Məhkəmə qərarları › İş №2(024)-84/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-84/2023

05.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-84/2023 05.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh2, X1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt edilmiş Qax rayonu Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qax rayonu Almalı kəndində yaşayır. Aqrar İslahat zamanı ailəsinə 1.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin bu zamana qədər torpaq sahəsinin bir hissəsinin harada olduğunu bilməmişlər. Son bir ildir ki, torpaq sahəsini ölçdürmək qərarına gəlmiş, Zaqatala rayonunda yerləşən Layihə Tədqiqat İdarəsinə getmişlər. Orada torpaq sahəsinin bir hissəsinin həmkəndliləri tərəfindən zəbt olunduğunu öyrənmişdir. O, bununla bağlı cavabdehlərə torpaq sahəsindən çıxmasını təklif etsə də cavabdehlər razı olmamışlar. Ona məxsus olan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. İstəyir ki, cavabdehlər həmin torpaq sahəsindən çıxarılsın. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 iştirakı ilə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılm asını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddia tələbində göstərilənləri qəbul etmir. Çünki iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsi özlərinə məxsusdur. İddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan JN-0065 KOD 40304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonunun Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsi X6 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 31 mart 2023-cü il tarixli 10/939 saylı rəyindən görünür ki, JN-0065 KOD 40304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X6 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsinin 0.26 ha hissəsi elektron baza məlumatlarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Cavabdehlər tərəfindən istifadə olunan 0.26 ha torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli № 05/76-213/69 saylı Arayışdan görünür ki, X6 19 iyul 2005-ci ildə Qax rayonu Almalı kəndində ölmüşdür. İşə əlavə edilmiş Seriya AZE № ********** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Almalı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN-0065 KOD 40304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonunun Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsi X6 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 özü və ailə üzvünə məxsus Qax rayonu Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsini zəbt etdiyini əsas gətirərək cavabdehlərin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 31 mart 2023-cü il tarixli 10/939 saylı rəyi ilə müəyyən edilmişdir ki, JN-0065 KOD 40304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X6 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsinin 0.26 ha hissəsi elektron baza məlumatlarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Cavabdehlər tərəfindən istifadə olunan 0.26 ha torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən sübuta yetirilmişdir. İddia qismən təmin ediləcəyi üçün iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 JN-0065 KOD 40304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsinin 0.26 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi qaydada çıxarılmalı, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməli və cavabdehlərdən müştərək qaydada iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb müvafiq hesaba ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 JN-0065 KOD 40304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Almalı kəndində yerləşən 1.17 ha torpaq sahəsinin 0.26 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi qaydada çıxarılsın. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X4, kodu 210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE********************) saylı hesaba ödənilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar