Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1523/2022 14.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən çıxmaqla bağlı son haqq-hesabın və əmək kitabçasının verilməsi, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, əmək münasibətləri üzrə sair mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən çıxmaqla bağlı son haqq-hesabın və əmək kitabçasının verilməsi, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 14 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabının ödənilməsi; Cavabdeh MMC-nin İcraçı direktoru tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 5.000 (beş min) manat məbləğində kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi və cavabdehin törətdiyi kobud qanun pozuntuları barədə onun əməllərinə xüsusi qərardadla qiymət verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 19 fevral 2011-ci il aldığı əmək haqqı 556 manat olmuşdur. Keçən müddət ərzində əmək müqaviləsindən tarixdə əmək müqaviləsi əsasında İddiaçı (AA 2397619, fın. xxxxxxx) Cavabdeh MMC-də tam ştat “fəhlə” vəzifəsinə qəbul edilmişdir. Son olaraq irəli gələn, habelə əmək qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrini lazımınca icra etmişdir. Cavabdehin 16 fevral 2021-ci il tarixli, 14 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən birtərəfli qaydada xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Lakin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əmək məzuniyyətinə görə son haqq- hesabın hesablanıb ödənilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.4, 178-ci maddələri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192 maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməli və bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli idi. Bunları Cavabdeh heç birini etməmişdi, bu da öz növbəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2 maddəsinin tələbləri pozulmuşdur. İddiaçı işdən çıxarılarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmişdir. Bu da öz növbəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4 maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh maliyyə vəziyyətindən asılı olmayaraq İddiaçıya onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu idi, lakin Cavabdeh heç birini etməmişdi, bu da öz növbəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178 maddəsinin tələbləri pozulmuşdur. İddiaçı 2011-ci ildən Cavabdeh MMC-də “fəhlə” vəzifəsində qəbul edilmişdir və əmək kitabçası bu tarixdən açılmışdır. Lakin 2013-cü ilə qədər İddiaçı ilə fərdi əmək müqavləsi bağlanmamışdır. Sübut olaraq aylar üzrə sosial arayış əlavə olunur (Qoşma 4). Bu arayışdan göründüyü kimi yalnız 2013-cü ildə aprel və mart aylarında ödənişlər olunmuşdu. Bundan başqa İddiaçının əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmişdir, nəticədə iş stajı düzgün hesablanmayıb, bu da öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192 maddəsinin tələbləri pozulmuşdur. Bu günə qədər dəfələrlə müraciətinə baxmayaraq İddiaçı əmək kitabçası ona təqdim edilməmişdir və bundan başqa əmək kitabçasını tələb etdikdə isə Cavabdeh MMC-nin İcraçı direktoru X4 tərəfindən təhqirə məruz qaldı. İşin hallarından görünür ki, Cavabdeh MMC İddiaçı “fəhlə” vəzifəsindən azad edərkən bir sıra qanun pozuntularına yol vermişdi. İddiaçı Cavabdehin qanun pozuntuları və qanuni tələblər etdikdə isə təhqir ucbatından mənəvi sarsıntı keçirmişdir. Cavabdehin yol verdiyi kobud qanun pozuntuları ilə əlaqədar əməllərinə hüquqi qiymət verilməlidir. Ona görə də iddiaçı hesab edir ki, cavabdehin təqsiri üzündən keçirdiyi mənəvi iztirablara görə ona mənəvi ziyan vurulmuşdur və həmin mənəvi ziyan da cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq İddiaçının 2011-ci ildən əmək müqaviləsi olmadan (nəticədə iş stajı düzgün hesablanmayıb) işdən çıxma əmri və əmək kitabçası iddiaçıya təqdim etmədən son haqq-hesabı aparmadan iddiaçını işdən azad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı uzun illərdir mövsümi olaraq ayrı-ayrı vaxtlarda MMC-də fəhlə kimi işləmişdir. Sonuncu dəfə 01 fevral 2019-cu il tarixdə İddiaçı bir aylıq müddətinə fəhlə kimi işə götürülmüşdür. Həmin tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti hər ay bir ay müddətinə uzadılmışdır. MMC-nin ofisi Qəbələ şəhərində yerləşir. İşçilər isə rayonun müxtəlif kəndlərindən gəlir. Başqa rayonlardan da gələn işçilər olur. İddiaçı isə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır və həmin kəndin ərazisində əkilmiş üzüm sahəsində işləmişdir. MMC-nin həmin kənddə yaşayan birqadiri vardır. 16 avqust 2021-ci il tarixdə İddiaçı ərizəsinə əsasən, o, işdən azad edilmişdir. İddiaçı işdən azad olunarkən MMC-nin hesabında pul olmadığı üçün ona son haqq-hesabın verilməsi mümkün olmamışdır. Lakin bir neçə gün sonra Cavabdeh MMC-də briqadir işləyən və Kürdmaşı kəndində yaşayan Ağarəhim Nəcəfov tərəfindən İddiaçı oğlu və həmçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 305 (üç yüz beş) manat məbləğində son haqq-hesab hesablanaraq ödənilmişdir. Bundan başqa, İddiaçı işlədiyi müddət ərzində məzuniyyətə buraxılmış və ona qanuni şəkildə məzuniyyət pulu ödənilmişdir. Həmçinin digər işçilər kimi İddiaçı bir neçə dəfə avans olaraq ödənişlər də edilmişdir. Qeyd olunan mübahisə ilə bağlı iddiaçı daha öncə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidmətinə müraciət etmiş, bunun əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 10 mart 2022-ci il tarixli MN ******* saylı tənbeh qərarı qəbul edilmişdir. Lakin İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti İsmayıllı regional ərazi şöbəsinin X5 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. X6 Məhkəməsinin 3(107)-118/2022 saylı 06 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin Konstitusiya Məhkəməsinin göstərilən Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 01 fevral 2019-cu il tarixli 02 saylı Əmri ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fəhlə peşəsinə işə qəbul edilmişdir. İşdə olan, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 ünvanlanmış 16 iyul 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 16 avqust 2021-ci il tarixli 14 saylı Əmri ilə Əmək Məcəlləsinin 68.2 “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, məktubda göstərdiyi sənədlərin bir nüsğəsini və əmək kitabçasını müəssisənin ofisinə yaxınlaşıb təhvil-təslim aktına əsasən götürə bilər. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarına əsasən X1 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti İsmayıllı regional ərazi şöbəsinin X5 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-118/2022 saylı 06 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti İsmayıllı regional ərazi şöbəsi tərəfindən X3 müraciətinə cavab olaraq ünvanlanmış 04 mart 2022-ci il tarixli 221300/70933 saylı məktubunda bildirilir ki,” Cavabdeh MMC-dən X7 Xidmətinin İsmayıllı regional ərazi şöbəsinə xx.xx.2022 -ci il tarixdə **********8 saylı qeydiyyatla daxil olmuş 15 fevral 2022-ci il tarixli 73 nömrəli məktubdan, məktuba əlavə olunmuş sənədlərdən müəyyən edildi ki, ananız İddiaçı xx.xx.2019-cu il tarixdə 02 saylı əmrlə Cavabdeh MMC-yə fəhlə işinə qəbul edilmiş və onunla yazılı formada əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınmışdır. Ananız İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixdə 14 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən qanuna müvafiq xitam verilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Lakin ananız İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi əmək məzuniyyətinə görə son haqq-hesabının hesablanıb ödənilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.4,178-ci maddələrinin tələbləri pozulmuşdur. Bununla əlaqədar Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli **********2 saylı məktub göndərilərək həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının dəqiqləşdirilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 11:00-da Cavabdeh MMC- nin direktoru X1 və ya MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə müəssisədə olan bütün sübutların, izahatların və mülahizələrin təqdim olunması təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin müəyyən edilən inzibati xətanı təkzib edən sübutu olmadığı üçün Cavabdeh MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə uyğun olaraq işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə 25 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müraciətinizlə bağlı əlavə iddia və tələbləriniz olarsa müvafiq məhkəmə orqanlarına müraciət edə bilərsiniz.” Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 01 fevral 2019-cu il tarixli 02 saylı Əmr ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fəhlə kimi işə qəbul edilmişdir. Həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. 16 avqust 2021-ci il tarixli 14 saylı Əmr ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 14 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabının ödənilməsi, Cavabdeh MMC-nin İcraçı direktoru tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 5.000 (beş min) manat məbləğində kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi və cavabdehin törətdiyi kobud qanun pozuntuları barədə onun əməllərinə xüsusi qərardadla qiymət verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçının şikayəti əsasında X5 barəsində inzibati xəta haqqında icraat qaydasında işə baxılaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti İsmayıllı regional ərazi şöbəsinin 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 192.4-cü maddəsinə əsasən təqsirli bilinib, 700 manat miqdarında cərimə edilmişdir. Daha sonra, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarına əsasən Ə.R.Şəfizadənin şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti İsmayıllı regional ərazi şöbəsinin X5 barəsində inzibati tənbeh vermə haqqında 10 mart 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-118/2022 saylı 06 may 2022ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)-144/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi Cavabdeh MMCnin direktoru Əjdər Şəfizadədən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, İddiaçı işdən azad olunarkən cəmiyyətin hesabında pul vəsaiti olmamışdır. Həmçinin sonradan İddiaçı oğlu və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 İddiaçı son haqq-hesab edilməsi ilə bağlı hesablanmış 305 (üç yüz beş) manat əmək haqqı ödənilmişdir. Tərəflərin əvvəllər son haqq-hesabının ödənilməsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllin tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Eyni zamanda hazırkı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə Cavabdeh MMC tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 14 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası verilməsi və cavabdehin törətdiyi kobud qanun pozuntuları barədə onun əməllərinə xüsusi qərardadla qiymət verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verilməsi haqqında qətnamə çıxarılmasını iddia etsələr də, tələblərini əsaslandıra bilməmiş və iddialarının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin məhkəmə iddia tələbinə “mənəvi və maddi ziyanın ödənilməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 5.000 (beş min) manat məbləğində kompensasiya olaraq iddiaçının xeyrinə ödənilməsini iddia etsə də iddia tələblərinin əsaslandığı hallara dair heç bir sübutu, yəni maddi və mənəvi zərərin nədə ifadə olunmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh “ASPİ-LAND" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işdən çıxmaqla bağlı son haqq-hesabın və əmək kitabçasının verilməsi, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1523/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1523/2022
14.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver