Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-333/2022 27.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 1.53 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsi onun qeyri-qanuni sahibliyindən geri alınaraq qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətimə verilmiş 1.53 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın artırılması ilə bağlı məhkəmə ərizə təqdim edərək əlavə olaraq onun tərəfdən mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 385 (üç yüz səksən beş) manat məbləğində xidmət haqqının da Cavabdeh alınaraq ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci il tarixində Qəbələ rayonu Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı ilə Qəbələ rayonu, Nic qəsəbə ərazisindən 1.53 ha torpaq sahəsini bağ salmaq məqsədilə 5508 (beş min beş yüz səkkiz) manata bələdiyyə ilə torpağın alqı-satqısına dair AKT bağlayaraq almışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən isə adına həmin torpq sahəsi üzrə A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X1 kitabında 22 dekabr 2008-ci il tarixdə 854 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsi alqı-satqı olunduqdan sonra həmin sahədə fındıq bağı salınmışdır. Fındıq ağaclarını Cavabdeh ilə birlikdə əkmiş və ona məxsus bağ cavabdehin bağı ilə yanaşı olduğundan aralarında olan razılaşmaya əsasən bağa o baxmalı və bir müddət əldə olunan meyvə də ona çatası idi. 180 topa fındıq meyvə ağaclarından 7-8 ildir ki, istənilən meyvə yığılır və yığılan meyvə cavabdeh şəxs tərəfindən yığılaraq satılır. Bir neçə ildir ki, cavabdeh şəxsə meyvə bağını tərk etməsini və fındıq meyvəsini özü yığacağını bildirmişdir. Lakin Cavabdeh qanunsuz əməllərindən əl çəkmir, bu barədə bir neçə dəfə mübahisələri düşmüş və Qəbələ RPŞ-də araşdırma da aparılmışdır. Həmçinin, DƏDRX-yə müraciət edərək torpaq sahəsinə görə çıxarış almaq istəsə də bu baş tutmamışdır, səbəb kimi isə cavabdehin yerində baxış keçirərək ölçmə işlərini aparan əməkdaşlara maneçilik yaratması olmuşdur. Sonucu dəfə isə xx.xx.2021-ci il tarixində müraciəti əsasında Şəki LTİ-nin əməkdaşları A 121898-**********1898 nömrəli plan ölçü sənədində qeyd olunmuş 1.53 ha torpaq sahəsinin naturada tanıdılması üçün kameral qaydada araşdırma aparmış, torpaq sahəsi cavabdeh şəxsin istifadəsində olduğundan və ölçmə işlərinin aparılmasına imkan vermədiyinə görə imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, Qəbələ rayon, Nic qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsində ağacları o əkməmişdir. Həmin sahə bağ sahəsi olduğundan ağaclar orda çoxdan əkilən yaşlı ağaclardı. Həmçinin həmin torpaq sahəsinin 0.54 ha hissəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə də verilmişdir. Qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçı tərəfin izahatlarını və işdə olan sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Qəbələ Rayon Nic qəsəbəsində yerləşən İddiaçı məxsus 15300.00 kv.m torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixdə, A 121898 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Nic Bələdiyyəsinin 16 oktyabr 2007-ci il tarixli 13 saylı qərarından görünür ki, Qəbələ Rayon Nic Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmenti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Nic qəsəbə sakini İddiaçı bağ salmaq məqsədi 1.53 ha torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış və ona Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmenti olan torpaq sahəsindən bağ salmaq məqsədi ilə 1.53 ha torpaq sahəsi satılmışdır. İşdə olan JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.54 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(025)-333/2022 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və onun qarşısında aşağıdakı suallar qoyulmuşdur
1. Qəbələ rayon, Nic qəsəbəsində yerləşən İddiaçı xx.xx.2007-ci il tarixli A 121898 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» əsasında məxsus 1.53 ha torpaq sahəsinin və JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayon, Nic qəsəbəsində yerləşən 0.54 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin. Həmin torpaq sahələri üst-üstə düşürmü?
2. Qəbələ rayon, Nic qəsəbəsində yerləşən İddiaçı məxsus 1.53 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (koordinatları müəyyən edilsin)
3. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili var mı? İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 9 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********86 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X2 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 29 mart 2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,
1. Qəbələ rayon Nic qəsəbəsində yerləşən İddiaçı xx.xx.2007-ci il tarixli A 121898 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında məxsus 1,53 ha torpaq sahəsinin və JN-318A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0.54 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Həmin torpaq sahələri 0,3641 ha hissədə üst-üstə düşür.
2. Qəbələ rayon Nic qəsəbəsində yerləşən, İddiaçı adına tərtib olunmuş A 121898 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”sənədində qeyd edilmiş 1,53 ha torpaq sahəsinin 0,8708 ha hissəsi Cavabdeh istifadəsindədir (yerquruluşu planı 5,6).
3. Cavabdeh istifadəsində olan 0,8708 ha torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən 1.53 ha torpaq sahəsi Qəbələ rayon Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı satılmış və bu akt əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən iddiaçıya xx.xx.2007ci il tarixli A 121898 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Cavabdeh qeyd olunan ərazi üzrə müvafiq sənədləşdirmə işlərinin aparılmasında iddiaçıya maneə yaratmaqdadır. Hazırda iddiaçı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılması tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək həmin torpaq sahəsinin JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsinə əsasən ona və ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, iddiaçı istifadəsində olan torpaq sahəsini Qəbələ rayon Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında əldə etsə də, məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçının həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-indən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı əldə etməsində və ərazidə ölçmə işlərinin aparılmasında cavabdeh tərəfindən maneələr yaradılır. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Həmçinin məhkəmə iddia tələbinin torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha həyətyanı torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılmasını tələb etsə də mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd (Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) məhkəməyə təqdim edilməmişdir. Odur ki, həmin hissədə iddia ərizəsi təmin edilməməli, lakin iddiaçının gələcəkdə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyətini təsdiq dən “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” alındıqdan sonra qeyd olunana iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi istisna olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin 52988 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mütəxəssis təhqiqatının dəyəri olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 9 saylı Ərazi İdarəsinin hesabına 385 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən A 121898 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı məxsus 1.53 ha torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən maneələrə son qoyulmalı, Ödənilmiş 385 (üç yüz səksən beş) manat mütəxəssis tədqiqatının dəyəri Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən A 121898 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı məxsus 1.53 ha torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən maneələrə son qoyulsun. Ödənilmiş 385 (üç yüz səksən beş) manat mütəxəssis tədqiqatının dəyəri Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elman İsayev