Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-340/2020 08.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilən uzunluğu 80 metr, eni 6 metr (0.5 ha torpaq sahəsi, ümumi dəyəri 1500 manat) torpaq sahəsinin mülkiyyətinə qaytarılması və dövlət rüsumu olaraq ödəmiş olduğu 30 (otuz) manat məbləğində pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə, Qəbələ rayonunun Bum kəndində yaşayan X7 məxsus JN-900, KOD 40600038 saylı dövlət aktlı, Şəki- Zaqatala zonasına aid, 0,81 hektar torpaq sahəsini ******* (dörd milyon ) manata almışdır. Bu barədə Qəbələ rayon notariat kontorunda müvafiq Müqavilə bağlanılıb və müqavilə Reysterdə 4Ə-01/ 123 nömrəsi ilə qeydə alınıb, (sənədlər ərizəyə əlavə edilir). Torpaq sahəsini alandan bir müddət sonra Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan Cavabdeh ona məxsus torpaq sahəsindən uzunluğu 80 metr, eni 6 metr (0.5 ha torpaq sahəsi, ümumi dəyəri 1500 manat) olan hissəsindən heç bir icazə almadan, qanunsuz olaraq özünə yol kimi istifadə etməyə başlamışdır. Cavabdeh onun istifadə etdiyi yola aid torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də buna əhəmiyyət vermir, torpaq sahəsinin ətrafına çəkdiyi çəpəri sökərək torpaq sahəsindən qanunsuz olaraq istifadə etməkdə bu gün də davam edir. Bu barədə rayonun Bum və Mıxlıqovaq Bələdiyyələrinə, müvafiq dövlət orqanlarına şikəyətlər etmişdir. Tərtib edilmiş aktlarda, dövlət orqanlarından daxil olmuş məktublarda qanunsuz istifadə edilən torpaq sahəsinin ona məxsus olduğu qeyd edilir və bələdiyyələrə bu məsələnin həll edilməsi tövsiyyə edilir. Belə ki, xx.xx.2008ci il tarixli, Qəbələ rayon DTXK (dövlət torpaq və xəritəçəkmə komitəsi) şöbəsinin mütəxəssisi, F.M.Əzizovun, Bum qəsəbə bələdiyyəsinin sədri Q.B.Cəfərovun və İcra nümayəndəsi Z.A.Aslanovun və şikayətçi İddiaçı iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilir ki, “komissiya baxış zamanı sahənin ortası ilə çəkilən yolun açılmasını və Mıxlıqovaq tərəfdən qanunsuz salınmış yolun bağlanmasını məqsədə müvafiq hesab etmişdir.” (aktın surəti ərizəyə əlavə edilir). xx.xx.2009-cu il tarixli, 313 saylı DTXK-nin Qəbələ rayon Şöbəsindən həyat yoldaşının adına daxil olmuş məktubda qeyd edilir ki, “mübahisə yaranan torpaq sahəsi Bum qəsəbə bələdiyyəsinə aid ərazidir. xx.xx.2008-ci il tarixdə mütəxəssislər tərəfindən həmin yerə baxış keçirilmiş, sahənin ortası ilə çəkilən yolun açılması və Mıxlıqovaq tərəfdən qanunsuz salınmış yolun bağlanması məqsədə müvafiq hesab edilmişdir. Odur ki, həmin akta uyğun olaraq işin həlli Bum qəsəbə və Mıxlıqovaq kənd bələdiyyəsinə tövsiyyə edilmişdir.” ( məktubun surəti ərizəyə əlavə edilir) Bələdiyyə və dövlət orqanı əməkdaşlarının apardıqları araşdırmalardan məlum olur ki, cavabdeh tərəfindən qanunsuz salınmış yola aid torpaq sahəsi Mıxlıqovaq kəndi ərazisində yerləşir və bu torpaq sahəsidə ona məxsusdur. “Sahənin ortası ilə çəkilən yol” isə başqa tərəfdədir, həmin yol bir neçə nəfərin torpaq sahəsinin içərisindən keçir. Bu yolun açılmasında o da maraqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 1944-cü ildən bəri bəhs olunan həyətdə yaşayır. İcazə ilə həmin sahədən yol yeri açmışdır. 2008-ci ildə İddiaçı gələrək həmin torpaq sahəsini aldığını iddia etdi. Bunun əsasında o, müvafiq orqanlara şikayət etmişdir. Həmin dövlət orqanlarından nümayəndələr gələrək əraziyə baxış keçirmiş və akt tərtib etmişlər. Cavabdeh olaraq ondan başqa 4 nəfərin də həmin ərazidən yol yeri keçir. İddiaçı Bum qəsəbəsində yaşayır, özü isə gəlib Mıxlıqovaq kəndi ərazisindən yerləşən torpaq sahəsini tələb edir. Bu səbəblərdən də iddiaçının tələbləri tamamilə əsassızdır. Verilmiş ekspertiza rəyi ilə razıdır.Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Bum qəsəbəsində İddiaçı mülkiyyətinə verilmiş 0,6189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Zəbt edilmişdirsə həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli 210 saylı rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Bum qəsəbəsində İddiaçı mülkiyyətinə verilmiş 0,6189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. Beləliklə qeyd olunan çıxarışın tərkib hissəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən hazırlanmış hüquq subyekti İddiaçı məxsu AA seriyalı 508944 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatlarına görə Cavabdeh və orada yaşayan digər qonşuların gediş-gəliş yolu kimi istifadə etdikləri mübahisəli torpaq yolu ilə torpaq sahəsi arasında olan məsafə 13 metr təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-900 saylı, kod 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon X5 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Qəbələ rayonu Bum kəndində X6 və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu Bum kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən Şəki-Zaqatala zonasına aid 0.81 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.6189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN-0306 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon X5 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Cavabdeh mülkiyyətinə 0.21 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə iddianın “torpaq sahəsinin qaytarılması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə hesab edir ki, iddiaçı Vəliyev X4 Babək Soltan oğlu tərəfindən qanunsuz olaraq istifadə edilən uzunluğu 80 metr, eni 6 metr (0.5 ha torpaq sahəsi, ümumi dəyəri 1500 manat) torpaq sahəsinin mülkiyyətinə qaytarılmasını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh və orada yaşayan digər qonşuların gediş-gəliş yolu kimi istifadə etdikləri mübahisəli torpaq yolu ilə iddiaçıya məxsus torpaq sahəsi arasında olan məsafə 13 metr təşkil edir. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeydedilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 cavabdeh X3 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıtutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıtutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Elman İsayev