Məhkəmə qərarları › İş №2(024)-809/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-809/2025

16.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-809/2025 16.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh, maraqlı tərəflər Qax rayonu, Notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nə qarşı «miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri: müəyyən etdi: İddiaçı Cavabdeh, maraqlı tərəflər Qax rayonu, Notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nə qarşı oğluna qarşı «miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Qax rayonu, Qorağan kəndində mərhum atası X1 miras qalan 0.14 ha həyətyanı torpaq sahəsindən və 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olan miras əmlaklardan ona düşən payın mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri MİK-6, ev 35, mənzil-126 yaşayır. Qax rayonu, Qorağan kəndində atası B.H.Süleymanova məxsus 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Orada heç kim yaşamır, o oraya nəzarət edir. Kommunal xərclərini o ödəyir. Atası B.H.Süleymanov 25 aprel 2010-cu il tarixdə vəfat etmişdir. Anası S.Q.Süleymanova 13 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. Digər 2 qardaşı S.B.Süleymanov 17 noyabr 2008ci il tarixdə və V.B.Süleymanov 16 yanvar 2002-ci il tarixdə atası ölməmişdən qabaq vəfat etmişdir. Vərəsə olaraq o və bacısı Cavabdeh qalmışdır. Qax rayonu, Qorağan kəndində atası X1 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qalmışdır. O, atasından ona düşən miras əmlakdan 0.14 ha həyətyanı sahədən və 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona düşən paydan miras payını istəyir. Həmin miras əmlakı atası rəhmətə getdikdən sonra o idarə edir. Bacısı Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. O, atası öldükdən sonra mirası faktiki olaraq idarə edir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də orada bacımla aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Halbuki o, mirası faktiki qəbul etmiş və illərdir ki, mirası idarə edir. O, gələcəkdə problem olacağını bilməmi, elə bilmişdir ki, atası öldükdən sonra atasından qalan mirası mirası öz adına keçirə bilər. Atasından ona düşən payının müəyyən olunması üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu, Qorağan kəndində mərhum atası B.H.Süleymanovdan 0.14 ha həyətyanı torpaq sahəsindən və 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olan miras əmlaklardan ona düşən payın mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o mirası faktiki qəbul etmiş və illərdir ki, mirası idarə edir. Miras ona atasından qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh, maraqlı tərəflər Qax rayonu Notariat ofisinin notariusu və İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin nümayəndəsi məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-194F, KOD 40305018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qax rayonu, Qorağan kəndində yerləşən 0.14 ha həyətyanı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir. JN-249F, KOD 40305018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qax rayonu, Qorağan kəndində yerləşən 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir. 404573 №li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 nikahları 09 avqust 1978-ci ildə bağlanmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 31 avqust 2025-ci il tarixli № 05/09/S/104900-25 №li arayışdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 31 avqust 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X2 arvadı X9 (Vəfat edib.-12 yanvar 1996). qızı Cavabdeh, X3 (Vəfat edib.-17 noyabr 2008), X6 (Vəfat edib.-16 yanvar 2002) və İddiaçı. Qax rayon Notariat ofisinin 12 oktyabr 2025-ci il tarixli 819 №li məktubundan görünür ki, X1 miras qalmış əmlaklar barəsində mirasın bölüşdürülməsi ilə bağlı mirasın şərikləri arasında ixtilaf vardır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X5, anası isə X7r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 25 avqust 2010-cu ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 13 yanvar 1996-cı ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 17 noyabr 2008-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 16 yanvar 2002-ci ildə ölmüşdür. Cavabdeh imzasının həqiqiliyi notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020-ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsəniniradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakı notariat və ya faktiki qəbul etmədikləri barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmiş, miras əmlakdan özlərinə düşən payı ya notariat qaydada ya da faktiki qəbul etməmişlər. Hazırda miras əmlak üzərində iddiaçının payının tam müəyyən edilməsi ilə bağlı vərəsələr arasında mübahisə yoxdur. Eyni zamanda iş materiallarından bəlli olur ki, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə JN-194F, KOD 40305018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 0.14 ha həyətyanı təyinatlı torpaq sahəsi və JN-249F KOD 40305018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X2 X2 arvadı X9 (Vəfat edib.-12 yanvar 1996). qızı Cavabdeh, X3 (Vəfat edib.-17 noyabr 2008), X6 (Vəfat edib.-16 yanvar 2002) və İddiaçı ibarət vərəsələri qalmışdır. X3 17 noyabr 2008-ci X6 isə 16 yanvar 2002-ci ildə yəni mirasqoyan X1 əvvəl ölmüşlər. Sağ qaılan vərəsə Cavabdeh isə Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində 25 oktyabr 2010-cu il tarixdə vəfat etmiş atası X1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək heyata keçirmədiyi və miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyi, onu vərəsələr sırasına daxil etmədən vəresəliyin rəsmiləşdirilməsinə etirazı olmadığı barədə məhkəməyə ərizə təqdim etmişdir. Sağ qalan vərəsə Cavabdeh iddiaçı tərəfindən mirası faktiki qəbul etməsinə və miras əmlak üzərində onun payının tam müəyyən edilməsinə etiraz etməməsini və miras əmlakla bağlı heç bir mübahisənin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-194F, KOD 40305018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 0.14 ha həyətyanı təyinatlı torpaq sahəsi və JN-249F, KOD 40305018 №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı tam payı müəyyən edilsin və iddiaçının mülkiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar