Məhkəmə qərarları › İş №2(025)-441/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-441/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-441/2023 04.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil üzrə mübahisələr, mənzildən çıxarılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar Nümayəndə2 (eyni zamanda iddiaçılar İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə nümayəndəsi), İddiaçı3, İddiaçı2, cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 və cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» almışlar. İddiaçı3 ilə Cavabdeh 14 avqust 2012-ci il tarixdə birgə nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından 02 iyun 2013-cü ildə Günay adlı uşaqları anadan olmuşdur. Lakin onların münasibətləri son vaxtlar pozulduğundan İddiaçı3 nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Göründüyü kimi İddiaçı3 ilə Cavabdeh arasında nikahın pozulması rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq Cavabdeh onların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində yerləşən onların ümumi vəsaitləri hesabına tikilmiş fərdi yaşayış evini tərk etməyərək mülkiyyət hüquqlarını kəskin şəkildə pozur. Bununla bağlı Cavabdeh və onun atası Nümayəndə1 şifahi şəkildə dəfələrlə müraciət etməklərinə baxmayaraq, müraciətləri nəticəsiz qalmışdır. Belə ki, Cavabdeh onların mülkiyyətlərində olan torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış evini qanunsuz və əsassız olaraq tərk etmir. Ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikaha daxil olmamışdan əvvəl tikilmişdir. Bunu İddiaçı3 və Cavabdeh toyları zamanı çəkilmiş Video görüntülərlə də sübuta yetirilir. (CD disk iddia ərizəsinə əlavə olunur.) Həmin görüntülərdən göründüyü kimi Tural və Şəhrəbanı birgə nikaha daxil olmamışdan əvvəl hazırki mübahisəli fərdi yaşayış evi mövcud olmuşdur və Cavabdeh həmin evə gəlin köçmüşdür. Yəni sözügedən fərdi yaşayış evi Tural və Şəhrəbanının birgə nikahlarındən əvvəl tikilmişdir. Belə ki, ailə üzvləri ümumi vəsaitləri hesabına həmin fərdi yaşayış evini tikərək bir müddət yaşamaq üçün Tural və Şəhrəbanıya vermişlər. Nəticədə Cavabdeh həmin evə mülkiyyət hüququ əldə etməmişdir. Həmin fərdi yaşayış evini ailənin ümumi vəsaiti hesabına tikilmiş və müvəqqəti yaşamaq üçün İddiaçı3 ilə Cavabdeh verilmişdir. Qeyd edirlər ki, cavabdehin məcburi qaydada çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi ümumi birgə mülkiyyətlərində olan 0,1 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində 5 nəfərin payı var. İddiaçı3 payına düşən hissədə isə ailə üzvlərinin ümumi vəsaiti hesabına fərdi yaşayış evi tikilmişdir ki, həmin evi də cavabdeh əsassız olaraq tərk etmir. Həmin torpaq sahəsində başqa fərdi yaşayış evləri də vardır ki, çətinliklə olaraq hamısı orda yaşamaq məcburiyyətində qalmışlar. Cavabdeh mübahisəli yaşayış sahəsinin hazırkı sahibi olan onların, yəni iddiaçıların ailə üzvləri sırasına daxil deyil və cavabdehin istifadə hüququnun tanınması üçün “mülkiyyətçi” ilə, yəni onlarla yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Onlar ilə cavabdeh X7 arasında isə belə razılaşma mövcud deyildir. Göründüyü kimi Cavabdeh mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evi tərk etməməsi və orada yaşaması əsassızdır. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh evin gəlini kimi onların ailə üzvləri hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Beləliklə, cavabdehin hər bir halda mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzildə yaşaması və mənzili tərk etməməsi əsassızdır. Yuxarıda sadalanan qanun normalarından göründüyü kimi cavabdehin onların birgə mülkiyyətlərinəə verilmiş torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış evində yaşaması və oranı tərk etməməsi əsassızdır. İddiaya Etiraz: xx.xx.2023-cü il tarixdə cavavdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki,iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ona qarşı Qəbələ rayon Məhkəməsində "cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması" tələbinə dair iddia qaldırmışlar. O, iddiaçıların iddiasını qəbul etmir, çünki iddia ərizəsində iddiaçıların göstərdikləri həqiqətə uyğun deyildir. Birincisi, onun əşyalarının və özünün evdən çıxarılmağısını tələb edən iddiaçıların, yəni, Nümayəndə2, İddiaçı2, İddiaçı4 və X5 həmin evə heç bir aidiyyətləri yoxdur. Çünki, həmin ev onların tərəfindən, yəni Tural və onun tərəfindən nikaha qədər birlikdə inşa etdirmişlər. Hələ bu elçilik zamanı həll olunan məsələdir. Belə ki, Turalın atası elçi gələn zaman atası Nümayəndə1 belə bir şərt qoymuş ki, birlikdə ayrıca ev tikək və Şərəbanı həmin evə bir başa gəlin köçsün. Turalın valideynləri bu şərtlə razılaşdılar. Atası ilə Turalın ailəsi 5 nəsər ailə üzvünə paylı mülkiyyət hüququ əsasında verilmiş 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsində Turalın adına ev inşa etmişlər və o, həmin evə gəlin köçmüşdür. Həmin ev təsərrüfatda ayrı evdir və təsərrüfat Turalın adınadır. Lakin ev Turalın adına olsa da, evin tikintisinə əsas vəsaiti atası qoymuşdur. Bu faktı məhkəməyə dəvət edəcəyi şahidlər də təsdiq edə bilərlər. Bu fakt təqdim edəcəyi sənədlərlə də təsdiq olunur. Həmçinin bu faktı iddiaçılar öz iddia ərizələrində də təsdiq edirlər. Beləki, iddia ərizəsinin 2-ci səhifəsinin birinci abzasında iddiaçılar qeyd edirlər: "məhkəmənin xüsusilə diqqətinə çatdırırıq ki, ümumi birgə mülkiyyətimizdə olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı3 ilə X10 birgə nikaha daxil olmamışdan əvvəl tikilmişdir". Bir daha qeyd edir ki, evin tikintisinin əsas xərcini atası Nümayəndə1 çəkmiş, daha doğrusu ev atasının təşəbbüsü ilə tikilmişdir. Bu faktı evi inşa edən usta X11, İddiaçı3 əmiləri X2, X3 və qardaşı İddiaçı5 Rovşən oğlu da təsdiq edə bilərlər. Onlar təsdiq edə bilərlər ki, evin tavanı, döşəməsi, suvağı, kraskası (rənglənməsi və kombi sistemi atasının vəsaiti ilə başa gəlmişdir. Bir sözlə əsas vəsaiti atası qoymuşdur və o, həmin evdə payçıdır. Evin tikintisində, eləcə də evin məişət şəraitinin yaxşılaşdırılmasında əsas vəsaiti atası qoymuşdur. Belə ki, iddiaçılar atası ilə 2012-ci ildə qohum olmaq istəyəndə mübahisə predmeti olan evin divarları və dam örtüyü var idi. Onlar demişlər ki, onlar toy etmək istəyirlər. Atası Nümayəndə1 təklif etmiş ki, o da kömək etsin və evi hazır edib qurtarsınlar və sonra toy etsinlər. Atası qaynatasının qardaşlarını dəvət etmiş, onlar da təkliflə razılaşmışlar. Atası onlara suvaq üçün əhəng, döşəmə və tavanın taxtasını vermiş, ustasını aparmış, qapı və pəncərələrini düzəltdirmişdir. Ustanın pulunu vermişdir. Evin pilləkənini düzəltdirib vermişdir. Evin emussiyasını vermişdir. Toy olmuş və toydan sonra su çəni dirəklərini, evin istilik sistemini vermişdir.. Tural heç yerdə işləmirmiş. Ona görə də atası təklif etmiş ki, Tural çörək sexi tiksin. Onun köməkliyi ilə çörək sexi tikilmişdir. Çörək sexi işləsin deyə atası onlara 10 torba un alıb vermiş, hətta droj belə alıb vermişdir. Atası Turala xəmir yoğuran maşın alıb vermişdir. Bütün bunlardan sonra Tural işləməyə başlamışdır. O, ancaq onu edə bilər ki, həmin evdən iddiaçı Turalın payına düşən hissəni ona ödəyə bilər. İddiaçıların onu həmin evdən çıxarmaq hüquqları yoxdur. Yuxarıda qeyd etdiyi kimi Turaldan başqa digər iddiaçıların həmin evə heç bir hüquqları yoxdur və onlar həmin iddiada əsl olmayan iddiaçılardır. Qeyd edir ki. yaşadığı və mübahisə premeti olan yaşayış evi təsərrüfatda İddiaçı3 adına olsa da, həmin evə mülkiyyət hüququ əlda edilməmişdir və bu baxımdan həmin evə iddiaçıların eləcə də Turalın sərəncam vermək hüququ yoxdur. Azərbaycan Respublikası MM-nin 139-cu maddəsinə görə daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra yaranır. İddiaçılar isə belə bir hüquq əldə etməmişlər. Bu baxımdan iddiaçıların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarına, eləcədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin normalarına istinad etməsi əsassızdır. Çünki, onun həmin evdə payı vardır. Oraya sahiblik və istifadə edə bilər. Həmçinin iddiaçılar iddia ərizəsində göstərirlər ki, onun atasının Qəbələ şəhərində və Şamılı kəndində yaşayış evi vardır. Atasının yaşayış evlərinin olması onun paylı yaşayış evindən istifadə hüququnu məhdudlaşdıra bilməz. 2012-ci ildə Vəndam qəsəbəsinə gəlin köçmüşdür. O, gəlin köçən zaman onun heç bir şikəstliyi olmamışdır, nə gözlərində, nə də ayağında qüsurlar var idi. Hazırda eynək taxır və ayağı şikəst olub, axsayır. Hal-hazırda gözündən 3-cü qrup əlildir. Ayağı ilə əlaqədar başından sinir xəstəsidir və başında şiş var. Respublika xəstəxanasında stasionar müalicə almış və hazırda da müalicə davam edir. Qızları Günayın isə əqli cəhətdən geriliyi var, ikinci qrup əlildir. 7-8 ay olar ki, qızlarının və onun müalicəsi ilə atası məşğuldur. Yəni müalicə xərclərinin hamısını atası qarşılayır. Hər ikisində sağalmağa doğru irəliləyiş var. O, əsəbiləşən kimi ayağı yığılır. Onlar artıq boşanmışlar, boşanmaqlarının əsas səbəbi İddiaçı3 xəstəyə baxan deyilsən deməsidir. Halbuki, onu bu xəstəliyə Tural döyə-döyə salıb. Qeyd etdiyi kimi qızlarının və onun bütün xərclərini atası qarşılayır. Keçmiş həyat yoldaşı atasından ayrı təsərrüfatdır və onunla evli olan vaxtı başqa bir qadınla əlaqədə imiş. Halhazırda həmin qadınla evləniblər. Gələcəkdə onların övladları olub xoşbəxt həyat yaşayacaqlar. O isə bundan sonra evlənməyəcək, öz xoşbəxtliyini qızı ilə birlikdə yaşayıb onunla ömrümü davam edəcəkdir. Hal-hazırda yaşadığı ev atasının köməkliyi və vəsaiti ilə tikilmişdir. Hər bir qız uşağı ata evindən bir dəfə çıxır və ata evinə qonaq gedə bilər. O, ağ gəlinlik paltarında atasının vəsaiti hesabına tikilmiş evə gəlin köçmüş və buradan da kəfənlə çıxacaqdır. Keçmiş həyat yoldaşı Tural boşanma ərizəsi verilən zaman saat 7-8 radələrində qapını açmağı tələb etmiş və onu qorxudan qapını açmadıqda pəncərəni qıraraq qızını pəncərədən çəkib aparmış və ona demiş ki, bu evdən getməsən səni öldürəcəyəm deyərək hədələmişdir. O, atasına zəng edərək bu barədə ona bildirmişdir. Bununla əlaqədar olaraq atası 102 xidmətinə müraciət etmişdir. Atası Vəndam qəsəbəsindən 30-40 km aralıda yaşayır. O gələnə kimi polis işçiləri uşağı qaytarıb ona gətirmişlər. Gəlin köçdüyünün ilk vaxtlarında da qayınatası onu ərinə döydürmüş və əri hər dəfə onun başına-başına vururmuş. Qayınatası deyirmiş ki, “nə qədər ki, mən sağam sənin gözünün yaşını qurumağa qoymayacağam”. Onu da qeyd edi ki, qayınanası onun doğma xalası qızıdır. Halhaırda qaynatası ilə qaynanası onun bu evdən getməyini tələb edirlər və onu ölümlə hədələyirlər. O da onlara demişdir ki, o, ölümdən qorxmur. Həmçinin qeyd edir ki, qayınatasının marketi var. Həmin marketin kamerasını o yaşayan evin qapısına yönəltmişlər. O yaşayan evlə onlar yaşayan ev arasında 10 metr məsafə var. Kameradan baxırlar və kim həyətə gəlirsə onları dalaşırlar və onlara deyirlər ki, o həyətə getməyin. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq məhkəmədən xahiş edir ki, onun burada yaşamaq hüququ olduğunu nəzərə alaraq iddiaçıların iddiasını təmin etməsin. Gələcəkdə evin bölgüsü aparılarkən Turala nə qədər pay düşərsə atası onun payına düşən hissənin dəyərini ödəmək iqtidarındadır. Həyətləri 0,4 ha torpaq sahəsindən ibarətdir. Həyətə giriş isə 5 metrədən ibarətdir. Keçmiş həyət yoldaşının adına 0,02 ha torpaq sahəsi vardır. Bu həyətdə iki ailənin yaşaması qeyri mümkündür. Qalan 0,02 ha torpaq sahəsini atası mülkiyyətinə sala bilər və ya nəvəsi Günaya bağışlaya bilər. Keçmiş həyat yoldaşı ilə evli olanda onun istədiyi qızın əri ölmüş və o evinə qayıtmışdır və onun mərhum ərindən bir oğlu vardır. O, turalın evli olduğunu bilə-bilə onu başdan çıxarmış və özünə cəlb etmişdir. Onu boşandırıb onunla evlənmişdir. İndi də onu və qızını evdən çıxartdırmaq istəyir. Onun və qızının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyir. Ancaq başa düşmür ki, yuva yıxanın yuvası olmaz. Onunla nə ədavəti var bilmir. Keçmiş həyat yoldaşı Tural onu və oğlunu gətirib öz yanında saxlayır və hərdən bir də aparır babasının yanına. Keçmiş həyat yoldaşım necə atadır ki, onu və öz doğma qızını evdən çıxarmaq istəyir. O, iddia ərizəsinin surətini aldıqdan sonra bəzi sənədlər toplamaq məcburiyyətində qalmışamdır. Belə ki, İddiaçı3 Röv oğlunun ayrı təsərrüfatda olmasına, kommunal xərclərinin onun tərəfindən ödənilməsinə "xxxx" MMC-dən 01 mart 2023-cü il tarixdə, onun adına təsərrüfatda fərdi yaşayış evi olmasına dair arayışı Vəndam qəsəbə İƏN-dən 02 mart 2023-cü ildə ala bilmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıların iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar Nümayəndə2 (eyni zamanda iddiaçılar İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə nümayəndəsi), İddiaçı3 və İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Eyni zamanda göstərdilər ki, evin tikintisinə cavabdehin atası tərəfindən çəkilmiş xərcin ödənilməsinə etiraz etmirlər. Belə ki, fərdi yaşayış evi tamamilə onlar tərəfindən tikilmişdir. Lakin cavabdeh atası Nümayəndə1 evə bəzi əşyalar almışdır ki, həmin əşyaları da könüllü şəkildə gəlib aparmalarına razıdırlar. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 və cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim edilmiş etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-35/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı3 ilə Cavabdeh Akı̇ f qızı arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X8 anası Cavabdeh Akı̇ f qızının yanında qalmasının müəyyən edilməsi, İddiaçı3 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 (səksən) manat pul vəsaitinin alınaraq iddiaçı Cavabdeh Akı̇ f qızına verilməsi, İddiaçı3 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış birgə nikah dövdündə əldə olunmuş “VAZ 21154” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməsi, həmin avtomobil üzərində Cavabdeh Akı̇ f qızının ½ pay hüququ və İddiaçı3 ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,1 ha həyətyanı torpaq sahəsi Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 157 nömrəli arayışdan görünür ki, Nümayəndə2 ailə tərkibi arvadı İddiaçı2, oğlu İddiaçı5, gəlini X20, nəvələri X14, X15 və X1 ibarətdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 156 nömrəli arayışdan görünür ki, İddiaçı3 ailə tərkibi arvadı X9 və X4 ibarətdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1597 nömrəli arayışdan görünür ki, Cavabdeh ailə tərkibi əri İddiaçı3 və X6 ibarətdir. İşdə olan Qəbələ rayon Vəndam Bələdiyyəsi tərəfindən Vəkil ünvanlanmış 13 mart 2023-cü il tarixli, 26 nömrəli məktubda göstərilmişdir ki, Vəndam qəsəbə sakini İddiaçı3 inşa etdiyi fərdi yaşayış evi atası Nümayəndə2 mülkiyyətinə aid olan 175A kodlu 0,10 ha torpaq sahəsində yerləşir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən Vəkil ünvanlanmış 02 mart 2023-cü il tarixli, 5-59-15/2-13/2023 nömrəli məktubda göstərilmişdir ki, Vəndam qəsəbə İƏD-i üzrə nümayəndəliyinin ev təsərrüfatının uçotu kitabında İddiaçı3 və atası Nümayəndə2 ayrı təsərrüfat kimi qeyd olunmuşdur. Nümayəndə2 məxsus həyətyanı torpaq sahəsində oğlu İddiaçı3 məxsus fərdi yaşayış evi vardır. Evin kommunal xərcləri İddiaçı3 tərəfindən ödənilir. İşdə olan CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikaha daxil olmamışdan əvvəl tikilmişdir. Belə ki, həmin görüntülərdən görünür ki, Cavabdeh gəlin kimi hal-hazırda mübahisəli olan fərdi yaşayış evinə köçmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadı. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Cavabdeh əşyaları ilə birlikdə iddiaçılara məxsus fərdi yaşayış evindən məcburi qaydada çıxarılması üçün əsasların mövcud olub-olmaması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı iş üzrə İddiaçı3 ilə Cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 14 avqust 2012-ci il tarixdə 40 nömrə ilə qeydə alındığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı3 ilə Cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 14 avqust 2012-ci il tarixdə 40 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 02 iyun 2013-cü il təvəllüdlü X16 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə Qəbələ Rayon Məhkəməsinin 2(025)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı3 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini tərk etməməkdədir. Məhkəmə qeyd edir ki, iddiaçıların Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını tələb etdikləri fərdi yaşayış evi Nümayəndə2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən verilmiş 0,1 ha həyətyanı təyinatlı torpaq sahəsində inşa edilmişdir. Mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh birgə nikahından əvvəl tikilmişdir. Cavabdeh İddiaçı3 evləndikləri zaman birbaşa olaraq hazırkı mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini qəbul etməkdədir. Cavabdeh yalnız həmin fərdi yaşayış evinə onlar tərəfindən xərc çəkildiyini, bu səbəblə evdən istifadə hüququnun olduğunu bildirir. Nəticə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı3 ilə Cavabdeh evlənən zaman tikili vəziyyətdə olmuşdur və sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşməkdədir. Hal-hazırda iddiaçıların mübahisəndirdikləri, cavabdehlərin tərk etmələrini tələb etdikləri fərdi yaşayış evinin İddiaçı3 ilə Cavabdeh birgə nikah dövründən qabaq inşa edilməsi məhkəmə araşdırılmış sübutlarla (cavabdeh tərəfin etirafları, toyun görüntülərini əks etdirən CD disk) sübuta yetirilməkdədir.Məhkəmə hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə iddiaçıların mülkiyyət hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh iddiaçıların keçmiş ailə üzvü kimi mübahisəli fərdi yaşayış evindən istifadə etməsi üçün hər hansı razılaşma yoxdur və bununla bağlı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.Əksinə olaraq artıq İddiaçı3 ilə Cavabdeharasında ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Beləliklə, cavabdehin hər bir halda mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olmadığından onun həmin fərdi yaşayış evində yaşaması və fərdi yaşayış evini tərk etməməsi əsassızdır. Yuxarıda sadalanan qanun normalarından göründüyü kimi cavabdehin iddiaçıların birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsində yerləşən və onlara məxsus fərdi yaşayış evində yaşaması və oranı tərk etməməsi əsassızdır.Çünki fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı3 birgə nikahından əvvəl, iddiaçıların birgə mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmişdir ki, Cavabdeh həmin fərdi yaşayış evini tərk etməməsi, İddiaçı3 savayı, digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını kəskin şəkildə pozmaqdadır. Çünki sözügedən fərdi yaşayış evinin iddiaçılardan məhz İddiaçı3 məxsusluğu müəyyən edilməmişdir. Əksinə olaraq həmin fərdi yaşayış evi iddiaçılar tərəfindən birgə tikilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir. Konstitusiya Məhkəməsi Plenumu həmçinin qərarında göstərmişdir ki, “mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Eyni zamanda qərarda qeyd edilmişdir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıların xüsusi mülkiyyətinə daxildir və mülkiyyət hüququ cavabdehlə nikahdan öncə qazanılmışdır. Qeyd edilən əmlakla bağlı cavabdehin atası tərəfindən müəyyən xərclər çəkilmişdir ki, həmin xərclərin müqabilində də cavabdeh uzun müddət həmin evdə yaşamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1 bir oğlu ilə birlikdə Qəbələ rayonunda Şamılı kəndində yaşadıqılarını göstərmişdir. Göründüyü kimi Cavabdeh mübahisəli fərdi yaşayış evini tərk edəcəyi halda valideynləri ilə birgə yaşamağa kifayət qədər imkanı vardır. Göründüyü kimi cavabdehin maddi vəziyyəti, yəni ailəsinin maddi vəziyyəti kifayət qədər normaldır. Eyni zamanda məhkəmə o halı da nəzərə alır ki, iddiaçılar iddia ərizəsində cavabdehin atası Nümayəndə1 məxsus Qəbələ şəhərinin mərkəzində 4 tərəfi qala ilə bağlanmış 10 sotluq torpağın içində 2 mərtəbəli evinin və Şamılı kəndində evinin olduğunu bildirmiş, cavabdeh tərəf isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bu halı inkar etməmiş, ərizədə atasının yaşayış evlərinin olmasının onun paylı yaşayış evindən istifadə hüququnu məhdudlaşdıra bilməməsini qeyd etmişdir. Göründüyü kimi cavabdehin ailə üzvləri ilə birgə yaşamasına kifayət qədər imkanı vardır. Həmçinin Cavabdeh müəyyən müddət ərzində mənzillə bağlı yaşayış tərzində hər hansı yenilik olacağı (məsələn ev alacağı, kirayə mənzilə köcəcəyi və s.) barədə heç bir münasibət bildirməmişdir. Əksinə olaraq məhkəməyə təqdim etdiyi etiraz ərizəsində mübahisəli fərdi yaşayış evini hec vaxt tərk etmək niyyətində olmadığını bildirmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı3 və onun yeni ailə qurduğu həyat yoldaşı, İddiaçı5 və onun həyat yoldaşı və uşaqları cavabdehin mülkiyyətlərində olan fərdi yaşayış evini tərk etməməsi səbəbindən birgə yaşamaq məcburiyyətində qalmışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun saxlanması üçün həqiqətən də əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdeh mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə edilməməsi və bu baxımından iddiaçıların həmin fərdi yaşayış evinə sərəncam hüquqlarının olmamasına dair etirazına münasibət bildirən məhkəmə qeyd edir ki, baxılan işdə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin evin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. Göründüyü kimi ev dövlət qeydiyyatına alınmasa da, onun yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Torpaq sahəsində tikilmiş fərdi yaşayış evləri gələcəkdə qeydiyyata alınacağı təqdirdə iddiaçıların gözlənilən mülkiyyət hüquqları nəzərə alınmalıdır. Cavabdeh İddiaçı3 ilə evlənməmişdən qabaq mübahisəli fərdi yaşayış evinə atası Nümayəndə1 tərəfindən xərc çəkiməsinə dair etirazına münasibət bildirən məhkəmə qeyd edir ki, sözügedən amil hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Eyni zamanda bununla bağlı cavabdehə izah edilir ki, mübahisəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclə bağlı ayrı qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir.Belə ki, məhkəmə hesab edir ki, torpaq mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, binanının tikintisinə köməklik etmiş şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla evin təmirinə xərc çəkmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə fərdi yaşayış evinə xərc çəkmiş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşmüş və onlar öz iddilarının əsaslılığını məhkəmə iclası zamanı sübuta yetirmişlər. Belə ki, iddiaçılar tərəfindən təqdim edilmiş sübutlardan, eyni zamanda cavabdeh tərəfin etirafından müəyyən edilmişdir ki, fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı3 birgə nikahından əvvəl, iddiaçıların birgə mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmişdir. Bu səbəbdən iddiaçıların əsaslandırdığı halların Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğunluğu tərəflərindən sübut edilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar isə öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş 0,10 ha torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar