Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-163/2020 17.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsi x1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-nə qarşı «istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-nə qarşı «istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 02.04.2012-07.06.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə 18583 manat 58 qəpik məbləğində kompensasiya ödənişinin və son haqq-hesab ödənişinin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 fevral 2020-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən 02.04.2012-07.06.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə 18583 manat 58 qəpik məbləğində kompensasiya ödənişinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC ilə 02 aprel 2012-ci il tarixdə əmək müqaaviləsi bağlayaraq orada baş mühasib vəzifəsində rəsmi fəaliyyətə başlamışdır. Müddətsiz əmək müqaviləsi növündə Əmək müqaviləsi üzrə aylıq tarif maaşı 18.01.2018-ci il tarixdə müqaviləyə edilən dəyişiklikdən sonra 2692,31 manat olmuşdur. 07 iyun 2019-cu il tarixdə QT 013/19 nömrəli əmrlə, Əmək Məcəlləsinin 68 maddəsinin «a» bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh müəssisədə işlədiyi bütün müddət ərzində işəgötürənin qanuni fəaliyyətində uğur əldə edə bilməsi üçün bütün səyləri ilə işləmiş, daim cavabdehin qanuni maraqlarını üstün tutmuşdur. İşlədiyi müddətdə qanunvericiliyə görə yaranan məzuniyyət hüququndan tam istifadə etməmişdir. Bu dövr ərzində istifadə olunmamış məzuniyyətə görə ona kompensasiya ödənilməmişdir. Bu isə «AFB Bank» və «Bank of Baku»dan əldə edilmiş bank hesabından çıxarışlarda öz təsdiqini tapmışdır. Nəzərə alınsa ki, onun işlədiyi müddətdə orta aylıq əmək haqqı (gross əmək haqqı) 2692 manat 31 qəpik olmuşdur, onda aşağıdakı qaydada hesablaşma aparılmalıdır: 2692 manat 31 qəpik *13 ay (13-cü əmək haqqı məbləği daxil) 12)/30.4 orta günlük məzuniyyət haqqı = 95 manat 94 qəpik. İstifadə olunmamış məzuniyyətinə görə kompensasiyası (gross məbləğ) : 193,7 təqvim günü *95 manat, 94 qəpik=18583 manat 58 qəpik. Bu barədə 07 avqust 2019-cu il və 14 avqust 2019-cu il tarixlərində Cavabdeh MMC-nə yazılı şəkildə müraciət etsə də bu məktubları cavabdeh tərəfindən cavablandırılmamışdır. Bundan əlavə 27 avqust 2019-cu il tarixdə Əmək və x6 Nazirliyinin qaynar xəttinə (0142) müraciət etməyinə baxmayaraq çox təəssüf ki, onun bu müraciətinə bu günədək heç bir yazılı cavab bildirilməmişdir. 17 mart 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, o, ailə üzvləri ilə birgə Avstriyada olmuşdur. Lakin Cavabdeh MMC tərəfindən səfərlə bağlı çəkilən xərclərə görə ona pul ödənilməmişdir. Orada onun əməkdaşlıq etdiyi şirkət olmuş və ona ailəsi ilə birlikdə bilet alınmışdır. Hazırda onun cəmiyyətə 3690 manat borcu qalmışdır. Qalan borc tələbini isə qəbul etmir. Çünki müəssisədə qayda olmuşdur ki, müəssisə həmin borcu işçiyə güzəşt də edə bilər və ya borcu tuta da bilərdilər. Lakin həmin borcun onun iddia tələbinə heç bir aidiyyatı yoxdur. Qeyd olunanlara görə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı Cavabdeh MMC ilə 02 aprel 2012-ci il tarixdə əmək müqaaviləsi bağlayaraq orada baş mühasib vəzifəsində rəsmi fəaliyyətə başlamışdır. Müddətsiz əmək müqaviləsi üzrə aylıq tarif maaşı 18.01.2018-ci il tarixdə müqaviləyə edilən dəyişiklikdən sonra 2692,31 manat olmuşdur. 07 iyun 2019-cu il tarixdə QT 013/19 nömrəli əmrlə, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. O, həmin müəssisədə işlədiyi bütün müddət ərzində işəgötürənin qanuni fəaliyyətində uğur əldə edə bilməsi üçün bütün səyləri ilə işləmiş, daim cavabdehin qanuni maraqlarını üstün tutmuşdur. Lakin qanunvericiliyə görə yaranan məzuniyyət hüququndan tam istifadə etməmiş, bu dövr ərzində ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməmişdir. Son haqqhesab iddiaçıya ancaq son ayın əmək haqqı olaraq ödənilmişdir. Cəmiyyətdə işlədiyi müddət ərzində cavabdeh təşkilat tək baş mühasibi deyil, digər bütün işçiləri sənəd üzərində rəsmiləşdirərək əmək məzuniyyətinə çıxarmış, lakin onları nə əmək məzuniyyətinə göndərməmiş, nə də onlara məzuniyyət haqqını ödəməmişdir. İddiaçı 193,7 gün əsas məzuniyyət, 35,3 təqvim günü əmək stajına görə hesablanan əlavə məzuniyyət haqqından istifadə etməmişdir. «AFB BANK» və «Bank of Baku»dan əldə edilmiş bank hesabından çıxarışlarda öz təsdiqini tapmışdır. Bu barədə 07 avqust 2019-cu il və 14 avqust 2019-cu il tarixlərində "Cavabdeh" MMC-yə yazılı şəkildə müraciət etsə də, bu məktublar cavabdeh tərəfindən cavablandırılmamışdır. Buna görə də əmək qanunvericiliyinə əəsasən iddiaçının istifadə etmədiyi əsas məzuniyyət gününə görə 18583,58 manat məbləğində konpensasiya cavabdeh tərəfindən ona ödənilməlidir. Qeyd olunan xüsusatlara görə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin 27.02.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Cavabdeh MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsi x2 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı Babayev x3 02.04.2012-ci il tarixdən 07 iyun 2019-cu il tarixədək baş mühasib vəzifəsində işləmişdir. 2014-cü ildən 2019-cu ilədək işlədiyi müddət ərzində çalışdığı dövrdə ona yazdığı ərizə əsasında əsas məzuniyyətlər verilmiş, bununla bağlı cəmiyyət rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanmışdır. Məzuniyyətlərdə olarkən e-mail vasitəsi ilə bu barədə digər işçilər və iddiaçı məlumatlandırılmışdır. Lakin sonradan müəyyən olunmuşdur ki, iddiaçı məzuniyyət üçün ona nəzərdə tutulmuş vəsaiti əmək haqqı kimi hesablamışdır. İddiaçı dəfələrlə cəmiyyətdən borc pulu götürmüş və hazıra kimi həmin vəsaiti qaytarmamışdır. Belə ki, işlədiyi dövrdə cəmiyyətdən 8557 manat borc olaraq götürmüş və pulu qaytarmamışdır. O, baş mühasib olaraq bütün ödənişlərlə şəxsən özü məşğul olmuş və bu hərəkətləri ilə vəzifəsindən sui-istifadə edərək cəmiyyətə ziyan vurmuşdur. Məhkəməyə təqdim olunan sənədlərin kserosurətlərindən göründüyü kimi iddiaçı 2014-cü il ərzində 7 təqvim günü müddətində (14.07.2014 tarixdən 20.07.2014-cü il tarixə qədər) əsas məzuniyyətdə olmuşdur. Bu faktı cəmiyyətin 02.06.2014-cü il tarixli QT 033-1/14 saylı əmr, məzuniyyətlər cədvəli, iddiaçının məzuniyyət ərizəsi təsdiq edir. Bundan savayı iddiaçı 2015-ci ildə 9 təqvim günü müddətində (22.06.2015-ci il tarixdən 30.06.2015-ci il tarixə qədər) əsas məzuniyyətdə olmuşdur. Bu faktı cəmiyyətin 20.06.2015-ci il tarixli QT 052-1/15 saylı əmr, iddiaçının 19.06.2015-ci il tarixli məzuniyyət ərizəsi təsdiq edir. Həmçinin 2015-ci ildə əlavə olaraq iddiaçı ikinci dəfə 02.09.2015-ci il tarixdən 09.09.2015-ci il tarixədək 8 təqvim günü və 03.11.2015-ci il tarixdən 08.11.2015-ci il tarixədək üçüncü dəfə 6 təqvim günü ərzində əsas məzuniyyətlərdə olmuşdur. Bu faktı iddiaçının öz e-mail yazışmaları təsdiq edir. İddiaçı cəmi 2015-ci ildə 24 təqvim günü ərzində əsas məzuniyyətdə olmuşdur. Bundan sonra 2016-cı ildə iddiaçı birinci dəfə 5 təqvim günü müddətində (04.07.2016-cı il tarixdən 08.07.2016-cı il tarixə qədər) əsas məzuniyyətdə olmuşdur. Bu faktı cəmiyyətin 01.07.2016-cı il tarixli QT 060-1/16 saylı əmr, iddiaçının 01.07.2016-cı il tarixli məzuniyyət ərizəsi və 02.07.2016-cı il tarixli e-mail məlumatları təsdiq edir. Həmçinin 2016-cı ildə əlavə olaraq iddiaçı ikinci dəfə 17.10.2016-cı il tarixdən 21.10.2016-cı il tarixədək 5 təqvim günü müddətində əsas məzuniyyətdə olmuşdur. Bu faktı cəmiyyətin 15.10.2016-cı il tarixli QT 075-1/16 saylı əmr, iddiaçının 14.10.2016-cı il tarixli məzuniyyət ərizəsi təsdiq edir. Cəmi 2016-cı ildə iddiaçı 10 gün müddətində əsas məzuniyyətdə olmuşdur. Bundan sonra 2017-ci ildə iddiaçı birinci dəfə 15 təqvim günü müddətində (12.05.2017-ci ildən 26.05.2017-ci il tarixədək) əsas məzuniyyətdə olmuşdur. Bu faktı cəmiyyətin 11.05.2017-ci il tarixli QT 0019/17 saylı əmr, iddiaçının 11.05.2017-ci il tarixli məzuniyyət ərizəsi və 11.05.2017-ci il tarixli e-mail yazışmaları təsdiq edir. Həmçinin 2017-ci ildə iddiaçı ikinci dəfə 12.06.2017-ci ildən 26.06.2017-ci il tarixədək 15 təqvim günü müddətində əsas məzuniyyətdə olmuşdur. Bu fakt iddiaçının 13.06.2017-ci il tarixli e-mail yazışmalıra təsdiq edir. İddiaçı 2017-ci ildə cəmi 30 təqvim günü əsas məzuniyyətdə olmuşdur. Bundan sonra 2018-ci ildə iddiaçı birinci dəfə 15 təqvim günü müddətində (02.07.2018ci il tarixdən 16.07.2018-ci il tarixə qədər) əsas məzuniyyətdə olmuşdur. Bu faktı iddiaçının 29.06.2018-ci il tarixli e-mail yazışmaları təsdiq edir. Əlavə olaraq qeyd edir ki, həmin əsas məzuniyyətdən əvvəl iddiaçı cəmiyyətin hesabından özü və ailə üzvləri üçün avia biletləri və otel xərclərini ödəmişdir (həmin ödənişlər cəmiyyətin 01.06.2018-ci-30.06.2018-ci il tarixli otel və viza hesabat üzləşmə aktında qeyd edilmişdir). Belə ki, 16.06.2018-ci il tarixdə cəmiyyətin hesabından onun həyat yoldaşı Afaq Əliyeva üçün 101.85 manat, onun özü üçün 701.85 manat, uşaqları Faiq Babayev üçün 591,80 manat və Heydər Babayev üçün 591,80 manat ödəmələr həyata keçirilmişdir. Həmçinin iddiaçı 25.06.2018-ci il tarixdə yuxarıda qeyd olunan ailə üzvlərinin «İBİS WİEN» hoteldə qalması üçün 1727,02 manat və «İVİS STYLE WİEN» hoteldə qalması üçün cəmiyyətin hesabından 552,75 manat xərcləmişdir. O, ikinci dəfə 14.08.2018-ci il tarixdən 21.08.2018-ci il tarixədək 8 təqvim günü əsas məzuniyyətdə olmuşdur. Bu faktı iddiaçının 13.09.2018-ci il tarixli e-mail yazışmaları sübut edir. Üçüncü dəfə o, 8 təqvim günü müddətində (14.09.2018-ci ildən 21.09,2018-ci il tarixə qədər) əsas məzuniyyətdə olmuşdur. Bu faktı cəmiyyətin 12.09.2018-ci il tarixli QT 028-2/18 saylı əmr, iddiaçının 12.09.2018-ci il tarixli məzuniyyət ərizəsi təsdiq edir. İddiaçı 2018-ci ildə cəmi 31 təqvim günü əsas məzuniyyətdə olmuşdur. Bundan sonra iddiaçı 2019-cu ildə 10 təqvim günü müddətində (18.02.2019-cu ildən 27.02.2019-cu il tarixə qədər) əsas məzuniyyətdə olmuşdur. Bu faktı cəmiyyətin 18.02.2019-cu il tarixli QT 003-1/19 saylı əmr, iddiaçının 18.02.2019-cu il tarixli məzuniyyət ərizəsi təsdiq edir. Sənədlərin kserosurətindən göründüyü kimi 2014-cü ildən 2019-cu il müddət ərzində iddiaçı cəmi 112 təqvim günü əsas məzuniyyətdə olmuşdur. Bu da iddiaçının iddia ərizəsində göstərdiyi hesablaşma ilə 10.745 manat məbləğində pul əvəzi ilə qiymətləndirilir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı cəmiyyətdən 8.557 manat məbləğində borc alaraq həmin məbləği cəmiyyətə hazıra kimi qaytarmamışdır. Belə ki, iddiaçının istifadə olunmamış məzuniyyətinə görə cəmiyyətdən kompensasiya kimi 18583 manat 58 qəpik pul istədiyini nəzərə alaraq həmin məbləğdən 10,745 manat (iddiaçının istifadə etdi məzuniyyətlərin əvəzini təşkil edən məbləğ) və 8557 manat (iddiaçının cəmiyyətdən borc kimi alıb cəmiyyətə qaytarmadığı pul məbləği) çıxılmaqla iddiaçıya əsas məzuniyyətlərinə görə pul əvəzini müəyyən etmək olar. Belə ki, 18.583 man 58 qəpik pul məbləğindən 10.745 man və 8557 manat çıxıldıqda məlum olur ki, İddiaçı hazırda cəmiyyətə 719 manat pul borcludur. 2012-2013-cü illər üçün rəsmiləşdirmə yoxdur. Qalan bütün illərdə iddiaçı əsas məzuniyyət günlərindən istifadə etmişdir. Odur ki, belə vəziyyətdə İddiaçı son haqq-hesab və istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi iddia tələbi əsassız və qanunsuz olduğu üçün həmin iddianın rədd edilməsi haqqında qətnamənin çıxarılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. x4 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, 01.06.2010-cu il tarixdən Cavabdeh MMC-də İnsan Resursları üzrə menecer vəzifəsində işləmişdir. 2012-ci ildə isə İddiaçı həmin müəssisədə baş mühasib vəzifəsində işləməyə başlamışdır. Onun cəmiyyətdə işlədiyi illər ərzində əmək məzuniyyətinə çıxdığı günlər də, çıxmadığı günlər də olmuşdur. Cəmiyyətdə iş bölügüsünə əsasən hər kəs öz işi ilə məşğul olmuş, yəni mühasibatlıq işlərini iddiaçıda, kadr işləri isə onda olmuşdur. İddiaçı həmin cəmiyyətdə 2012-ci ildən 2017-ci ilə kimi işləmişdir. O, hansı günlər üçün əmək məzuniyyətinə çıxıbsa onların əmrləri verilmişdir. İddiaçı ərizəni yazdığı gün əmək məzuniyyətinə buraxılmadığını xahiş etdiyi üçün əmrlər də həmin tarixdə verilmişdir. 02.09.2015-ci il tarixində İddiaçı əmək məzuniyyətində olmuş, lakin iddiaçı əmək məzuniyyətinə çıxmasını sadəcə e-mail vasitəsi ilə bildirdiyindən və bu barədə rəsmi ərizə yazılmadığından bu tarix üçün əmək məzuniyyətinə buraxılmasına dair əmr verilməmişdir. O, ərizə ilə müraciət etdiyi halda onun əmək məzuniyyətinə buraxılmasına dair əmrləri verilmişdir. İşçi istifadə etmədiyi məzuniyyət günləri üçün ilin sonunda ona kompensasiya ödənilməmişdir. İddiaçı işlədiyi illər ərzində cəmi 59 gün rəsmi olaraq əmək məzuniyyətindən istifadə etmişdir. İddiaçı işdən çıxma əmrində istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiyanın ödənilməsini öz əksini tapmışdır. Lakin müəyyən səbəblərə görə icra edilməmişdir. İddiaçı ancaq Qəbələ şəhərinə ezam edilmişdir. Xarici ölkələrə isə ancaq cəmiyyətin şəxsi hesabı ilə getmişdir. x5 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayına kimi cəmiyyətdə mühasib köməkçisi işləmişdir. İki aydır işdən ayrılmışdır. İşlədiyi müddətdə olurdu ki, işçi məzuniyyətə buraxılsın, ancaq işdə olurdu. İddiaçı də işlədiyi müddətdə adı məzuniyyətdə getsə də işə gəldiyi vaxtları da olmuş, bununla belə əksinə də olmuşdur. x7 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də ümumi işlər üzrə koordinator vəzifəsində işləyir. İddiaçı məzuniyyətdə olan zaman onu Musa Abdullayev əvəz etmişdir. Ezamiyyətlərə isə komanda tərkibi olaraq gediblər. Məhkəmə iş üzrə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsinin, cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin çıxışlarını, eləcə də şahidlərin ifadələrini dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus İT-İ ******* nömrəli, 20.09.1998-cü ildə tərtib edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, 02.04.2012ci il tarixdə QT 009/12 nömrəli əmrlə Cavabdeh MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan, 18.01.2018-ci il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh MMC arasında 02.04.2012-ci ildə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən cəmiyyətdə baş mühasib vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqının məbləği 2692 manat 31 qəpik təşkil etmişdir. İşdə olan 10.06.2019-cu il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 02.04.2012-ci ildə bağlanmış əmək müqaviləsinə cəmiyyətin 07.06.2019-cu il tarixli, QT 013/19 saylı əmri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin «a» bəndi (maddə 68 a) tərəflərin birinin təşəbbüsü) ilə xitam verilmişdir. İşin bu halı İddiaçı məxsus İT-İ ******* nömrəli, 20.09.1998-cü ildə tərtib edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti ilə də təsdiq olunur. Əmr həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək kitabçasına işlənmiş və iddiaçıya təqdim edilmişdir. İşdə olan Cavabdeh MMC-nin işçilər üçün 01 iyul 2014-cü il tarixdən etibarən növbəti əmək məzuniyyətinə buraxılasına dair 02 iyun 2014-cü il tarixli, QT033-1/14 saylı ödənişli məzuniyyət haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən və əmrə əlavə olunmuş cədvəldən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi əsasında 14.07.2014-cü il tarixdən 20.07.2014-cü il tarixədək 7 təqvim günü müddətinə məzuniyyətə buraxılmışdır. İşdə olan Cavabdeh MMC-nin 20 iyun 2015-cü il tarixli, QT052-1/15 saylı əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (19.06.2015-ci il tarixli) əsasında 9 təqvim günü +1 təqvim günü bayrama görə cəmi 10 gün müddətinə 22.06.2015-ci il tarixdən 30.06.2015-ci il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi 01.07.2015-ci il qeyd olunmuşdur. İşdə olan Cavabdeh MMC-nin 01 iyul 2016-cı il tarixli, QT060/16 saylı əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (01.07.2016-cı il tarixli) əsasında 5 gün müddətinə 04.07.2016-cı il tarixdən 08.07.2016-cı il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi 11.07.2016-cı il qeyd olunmuşdur. İşdə olan Cavabdeh MMC-nin 15 oktyabr 2016-cı il tarixli, QT075/16 saylı əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (14.10.2016-cı il tarixli) əsasında 5 gün müddətinə 17-21.10.2016-ci il tarixləri üçün növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi 24.10.2016-cı il qeyd olunmuşdur. İşdə olan Cavabdeh MMC-nin 11 may 2017-ci il tarixli, QT0019/17 saylı əmək məzuniyyəti haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (11.05.2017-ci il tarixli) əsasında 15 təqvim günü müddətinə 12.05.2017-ci il tarixdən 26.05.2017-ci il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Əmrlə onun işə çıxma tarixi 29.05.2016-cı il qeyd olunmuşdur. İşdə olan Cavabdeh MMC-nin 12 sentyabr 2018-ci il tarixli, QT028-2/18 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (12.09.2018-ci il tarixli) əsasında 8 gün müddətinə 14.09.2018-ci il tarixdən 21.09.2018-ci il tarixədək əsas əmək məzuniyyəti verilmişdir (əmrdə məzuniyyət haqqının razılığa əsasən aylıq əmək haqqı zamanı ödənilməsi nəzərdə tutulduğu göstərilmişdir). Əmrlə onun işə çıxma tarixi 24.09.2019-cu il qeyd olunmuşdur. İşdə olan Cavabdeh MMC-nin 18 fevral 2019-cu il tarixli, QT003-1/19 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətdə baş mühasib işləyən İddiaçı onun məzuniyyət ərizəsi (28.02.2019-cu il tarixli) əsasında 18.02.2019-cu il tarixdən 27.02.2019-cu il tarixədək 10 günlük müddətinə əsas əmək məzuniyyəti verilmişdir (əmrdə məzuniyyət haqqının razılığa əsasən aylıq əmək haqqı zamanı ödənilməsi nəzərdə tutulduğu göstərilmişdir). Əmrlə onun işə çıxma tarixi 18.02.2019-cu il qeyd olunmuşdur. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü (həmin maddənin «a» bəndi), əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə etməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 135-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş illərində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdlən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə arta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsalaşdırılıb ödənilməlidir. 144-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. Hazırkı mülki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı 02.04.2012-ci il tarixdə QT 009/12 nömrəli əmrlə və həmin tarixdə aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Onun aylıq əmək haqqının məbləği 2692 manat 31 qəpik təşkil etmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 02.04.2012-ci ildə bağlanmış əmək müqaviləsinə cəmiyyətin 07.06.2019-cu il tarixli, QT 013/19 saylı əmri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin «a» bəndi (maddə 68 a) tərəflərin birinin təşəbbüsü) ilə xitam verilmişdir. Əmr həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək kitabçasına işlənmiş və iddiaçıya təqdim edilmişdir. İşin məhkəmə araşdırılması zamanı müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin 02 iyun 2014-cü il tarixli, QT033-1/14 saylı ödənişli məzuniyyət haqqında əmrinə əsasən 7 təqvim günü (14.07.2014-cü il tarixdən 20.07.2014-cü il tarixədək) müddətinə, 20 iyun 2015-cü il tarixli, QT052-1/15 saylı əmrinə görə 9 təqvim günü +1 təqvim günü bayrama görə cəmi 10 gün müddətinə (22.06.2015-ci il tarixdən 30.06.2015-ci il tarixədək), 01 iyul 2016-cı il tarixli, QT060/16 saylı əmri ilə 5 gün müddətinə (04.07.2016-cı il tarixdən 08.07.2016-cı il tarixədək), 15 oktyabr 2016-cı il tarixli, QT075/16 saylı əmrinə əsasən 5 gün müddətinə (17- 21.10.2016-ci il tarixləri üçün), 11 may 2017-ci il tarixli, QT0019/17 saylı əmək məzuniyyəti haqqında əmrinə görə 15 təqvim günü müddətinə (12.05.2017-ci il tarixdən 26.05.2017-ci il tarixədək),12 sentyabr 2018-ci il tarixli, QT028-2/18 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmri ilə 8 gün müddətinə (14.09.2018-ci il tarixdən 21.09.2018-ci il tarixədək), 18 fevral 2019-cu il tarixli, QT003-1/19 saylı əmək məzuniyyətinin verilməsi haqqında əmrinə əsasən 10 günlük müddətinə (18.02.2019-cu il tarixdən 27.02.2019-cu il tarixədək) əmək məzuniyyətinə buraxılmışdır. Beləliklə, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı 59 təqvim günü müddətində əmək məzuniyyətidən istifadə etmişdir. İşin qeyd olunan halını iddiaçı və onun nümayəndəsi də mülki işin məhkəmə araşdırılması vaxtı etiraf etmişlər. İş üzrə şahid x4 da verdiyi ifadəsində işin bu halını təsdiq etmişdir. İddiaçı işlədiyi dövr üçün ona verilməli və qalan məzuniyyətdən istifadə etməmişdir. Əmək Məcəlləsinin 135-ci maddəsinin tələblərinə görə işçi müvafiq iş illərində əmək məzuniyyətindən iətənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməli olduğu halda İddiaçı oğtlu ilə Cavabdeh MMC arasındakı müddətsiz əmək müqaviləsinə 07.06.2019-cu il tarixli, QT 013/19 saylı əmri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin «a» bəndi (maddə 68 a) tərəflərin birinin təşəbbüsü) ilə xitam verilən zaman əmək qanunvericiliyinin 83-cü maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçıya istifadə etməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Əmək qanunvericiliyinin yuxarıda sadalanan müddəalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-də baş mühasib işlədiyi müddətdə aldığı orta aylıq əmək haqqının 2692 manat 31 qəpik təşkil etməsi nəzərə alınaraq orta günlük məzuniyyət haqqı ( 2692 manat 31 qəpik * 13 ay (13-cü əmək haqqı məbləği daxil)/12)/30.4 ( 365 : 12 = 30.4) = 95 manat 94 qəpik), bundan sonra iddiaçının əsas məzuniyyət günlərinin sayından onun istifadə etmədiyi məzuniyyət günlərinin sayı çıxılaraq istifadə etmədiyi məzuniyyət günlərinin sayı (193,7 təqvim günü - 59 təqvim günü = 134,7 təqdim günü) müəyyən olunmalıdır. Daha sonra isə istifadə etmədiyi məzuniyyət günlərinin sayı orta məzuniyyət haqqına vurulmaqla istifadə olunmamış məzuniyyətə görə Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli olan kompensasiyanın (134,7x95,94 = 12.923,12) məbləği müəyyən olunmalıdır. Aparılan hesablamanın nəticəsinə görə cavabdehin iddiaçıya istifadə olunmamış məzuniyyət günlərinə (təqvim günləri ilə) görə ödəməli olduğu kompensasiyanın ödənişinin məbləği 12.923,12 (on iki min doqquz yüz iyirmi üç manat 12 qəpik) təşkil edir ki, həmin məbləğ cavabdeh tərəfindən ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 02.04.2012- 07.06.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə 12.923,12 (on iki min doqquz yüz iyirmi üç manat on iki qəpik) manat məbləğində kompensasiya ödənişi alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 02.04.2012-07.06.2019-cu il tarixləri arasında istifadə olunmamış məzuniyyətə görə 12.923,12 (on iki min doqquz yüz iyirmi üç manat on iki qəpik) manat məbləğində kompensasiya ödənişi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-163/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-163/2020
17.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver