Məhkəmə qərarları › İş №2(025)-1109/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1109/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1109/2021 06.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdeh X1 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmamışdır. İddiaçı iddia ərizəsində cavabdeh X1 məxsus Qəbələ rayonu Daşca kəndindəki 0,49 ha torpaq sahəsindəki zirzəmisi olan 1 mərtəbədən, 3 otaqdan ibarət fərdi yaşayış evinə onun istifadə hüququnun müəyyən olunaraq, onun və birgə nikahlarından olan 24 sentyabr 2007-ci il təvəllüdlü X2 qeyd olunan fərdi yaşayış evinə köçürülməsinin təmin olunmasını tələb etsə də, iş materiallarına Qəbələ rayonu Daşca kəndində yerləşən 0,49 ha torpaq sahəsinə dair müvafiq sənəd (şəhadətnamə, dövlət aktı və ya çıxarış) və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair müvafiq sənəd (hüquqmüəyyənedici sənəd) əlavə etməmişdir. İddiaçı ümumiyyətlə cavabdehə məxsus (istifadə və ya mülkiyyətində) hər hansı bir daşınar və ya daşınmaz əmlak barədə sənəd əlavə etməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində hansı səbəblərdən Qəbələ rayonu Daşca kəndində yerləşən 0,49 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlərin (şəhadətnamə, dövlət aktı və ya çıxarış) əlavə edilməməsi barədə məlumat verməmişdir. Mülki-Prosessual Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Göründüyü kimi iddiaçı məhkəməyə belə bir vəsatətlə müraciət etməmişdir. Həmçinin iddiaçı zəruri sübutları müstəqil əldə etmək imkanı olmaması barədə də məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və onlara izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar