Məhkəmə qərarları › İş №2(025)-1117/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1117/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1117/2020 03.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X4, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qəbələ rayonu, Uludaş kəndində, 0.34 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-06/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X1, Cavabdeh3 və X2 müştərək qaydada cəmi 17803.17 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Qəbələ rayonu, Uludaş kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.34 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, X6, Cavabdeh3 və X3 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Hazırda Qəbələ rayonu, Uludaş kəndində yerləşən 0.34 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qəbələ rayonu, Uludaş kəndində, 0.34 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatdadırlar, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X7 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı QSC il bağladıqları kredit müqaviləsini onlar sonradan yeniləmişlər. Həmin müqavilə üzrə onlara yeni ödəniş qrafiki təqdim olunmuşdur. Kredit müqaviləsi üzrə yeni qrafikə əsasən ödənişləri vaxtı-vaxtnda edirlər. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı QSC ilə müqavilə bağlayaraq kredit götürmüşlər və öhdəliyin icrası təminatı olaraq Qəbələ rayonu, Uludaş kəndində, 0.34 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Sonradan müqaviləni yeniləmişlər. Kredit müqaviləsi üzrə yeni qrafikə əsasən ödənişləri vaxtı-vaxtnda edirlər. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-06/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X1, Cavabdeh3 və X2 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla müştərək qaydada cəmi 17803.17 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Qəbələ rayonu, Uludaş kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.34 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, X6, Cavabdeh3 və X3 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli (reyestr nömrəsi – **********31-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2018-ci il) çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Uludaş kəndində yerləşən fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) üzərində “İddiaçı QSC-nin mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyeştr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon İHB-nin Uludaş kənd X8 verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Qəbələ rayonu Uludaş kənd sakini Cavabdeh1 məxsus olan evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsində əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə “Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olunduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən isə ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükləri halda ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası MPm-nin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu xx.xx.2018-ci il tarixdə qəbul edildiyindən hazırkı iş üzrə mübahisənin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq olunmalıdır. İş materiallarından da göründüyü kimi tərəflər arasında mübahisə 2018-ci ilin iyun ayından yaranmışdır. «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin mülkiyyətində olan Qəbələ rayonu, Uludaş kəndində yerləşən fərdi yaşayış evinə (0,34 ha torpaq sahəsi ilə birlikdə) istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin mülkiyyətində olan Qəbələ rayonu, Uludaş kəndində yerləşən fərdi yaşayış evinə (0,34 ha torpaq sahəsi ilə birlikdə) istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun surəti rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar