Məhkəmə qərarları › İş №2(025)-144/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-144/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-144/2021 23.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Çarxana kəndindəki cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2005-ci il el adəti üzrə ailə qurmuşlar, nikahlarını xx.xx.2005-ci il tarixdə Qəbələ rayon Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyində 02 nömrə ilə rəsmiləşdirmişlər və birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixində X8 və xx xxxxxx 2008-ci il tarixində isə X9 anadan olmuşdur. Cavabdeh1 ilə toyları olduqdan sonra onun atasına məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə gəlin köçərək orda yaşamışdır. O, cavabdeh ilə 2005-ci ildən ailə qurduqdan sonra həmin fərdi yaşayış evinə qeydiyyata alınmış və onun valideynləri ilə birlikdə yaşamışdır. Sonradan övladları olmuş və övladları da onlarla birlikdə qeyd olunan fərdi yaşayış evində yaşayırlar. Hal-hazırda sentyabr ayının sonlarından qarşı tərəfin ona qarşı zor və şiddət tətbiq etməsindən sonra məcbur olaraq cavabdehdən ayrılaraq valideynlərinə məxsus evdə yaşayır. Həmin vaxtdan qarşı tərəf ilə əlaqələri kəsilmiş, uşaqlarını görmək istəsə də qarşı tərəfin uşaqlara hədə-qorxu gəlməsi səbəbindən mümkün deyildir. O, cavabdehlə ayrıldıqdan sonra cehiz əşyaları da həmin yaşayış evində qalmışdır, eyni zamanda onun qeydiyyatıda Qəbələ rayonu, Çarxana kəndidir. Halhazırda o, atasına məxsus Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki evində yaşayır, özünə məxsus mənzili, fərdi yaşayış evi və ya hər hansı daşınmaz əmlakı yoxdur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə hələ rəsmi nikahdadırlar. Cavabdehlərin ailə üzvüdür. Cavabdeh1 ilə toyları olduqdan sonra onun atasına məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə gəlin köçərək orda yaşamışdır. O, cavabdeh ilə 2005-ci ildən ailə qurduqdan sonra həmin fərdi yaşayış evinə qeydiyyata alınmış və onun valideynləri ilə birlikdə yaşamışdır. Sonradan övladları olmuş və övladları da onlarla birlikdə qeyd olunan fərdi yaşayış evində yaşayırlar. Halhazırda sentyabr ayının sonlarından qarşı tərəfin ona qarşı zor və şiddət tətbiq etməsindən sonra məcbur olaraq cavabdehdən ayrılaraq valideynlərinə məxsus evdə yaşayır. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, o, iddiaçı ilə ailə qurmuşdur və nikahlarını xx.xx.2005-ci il tarixdə Qəbələ rayon Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyində 02 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X8 və xx.xx.2008-ci il tarixdə isə X9 anadan olmuşdur. Bu müddət ərzində iddiaçı iki dəfə özünə qəsd etməyə cəhd edibdir. İddiaçı bir qadın kimi ailəsinə baxmır, evlərinin və uşaqlarının təmizliyinə diqqət yetirmir. Neçə illərdir ki, iddiaçıya vaxt vermişdir ki, bəlkə düzələr, lakin nəticəsi olmamışdır. İddiaçının köçürülməsini tələb etdiyi ev atasına məxsusdur. Həmin evdə atası, anası və uşaqları ilə birlikdə yaşayır. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, iddiaçının iddia tələbini qəbul etmir. İddiaçının onlarla evə köçüb birgə yaşamağına razı deyildir. Həmçinin sözügedən fərdi yaşayış evi onun mülkiyyətindədir və adına çıxarış vardır. Həmin evdə onun digər iki oğlu və onlarında ailə üzvləri qeydiyyatdadırlar. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 vəkili X2 izahatında göstərdi ki, fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 isə iddiaçının evə köçürülməsinə etiraz edir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının vəcavabdehlərin, cavabdehin vəkilin inizahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon Böyük Əmilli kənd X3 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİ seriyalı, 161469 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx xxxxxx 2005-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 143/69 nömrəli Doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.2006-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-ci ildə 290 № ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası İddiaçıdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 144/69 nömrəli Doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.2008-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 01 № ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********16-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Çarxana kəndində Cavabdeh2 adına 112.7 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.63 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq Cavabdeh2 (fərdi ev tam, torpaq ümumi birgə), X10, Cavabdeh1, X5 və X6 (torpaq ümumi birgə) qeyd olunmuşlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 406-21/133 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. Texniki parsportun torpaq sahəsinin 1:1000 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,63 ha təşkil etməklə, tərəflər arasında mübahisələndirilən ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olur ki, «LiterA» bağlı eyvan, dəhliz və sahəsi 14,6,20 və 20,8 kv.m. olan yaşayış otaqlarından ibarətdir. İşdə olan ünvan 2 tərəfindən verilmiş 19yanvar 2020-ci il tarixli, 237 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu, Çarxana kəndində ünvanında yaşayır. İşdə olan ünvan 2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 256 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Çarxana kəndində yaşayır və təsərrüfat kitabında atasından ayrı təsərrüfatda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Qəbələ rayonu Çuxur Qəbələ kəndində yaşayır və xx.xx.2006-cı il tarixdən Qəbələ rayonu Çarxana kəndində qeydiyyatdadır. İlk növbədə qeyd edilməlidir ki, tərəflər rəsmi nikah münasibətlərindədir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçının mənzilə köçürülməsi tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə qeyd edir ki, ilk növbədə onun həmin mənzilə dair istifadə hüququnun yaranıbyaranmaması, yaranmışdırsa da itirilməsi məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri iddiaçının mənzilə köçdüyü 2005-ci il tarixindən başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2005-ci il tarixdən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və şəxsin əmlak hüquqları mülkiyyətçi də daxil olmaqla istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Həmçinin, yaşayış sahəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Tərəflərin izahatları və işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, iddiaçı ilə onun Cavabdeh1el adəti üzrə ailə qurmuş, nikahlarını xx.xx.2005-ci ildə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra onlar uzun müddət Cavabdeh2na məxsus evdə yaşamışlar. İddiaçıya məxsus cehiz əmlakları da həmin evdədir. Həmin əmlaklar hazırda da mübahisəsi gedən evdədir. İddiaçı həmin evdə həm də pasport qeydiyyatındadır. Lakin, cavabdehlər onu evə yaşamağa qoymurlar. Bununla belə, onlar arasındakı rəsmi nikah pozulmamışdır. Təfərlər arasında mübahisələndirilən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsindən göründüyü kimi, digər ailə üzvlərinin (ərin, arvadın) yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Lakin hazırkı işdən müəyyən görünür ki, ümumiyyətlə iddiaçı və Cavabdeh1 nikah pozulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli təsərrüfatdan cavabdehlərin təzyiqi nəticəsində çıxıb getmişdir. Onun bu müddət ərzində həmin evdə yaşamaması təsərrüfatdan istifadə hüquqlarının itirilməsinə əsas vermir. İddiaçı Qəbələ rayonu Çuxur Qəbələ kəndində doğulsa da,hal-hazırda Qəbələ rayonu Çarxana kəndində qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikah pozulmadığından iddiaçı cavabdehlərin ailə üzvü kimi qeyd olunan mənzildən bərabər hüquqla istifadə etmək hüququna malikdir. Bu səbəbdən də iddiaçının həmin sahəyə köçürülməsi barədə iddiası rədd oluna bilməz. Ona görə də, iddiaçı mübahisəsi gedən yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli plenum qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı Qəbələ rayonu Çarxana kəndində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Qəbələ rayonu Çarxana kəndində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar