Məhkəmə qərarları › İş №2(025)-1363/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1363/2024

10.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1363/2024 10.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan, Qəbələ rayonun Kiçik Əmili kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayonun Kiçik Əmili kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Buna baxmayaraq o, öz mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evindən istifadə edə bilmir. Belə ki, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdiyaşayış evini qanunsuz olaraq zəbt etmiş və oradan çıxmır. Ona dəfələrlə öz qanunsuz əməllərindən əl çəkməsini, ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini boşaltmasını bildirsə də, cavabdeh buna heç bir məhəl qoymamış, öz qanunsuz əməllərindən əl çəkməmiş, onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxmamışdır. Cavabdehi başqa qaydada mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarda bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaya etiraz: Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, onlar ailəvi Bakı şəhərindən Qəbələ rayonu Kiçik Əmilli kəndinə köçməyə qərara gəlmişlər.Ev yiyəsi Nümayəndə2 və qardaşı X8 və Qəbələ rayonu Böyük Əmilli kəndi və Kiçik Əmilli kəndinin Bələdiyyə Nümayəndələrinin iştirakı ilə hal-hazırda onların yaşadıqları Qəbələ rayonu Kiçik Əmilli kəndinin evin sənədlərinə baxmışlar. 8 sot Nümayəndə2 adına, 12 sot X5 və 6 sotmustafayev Səlim mustafa oğlunun adına olduğunu müəyyənləşdirmişlər və ev yiyəsi Nümayəndə2 və Böyük Əmilli kəndinin bələdiyyə sədri Bayramın iştirakı ilə o, ev yiyəsi Nümayəndə2 ilə evin sənədlərinin çəmləşdirmək şərti ilə, yəni 12 sot, 6 sot və 8 sotu bir kupça halına gətirmək şərti ilə 44 min AZN razılaşmışlar. Böyük Əmilli kəndinin Bələdiyyə sədri Bayramın iştirakı ilə və ev yiyəsi Nümayəndə2 4000 AZN beh vermişdir. xx.xx.2023-cü ildən, xx.xx.2023-cü il tarixinədək sənədləri düzəldib gətirməmişlər. xx.xx.2024-cü il tarixdə Nümayəndə2, X8, X7 və X9 evə gələrəkona 26 sotun əvəzinə 12 sotun sənədini təqdim etmişlər.Nümayəndə2 demiş ki, olan budurvə notariusa getsinlər. O, sual vermiş ki, danışdıqları 26 sot olmuşdur.Nümayəndə2 əsəbi formada “yüksək səslə xoşun gəlir budur, xoşun gəlmirsə çıxın gedin” deyə bildirmişdir. Nümayəndə2 və anası X1 Anar Vaqif oğlunun yanında az yaşlı uşaqların iştirakı ilə onlara hədə qorxu gələrək evlərini boşaltmağı demişlər. O, ailə üzvüləri olan yoldaşı X6, oğlu X15 və X16 hal-hazırda sözü gedən Qəbələ rayonu kiçik Əmilli kəndində qeydiyyatda yaşaya-yaşaya həyətyanı sahədə tölə tikmişlər və evi təmir edib 40.000 AZN-dən çox xərc çəkmişlər. Əllərində əsaslı sübutlar var. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, iddiaçı tərəf cavabdehdən 4000 manat əvvəlcədən beh pul almışdır. Lakin sonradan cavabdeh aralarında razılaşmış məbləği ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının vəkilinin və cavabdehin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Qəbələ rayonu, Kiçik Əmilli kəndindəİddiaçı adına ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ rayonu Kiçik Əmilli kənd (qəsəbə) İcra nümayəndəliyinin təsərrüfat kitabından 89, 90, 91 və 92 nömrəli çıxarışlardan görünür ki, Cavabdeh, X6, X15 və X2 Fərid Yusif oğluna məxsus 2 nömrəli təsərrüfat kitabının 112 nömrəli təsərrüfatında xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmışlar. İş materiallarında olan Nümayəndə2 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Nümayəndə2 Qəbələ rayonu, Kiçik Əmilli kəndinin ev təsərrüfatları uçotu kitabında ona məxsus olan 2№-li kitabın 24-cü səhifəsində şəxsi hesab № 112 olan təsərrüfata Cavabdeh, X3, X10 və X11 qeydiyyata salınmasına etiraz etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması üçün əsasların mövcud olub-olmaması təşkil edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”la Qəbələ rayonu, Kiçik Əmilli kəndində İddiaçı adına ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində və torpaq sahəsindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb edir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını etiraf edir. Lakin Cavabdeh iddiaçı tərəf ilə fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi dəyərinin 44000 (qırx dörd min) manat olması barədə razılığa gəldiyini, bu məqsədlə iddiaçıya 4000 (dörd min) manat beh ödədiyini, lakin iddiaçı ilə alqı-satqısı barədə razılaşdıqları torpaq sahəsinin 0,26 ha olması ilə bağlı razılığa gəldiklərini, lakin iddiaçının vədinə əməl etməyərək ona 44000 manatın müqabilində 0,12 ha torpaq sahəsi və fərdi yaşayış evi təklif etdiyini, bu səbəbdən alqı-satqının baş tutmadığını bildirir. Bu səbəbdən iddia tələbini qəbul etmədiyini və fərdi yaşayış evindən və torpaq sahəsindən çıxmayacağını bildirir. Nəticədə iddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən və torpaq sahəsindən onun iradəsi əleyhinə olaraq cavabdeh və ailə üzvləri qanunsuz istifadə edirlər. Beləliklə, hazırki mülki iş üzrə iddiaçının irəli sürdüyü tələbin faktiki halları onun tələbinin qanuni əsası kimi məhz Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, qeyd olunan normanın dispozitiv şərtləri ondan ibarətdir ki, tələb edən şəxs əmlakın mülkiyyətçisi olmalı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlak özgəsinin sahibliyində olmalı və bu sahiblik qanunsuz sahiblik kimi mövcud olmalıdır (sahibliyin qanuni əsası olmamalıdır). İndiki halda, iş materiallarına əsasən mübahisə predmeti olan əmlak mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh və onun ailə üzvləri iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq cavabdehin və onun ailə üzvlərinin sahibliyindədir. Lakin həmin sahibliyin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdeh və onun ailə üzvləri həmin fərdi yaşayış evində yaşasalar da, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında həmin yaşayış sahəsindən istifadə hüququna dair hər hansı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, bu hüququn qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması və ya digər qanuni əsaslarla sahiblik və istifadə hüququnun yaranması halı aşkar edilməmişdir. Bu halda, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehin və onun ailə üzvlərinin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, iddia tələbini təmin edilməlidir. Qanunun mənasına görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Akimova Azərbaycanaqarşı» işdədə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında»Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlarda «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Bundan savayı, Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qanunvericiliyin şərh olunan müddəalarını və mülki işin hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddaiaçı iddia tələbinin əsaslandığı hallara dair bütün sübutları məhkəməyə təqdim etdiyi halda, Cavabdeh həmin tələbə qarşı etrizanın əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.Cavabdeh iddianı qəbul etməməyini və iddiaya etirazını evin və torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı iddiaçı ilə razılığa gəldiyini, bu məqsədlə iddiaçıya 4000 manat beh verməsi ilə əsaslandırmışdır. Bu hal isə iddiaçı tərəfindən tam qanuni əsaslarla əldə edilmiş və dövlət tərəfindən qorunan mülkiyyətdən onun istifadəsi və sahibliyinə cavabdehin maneələr törətməsinə və hüquqlarının məhdudlaşdırılmasına heç bir əsas vermir. Bir sözlə, iddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən onun iradəsi əleyhinə olaraq cavabdehin ailə üzvləri ilə birlikdə qanunsuz istifadəsinin heç bir hüquqi əsası yoxdur. Buna görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin yuxarıda göstərilən maddələrindən göründüyü kimi daşınmaz əmlaka (mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə) sahiblik və istifadə hüququ olması üçün notarial qaydada təsdiq edilmiş əqd, sərəncam hüququnun əmələ gəlməsi üçün daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı vacibdir. Lakin cavabdeh məhkəməyə ya mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə sahiblik və istifadə hüququnu təsdiqləyən notarial qaydada təsdiq edilmiş əqd, ya da sərəncam hüququnu təsdiqləyən daşınmaz əmlakın dövlət reyestrinin ərazilər üzrə qeydiyyatını təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə zamanı verdiyi izahatında sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə görə iddiaçıya beh ödədiyini, həmçinin fərdi yaşayış evini əsaslı təmir etdiyini göstərmişdir. Məhkəmə cavabdehə izah edir ki, bununla bağlı iddiaçıya qarşı fərdi yaşayış evinin təmirinə çəkilmiş xərc və behə görə ödədiyi pul məbləği ilə bağlı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, tərəflərin və şahid izahatlarını, işin mövcud hallarını və araşdırılmış sübutları, qanunvericiliyin şərh olunan müddəalarını sistematik olaraq və kompleks halında nəzərə alan məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydadaçıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar