Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-121/2022 28.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdeh Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızından işdən azad edilməsi barədə 14 iyun 2017-ci il tarixli 38 saylı əmrini ləğv edib texnologiya müəllimi işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının 19 yanvar 2015-ci il tarixli 2 saylı əmri ilə Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin texnologiya müəllimi təyin edilmişdir. 2017-ci ilin yanvar ayında hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışdır. 12 iyun 2017-ci il tarixində hamiliyə və doğuşa görə məzuniyyəti müddətin başa çatdığı üçün işə qayıtmışdır. 12 iyun 2017-ci il tarixində cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının adına ərizə yazaraq uşağın 3 yaşı tamam olanədək qismən ödənişli sosial məzuniyyətdə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının 14 iyun 2017-ci il tarixli 39 saylı əmrinə əsasən qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. 2020-ci ilin aprel ayında işə çıxmaq isdədikdə cavabdeh tərəfindən müxtəlif bəhanələr, pandemiya dövrü olduğu və dərs ilinin sonu olduğu bəhanə edilərək gözləməsi təklif olunmuşdur. 2021-ci ilin mart ayında cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızından əmək kitabçasını və cavabdehin işdən azad edilməsi barədə 14 iyun 2017-ci il tarixli 38 saylı əmrdən çıxarışı almışdır. Bundan sonra Qəbələ rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Qəbələ rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(025)-1078/2021 saylı qərardadı ilə iddia ərizəsinə işdən çıxarılma əmrinin əsli yox, çıxarış qoyulduğu əsas gətirilərək sənədləri geri qaytarılmışdır. İşdən çıxma əmrinin əslini cavabdehdən 10 noyabr 2021-ci il tarixində almış və Qəbələ rayonu üzrə mediator Ədalət Əliyevə müraciət etmişdir. 24 noyabr 2021-ci il tarixində cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızı ilə onun arasında mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesində cavabdeh onunla razılaşmadığı üçün mediasiya prosesinə mediator tərəfindən xitam verilmişdir. Bundan sonra iddia ərizəsinə cavabdehin barəsində verdiyi işdən çıxma əmrinin əslini əlavə edərək Qəbələ rayon məhkəməsinə yenidən müraciət edir. Cavabdehin işdən çıxarılması haqqında 14 iyun 2017-ci il tarixli, 38 saylı əmri qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızının 14 iyun 2017-ci il tarixli 39 saylı əmrinə qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır və əmrin əsli hal-hazırda ondadır. Amma sosial məzuniyyət müddəti bitib işə qayıtmaq istəyərkən cavabdehin əmək kitabçasına 14 iyun 2017-ci il tarixli 38 saylı əmri yazdığını görmüşdür. Bunlardan göründüyü kimi cavabdeh onu özü xəbəri olmadan işdən azad edərkən Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddələrini pozmuşdur. Mülki işin 10.01.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizə ilə bağlı onu bildirmişdir ki, cavabdeh ərizəsində onun əmrdən çıxarışı 2021-ci ilin mart ayında almasına baxmayaraq 1 təqvim ayı məkhəməyə müraciət etmədiyini və bununla da iddia müddətini ötürüldüyünü bildirmişdir. Lakin o, 2021-ci ilin mart ayında əmrdən çıxarış aldıqdan sonra Qəbələ rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərardadı ilə iddiası geri qaytarılmışdır. Buna əsas kimi işdən çıxarılma əmrdən çıxarışın iddia ərizəsinə əlavə edildiyini, əmrin əslinin ərizəyə əlavə edilmədiyi əsas göstərilmişdir. Bundan sonra əmrin əslini cavabdehdən alaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən “iddia müddətinin tətbiqi” barədə ərizəsinin hazırkı iddiaya tədbiq edilməməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh Qəbələ şəhəri, Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Nümayəndə2 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla bağlı müvafiq ərizəni məhkəməyə təqdim etdiyini bildirərək göstərmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi 14 iyun 2017-ci il tarixdən etibarən işdən çıxarılmışdır. Hal-hazırda həmin tarixdən 4 ildən artıq müddət keçmişdir. İddiaçı Fizuli qızının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14 iyun 2017-ci il tarixli, 38 nömrəli əmrdən vaxtında xəbəri olmuşdur. Belə ki, iddiaçının əgər işdən çıxarılmasından xəbəri olmasaydı bu 4 il ərzində işə gələr, işi ilə maraqlanırdı. 4 il keçəndən sonra iddiaçının işdən çıxarılmasından xəbəri olmaması barədə dedikləri həqiqəti əks etdirə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin mart ayında işdən çıxarılma barədə əmrdən çıxarışı almışdır. Beləliklə, iddiaçı əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı işdən çıxarılmasından xəbərdar olmuş və bunun nəticəsində müəllimlərin işə qəbul imtahanında iştirak etmiş, lakin yətərli bal toplaya bilməmişdir. 2017-ci ilin 14 iyun 2017-ci il tarixində həm işdən çıxarılma, həm də sonrakı nömrə ilə analıq məzuniyyətinə çıxarılma barədə əmr verməsinə səbəb iddiaçının anası olmuşdur. Belə ki, iddiaçının anası X1 rayon Təhsil şöbəsində işləyir və onun təkidi ilə 2017-ci il 14 iyun 2017-ci il tarixli “analıq məzuniyyətinə buraxılma” barədə əmr vermişdir. İddiaçıya hər hansı bir analıq məzuniyyətinə görə müavinət ödənilməmiş, o əmr sadəcə təkidlə yazılmış, formal xarakterli bir əmr olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki İddiaçı 19.01.2015-ci il tarixdə 2 saylı əmrlə ixtisası üzrə əvəzçi müəllim təyin olunmuşdur. 14 iyun 2017-ci ildə 38 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı müəllimlərin işə qəbul imtahanında iştirak etmiş və keçid balını toplamamışdır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesabşama Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. 10 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesabşama Mərkəzinin nümayəndəsi X6 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla bağlı müvafiq ərizəni məhkəməyə təqdim etdiyini bildirərək göstərmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi 14 iyun 2017-ci il tarixdən etibarən işdən çıxarılmışdır. Halhazırda həmin tarixdən 4 ildən artıq müddət keçmişdir. İddiaçı Fizuli qızının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14 iyun 2017-ci il tarixli, 38 nömrəli əmrdən vaxtında xəbəri olmuşdur. Belə ki, iddiaçının əgər işdən çıxarılmasından xəbəri olmasaydı, bu 4 il ərzində işə gələr, işi ilə maraqlanırdı. 4 il keçəndən sonra iddiaçının işdən çıxarılmasından xəbəri olmaması barədə dedikləri həqiqəti əks etdirə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin mart ayında işdən çıxarılma barədə əmrdən çıxarışı almışdır. Beləliklə, iddiaçı əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesabşama Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxs Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 19.01.2015-ci il tarixli, ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.01.2015-ci il tarixdə 2 nömrəli əmrlə Qəbələ şəhəri, 4 saylı tam məktəbdə əvəzçi müəllim olaraq işə qəbul olunmuş və həmin məktəb direktorunun 14.06.2017-ci il tarixli 38 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndi ilə onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 06.02.2017-ci il tarixli, 07 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin orta ixtisas təhsilli sinif müəlliməsi 06 fevral 2017-ci il tarixdən dekret analıq məzuniyyətinə buraxılmışdır. (Qəbələ şəhər Səhiyyə şöbəsinin verdiyi 00004 seriyalı 510782 saylı xəstəlik vərəqi) İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 39 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin orta ixtisas təhsilli texnologiya müəlliməsi 12.06.2017-ci il tarixində (dekret) analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdən etibarən 01.09.2018-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmışdır.(əsas uşağın AZE İİİ 892347 saylı doğum haqqında şəhadətnamənin surəti) İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmrdən çıxarışdan görünür ki,İddiaçı məktəbin orta ixtisas təhsili texnologiya müəllimi 12 iyun 2017-ci il tarixində dekret analıq məzuniyyəti bitdiyi üçün həmin tarixdən Əmək Məcəlləsinin 68B bəndinə əsasən onunla bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesabı verilməsi qərara alınmışdır. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi Bildiriş”indən görünür ki, İddiaçı işdən azad edilməsi barədə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmr 20.07.2020-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən billə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. Hazırkı mülki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 19.01.2015-ci il tarixli 2 nömrəli əmr ilə Qəbələ şəhəri, 4 saylı tam məktəbdə əvəzçi müəllim olaraq işə qəbul olunmuşdur. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 06.02.2017-ci il tarixli, 07 nömrəli əmr ilə məktəbin orta ixtisas təhsilli sinif müəlliməsi İddiaçı06 fevral 2017-ci il tarixdən dekret analıq məzuniyyətinə buraxılmışdır.Həmin məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmri ilə İddiaçı ilə məktəb arasında bağlanmış əmək müqaviləsinə dekret analıq məzuniyyəti bitdiyi üçün həmin tarixdən Əmək Məcəlləsinin 68B bəndinə əsasən onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ şəhər, N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli, 39 nömrəli əmri ilə İddiaçı məktəbin orta ixtisas təhsilli texnologiya müəlliməsi 12.06.2017-ci il tarixində (dekret) analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdən etibarən 01.09.2018-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmışdır.Göründüyü kimi əmək qanunvericliyinin tələbləri pozularaq eyni gündə həm güzəştli analıq məzuniyyətinə buraxılma, həm də sonrakı nömrə ilə işdən çıxarılma barədə əmr verilmişdir. Bundan başqa əmək qanunvericiliyin tələbləri pozularaq “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi» vaxtında sistemə daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş işə bərpa tələbinə görə əmək qanunvericiliyi ilə müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Məhkəmə iclasında iddiaçı 14.06.2017-ci il tarixli, 39 nömrəli əmrlə güzəştli analıq məzuniyyətinə çıxdığını, işdən çıxarılma barədə əmrdən xəbəri olmadığını bildirsə də, “Elektron Məhkəmə” sistemində videogörüntü vasitəsilə aparılmış məhkəmə iclasında iddiaçı 2018-ci ildə işdən çıxdığını, hər hansı bir analıq məzuniyyətinə görə müavinət almadığını etiraf etmişdir. İddiaçı onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair məktəb direktorunun 14.06.2017-ci il tarixli, 38 nömrəli əmrindən xəbərinin olmadığını dair izahatına tənqidi yanaşan məhkəmə qeyd edir ki,iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2021ci ilin mart ayında işdən çıxarılma barədə əmrdən çıxarışı almışdır. Lakin birinci dəfə məhkəməyə 30.06.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bütün bu hallar iddiaçının izahatını təkzib edir və onun cavabdeh məktəbdə işdən azad olunmasına dair əmrdən xəbərinin olduğuna dəlalət edir. İşin sadalanan hallarını və cavabdeh Qəbələ şəhəri, Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X3 məhkəməyə təqdim edilmiş «iddia müddətinin tətbiqi barədə» ərizələrini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunla nəzərədə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə iddia verilmişdir. İddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır. Buna görə də İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 98-ci maddəsinə əsasən hakimlər qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək hüquqlarına malikdirlər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə aparılmış məhkəmə araşdırması zamanı Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin və Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsinin hərəkət və ya hərəkətsizliyində qanun pozuntusunun mövcud olub-olmadığının araşdırılmasına zərurət yaranmışdır. Bununla əlaqdar yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün, bu istiqamətdə müəyyən tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdimat verilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-121/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-121/2022
28.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver