Məhkəmə qərarları › İş №2(025)-1056/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1056/2022

20.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1056/2022 20.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qəbələ Regional X4 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Regional X4 nümayəndəsi Nümayəndə və Cavabdeh iştiraklar ilə İddiaçı Qəbələ Regional X4 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X11Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 05 saylı dolayının 80-ci kvartalının 12-ci bölməsində Meşə fondu torpaqlarına aid 0,71 ha meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikinti və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin əməkdaşları ilə birgə meşə fondu torpaqlarının istifadə vəziyyətini araşdırmaq məqsədi ilə meşə fondu torpaqlarına baxış keçirmişdir. Keçirilən baxış zamanı X11 X1 meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 05 saylı dolayının 80-ci kvartalının 12-ci bölməsində Meşə fondu torpaqlarına aid 0,71 ərazinin istirahət-rekreasiya fəaliyyəti göstərmək məqsədi ilə Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyi aşkar olunmuşdur. Zəbt olunmuş ərazi və həmin ərazidə aparılmış tikintilər barədə müvafiq akt tərtib olunmuşdur. Bundan başqa cavabdehin zəbt olunmuş ərazidə istirahət-rekreasiya fəaliyyəti göstərdiyi də məlum olmuşdur. X11 Təsərrüfatı Mərkəzinə zəbt olunmuş meşə fondu torpaqlarının boşaldılması və əvvəlki vəziyyətə qaytarılması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin İnkişafı Xidmətinin nömrəli məktubu göndərilmişdir. Öz növbəsində X11 Təsərrüfatı Mərkəzi cavabdehə rəsmi məktub göndərərək zəbt olunmuş ərazinin boşaldılmasını tələb etmişdir. Lakin cavabdeh həmin tələbə əməl etmir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Qəbələ Regional X4 nümayəndəsi Nümayəndəiddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2017-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Meşə İdarəsinə müraciət etmişdir. Bir neçə dəfə müraciətləri olmuşdur. Həmin ərazidə 2 ədəd balaca çardaq (besetka) var. O, qanunsuz heç bir hərəkət etmək istəmir. O da müraciət etmiş ki, əgər dövlət səviyyəsində rəsmi sənəd verərlərsə, o da həmin ərazidə abadlıq edər, çardaqların sayın artırar. Turizm zonasıdır, o da ailəsini dolandırar, 1-2 nəfər işçi olar, onlar da ailələrinə həmin yerdən çörək qazanarlar. Əvvəllər gəlib baxıblar, həmin vaxt tikintiyə icazə veriblər və onda tikmişdir. Ondan əlavə də heç nə tikməmişdir. Bu yaxınlarda rəsmi qaydada müraciət eləmişdir. 2017-ci ildən bəri heç bir tikinti aparmamışdır. Onun evinin yanında yerləşir həmin ərazi və həmin ərazidə 0,70 ha bələdiyyə torpağı var. Ora o, uzun müddət baxmış, hətta əlavə ağaclar əkmişdir. X11 təsərrüfatı Mərkəzinə müraciət etmiş, lakin icazə ala bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 23 fevral 2022-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinin X5 Mərkəzini baş mütəxəssisi X6, Mərkəzin Baş mühəndisi X7, Qəbələ Regional X4 Meşə uçotu və kadastr üzrə baş mühəndisi Nümayəndə, Vəndam meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti olaraq icra edən X3 və Qəbələ rayonu Vəndam qəsəbə sakini Cavabdeh iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinin 22 fevral 2022-ci il tarixli 044/em saylı əmrinə əsasən X11 X2 meşəbəyliyinin 05 saylı dolayının 80-cı kvartalının 12-ci bölməsində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə Qəbələ rayonu Vəndam qəsəbə sakini Cavabdeh məxsus iaşə obyekti (Qurddaşı) icarə müqaviləsi olmadan fəaliyyət göstərir. Ərazidə 0,71 ha sahədən istifadə olunmaqla, 3.5x2.6x2.5 m ölçüdə ağac dirəklər üzərində yeri betonlanmış 1 ədəd besetka, 6x3.4x2.5 m ölçüdə 1 ədəd ağac dirək üzərində yeri betonlanmış besetka, 60x1x0.3 m ölçüdə çay daşı və mişar daşından inşa edilmiş pilləkən mövcuddur. Cavabdeh ərazini boşaldaraq əvvəlki vəziyyətinə qaytarılması barədə məlumat verilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə ona məlumat verilmişdir. İş materiallarında olan Qəbələ Regional X4 02 iyun 2022-ci il tarixdə Cavabdeh ünvanladığı məktubda Vəndam meşəbəyliyinin 05 saylı meşə dolayının kv 80, b 12-ə məxsus torpaq sahəsinin qanunsuz olaraq onun tərəfindən zəbt olunduğu nəzərinə çatdırılmaqla ərazidə olan tikililərin sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və X11 Təsərrüfatı Mərkəzinə təhvil verilməsi ondan tələb edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Meşə Məcəlləsinin 1-ci maddəsinə əsasən meşə fondu sahələri - meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri hesab olunur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 10-cu maddəsinə əsasən Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinə görə meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a) məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 05 saylı dolayının 80-ci kvartalının 12-ci bölməsində Meşə fondu torpaqlarına aid 0,71 ha meşə fondu torpağı cavabdeh tərəfindən mövsümü vaxtlarda istifadə olunmuş, o həmin torpaq sahəsini qanunsuz və əsassız olaraq istifadə etdiyini etiraf etmiş və torpaq sahəsində müəyyən yüngül konstruksiyalı tikinti və yenidənqurma işləri aparılmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan meşə fondu torpaqlarının cavabdeh tərəfindən qanuni əsaslarla istifadə olunmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh izahatında həmin torpaq sahəsini qanuni əsaslarla istifadə etməsinə dair heç bir rəsmi sənədinin olmamasını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinəəsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 05 saylı dolayının 80-ci kvartalının 12-ci bölməsində meşə fondu torpaqlarına aid 0,71 ha meşə fondu torpağı Cavabdeh tərəfindən boşaldılmalı, həmin torpaq sahəsində olan bütün tikinti və qurğular cavabdehin vəsaiti hesabına sökülməli və iddiaçı X11 Təsərrüfatı Mərkəzinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ meşəbəylikləri üzrə Vəndam meşəbəyliyinin 05 saylı dolayının 80-ci kvartalının 12-ci bölməsində meşə fondu torpaqlarına aid 0,71 ha meşə fondu torpağı Cavabdeh tərəfindən boşaldılsın, həmin torpaq sahəsində olan bütün tikinti və qurğular cavabdehin vəsaiti hesabına sökülsün və iddiaçı X11 Təsərrüfatı Mərkəzinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar