Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-43/2022 20.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən zəbt olunmuş torpağın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona verilmiş torpağa mülkiyyət hüququna dair 128 №-li, kod ******* olan dövlət aktı üzrə 0,66 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. 6 ildən çoxdur ki,həmin torpaq sahəsini cavabdeh istifadə edir. Bundan başqa cavabdeh atasının, anasının, qardaşının yerlərini çəpərə almış və istifadə edir. O zəbt edilmiş torpaq sahəsinin ona qaytarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib, eyni zamanda göstərdi ki, cavabdeh 13 il əvvəl qardaşından torpaq sahəsi almışdır. Cavabdeh qardaşından aldığı torpaq sahəsindən başqa, onlara məxsus torpaq sahəsini illərdir əkib-becərmişdir. Torpaq sahəsinin ölçülməsi üçün kadastra müraciət etmiş, kadastr tərəfindən ölçü işləri aparılmışdır. Daha əvvəldə hazırkı tələblə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Hal-hazırda da məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Ekspertlər hər dəfə fərqli rəy verirlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının torpağını zəbt etməmişdir. İddiaçının qardaşı Balaşdan 0,40 ha, 0,23 ha isə iddiaçının atasından almışdır. Kadastr həmin torpaq sahəsini ölçmüşdür və ölçmə zamanı müəyyən olunmuşdur ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Əksinə müəyyən edilmişdir ki, orada əlavə 9 metr hissə vardır ki, həmin hissə onun mülkiyyətində olsa da, həmin hissədən istifadə etmir. Həmçinin iddiaçı hazırkı tələblə bağlı əvvəllərdə məhkəməyə müraciət etmiş və iddiaçının ərizəsinə əsasən iddia tələbi baxılmamış saxlanılmışdır. Həmin məhkəmə zamanı da ekspertiza təyin edilmiş və ekspert onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi barədə rəy verməmişdir. Həmin rəyin də iş sübut kimi iş materiallarına əlavə edilməsini xahiş edir. İddiaçı isə əsassız olaraq onun torpaq sahəsini zəbt etdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç vaxt sübut təqdim etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Beləki, iş materiallarında olan JN-128 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəfindən hazırkı mülki işə əlavə edilmiş məhkəmənin icraatında olmuş İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair 2(025)-153/2021 saylı mülki iş materiallarında olan "xxxx" MMC-nin 14.04.2021-ci il tarixli, 107 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, JN-127 və JN-128 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarının planşetləri DTXK-nın Qəbələ rayon şöbəsi tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM-38N) koordinat sistemində yığıldığından bütün tərtib olunan Dövlət Aktlarının və şəhadətnamələrin xəritə məlumatlarının yeni elektron məlumat bazasına inteqrasiyası zamanı müəyyən koordinat sürüşmələri, torpaq sahəsinin planşet üzrə konturları ilə naturadakı müvafiq torpaq sahələrinin mövcud hüdudlarına nisbətdə ciddi konfiqurasiya fərqi olduğundan Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə JN-128 (kod: ********) nömrəli Dövlət Aktına əsasən verilmiş 0,66 ha torpaq sahəsinin planşet üzrə konturu ilə naturada faktiki baxışa təqdim edilən ərazinin hüdudları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən sözügedən 0,66 ha torpaq sahəsinin planşet əsasında faktiki koordinatlarını və həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin ərazinin ümumi xəritəsinə görə natura üzrə coğrafi yerləşmə mövqeyi AutoCad, ArcMap, Google Mapper proqramları vasitəsilə tərtib edilmiş ortofotoplada aydın şəkildə göstərilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 15.12.2008-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində doğulmuş, Qəbələ rayonu, Çarxana kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsinəəsasən, hərbirfiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı JN-128 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmin torpaq sahəsinin cavabdehin zəbtindən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, bu məqsədlə dəfələrlə ekspertiza keçirildiyini, lakin onun iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsinə dair ekspert rəyinin və digər sübutun iddiaçıda olmadığını, bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini aydınlaşdırmaq məqsədilə mülki işə mütəxəssis cəlb edilmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə smeta və hesab vərəqi göndərilmiş, həmin smetda nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə təqdim ediləcəyini bildirmişdir. Bununla bağlı İddiaçı dəfələrlə məlumat verilmiş, lakin iddiaçı əsassız olaraq mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqını ödəməmiş və ödəməyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı onun bununla bağlı verdiyi izahatdan məlum olmuşdur ki, mütəxəssis ona şifahi olaraq zəbtin olmadığını bildirmiş və o da bu səbəbdən onun xeyrinə olmayan rəyə görə pul ödəmək istəməmişdir. Bundan savayı məhkəmə qeyd edir ki, iddaçı hazırkı iddia tələbi ilə Qəbələ rayon məhkəməsinə əvvəl də müraciət etmiş, həmin mülki iş üzrə ekspert rəyi alınmış və iddiaçının ərizəsinə əsasən mülki iş baxılmamış saxlanılmışdır. 2(025)-153/2021 saylı mülki iş üzrə "xxxx" MMC tərəfindən 14.04.2021-ci il tarixli, 107 saylı rəy verilmiş və həmin rəydə də göstərilmişdir ki, JN-127 və JN-128 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarının planşetləri DTXK-nın Qəbələ rayon şöbəsi tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM-38N) koordinat sistemində yığıldığından bütün tərtib olunan Dövlət Aktlarının və şəhadətnamələrin xəritə məlumatlarının yeni elektron məlumat bazasına inteqrasiyası zamanı müəyyən koordinat sürüşmələri, torpaq sahəsinin planşet üzrə konturları ilə naturadakı müvafiq torpaq sahələrinin mövcud hüdudlarına nisbətdə ciddi konfiqurasiya fərqi olduğundan Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə JN-128 (kod: ********) nömrəli Dövlət Aktına əsasən verilmiş 0,66 ha torpaq sahəsinin planşet üzrə konturu ilə naturada faktiki baxışa təqdim edilən ərazinin hüdudları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən sözügedən 0,66 ha torpaq sahəsinin planşet əsasında faktiki koordinatlarını və həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin ərazinin ümumi xəritəsinə görə natura üzrə coğrafi yerləşmə mövqeyi AutoCad, ArcMap, Google Mapper proqramları vasitəsilə tərtib edilmiş ortofotoplada aydın şəkildə göstərilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən 0,66 ha torpaq sahəsinin cavabdehin zəbtində olmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin zəbtində olması barədə iddiaçının tələbi isə "xxxx" MMC-nin 14.04.2021-ci il tarixli, 107 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. Eləcə də iddiaçı hazırkı iş üzrə mütəxəssis rəyinin məhkəməyə verilməsi üçün dəfələrlə məlumat verilməsinə baxmayaraq mütəxəssis xərcini ödəməmiş və rəyin verilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi həmin hissədə təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki,Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi məhkəmə sadalanan hallara riayət etmiş, lakin iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim edə bilməmişdir. Beləki, göstərilən normalarnın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-43/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-43/2022
20.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver