Məhkəmə qərarları › İş №2(025)-1276/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1276/2022

08.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1276/2022 08.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilkin iddia, Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq münasibətləri üzrə sair mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İsgəndər oğlunun, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilkin iddia, Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətdə olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus hissəsindən çıxarılması və həmin əraziyə cavabdehin girişinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı iddiasının təmin edilməməsinə, İddiaçı 5000 (beş min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yarımda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Çıxarışa əsasən, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyətdədir və həmin mülkiyyətçilərdən də biri İddiaçıdır. 1999-cu ildən qohumluq əlaqələri olduğu Cavabdeh ondan xahiş etmişdi ki, sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin ona məxsus olan hissəsindən əkin-biçin etməsi üçün istifadəyə versin. O da cavabdehə etibar etdiyi üçün etiraz etmədi və cavabdeh ona məxsus torpaq sahəsindən öz məqsədləri üçün istifadə etməyə başladı. Bir müddət sonra maddi vəziyyətimin pisləşməsi ilə əlaqədar o, cavabdehdən sözügedən torpaq sahəsindən çıxmağını xahiş etdi. Lakin, cavabdeh ona məxsus torpaq sahəsindən çıxmadı, hətta bıçaqla ona hədə-qorxu gələrək, torpaq sahəsinə yaxınlaşmağına belə imkan vermədi. Beləliklə, o, şəxsi mülkiyyətində olan torpaq sahəsindən bugünədək istifadə edə bilmir. O, dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsindən çıxmağını tələb etsə də, cavabdeh buna məhəl qoymamış və ona məxsus torpaq sahəsindən çıxmamışdır. Odur ki, xüsusi mülkiyyətdə olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus hissəsindən cavabdehin çıxarılması və həmin əraziyə cavabdehin girişinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı ona qarşı Qəbələ rayon Məhkəməsində “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia qaldırmışdır. Cavabdehin iddia ərizəsində göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. Beləki, o, iddia ərizəsində qanun normalarına da düzgün istinad etməmiş, Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Həmin maddələr yaşayış binasının tərkib hissəsindən istifadə edən ailə üzvləri və digər şəxslərə aiddir. İkincisi, cavabdeh iddia ərizəsində paylı mülkiyyət hüququ ilə onlara verilmiş 1,5846 ha torpaq sahəsindən ona məxsus olan torpaq sahəsindən onun çıxarılmağını tələb edir, iddia ərizəsində qeyd edilən ona məxsus olan torpaq sahəsi hansı planşetdə yerləşir, onun payı nə qədərdir və torpaq naturada harada yerləşir. Mücərrəd bir iddia ərizəsi ilə iddia ərizəsinin təmin olunması hesab edir ki, qeyri mümkündür, ilk iddia üzrə iddiaçı bilmir ki, ümumi paylı mülkiyyətdə olan 1,5846 ha torpaq sahəsində onun payı harada yerləşir. Bu baxımdan İddiaçı belə bir iddia qaldırmağa onun subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MM-nin 223.2-ci maddəsində qeyd edilir ki, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata çeçirilə bilər. Bu səbəbə hesab edir ki, İddiaçı onun payı müəyyənləşdirildikdən sonra iddia qaldırmaq hüququna malik ola bilər. Ümumilikdə götürdükdə isə o həqiqətən torpaq sahəsini ona satmışdır. Əslində isə qarşılıqlı iddia üzrə cavabdeh 2015-cı il tarixdə ondan qızının univerisitet xərcini ödəmək üçün 2000 manat borc pul istədi. Onda nəğd pul olmadığına görə həyat yoldaşı X1 adına “Kapital Bank”dan 2000 manat kredit götürərək ona verdilər. Pulu verərkən cavabdeh söz verdi ki, yaxın zamanda borcu qaytaracaqdır. Lakin, söz verdiyi vaxtda borcunu qaytarmadı və müxtəlif bəhanələrlə pulu vermədi. O, borc verdiyi pulu ondan almaq üçün çox cəhd göstərdi. Cavabdeh görəndə ki, o, pulu təkidlə tələb edir, ona bildirdi ki, pulun əvəzinə onun mülkiyyətində torpaq sahəsi var həmin torpaq sahəsinin bir hissəsini ona versin və onun təklifinə razı oldu. Onu inandırmaq üçün torpağa mülkiyyət hüququna dair JN-267 və JN-266 saylı Dövlət Aktlarının əslini ona verdi. Torpaq sənədlərinin əsli də hazırda ondadır. Torpaq sənədlərinin əsli onda ola-ola onun hansı yolla “Çıxarış” alması onu təəccübləndirir. Aradan bir neçə vaxt keçdikdən sonra cavabdeh ona təklif etdi ki, əlavə olaraq 3000 manat pul ver torpaq sənin olsun. Ona görə də ona əlavə olaraq 3000 manat pul verdi. Pulu verdikdən sonra təklif etdi ki, gedib torpağı onun adına sənədləşdirsinlər. Lakin o, müxtəlif bəhanələrlə torpağı alqı-satqı yolu ilə onun adına rəsmiləşdirmək üçün notarius ofisinə getmədi. Cavabdeh torpaq sənədlərini özü ona verdiyi halda guya torpaq sənədlərini itirib deyə yenidən torpaq sənədi əldə edərək adına sənədlərini ona verdiyi torpaq sənədlərinə dair DƏDRX 9 saylı Qəbələ ərazi idarəsindən “Çıxarış” aldı. O, “Çıxarış” aldıqdan sonra məhkəmədə ona qarşı “icarə haqqının alınıb verilməsi və sair” tələblə iddia qaldırdı. Qəbələ rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(025)-1268/2019 saylı qətnaməsi ilə onun iddiası təmin edilmədi. Qarşılıqlı iddia üzrə cavabdehin 2019-cu ildə ondan icarə haqqı tələb etməsi bir daha onu təsdiq edir ki, onların arasında torpaqla bağlı sövdələşmə olmuş və onu aldatmışdır. İndi o, iki dəfəyə verdiyi 5000 manat pulu cavabdehdən ala bilmir. Həmçinin ona pul verdiyi vaxt manatın alıcılıq qabiliyyəti yüksək idi. Hazırda manatın alıcılıq qabiliyyəti iki dəfədən çox azalmışdır. Cavabdehin onu yuxarıda qeyd etdiyi kimi aldatması onun qohum-əqrəba arasında da pis vəziyyətə salmışdır. Ona deyirlər ki, “sən necə kişisən ki, bir qadın səni aldatmışdır”. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə uyğun olaraq qarşlıqlı iddia vermək qərarına gəldi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İsgəndər oğlu ilkin iddia tələblərini müdafiə etdiyini və qarşlıqlı iddianı qəbul etmədiyini bildirib, ilkin iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etmədiyini və qarşlıqlı iddianı müdafiə etdiyini bildirib, qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianı təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh vəkili Vəkil1 ilkin iddianı qəbul etmədiyini və qarşlıqlı iddianı müdafiə etdiyini bildirib, məhkəmədən ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianı təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********84; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə, AA 541393 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(025)-1268/2019 saylı qətnaməsində görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən JN-267 saylı dövlət aktı üzrə istifadə etdiyi 1,84 ha torpaq sahəsinə görə 2006-2016-cı illər üzrə 5000 manat icarə haqqının alınıb verilməsi, 01 (bir) hektar torpaq sahəsinin alqı-satqısından borclu qaldığı 500 (beş yüz) manatın alınıb verilməsi və 01 (bir) hektar torpaq sahəsinin alqı-satqısı üzrə sənədləşmənin ona aid olan hissədə aparılmasının başa çatdırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, ilkin iddia ərizəsində adı qeyd olunan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********84; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha torpaq sahəsi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ailə üzvilərinin ümumi birgə mülkiyyətindədir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qeyd olunan torpaq sahəsini istifadə edir. Hazırda İddiaçı ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus hissəsindən çıxarılmasını və həmin əraziyə Cavabdeh girişinin qadağan edilməsini tələb edir. Cavabdeh isə qeyd olunan torpaq sahəsini 5000 manat qarşılığında İddiaçı aldığını iddia edərək, həmin pul məbləğini İddiaçı tələb edir. İddiaçı isə qızının təhsil haqqının ödənilməsi üçün Cavabdeh cəmi 2000 manat pulun borc kimi aldığını etiraf etmiş, daha sonra, borcu qaytara bilmədiyi üçün həmin borcu əvəzləşdirmək məqsədi ilə mübahisəli torpaq sahəsini müəyyən vaxta P.M.Novruzovun istifadəsinə-icarəyə verdiyini bildirir. Lakin tərəflər arasında torpaq sahəsi ilə bağlı heç bir alqı-satqı və ya icarə müqaviləsi bağlanmamışdır. İlkin iddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan yuxarıdaki maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Məhkəmə qeyd edir ki, işin hallarından, eyni zamanda tərəflərin izahatlarından aydın olur ki, İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə və ailə üzvülərinə ümumi birgə mülkiyyət əsasında məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.5846 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “xüsusi mülkiyyətdə olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus hissəsindən çıxarılmasını” İddiaçı tələb etsə də, mübahisəli torpaq sahəsinə dair Çıxarışdan görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir və mülkiyyətçilərin torpaq sahəsindən payları müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, İddiaçı Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.5846 ha torpaq sahəsindən payı müəyyən edilmədiyindən o, mübahisəli torpaq sahəsinin ona məxsus hissəsindən Cavabdeh çıxarılmasına dair iddia tələbi ilə hazırkı vəziyyətdə məhkəməyə müraciət edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia mübahisəli torpaq sahəsinə cavabdehin girişinin qadağan edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı 2000 manat məbləğində borc pul vəsaiti verilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından İddiaçı hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 2000 manat pul vəsaiti Cavabdeh xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə həmçinin hesab edir ki, qarşlıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli torpaq sahəsini ümumilikdə 5000 manat qarşılığında İddiaçı aldığını, lakin alqı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyini, həmçinin daha öncə həmin torpaq sahəsinin onun müvəqqəti istifadəsində (icarəsində) olduğunu iddia etsə də, məhkəmə iclasında mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında hər hansı bir torpaq icarəsi və ya alqısatqı müqaviləsinin bağlanması öz təsdiqini tapmamışdır. Bir sözlə Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edilən həmin torpaq sahəsinin icarə müqaviləsi və ya alqı-satqı müqaviləsi əsasında qanuni istifadəsində olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə və tələbini əsaslandıra bilməmiş, iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.5846 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, ilkin iddianın qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, İddiaçı 2000 (iki min) manat pul vəsaiti tutularaq Cavabdeh ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İlkin iddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.5846 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı 2000 (iki min) manat pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar