Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1/2021 01.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq geri qaytarılması (təhvil verilməsi), vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona geri qaytarılması (təhvil verilməsi), vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.Mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi səbəbindən mülkiyyət hüququnun pozulması ilə müşaiyət olunan və cavabdehlər tərəfindən davam etdirilən qanunsuz əməllərə son qoyulması, 2. Mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi ilə vurulmuş 10 000 (on min) manat məbləğində maddi ziyanın və 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, 3. Mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hər hansı bir özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin və daş hasarın əvvəlki vəziyyətinə gətirilərək bərpa edilməsi və əvvəlcədən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09.04.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəmə ərizə təqdim edərək bu ərizənin mülki işə əlavə edilməklə, İddiaçı cavabdehlərə qarşı verdiyi iddia tələbinin müddəalarının dəyişdirilmədən qüvvədə saxlanılması və əlavə olaraq mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi səbəbindən həmin torpaq sahəsində yerləşən digər tikililərin sökülməsinə görə 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 24.10.2014-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli Çıxarışa əsasən, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi olmaqla bərabər, həyətyanı istifadə üçün nəzərdə tutularaq tam mülkiyyət hüququ ilə ona aiddir (reyestr nömrəsi, **********97, qeydiyyat nömrəsi **********). Əlavə olaraq, 20.09.2017-ci il tarixdə AN 185746 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" də tərtib edilərək ona təhvil verilmişdir. Torpq sahəsinin onun mülkiyyətinə keçməsinin (mü!kiyyət hüququnun yaranmasının) hüquqi əsası kimi vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun nəticəsi olmuşdur. Belə ki, qeyd edilən torpaq sahəsi ilk əvvəl Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli, 03 saylı sərarı ilə X1nun mülkiyyətinə verilmişdir. Bu barədə torpağın mülkiyyət verilməsinə dair JN-058F nömrəli (40601004 kodla) Şəhadətnamə verilmişdir. X1 08.12.2006-cı il tarixdə dünyasını dəyişmişdir. Məhz bundan sonra AR-nın mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsi vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçmişdir. Qeyd edilən torpaq sahəsinin mübahisəsi ilə əlaqədar cavabdehlərlə onun arasında bir çox məhkəmə mübahisələri olmuşdur. Həmin məhkəmə mübahisələrindən biri onun tərəfindən vaxtı ilə cavabdehlərin sözügedən torpaq sahəsindən çıxarılması, ərazinin boşaldılması və ən əsas da, mülkiyyət hüququmla bağlı torpaq sahəsinə cavabdehlərin müdaxilələrə son qoyulması və digər iddia tələbi olmuşdur. Həmin tələb Qəbələ rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin müvafiq qətnamələri ilə təmin olunmasa da, ancaq AR-nın Ali Məhkəməsinin 07.02.2017-ci il tarixli, 2(102)-978/17 nömrəli Qərarı ilə qismən təmin edilmiş və "mülkiyyət hüququmla bağlı torpaq sahəsinə cavabdehlərin müdaxilələrə son qoyulması" tələbinin təmin olunması qərara alınmışdır (sonradan Şəki Apellyasiya Məhkəməsinin yekun qətnaməsi ilə Ali Məhkəmənin həmin qərarı qüvvədə saxlanılmış və qətnamədən kassasıya şikayəti verilmədiyindən qüvvəyə minmişdir). Göründüyü kimi, hazıki iş üzrə cavabdehlər mülkiyyət hüququ ilə ona məxsuis olan torpaq sahəsinə hər hansı bir müdaxiləni etməməyə, onun mülkiyyət hüququndan tam və sərbəst şəkildə istifadə etməyinə şərait yaratmağa borcludurlar. Eləcə də, göstərilən məhkəmə qərarının icrası ilə ilə əlaqədar Qəbələ rayon İŞ-nin icra məmuru tərəfindən qərarın icrası ilə əlaqədar müvafiq icra hərəkətləri belə aparılmışdır. Bundan başqa, cavabdehlərdən Seyidov Bəniyaz tərəfindən vaxtı ilə atası Firidun Seyidovun adına işlənilmiş torpağın mülkiyyət verilməsinə dair şəhadətnmamənin də etibarsız hesab edilməsi oarədə müvafiq məhkəmə instansiyalarında iddia ərizəsi ilə müraciət etmiş olsa da, ancaq iddia tələbi üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkünsüzlüyü barədə müvafiq qərardadlar qəbul edilmişdir. Ancaq hal-hazırda, cavabdehlər daha bir qanunsuzluğa və özbaşınalığa əl atmışlar. Belə ki, ona məxsus olan torpaq sahəsinin daş hasar cavabdehlər tərəfindən sökülmüş və ona aid olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş, qanunsuz olaraq "özününküləşdirilmiş" və nəticədə ona aid ərazidə tikinti işləri aparılmağa başlanılmışdır. Hətta bu barədə 22.12.2017-25,12.2017-ci il tarixləri ərzində dəfələrlə AR-nın DİN-nin 102 xidmətinə müraciət edilmiş olsa da, buna əhəmiyyət verilməmiş, cavabdehlər öz qanunsuz əməllərini davam etdirmişlər. Cavabdehlərin bu hərəkətləri təkcə mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə soxulmaqları ilə deyil, həm də AR-nın Ali Məhkəməsinin 07.02.2017-ci il tarixli, 2(102)-978/17 nömrəli qərarına hörmətsizlik edilməsi, icra edilməməsi, qəsdən özbaşına mülkiyyətimdə olan əraziyə soxulmalarıdır. Cavabdeh və onun ailə üzvlərinin qeyd olunan hərəkətləri qanunvericiliyin Tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində də, onun mülkiyyət hüququnun pozulması ilə nəticələnməyə əsas olmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələblərinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Cavabdeh1, həmçinin digər cavabdehlər qeyd edilən torpaq sahəsini zəbt etməmişdirlər. Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən, Qəbələ şəhəri ərazisində Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-059F saylı şəhadətnamə ilə 0,11 ha, JN-059G saylı şəhadətnamə ilə 0,10 ha olmaqla, bitişik ərazidən cəmi 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddia tələbinin əksinə olaraq iddiaçı sonradan həmin sahələrə bitişik bələdiyyə fonduna aid ərazidən müəyyən ölçüdə torpaq sahəsi əldə etmiş və torpaqların həmsərhəd olmasından istifadə edərək, cavabdehlərin mülkiyyətinə aid torpaq sahəsinin bir hissəsini zəbt etmişdir və orda yaşayış evi tikmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ 24.10.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN-059F saylı, kod 40601004 olan “Torpağa mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən Qəbələ şəhərində Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-059G saylı, kod 40601004 olan “Torpağa mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən Qəbələ şəhərində Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Qəbələ şəhərində İddiaçı tam mülkiyyətində olan 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirzalı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahələrində Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “xxxx” MMC-nin 01.04.2021-ci il tarixli 146 saylı ekspert rəyindən görünür ki, Hüquqmüəyyənedici sənədlərə və ərazinin ümumi xəritəsinə əsasən AutoCad və ArcMap proqramları vasitəsilə tərtib olunan plan-sxem və ortofotoplanda da göstərildiyi kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Qəbələ şəhərində İddiaçı tam mülkiyyətində olan 0.07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 33 kv.metr hissəsi cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirzalı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 faktiki istifadələrində olan sahəsi 670 kv.metr təşkil edən torpaq sahəsinin daxilində yerləşir. Həmçinin qeyd olunur ki, müəyyən olunan 33 kv.metr torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qərb, şimal-qərb istiqamətində yerləşməsi, həmçinin bu torpaq sahəsinin cavabdehlərin daş hasar ilə hüdudlandırılan 670 kv.metr torpaq sahəsinin daxilində olması müəyyən olunur. Sözügedən torpaq sahəsinin ölçüləri AutoCad və ArcMap, proqramları vasitəsilə tərtib olunan plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə İddiaçı məxsusdur. Cavabdehlər qeyd olunan torpaq sahəsinin bir hissəsini qanunsuz şəkildə zəbt etmiş, orada əvvəlcədən mövcud olmuş daş hasarı sökmüşlər. Cavabdehlər iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Hazırda iddiaçı 1. Mülkiyyət hüququ ilə ona məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi səbəbindən mülkiyyət hüququnun pozulması ilə müşaiyət olunan və cavabdehlər tərəfindən davam etdirilən qanunsuz əməllərə son qoyulmasını; 2. Həmin torpaq sahəsinə aid olan daş hasarın sökülməsi ilə vurulmuş 10 000 (on min) manat məbləğində maddi ziyanın və 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən alınmasını; 3. Həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hər hansı bir özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin və daş hasarın əvvəlki vəziyyətinə gətirilərək bərpa edilməsini tələb edir. Cavabdehlər iddia tələblərini qəbul etmir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən verilmiş 0.07 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən maneə törədildiyini iddia etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdirlər. Məhkəmə araşdırması zamanı ekspertiza rəyi ilə mübahisəli 0.07 ha torpaq sahəsinin yalnız 33 kv.metr hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində mülkiyyət hüququ ilə ona (İddiaçı) məxsus olan, Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinə aid olan daş hasarın sökülməsi ilə vurulmuş 10 000 (on min) manat məbləğində maddi ziyanın və 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsi, həmçinin daş hasarın sökülməsi səbəbindən həmin torpaq sahəsində yerləşən digər tikililərin sökülməsinə görə əlavə olaraq 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsini iddia etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Qəəblə şəhərində yerləşən 0.07 ha torpaq sahəsinin 33 kv.metr hissəsinə (Azərbaycan Respublikası “X4” MMC tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) cavabdehlərin istifadəsinə son qoyulsun, torpaq sahəsi və sökülmüş daş hasarı əvvəlki vəziyyətinə gətirilərək bərpa edilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq “X4” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət e t d i:
İddia qismən təmin edilsin. Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsinin 33 kv.metr hissəsinə (Azərbaycan Respublikası “X4” MMC tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) cavabdehlərin istifadəsinə son qoyulsun, torpaq sahəsi və sökülmüş daş hasarı əvvəlki vəziyyətinə gətirilərək bərpa edilsin. İddianın qalan hissəsi təmin edilməsin Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Seyidova (Müzəffərova) Simuzər Mirrzalı qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq “X4” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev