Məhkəmə qərarları › İş №2(025)-1551/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1551/2021

15.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1551/2021 15.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızına, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızına, Cavabdeh2, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızına, maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızına, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızına, Cavabdeh2, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızına, maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nin 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş və JN -1096F saylı, kodu 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adına rəsmiləşdirilmiş X1 miras qalmış 0.07 ha torpaq sahəsi üzərində qanun üzrə vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, iddianın əsası kimi istinad edilən və cavabdehə təqdim etmək üçün sənədlərin bir qisminin surətləri iddia ərizəsinə əlavə olunmamış, həmçinin iddiaçı cavabdehlərin iddia ərizəsində göstərilən yaşayış ünvanı ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, həmçinin cavabdehlərin bir qisminin yaşayış ünvnaları tam şəkildə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik zamanı düşən paylarının müəyyən edilməsini xahiş etmişlər. Lakin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxsndə notariat ofisindən verilmiş 06 noyabr 2019-cu il tarixli, 1257 nömrəli məktubdan görünür ki, 24.02.2004-cü il tarixdə vəfat etmiş mərhum X3 adına 05.09.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və vərəsələrin payı müəyyən edilmişdir. Həmçinin Qəbələ regional “Asan xidmət“ mərkəzinin notariat ofisindən verilmiş 19 mart 2021-ci il tarixli 415 saylı məktubdan görünür ki, 24.02.2004-cü cü il tarixdə vəfat etmiş X2 adına 05.09.2012-ci il tarixdə 1239 nömrə ilə vərəsəlik işi açılmış və vərəsələr dairəsi Cavabdeh9 və Cavabdeh8 ibarət olmaqla müəyyən edilib. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavadova (Rəfiyeva) Fəxranə Məcnun qızına, İsaqova (Rəfiyeva) Solmaz Məcnun qızına, Cavabdeh2, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Hacıyeva (Rəfiyeva) Nigar Eldar qızına, maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “payların müəyyən edilməsi” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar