Məhkəmə qərarları › İş №2(025)-417/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-417/2023

06.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-417/2023 06.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı "əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı "əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyula bilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələblərində bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyula bilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İrəli sürülən iddia tələbləri mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Göründüyü kimi, iddiaçı iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyula bilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin üzərinə qoyulmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, iddia tələbinə həmin hissədə ümumi məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlardan göründüyü kimi bu tip işlərə qanunvericiliyə əsasən inzibati icraat qaydasında baxılmalı olan işlərdir. Bu işin ümumi məhkəmədə baxılması məhkəmə aidiyyətinin pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə hesab edirəm ki, iddia bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verildiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı "əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar