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-495/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-495/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X5 cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehı, onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X5 cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5923/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, mülkiyyətçi “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili üzrə İddiaçı sürücülük hüququ olduqda idarə etmək, ipotekə qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, qeydiyyatdan çıxarmaq sərəncama vermək və digər hərəkətlər etibar edilmişdir.

2. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görnür ki, X3 adından İddiaçı, “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh Sadiq qızına 25000 manata satmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sadiq qızından 18000 manat məbləğində borcun və 144 manat məbləğində dövlət rüsümunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini onunla əsaslandırmışdır ki, “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili 16 iyul 2022-ci ildə etibarnamə əsasında almışdır. Avtomobili aldıqdan qısa müddət sonra satmaq qərarına gəlmiş və bu barədə tanıdığı şəxslərə, o cümlədən Cavabdeh Sadiq qızına məlumat vermişdir. Cavabdeh Sadiq qızı “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili almaq istədiyini, lakin pulu ödəmək üçün avtomobilin banka girov qoyulmasının zəruriliyini bildirmişdir. O, cavabdehi 2021-ci ilin mart ayından tanıyır. Bu səbəbdəndə ona inanaraq 2022-ci ilin iyul ayında “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında onun adına keçirmişdir. Cavabdeh avtomobili banka girov qoyacağını və 18000 manat məbləğində pulu 2023-cü ilin mart ayınadək iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin müəyyən edilmiş vaxt başa çatdıqdan sonra cavabdeh avtomobilin dəyəri olan 18000 manat pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Dəfələrlə cavabdehdən sözü gedən məbləği tələb etsə də, o, hər dəfə banka müraciət etdiyini, kredit götürüb borcu ödəyəcəyini bildirirdi. Hal-hazırda isə cavabdeh iddiaçıya borcu qaytarmaqdan imtina edir.

5. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, tərəflər iş yoldaşı olmuşdur. İddiaçı özünə məxsus “Hyundai İX-35” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmiş və həmin vaxt cavabdeh özünə məxsus olan avtomobili satdıqdan sonra, iddiaçının avtomobilini almaq istədiyini bildirmiş və tərəflər arasında razılıq əldə olunmuşdur. Bundan sonra cavabdeh iddiaçının 25000 manata satdığı avtomobilin, 7000 manatını ilkin olaraq ödəyib, qalan 18000 manatını isə 2023-cü ilin mart ayına qədər ödəməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Nəticədə qalan 18000 manat bu vaxta qədər iddiaçıya ödənilməmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında iddianın tamamilə yalan üzərində qurulduğunu bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirmişdir ki, iddiaçını tanıyır, cavabdehi də iddiaçıya görə tanımışdır. O, usta işləyir, Teymur da onun müştərisi olmuşdur. “Nissan X-Trail” markalı avtomobili Sumqayıt maşın bazarında 7000 manata satmışdır, pulunu da gətirib Teymura vermişdir. “Nissan X-Trail” markalı avtomobilin kimə məxsus olması barədə məlumatı olmamışdır. “Hyundai İX-35” markalı avtomobili isə Teymurla bir yerdə 25000-25500 manata avtosalondan almışdır. Onu usta kimi avtomobilin həmin qiymətə dəyib-dəymədiyini müəyyən etmək üçün aparmışdır.

8. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək bildirmişdir ki, o, iddiaçı və cavabdehi tanıyır, hər ikisi iş yoldaşıdır. Onlar "xxxx" MMC-də işləyirlər. Günayın ilk öncə ağ “Nissan X-Trail” markalı avtomobili sürdüyünün, ondan sonra qırmızı “Hyundai İX-35” markalı avtomobili sürdüyünün şahidi olmuşdur. “Nissan X-Trail” markalı avtomobil Günaya məxsus idi, Teymurun onu sürdüyünü görməmişdir. Qırmızı “Hyundai İX-35” markalı avtomobilin isə Günayın mülkiyyətinə necə və hansı qaydada keçməsi ilə bağlı məlumatı olmamışdır.

9. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirmişdir ki, Teymuru 2017-ci ildən tanıyır, iş yerləri qonşu olmuşdur. Günay isə onların şirkətində kadr üzrə mütəxəssis işləyib Teymurun onların iş yerinə heç bir aidiyyatı yoxdur. Sadəcə, Teymurun xahişi ilə o, Günayı işə götürmüşdür. Günay və Teymurun tanışlığı daha əvvələ təsadüf edir. 2021-ci ilin may ayının 24-ündən Günay onların şirkətində, yəni “ARF Construction” şirkətində kadr üzrə mütəxəssis işləyir. Günay həmin şirkətə işə girəndə “Nissan X-Trail” markalı avtomobili var idi. Birinci avtomobili ağ rəngdə idi, sonrakı avtomobili isə qırmızı “Hyundai” idi. Həmin “Hyundai” markalı avtomobilin Günayın mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı məlumatı yoxdur, sadəcə eşitmişdir ki, həmin avtomobili Günaya Teymur almışdır.

10. İş materiallarında diskdə olan səs yazısından görünür ki, İddiaçı (nümayəndəsinin deməsinə görə) telefon danışığı ilə Cavabdeh Sadiq qızına maşını sataraq borcunu qaytarmasını istəyir, sonuncu isə pulu geri qaytarmayacağını bildirir.

11. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5923/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh Sadiq qızından 18000 manat məbləğində borc və 144 manat məbləğində dövlət rüsümunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh aldığı məhsulun dəyərini ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinə əsasən, Cavabdeh Sadiq qızı “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili 25000 manata almış lakin İddiaçı 18000 manatı ödəməmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 442, 567, 600.4-cü Mülki Prosessual Məcəllənin 14.2, 77, 107, 217.4, 218.3-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2020-ci ilin payızında (sentyabr ayında) işlədiyi müəssisə Aral Group tərəfindən alınmışdır. İddiaçı Aral Group Bağçaşəhər filialında çalışırdı. Aral Group işlədiyi müəsisəsini aldıqdan sonra öz işçilərini gətirmişdir. İddiaçıla 2020-ci ilin payızından 2022-ci ilin mart ayına qədər "xxxx" MMC-də birlikdə işləmişlər. Tərəflərin münasibətlə 2021-ci ilin may ayından başlamışdır. Cavabdeh 2021-ci ildə hələ rəsmi boşanmadığına görə (2022-ci ildə rəsmi boşanmışdır) bəzi etibarnamələrdə soyadı Seyidova Günay olaraq yazılıb. İddiaçıla Cavabdeh münasibətləri xx.xx.2024-cü ildək davam edib. Birgə olduqları müddətdə bərabər restorana, səyahətə, hətta ev alğı-satqısına belə getmişlər. Hadisələrin bu gün bu istiqamətdə cərəyan etməsinə, işin məhkəməyə gəlib çıxamasına səbəb 2024-cü il 24 iyun tarixində İddiaçı həyat yoldaşının Günaya zəngindən sonra Günay Teymur tərəfindən aldadıldığını bilərək münasibəti tamamilə kəsməsidir. Maraqlısı budur ki, İddiaçı tərəflərin münasibəti bitdikdən sonra Günayı məhkəməyə verib, münasibət dövründə aralarında heç bir borc söhbəti olmamışdır. Hətta 24 iyun 2024-cü ilə qədər Teymurun Günaya yazdığı yazışmaların surətləri mövcuddur (“səni sevirəm”, “ailə quracıq” və s. kimi mesajlar). Tərəflər arasında iddiaçının dediyi kimi əgər borc söhbəti var idisə niyə xx.xx.2022-ci ildə və xx.xx.2023-cü illərdə Türkiyəyə səyahətə və xx.xx.2023-cü ildə Günayın adına olan evi bərabər almağa getmişdirlər. Hətta 2024-cü ilin əvvəlində X15 səyahətə getmək üçün təklif etmişdir və buna dair tərəflər arasında sms yazışma mövcuddur. Günay Teymura borclu olduğu halda Teymur niyə belə bir təklif irəli sürsün. Yəni tərəflər birlikdə olduqları müddətdə aralarında heç bir problem yaşanmamışdır, əksinə xoş günlər keçirmişdirlər. Günay ayrılıq qərarını qarşı tərəfə bildirdikdən 2 ay sonra Teymur borc iddiası qaldırmaq qərarına gəlmişdir, çünki bu 2 ay müddət ərzində Günay onunla bütün əlaqəni kəsmişdir. Bundan sonra İddiaçı Günayı hədələyərək, “indi gör sənin başına nə oyun açacam, səbirli ol gözlə” deyə sms yazmışdır. Buna dair vatsap yazışması və səs yazısı da mövcuddur. İddiaçı mübahisə predmeti olan “Hyundai İX-35” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu, həmin avtomobili Günaya satdığını, Günayın isə ona borclu qaldıgını iddia edir. Qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində iştirak edən şahid X8 ifadə verərək bildirmişdir ki, o, iddiaçını və cavabdehi tanıyır, hər ikisi iş yoldaşı olmuşdur. Onlar "xxxx" MMC-də işləyiblər. Günayın ilk öncə ağ “Nissan X-Trail” markalı avtomobili sürdüyünün, ondan sonra qırmızı “Hyundai İX-35” markalı avtomobili sürdüyünün şahidi olmuşdur. “Nissan X-Trail” markalı avtomobil Günaya məxsus idi qırmızı “Hyundai İX-35” markalı avtomobilin isə Günayın mülkiyyətinə necə və hansı qaydada keçməsi ilə bağlı məlumatı olmamışdır. Şahid ifadəsinin dərinliyinə varanda görmək olar ki, Günayın şəxsi avtomobili mövcud olmuşdur. O, avtomobilini yeni model ilə dəyişmək qərarına gəldiyini 3 illik münasibətdə olduğu Teymura bildirmişdir. Teymur isə cavabında avtomobilin alğı-satqı işlərini həyata keçirməyi öz üzərinə götürmüşdür. Daha sonra tanışı, maşın ustası X4 vasitəsilə Günaya məxsus “Nissan X-Trail” markalı avtomobili xx.xx.2022-ci il tarixdə Sumqayıt maşın bazarında 10.000 manata satıldığını demişdir. Lakin, həmin məbləğ Günaya yox, Teymura verilmişdir. Elə həmin gün Günay öz bank kartından Teymura yeni avtomobilin qalan pulunu, yəni 14.900 manat məbləğini göndərmişdir. İddiaçı iddiasında həmin avtomobili öz şəxsi istifadəsi üçün aldığını və bir müddət sonra satmaq qərarına gəldiyini bildirmişdir. Halbuki, “Hyundai İX-35” markalı, **- KC-*** dövlət qeydiyyat nişanlı avtomobil alındığı gündən etibarən Cavabdeh istifadəsində olmuşdur. Avtomobili satan şəxs X2 xx.xx.2022-ci il tarixdə avtomobilə dair bütün səlahiyyətlər üzrə etibarnamə vermişdir. “Hyundai İX-35” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh mülkiyyətinə keçmişdir. Birinci instansiya məhkəməsində tərəflər arasında hansısa səs yazısından söhbət gedir. Belə ki, diskdə olan səs yazısında nümayəndəsinin dediyinə görə İddiaçı telefon danışığı ilə Cavabdeh Sadiq qızına maşını sataraq borcunu qaytarmasını istəmiş, sonuncunun isə pulu geri qaytarmayacağını bildirmişdir. Lakin söhbət heç də iddiaçının nümayəndəsinin dediyi kimi baş verməmişdir. İlk öncə onu qeyd edir ki, həmin səs yazısı xəbərsiz olaraq qeydə alınmışdır. Belə bir danışıq əslində tərəflər arasında baş tutmuşdur. Lakin bu danışıq heç də qarşı tərəfin dediyi kimi olmamışdır. Danışıqda İddiaçı Cavabdeh zəng edərək bildirmişdir ki, aldığı hədiyyələri geri qaytarsın. Günayın Teymura cavabı isə “sənə qaytaracaq heçbir şeyim yoxdur” olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

20. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

23. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5923/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – Cavabdeh Sadiq qızından 14900 (on dörd min doqquz yüz) manat məbləğində borcun və 93 (doxsan üç) manat məbləğində dövlət rüsümunun tutularaq İddiaçı Məmmədəli oğluna ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin mübahisəsiz halına görə, “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçıya 16 iyul 2022-ci ildə etibarnamə verilmişdir. Cavabdeh Sadiq qızı xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən “HYUNDAİ İX-35” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobili 25000 manata iddiaçıdan almışdır. İddiaçı tərəf bu pulun 7000 manatının cavabdeh tərəfindən ilkin olaraq ödənildiyini etiraf etmişdir.

34. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh qeyd etmişdir ki, “Nissan X- Trail” markalı avtomobilini satması üçün iddiaçının göndərdiyi şəxsə vermiş və avtomobilin satış qiymətini 10000 manat müəyyən etmişdir. Bu avtomobili sataraq mübahisə olunan “Hyundai İX 35” markalı avtomobili almışdır. “Hyundai İX 35” markalı avtomobili internetdə elan saytında 25000 manata satılmasını görmüşdür. “Hyundai İX 35” markalı avtomobilin pulunu öz pulu ilə vermişdir, belə ki, iddiaçının vasitəçiliyi ilə satılmış “Nissan X-Trail” markalı avtomobilin satışından əldə edilmiş 10000 manatın üzərinə 15000 manat qoymaqla yeni avtomobili almışdır. Özünə məxsus olan bank kartından iddiaçıya məxsus bank kartına pulu köçürmüş və bu bank hesabından çıxarışda əks olunmuşdur. Belə ki, hər ikisində "xxxx" ASC-yə məxsus bank kartı olmuşdur. Pulun köçürülməsi ilə bağlı bank hesabından çıxarışları məhkəməyə təqdim etmişdir. Pulu xx.xx.2022-ci il tarixdə iddiaçının bank kartına göndərmişdir.

35. Məhkəmə iclasında verdiyi izahatında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, tərəflər yaxın münasibətində olublar və İddiaçı bu məsələlər ilə məşğul olmuşdur və avtomobili satmışdır. Cavabdehin iddiaçıya heç bir məbləğdə borcu yoxdur. “Hyundai İX 35” markalı avtomobilin pulunu cavabdeh öz pulu ilə vermişdir, belə ki, iddiaçının vasitəçiliyi ilə satılmış “Nissan X-Trail” markalı avtomobilin satışından əldə edilmiş 10000 manatın üzərinə əlavə 15000 manat qoymaqla yeni avtomobili almışdır. Qəbzlərə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 15000 manat iddiaçının bank kartına göndərilmişdir.

36. Kollegiya qeyd edir ki, cavabdeh Vəliyeva (Seyidova) Günay Sadıq qızı “Nissan X-Trail” markalı avtomobilin satışından əldə olunmuş 10.000 manatın iddiaçıya verildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, cavabdeh iddiaçının 25000 manata satdığı avtomobilin, 7000 manatını ilkin olaraq ödəyib, qalan 18000 manatını isə 2023-cü ilin mart ayına qədər ödəməyi öz üzərinə öhdəlik kimi götürmüşdür.

37. Beləliklə cavabdeh tərəfindən ilkin ödənilmiş pul məbləğinin 10000 manat deyil, 7000 manat olması öz təsdiqini tapır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövcud mübahisə üzrə cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması barədə gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin miqdarı məhkəmə tərəfindən düzgün müəyyən olunmamışdır.

39. Belə ki, məhkəmə iclasında təqdim olunmuş bank hesabından çıxarışlardan görünür ki, cavabdeh Vəliyeva (Seyidova) Günay Sadıq qızına məxsus kart hesabından İddiaçı kart hesabına xx.xx.2022-ci il tarixdə 10.000 (on min), 3000 (üç min), 1000 (bir min), 500 (beş yüz) və 400 (dörd yüz) manat olmaqla, ümumilikdə cəmi 14900 (on dörd min doqquz yüz) manat pul vəsaiti köçürülmüşdür.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan məbləğ düzgün müəyyən olunmamışdır. Belə ki, cavabdeh Vəliyeva (Seyidova) Günay Sadıq qızına məxsus kart hesabından İddiaçı kart hesabına cəmi 14900 (on dörd min doqquz yüz) manat pul vəsaiti ödənildiyi nəzərə alınaraq bu məbləğ iddiaçıya qaytarılmalı olan 18.000 (on səkkiz min) manat məbləğdən çıxılmalı və iddiaçıya cavabdeh tərəfindən 3.100 (üç min yüz) manat (18.000-14.900) məbləğində pul vəsaiti ödənilməlidir.

41. Həmçinin, MPM-in 119.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi üçün ödənilmiş 144 manat məbləğində dövlət rüsümunun 93 manatı iddiaçının özünə 51 manatı isə cavabdehə aid edilməlidir.

42. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5923/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - Cavabdeh Sadiq qızından 14900 (on dörd min doqquz yüz) manat məbləğində borc və 93 (doxsan üç) manat məbləğində dövlət rüsümunun tutularaq İddiaçı Məmmədəli oğluna ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan - Cavabdeh Sadiq qızından 3100 (üç min yüz) manat məbləğində borc və 51 (əlli bir) manat məbləğində dövlət rüsümunun tutularaq İddiaçı Məmmədəli oğluna ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5923/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - Cavabdeh Sadiq qızından 14900 (on dörd min doqquz yüz) manat məbləğində borc və 93 (doxsan üç) manat məbləğində dövlət rüsümunun tutularaq İddiaçı Məmmədəli oğluna ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan - Cavabdeh Sadiq qızından 3100 (üç min yüz) manat məbləğində borc və 51 (əlli bir) manat məbləğində dövlət rüsümunun tutularaq İddiaçı Məmmədəli oğluna ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar