Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-291/2021 15.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi X11, Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X9 Mərkəzinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ rayonu 4 saylı tam orta məktəbi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ rayonu 4 saylı tam orta məktəbi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi X1rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər 4 saylı tam orta məktəbinin direktorunun onun işdən azad edilməsi barədə verilmiş xx xxxx 2020-ci il tarixli, 208 nömrəli əmrinin ləğv edilməsi və həmin məktəbdə işlədiyi ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-ci il tarixdə, 01 nömrəli əmrlə Qəbələ şəhər 4 saylı tam orta məktəbinin direktoru X3 ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə müvəqqəti olaraq (əvəzçi kimi) xx xxxxxx 2017-ci il tarixədək ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olmuşdur. 2017-ci ilin iyul ayına kimi həmin məktəbdə fasiləsiz olaraq işləmişdir. 2017-ci ilin iyul ayından etibarən üç illik müddətinə analıq məzuniyyətinə buraxılmışdır. Həmin məktəbdə müəllimə işlədiyi müddətdə əmək fəaliyyəti ilə bağlı qaydanı pozmamış, heç bir intizam cəzası almamışdır. Analıq məzuniyyəti 2020-ci ilin iyul ayında bitmiş və həmin tarixdən müəllimlərin işə qəbulunda DQ-də iştirak etmədiyi üçün işinə xitam verilmişdir. Müddətli əmək müqaviləsinin vaxtı əmək müqaviləsində xx.xx.2017-ci il tarixədək göstərilmişdir. X10 Bağlanması ilə X14 bildirişində əmək müqaviləsinin müddətinin qurtardığı tarix olaraq xx.xx.2017-ci il tarixi göstərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq bildiyi qədər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfin məlumatı olmalıdır. Əsas odur ki, işlədiyi dövrdə heç bir qayda pozuntusuna yol verməmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməmişdən qabaq ona bildiriş göndərilməli olduğu halda, ona bu barədə bildiriş göndərilməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar göstərilməmiş və ona bu barədə heç bir məlumat bildirilməmişdir. Həmçinin o, 2020-ci ilin iyul ayında məktəbə rəsmi ərizə ilə müraciət edərək işə başlamaq istədiyini bildirmişdir. Ərizəsinə rəsmi formada cavab verilməsə də, şifahi formada onunla əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Lakin bundan sonra dəfələrlə müraciət etməyisinə baxmayaraq ona işdən çıxarılması barədə əmrin surəti verilməmişdir. Nəhayət uzun müddətdən sonra, yəni 2021-ci il tarixdə ona işdən çıxması barədə xx xxxx 2020-ci il tarixli, 208 saylı əmrdən çıxarış verilmişdir. İşəgötürən Qəbələ şəhər 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayevə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsalarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi müvəqqəti bağlanmış müqavilə göstərilmişdir. Həmin müqavilənin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Göründüyü kimi əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Həmçinin halhazırda onunla Qəbələ şəhər 4 saylı Tam orta məktəb rəhbərliyi arasında bağlanmış əmək müqaviləsi E-gov.az portalında mövcuddur və qüvvədədir, yəni o, hal-hazırda işləyən şəxs hesab edilir. Beləliklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ şəhər 4 saylı tam orta məktəb direktorunun xx xxxx 2020-ci ildə 208 saylı əmri və əmək müqaviləsinə xitam verilməsi barədə məlumat rayon təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratdığı elektron sistemə daxil edilməmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixindən uşağı 3 yaşı olana kimi qismən ödənişli sosial məzuniyyətə buraxılmasına baxmayaraq ona bu sosial müavinət hesablanmamışdır. Mülki işin xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X7 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, o, xx xxxxxx 2016-ci il tarixdə, 01 nömrəli əmrlə Qəbələ şəhər 4 saylı tam orta məktəbinin direktoru X3 ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə müvəqqəti olaraq xx xxxxxx 2017-ci il tarixədək ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olmuşdur. 2017-ci ilin iyul ayına kimi həmin məktəbdə fasiləsiz olaraq işləmişdir. 2017-ci ilin iyul ayından etibarən üç illik müddətinə analıq məzuniyyətinə buraxılmışdır. O, 2020-ci ilin iyul ayında məktəbə rəsmi ərizə ilə müraciət edərək işə başlamaq istədiyini bildirmişdir. Ərizəsinə rəsmi formada cavab verilməsə də, şifahi formada onunla əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Lakin bundan sonra dəfələrlə müraciət etməyisinə baxmayaraq ona işdən çıxarılması barədə əmrin surəti verilməmişdir. Nəhayət 2021-ci ildə ona işdən çıxması barədə xx xxxx 2020-ci il tarixli, 208 saylı əmrdən çıxarış verilmişdir. Lakin Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsalarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Göründüyü kimi əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Həmçinin hal-hazırda onunla Qəbələ şəhər 4 saylı Tam orta məktəb rəhbərliyi arasında bağlanmış əmək müqaviləsi E-gov.az portalında mövcuddur və qüvvədədir, yəni o, hal-hazırda işləyən şəxs hesab edilir. Ona görə də iddia tələbinin təmin olunmasını və işə bərpa edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X3 məhkəmə iclasında iddianı qismən etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 01 saylı əmrlə ixtisası üzrə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş və xx.xx.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci ildə 33 saylı əmrlə (xəstəlik vərəqəsi №511099) nömrəli bülletənə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 2017-ci ilin avqust ayında diaqnostiq qiymətləndirilmədə iştirak etmiş və 42 bal toplamışdır, lakin bu bal onun yenidən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbdə işləməsi üçün kifayət etməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci ildə 208 saylı əmrlə xitam verilmişdir. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemə işlənməməsindən xəbəri vardır. Belə ki, bu məsələ onun səlahiyyətində olsa da, bununla bağlı rayon Təhsil şöbəsinə müraciət etmiş, lakin ona elektron imza təqdim edilmədiyindən müqaviləyə xitam verilməsini elektron sistemə daxil edə bilməmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh1 nümayəndəsi X11 məhkəmə iclasında iddianı qismən etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 01 saylı əmrlə ixtisası üzrə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş və xx.xx.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci ildə 33 saylı əmrlə (xəstəlik vərəqəsi №511099) nömrəli bülletənə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. xx xxxx 2020-ci ildə 208 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son haqq hesab ödənilmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X12 Mərkəzinin nümayəndəsi X6 iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 01 saylı əmrlə ixtisası üzrə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş və xx.xx.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci ildə 33 saylı əmrlə (xəstəlik vərəqi №511099) nömrəli bülletenə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 58 saylı əmrlə xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər güzəştli analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2019-cu ildə 191 saylı əmrlə analıq məzuniyyəti uşağın üç yaşına qədər, yəni xx.xx.2020-ci il tarixə qədər uzaldılmışdır. İddiaçı sosial məzuniyyətdə olduğu üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər uzaldılmışdır. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmişdir. xx xxxx 2020-ci ildə 208 saylı əmrlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli, xx.xx.2016-ci ildə tərtib edilmiş əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 22yanvar 2016-ci il tarixli, 01 nömrəli əmrlə Qəbələ şəhəri 4 saylı tam orta məktəbdə ixtisası üzrə əvəzçi müəllim təyin olunmuş, xx.xx.2020-ci il tarixli əmrlə məktəbin sinif müəllimi olaraq güzəştli analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilməklə və həmin tarixdən də müəllimlərin işə qəbulunda və diaqnostik qiymətləndirmədə iştirak etmədiyinə görə əmək fəaliyyətinə xitam verilmişdir. İş materiallarında olan işəgötürən məktəbin direktoru X3 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək bir il müddətinə məktəbində müəllim işinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə X14 bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ şəhəri 4 saylı tam orta məktəbi arasında xx.xx.2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, ibtidai sinfi müəllimi təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 172 manat göstərilmişdir. İş materiallarında olan Qəbələ şəhər N.Apayev adında 4 saylı tam orta məktəb direktorunun xx.xx.2016-cı il tarixli, 01 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbinə müvəqqəti olaraq ixtisası üzrə əvəzçi müəllim təyin olunmuşdur. İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2017-ci il tarixli, 33 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin ibtidai-sinif müəllimi İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək analıq məzuniyyətinə (əsas Qəbələ şəhər səhiyyə şöbəsinin verdiyi 00004 seriyalı 511099 saylı xəstəlik vərəqi) buraxılmışdır. İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2017-ci il tarixli, 58 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2019-cu il tarixli, 191 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı güzəştli analıq məzuniyyətinə çıxması barədə xx xxxxxxx 2017-ci il tarixli 58 №-li əmrin müddəti uşağın 3 yaşınadək uzaldılmışdır. İş materiallarında olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2020-ci il tarixli, 208 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin müddətli müqavilə əsasında işə qəbul olunan İddiaçı (sinif müəllimi) xx xxxx 2020ci il tarixində güzəştli analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilməklə və həmin tarixdən də müəllimlərin işə qəbulunda DQ-də iştirak etmədiyi üçün işinə xitam verilmişdir. İş materiallarında olan Oğuz rayon 4 saylı ƏMHM-nin rəisi X15 şəhər 4 saylı orta məktəbin direktoru İddiaçı tərəfindən yazılmış xx xxxxxx 2020-ci il tarixli, 13 nömrəli məlumatdan görünür ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı xx.xx.2017-ci il tarixdə güzəştli analıq məzuniyyətinə buraxılmış, lakin ona 3 yaşına çatmamış uşağa qulluq etmək üçün olan sosial müavinət ödənilməmişdir. Sosial müavinətin ödənilməsinə köməklik edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X9 Mərkəzinin Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi X4 məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 01 saylı əmrlə ixtisası üzrə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbə əvəzçi müəllim təyin olunmuş və xx.xx.2017-ci il tarixə qədər müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci ildə 33 saylı əmrlə (xəstəlik vərəqi №511099) nömrəli bülletenə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 58 saylı əmrlə xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər güzəştli analıq məzuniyyətinə buraxılmışdır. xx.xx.2019-cu ildə 191 saylı əmrlə analıq məzuniyyəti uşağın üç yaşına qədər, yəni xx.xx.2020-ci il tarixə qədər uzaldılmışdır. İddiaçı sosial məzuniyyətdə olduğu üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər uzaldılmışdır. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmişdir. xx xxxx 2020-ci ildə 208 saylı əmrlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin ikinci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi-tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir, əmək müqaviləsinə xitam verilən işçiyə qanunda nəzərdə tutulduğu qaydada son haqq-hesab ödənilir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı 22yanvar 2016-ci il tarixli, 01 nömrəli əmrlə Qəbələ şəhəri 4 saylı tam orta məktəbdə ixtisası üzrə müvəqqəti olaraq əvəzçi müəllim təyin olunmuşdur. Məktəb direktoru X3 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək bir il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə X14 bildirişi»ndə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 172 manat göstərilmişdir. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2017-ci il tarixli, 33 nömrəli əmrdən çıxarış ilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək analıq məzuniyyətinə (əsas Qəbələ şəhər səhiyyə şöbəsinin verdiyi 00004 seriyalı 511099 saylı xəstəlik vərəqi) buraxılmışdır.xx.xx.2017-ci il tarixli, 58 nömrəli əmrdən çıxarış ilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək güzəştli analıq məzuniyyətinə buraxılmışdır.xx.xx.2019-cu il tarixli, 191 nömrəli əmrdən çıxarış iləİddiaçı güzəştli analıq məzuniyyətinə çıxması barədə xx xxxxxxx 2017-ci il tarixli 58 №-li əmrin müddəti uşağın 3 yaşınadək uzaldılmışdır. Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb direktorunun xx.xx.2020-ci il tarixli, 208 nömrəli əmri ilə məktəbin müddətli müqavilə əsasında işə qəbul olunan İddiaçı (sinif müəllimi) xx xxxx 2020-ci il tarixində güzəştli analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilməklə və həmin tarixdən də müəllimlərin işə qəbulunda DQ-də iştirak etmədiyi üçün işinə xitam verilmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ şəhər 4 saylı tam orta məktəb direktorunun xx xxxx 2020-ci ildə 208 saylı əmri və əmək müqaviləsinə xitam verilməsi barədə məlumat rayon təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratdığı elektron sistemə daxil edilməmişdir. İşin bu halını məhkəmə iclasında cavabdeh Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X3 verdiyi izahatında etiraf etmişdir. Azərbycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin bilavasitə vəzifəsidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. İşəgötürən əmək qanunvericiliyinin yuxarıda sadalanan hüquq normalarının tələblərini də pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Bu zaman iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) təqdim edilməmişdir. İddiaçı işdən çıxırıldığı barədə məlumat aldıqdan sonra cavabdehə rəsmi müraciət etmiş və bundan sonra ona əmrdən çıxarış təqdim olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı elektron məlumat bazasından çıxarışa əsasən iddiaçının hazırda Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbdə müəllim işləməsi, əmək haqqının 172 manat olması məlum olur. Bu fakt cavabdehlər tərəfindən də məhkəmə iclasında etiraf olunmuşdur. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri poulduğundan, həmin əmrin verilməsinin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iddia tələbi təmin olunmalıdır. Bundan başqa, məktəb direktoru Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozaraq tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsalarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində onun işdən çıxarılması nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının alınması barədə iddiada heç bir tələb qoymamışdır. Buna görə qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə ehtiyac olmur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X9 Mərkəzinin (həm də məhkəmədə nümayəndəsi) Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi X4 məhkəməyə təqdim etdiyi rəsmi məlumatda işəgötürənlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə cavabdeh məktəb direktorunun xx xxxx 2020-ci ildə 208 saylı əmri ilə xitam verilən zaman iddiaçıya son hesab ödənildiyini göstərsə də, iddia tələbinə etirazının əsaslandığı bu hala dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ şəhər 4 saylı tam orta məktəbin İddiaçı işdən azad olunması barədə xx xxxx 2020-ci il tarixli, 208 nömrəli əmri ləğv edilməli və o, Qəbələ şəhər 4 saylı tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ şəhər 4 saylı tam orta məktəbin İddiaçı işdən azad olunması barədə xx xxxx 2020-ci il tarixli, 208 nömrəli əmri ləğv edilsin. İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-291/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-291/2021
15.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver