Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1867/2021 26.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, ilk olaraq tərəflər qarşılıqlı razılaşdırdığı mediatora və ya mediator təşkilatına müraciət edərək ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin mərhələdə tərəflər arasında barışıq sazişi imzalanmadıqda - razılıq əldə olunmadıqda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməlidir. İddia ərizəsinə əlavə olunmuş 18 sentyabr 2021-ci il tarixli “X2 Verilməsi Barədə” Protokoldan görünür ki, X2 verilmə səbəbi kimi mediatorun təşəbbüsü göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 32-ci maddəsində mediasiya prosesinə hansı hallarda xitam verilməsi konkret olaraq göstərilmişdir. Həmin maddədə mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilməsi göstərilməmişdir. Göründüyü kimi, “X2 Verilməsi Barədə” Protokol düzgün tərtib edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə Tərəflər arasında mübahisənin mediasiya vasitəsilə həll edilməsinə dair barışıq sazişi əlavə edilmişdir. Sözügedən barışıq sazişinin də tarixi 18 sentyabr 2021-ci il olaraq göstərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.6-ci maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator X2 verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. “Mediasiya haqqında” Qanundan göründüyü kimi, tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda mediator X2 verir. Lakin iş materiallarından müəyyən olunur ki, mediator tərəfindən eyni tarixdə həm “X2 Verilməsi Barədə” Protokol, həm də “Barışıq sazişi” verilmişdir ki, bu da yolverilməzdir. Bundan savayı məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının işdən çıxarılması barədə əmr 13 oktyabr 2021-ci il tarixdə verilmişdir. Lakin mediator tərəfindən 18 sentyabr 2021-ci il tarixdə həm “X2 Verilməsi Barədə” Protokol, həm də “Barışıq sazişi” verilmişdir. Göründüyü kimi iddiaçı işdən çıxmamış Mediatora müraciət etmişdir ki, bu da yolverilməzdir. Belə ki, 18 sentyabr 2021-ci il tarixli “Barışıq Sazişi”nin 2.1-ci bəndində göstərilmişdir ki, “Qəbələ rayon E.Məmmədov adına Çarxana kənd tam orta məktəbin direktoru X1 rəsmi əsas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70 və 73cü maddələrinin tələblərini pozaraq işdən azad etmişdir. Göründüyü kimi mediator tərəfindən barışıq sazişi təsdiqlənərkən İddiaçı işdən çıxarılması barədə əmr mövcud olmasa da, barışıq sazişində Əmək qanunvericiliyinin tələblərinin pozulması göstərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator X2 verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Həmin qanunun 32.1-ci maddəsinə əsasən mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə; tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə; tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə; tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda; tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə (bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələr üzrə isə yalnız sonrakı mediasiya sessiyasında imtina etdikdə); bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda X2 verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, “X2 Verilməsi Barədə” Protokol “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-ci maddəsinin tələblərinə uyğun olmayaraq tərtib edildiyindən, o cümlədən iddiaçı əmək müqaviləsinə xitam verilmədən mediatora müraciət etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, “X2 Verilməsi Barədə” Protokol “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tərtib edildikdən sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1867/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1867/2021
26.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver