Məhkəmə qərarları › İş №2(025)-241/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-241/2022

11.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-241/2022 11.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə-Hesablama Mərkəzinə qarşı “işə və sistemə bərpa və məcburi iş buraxmanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə-Hesablama Mərkəzinə qarşı “işə və sistemə bərpa və məcburi iş buraxmanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia tələbinin əsası ilə əlaqədar sübutlar qismən əlavə edilmiş, belə ki, iddiaçının işdən çıxarılması barədə əmr iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı iddia ərizəsinə işdən çıxarılması barədə əmrin əslini və ya təsdiq olunmuş surətini əlavə etməli olduğu halda, ümumiyyətlə işdən çıxarılma barədə əmrdən çıxarışı iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə əmək kitabçasıda iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddiaçı işdən çıxarılma barədə əmrin əslini iddia ərizəsinə əlavə edə bilməməsinə dair hər-hansı bir əsas (məktəbə müraciəti, məktəbə müraciət etməsini təsdiqləyən hər hansı bir sənəd, həmin müraciətin məktəb tərəfindən qəbul edilməsini təsdiqləyən sənəd) əlavə etməmişdir. Mülki-Prosessual Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Göründüyü kimi iddiaçı məhkəməyə belə bir vəsatətlə müraciət etməmişdir. Həmçinin iddiaçı zəruri sübutları müstəqil əldə etmək imkanı olmaması barədə də məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə iddia tələbinin əsasları ilə bağlı iddiaçının əsaslandırdığı hallar ərizədə hər-hansı ardıcıllığa riayət edilmədən, qeyri müəyyən şəkildə yazılmış, nəticədə iddia ərizəsi tərtib edilərkən qeyri-müəyyənliyə yol verilmişdir. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə-Hesablama Mərkəzini göstərsə də, iddianın “xahiş etdi” hissəsində onların hər birinə qarşı yönələn tələbin konkret nədən ibarət olmasını göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan əlavə iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Lakin Azərbaycan Respublikası MPMnin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə-Hesablama Mərkəzinə qarşı “işə və sistemə bəroa və məcburi iş buraxmanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar