Məhkəmə qərarları › İş №2(025)-1156/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1156/2020

13.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1156/2020 13.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddiaçı tərəfindən iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsl olmayıb, qanunla müəyyən edilmiş qaydada təsdiq olunmamış kserosurətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır. Bundan əlavə məhkəmə onuda qeyd edir ki, iddiaçı iddia ərizəsində Qəbələ rayonu Xırxatala kəndində yerləşən 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanıdılmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması müvafiq dövlət orqanlarının səlahiyyətindədir. Bu səbəbdən iddiaçıya izah edilməlidir ki, “mülkiyyət hüququnun tanınması” ilə əlaqədar müvafiq dövlət orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə) müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəməyə müraciət olunmalıdır. Lakin iddiaçı iş materiallarına həmin orqana müraciət etməsi ilə bağlı heç bir sübut əlavə etməmişdir. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar