Məhkəmə qərarları › İş №2(025)-248/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-248/2020

30.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-248/2020 30.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh, üçüncü şəxslər X14 və Qəbələ rayon Kiçik Pirəlli kəndinin Bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılması və maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun açılması və maneələrə son qoyulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən tutulmuş və mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun məcburi qaydada açılması və maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X13 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə onların ailələrinin mülkiyyətinə paylı mülkiyyət kimi 1,07 ha torpaq sahəsi verilmişdir. Ailələri 4 nəfərdən ibarətdir. Həmin 4 nəfər o, ailə başçısı X5, X7 və X2 ibarətdir. Torpağın mülkiyyətlərinə verilməsinə dair JN-143F saylı şəhadətnamədə onlara təqdim edilmişdir. Lakin onların ailəsinə verilmiş torpaq sahəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilmirlər. Mülkiyyətçilərdən X5 vəfat etmiş, X7 və X11 ərə getmişlər. Bununla onu nəzərdə tutmuşdur ki, paylı mülkiyyətin bu mülkiyyətçiləri torpaqdan istifadə etmirlər, onların gələcəkdə vərəsəlik qaydasında özlərinə düşən paylarını tələb edib-etməyəcəkləri isə sonranın işidir. Lakin onlar hələlik həmin torpaqdan istifadə etmirlər. O isə cavabdehin təqsiri üzündən həmin torpaq sahəsinə gedib-gələ bilmir. Belə ki, cavabdeh mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolu kəsmişdir. Başqa yerdən isə həmin torpaq sahəsinə yol yoxdur. Bu barədə cavabdehlə dəfələrlə söhbət etmişlər və hər dəfə də onun təhqiredici sözlərinə və hədə-qorxusuna məruz qalmışlar. Hətta bu barədə kənd icra nümayəndəsinə, bələdiyyəyə məlumat vermişlər, lakin nəticəsi olmamışdır. Onların ailəsinə verilmiş torpaq sahəsinin xəritəsində baş yola çıxış göstərilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş yolu yoxdur. Bir sözlə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə xx xxxxxx 2020-ci il tarixdə keçirilən iclasda X15 və X8, xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən iclasda Qəbələ rayon Böyük Pirəlli Bələdiyyəsini mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X1 qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 316 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. Rəydə də göstərilmişdir ki, iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,07 ha torpaq sahəsinə gediş-gəliş yolu (ümumi istifadə yolu) nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Lakin həmin yol cavabdeh tərəfindən bağlanmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 316 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyi ilə tanış olmuşdur. Verilmiş rəy ilə razı deyildir. 1,07 ha torpaq sahəsi 35 ildir ki, iddiaçıların torpaq sahəsidir. Həmin torpaq sahəsinə həmişə yol yeri olmuş və indi də mövcuddur. İddiaçılar həmin torpaq sahəsinə gedən yolda “naves” tikmişlər. Onun torpaq sahəsinin arxa və üst tərəfindən onların torpaq sahələrinə yol yeri mövcuddur. O, iddiaçılara özünə məxsus ayrı yerdən yol verə bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X14 çıxışında göstərdi ki, 56 ildir həmin torpaq sahəsində yaşayır və həmişə həmin ərazidə yol yeri olmuşdur. Lakin Cavabdeh həmin yol yerini bağlamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayon Kiçik Pirəlli kənd Bələdiyyəsinin nümayəndəsi X12 çıxışında göstərdi ki, bələdiyyədə olan xəritə məlumatlarında da İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə yol yerinin olması müəyyən olunur. Eyni zamanda həmin torpaq sahəsinə gedən yol yerinin bələdiyyənin mülkiyyətində olması ekspert rəyi ilədə müəyyən olunur və onlar bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən yol yerinin verilməsinə etiraz etmirlər. Buna görə də məhkəmədən qanuni və ədalətli qərar qəbul olunmasını xahiş edir. İş üzrə üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, üçüncü şəxsin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-134F (Kod: 40602026) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, İddiaçı Süleman qızı, X7 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəlli kəndində 1,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-043F (Kod: 40602026) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən İsmayılov Rövşən Ruşdu oğlu, Cavabdeh və İsmayılov Seyhun Rövşən oğlunun ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəlli kəndində 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-043G (Kod: 40602026) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən İsmayılov Rövşən Ruşdu oğlu, Cavabdeh və İsmayılov Seyhun Rövşən oğlunun ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəlli kəndində 1,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya MA ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İsmayılov Rövşən Rüşdü oğlunun adına Qəbələ rayonu, Kiçik Pirəlli kəndində 0,34 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reystrində 8 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Böyük Pirəlli Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 09 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Böyük Pirəlli Bələdiyyəsinin baş sxeminə görə 134F/1,07 ha torpaq sahəsinə gediş-gəliş yolu vardır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Böyük Pirəlli kənd İƏD tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 209 nömrəli arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu Kiçik Pirəlli kəndində qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, ərazinin ümumi xəritəsində (X16 materialı) Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-134F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 1,07 ha torpaq sahəsinə gediş-gəliş yolu (ümumi istifadə yolu) nəzərdə tutulmuşdur və faktiki olaraq naturada mövcuddur. Sahəsi 937 m2 təşkil edən mübahisəli yol ərazisinin ölçüləri ArcMap proqramı vasitəsilə hazırlanmış ortofotoplanda izahlı şəkildə göstərilmişdir. Ərazinin ümumi xəritəsində və naturada faktiki olaraq mövcud olan yeri ümumi istifadədə olan torpaq sahəsi kimi bələdiyyə mülkiyyəti hesab olunur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, GPS ölçü aləti vasitəsilə tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmək üçün iddiaçı və cavabdehin iştirakı ilə çöl geodeziya ölçmə işləri aparılmış, ekspertiza baxışının keçirilməsi barədə tərəflərin iştirakı ilə yerində baxış aktı tərtib edilmişdir. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə, X16sinə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına və Google Earth xəritə məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Ekspert qarşısında qoyulmuş suallar üzrə nəticələr aşağıdakı kimi müəyyən edilmişdir: Tərəflərin iştirakı ilə ekspertiza tədqiqatı zamanı GPS ölçü aləti vasitəsilə iddia predmeti olan yol ərazisinin faktiki döngə nöqtələrinin koordinatları götürülmüşdür. Bu yolun cənub-qərb bağlanğıcı cavabdehlər tərəfindən 4 metr enində ağac materialı ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X5, İddiaçı Süleman qızı, X7 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kiçik Pirəlli kəndində 1,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin o, həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-134F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 1,07 ha torpaq sahəsinə gediş-gəliş yolu (ümumi istifadə yolu) nəzərdə tutulmuşdur və faktiki olaraq naturada mövcuddur. Sahəsi 937 m2 təşkil edən mübahisəli yol ərazisinin ölçüləri ArcMap proqramı vasitəsilə hazırlanmış ortofotoplanda izahlı şəkildə göstərilmişdir. Ərazinin ümumi xəritəsində və naturada faktiki olaraq mövcud olan yeri ümumi istifadədə olan torpaq sahəsi kimi bələdiyyə mülkiyyəti hesab olunur. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən tutulmuş yol yeri Kiçik Pirəlli bələdiyyəsinin mülkiyyətindədir. Lakin cavabdeh bələdiyyənin mülkiyyətində olan yol yerini qanunsuz tutmaqla, iddiaçının mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahəsindən istifadəsinə maneə yaradır. Mülki işin məhkəmə araşdırılması zamanı Qəbələ rayonu Kiçik Pirəlli bələdiyyəsinin nümayəndəsi Natiq İsgəndərov verdiyi izahatında həmin ərazidən İddiaçı yol yerilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar, o cümlədən kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yollarının altındakı torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və mülkiyyətində olan 1,07 ha torpaq sahəsinə gediş-gəliş yolunun sahəsi 937 m2 təşkil edir. Ərazinin ümumi xəritəsində və naturada faktiki olaraq mövcud olan yol yeri ümumi istifadədə olan torpaq sahəsi kimi bələdiyyə mülkiyyəti hesab olunur və bələdiyyə həmin ərazidən yolun verilməsinə etiraz etmir. Bu yolun cənub-qərb bağlanğıcı cavabdehlər tərəfindən 4 metr enində ağac materialı ilə bağlanmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-134F (Kod: 40602026) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 1,07 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan və bələdiyyəyə məxsus 937 m2 torpaq sahəsindən ekspertin rəyində ilə müəyyən olunmuş həddə yol verilməli və Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-134F (Kod: 40602026) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 1,07 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan və bələdiyyəyə məxsus 937 m2 torpaq sahəsindən ekspertin rəyində ilə müəyyən olunmuş həddə yol verilsin və Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar