Məhkəmə qərarları › İş №2(025)-1242/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1242/2022

13.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1242/2022 13.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinə və Qəbələ rayonu Təhsil şöbəsinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, əmək münasibətləri üzrə sair mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin direktoru X5 və Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinə və Qəbələ rayonu Təhsil şöbəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinə və Qəbələ rayonu Təhsil şöbəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbinin direktorunun işdən azad edilməsi barədə verilmiş 27 may 2022-ci il tarixli, 327 nömrəli əmrin ləğv edilməsi və həmin məktəbdə işlədiyi riyaziyyat müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X2 15 sentyabr 2014-cü il tarixdə, 31 nömrəli əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbinin direktoru X9 ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul olmuşdur. 2016-ci ilin may ayının 02-nə kimi həmin məktəbdə fasiləsiz olaraq işləmişdir. xx.xx.2016-ci il tarixdə Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun 78 nömrəli əmri ilə analıq məzuniyyətinə çıxmışdır. xx.xx.2019-cu il tarixli 216 nömrəli əmrlə isə qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. Həmin 216 nömrəli əmrdə göstərilmişdir ki, 30 may 2022-ci il tarixdən işdə olmalıdır. 27 may 2022-ci il tarixdən də qismən ödənişli məzuniyyətim başa çatdığı üçün xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmrlə işdən azad edilmişdir. Həmin məktəbdə müəllimə işlədiyi müddətdə əmək fəaliyyəti ilə bağlı qaydanı pozmamış, heç bir intizam cəzası almamışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq bildiyi qədər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfin məlumatı olmalıdır. İşlədiyi dövrdə heç bir qayda pozuntusuna yol verməmiş, həmçinin əmək müqaviləsinə xitam verilməmişdən qabaq ona bildiriş göndərilməli olduğu halda, ona bu barədə bildiriş göndərilməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar göstərilməmiş və ona bu barədə heç bir məlumat bildirilməmişdir. İşəgötürən Qəbələ şəhər 3 saylı tam orta məktəbinin direktoru X9 onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmrdə sadəcə olaraq göstərilmişdir ki, AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməməsinə görə X1 əmək fəaliyyətinə xitam verilmişdir. Göründüyü kimi əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin direktoru X10 məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 15 may 2014-cü il tarixdə Qəbələ şəhər 3 saylı tam orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi kimi işə qəbul edilmişdir. 02 may 2016-cı ildə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək analıq məzuniyyətinə buraxılmışdır. 29 iyul 2019-cu il tarixdə İddiaçı yeni doğulmuş körpəsi X8 3 (üç) yaşı tamam olana qədər qulluq emək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. Azərbaycan Respubilikası Təhsil Nazirliyi 2012ci il tarixindən sonra işə qəbul edilmiş müəllimlərin, müddətsiz müqavilə ilə işləyən müəllim kimi hesab etmədiyindən 27 may 2022-ci il tarixli, 327 nömrəli əmrlə İddiaçı məzuniyyəti 27 may 2022-cı il tarixdə bitdiyi üçün işdən azad edilmişdir. Sonda isə iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul eməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı 01 oktyabr 2013-cü il tarixdə Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi kimi işə qəbul edilmiş və onunla əmək müqaviləsi əmək müqavilələrinin elektron reyestrində bağlanılmışdır. 02 may 2016-cı ildə İddiaçı xx.xx.2019-cu il tarixinədək analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2019-cu ildə İddiaçı xx.xx.2022-ci il tarixə qədər uşaqa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 27 may 2022-ci il tarixli, 327 nömrəli əmrlə İddiaçı məzuniyyəti 27 may 2022-ci il tarixdə bitdiyi üçün işdən azad edilmişdir. Sonda isə iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir, əmək müqaviləsinə xitam verilən işçiyə qanunda nəzərdə tutulduğu qaydada son haqq-hesab ödənilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun 15 may 2014-cü il tarixli, 31 nömrəli əmri ilə həmin məktəbdə müddətli müqavilə əsasında riyaziyyat müəllimi olaraq işə qəbul olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsi Bildirişindən görünür ki, İddiaçı Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbində ixtisasi üzrə riyaziyyat müəllimi işinə qəbul edilmiş və onunla elektron əmək müqaviləsi əmək müqavilələrinin elektron reyesterində bağlanılmışdır. İşdə olan, işəgötürən Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin direktoru X10 ilə İddiaçı arasında 15 sentyabr 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı müddətli olaraq Qəbələ şəhər 3 saylı tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin direktorunun 02 may 2016-cı il tarixli 78 saylı əmrindən görünür ki, Hacıyeva (Mənsurlu) Vüsalə Seyfulla qızı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin direktorunun 01 aprel 2019-cu il tarixli 203 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək növbəti analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin direktorunun 29 iyul 2019-cu il tarixli 216 saylı əmrindən görünür ki, İddiaçı yeni doğulmuş körpəsi X8 3 (üç) yaşı tamam olana qədər qulluq emək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin direktorunun 15 sentyabr 2016-cı il tarixli 94 saylı əmrindən görünür ki, İddiaçı analıq məzuniyyəti xx.xx.2016-cı il tarixdə bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdən 56 günlük yay məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbin 27 may 2022-cı il tarixli, 327 nömrəli əmrdən görünür ki, məktəbin riyaziyyat müəlliməsi İddiaçı 2012-ci ildən sonra işə qəbul edilmiş müəllim olduğuna və qismən haqqı ödənilən analıq məzuiyyəti 27 may 2022-ci il tarixdə bitdiyi üçün işdən azad edilmişdir. Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim kimi qəbul edilməməsi. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Qəbələ rayonu Çarxana kənd tam orta məktəb direktorunun 15 may 2014-cü il tarixli 31 nömrəli əmri ilə həmin məktəbdə riyaziyyat müəllimi götürülmüş və ixtisasına uyğun olaraq müəllim olaraq işə qəbul olunmuşdur. Onunla işəgötürən arasında müddətli əmək müqaviləsi imzalanmışdır. Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun 02 may 2016-cı il tarixli 78 saylı əmri ilə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək analıq məzuniyyətinə buraxılmışdır. Qəbələ şəhər 3 saylı tam orta məktəbin direktorunun 29 iyul 2019-cu il tarixli 216 saylı əmri ilə İddiaçı yeni doğulmuş körpəsi X8 3 (üç) yaşı tamam olana qədər qulluq emək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbin 27 may 2022-ci il tarixli, 327 nömrəli əmri ilə məktəbdə riyaziyyat müəllimi işləyən İddiaçı məzuniyyəti 27 may 2022-ci il tarixdə bitdiyi üçün həmin tarixdən işdən azad edilmişdir. O, işdən çıxarılan zaman əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulmuş, müddətli əmək müqaviləsinə birtərəfli olaraq əsaslı bir səbəb göstərilmədən xitam verilmişdir. Məktəb direktoru Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozaraq tərtib etdiyi əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslarını qeyd etməmiş, həmin maddədə qeyd olunan normalara və məzmuna riayət etmədən əmr hazırlamış, işçinin əmək qanunveriliciliyinin hansı maddəsinə, bəndinə istinadən işdən çıxarılmasını göstərməmişdir. Hazırda işdə olan və işəgötürən tərəfindən verilmiş əmrin məzmunana nəzər yetirdikdə aydın olur ki, bu əmrdə nəinki, ƏM-in 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əksinə həmin əmrdə işçi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün ƏM-in 70-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər-hansı birinə ümumiyyətlə istinad edilməmişdir. Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbin direktoru Ədilə Əliyevanın 27 may 2022-cı il tarixli, 327 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin müəllimi İddiaçı 27 may 2022-ci il tarixdən işdən azad edilmiş, əmrdə əsas olaraq «2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim kimi qəbul edilməməsi» göstərilmişdir. Halbuki, yuxarıda iqtibas edilmiş ƏM-in 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi üçün belə bir əsas nəzərdə tutlmamışdır. İşəgötürənin əsas vəzifələri və məsuliyyətindən bəhs edən ƏM-in 12-ci maddəsinin b bəndinə görə bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. İşəgötürən əmək qanunvericiliyinin yuxarıda sadalanan hüquq normalarının tələblərini də pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Bu zaman iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) təqdim edilməmişdir. İddiaçı işdən çıxırıldığı barədə məlumat aldıqdan sonra cavabdehə rəsmi müraciət etmiş və bundan sonra ona əmrin surəti təqdim olunmuşdur. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğundan, həmin əmrin verilməsinin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində onun işdən çıxarılması nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının alınması barədə iddiada heç bir tələb qoymamışdır. Buna görə qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə ehtiyac olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin İddiaçı işdən azad olunması barədə 27 may 2022-ci il tarixli, 327 nömrəli əmri ləğv edilməli, İddiaçı Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbinin İddiaçı işdən azad olunması barədə 27 may 2022-ci il tarixli, 327 nömrəli əmri ləğv edilsin. İddiaçı Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 saylı tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar