Məhkəmə qərarları › İş №2(025)-47/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-47/2022

26.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-47/2022 26.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddiaçıların hər iki dövlət aktına əsasən torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş mərzin (məftil çəpərin və onun dirəklərinin) cavabdehin vəsaiti hesabına sökülməsi əkilmiş ağaclar və kolların cavabdehin hesabına təmizlənib torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və iddia ərizəsi üçün verilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15.04.2022-ci il tarixdə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, JN-0003, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2 ayrılmış 3.06 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.2401 ha hissəsindən cavabdehin çıxarılması; - JN-0002, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 ayrılmış 3.38 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.0449 ha hissəsindən cavabdehin çıxarılması; - zəbt edilmiş 0.2401 ha və 0.0449 ha hissələrə çəkilmiş kol çəpərin və onun tərkib hissələrinin (dirək, məftil və sair) cavabdehin vəsaiti hesabına sökülməsi; iddiaçılara məxsus torpaq sahəsindən istifadəyə müdaxilənin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, JN-0002, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qəbələ Rayonu Mamaylı kəndində yerləşən 3.38 ha torpaq sahəsi Qəbələ Rayon Aqrar islahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı1 və digər 3 nəfərdən ibarət ailə üzvünə ayrılmışdır. JN-0003, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qəbələ Rayonu Mamaylı kəndində yerləşən 3.06 ha torpaq sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı2 və digər 2 nəfərdən ibarət ailə üzvünə ayrılmışdır. Cavabdehə məxsus torpaq sahəsi iddiaçılara məxsus olan yuxarıda qeyd edilən torpaq sahələrinin qonşuluğunda yerləşir və tərəflər arasında uzun müddətdir ki, torpaq sahəsinin zəbtinə dair mübahisə mövcuddur. İddiaçılar hesab edir ki, cavabdeh onlara məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmiş, torpaq sahələrinin arasında mərz çəkilmiş (çəpərləmə işləri aparılmış) və cavabdeh müdaxilənin olub-olmadığını, vardırsa nə qədər olduğunu müəyyən etməyə də imkan vermir. Nəticədə İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh qarşı “mülkiyyətlərində olan torpaq sahəsinin kodrinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün işlərin aparılmasına maneçilik törədilməsinin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamədən şikayət verilmədiyindən qanuni qüvvəsini alaraq icraya yönəlmiş, lakin qüsurlu aparılmış ölçmə işlərinin nəticəsində cavabdeh tərəfindən müdaxilənin baş verdiyi və iddiaçılara məxsus torpaq sahəsinin zəbt edildiyi müəyyən edilsə də bununla bağlı rəsmi sənəd əldə olunmamışdır. Həmin mülki işlə bağlı mübahisə davam edir. Hazırki vəziyyətdə iddiaçılar hesab edirlər ki, cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsi qanunsuz zəbt edilmiş, torpaq sahəsinə müdaxilə mövcuddur, iddiaçıların xeyli müddət davam edən təkidinə baxmayaraq, cavabdeh torpaq sahəsini boşaltmamış və müdaxiləyə son qoymamışdır, belə olan halda müdaxiləyə son qoyulması və zəbtin aradan qaldırılması məqsədilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunur. İddiaçılar hesab edir ki, cavabdeh tərəfindən uzun müddətdir ki, onlara məxsus torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq zəbt edilmiş, cavabdeh zəbtə son qoyub, iddiaçılara məxsus torpaq sahəsindən istifadəyə imkan vermir, üstəlik onlara məxsus torpaq sahəsinin bir hissəsini zəbt etdikdən sonra torpaq sahəsinin arasına mərz çəkmişdir. Bu əsasla iddiaçılara görə tərəflər arasında Mülki Məcəllənin 170-171-ci maddələrindən irəli gələn münasibətlər mövcud deyil, həmçinin cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi və ondan mülkiyyətiçilərin sərbəst istifadəsinə yaradılmış maneə heç bir qanuni əsasa söykənmədiyindən, hazırki tələbin irəli sürülməsi zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı2 və İddiaçı1 irəli sürdüyü iddia tələbləri tamamilə əsassızdır. O, iddiaçılara məxsus və ya digər hər hansı torpaq sahəsini zəbt etməmişdir. Hal-hazırda istifadəsində olan torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İşdə olan JN-0002 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı1, X1, X8 və X2 birgə mülkiyyətinə 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0003 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı2, X3 və X4 birgə mülkiyyətinə 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-120/2021 saylı 27 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbi təmin edilmiş, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı1, X5, X11 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr İ997-ci il tarixli 18 nömrəli qərarına əsasən X9, X6 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(025)-1610/2021 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, mütəxəssislər qarşısında aşağıdakı suallar qoyulmuşdur

1. Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0003 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 3.06 ha torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0002 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 3.38 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.

2. Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0003 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 3.06 ha torpaq sahəsi və Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0002 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 3.38 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (kordinatları müəyyən edilsin)

3. Əgər iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili, məftil çəpər, onun dirəkləri və s. var mı? İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.03.2022-ci il tarixli **********18 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 14 dekabr 2021 -ci il tarixdə Qəbələ rayonu Mamaylı kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işlərı aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,

1. Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tjarixli 18 nömrəli qərarı ilə İddiaçı2 və aiiə üzvlərinin birgə mülkiyyətinə JN-0003 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3.06 ha torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr 1997ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0002 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3,38 ha torpaq sahəsinin hüdudları sxem üzrə müəyyən edilmişdir.

2. JN-003 (kod ********) nömrəli Dövlət aktı ilə iddiaçı X7 mülkiyyətinə verilmiş 3,06 hektar torpaq sahəsinin 0,2401 hektar hissəsi Cavabdeh istifadəsindədir, JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3,38 hektar torpaq sahəsinin 0,0449 hektar hissəsi Cavabdeh istifadəsindədir.

3. JN-003 (kod ********) nömrəli Dövlət aktı mülkiyyətinə verilmiş 3.06 hektar və JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3,38 hektar torpaq sahələrinin Cavabdeh istifadəsində olan 0,2401 hektar və 0,0449 hektar hissələri kol çəpər ilə hasarlanmışdır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə Qəbələ rayonu Mamaylı kəndində yerləşən mübahisəli 3.38 ha torpaq sahəsi JN-0002 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə, Qəbələ rayonu Mamaylı kəndində yerləşən mübahisəli 3.06 ha torpaq sahəsi JN-0003 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçılar JN-0002, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 ayrılmış 3.38 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.0449 ha hissəsindən cavabdehin çıxarılması; Zəbt edilmiş 0.2401 ha və 0.0449 ha hissələrə çəkilmiş kol çəpərin və onun tərkib hissələrinin (dirək, məftil və sair) cavabdehin vəsaiti hesabına sökülməsi; İddiaçılara məxsus torpaq sahəsindən istifadəyə müdaxilənin cavabdehə qadağan edilməsini tələb edir. Cavabdeh isə Qəbələ rayonu Mamaylı kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğunu qeyd edərək iddiaçılara məxsus torpaq sahələrini zəbt etmədiyini bildirmişdir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, iddiaçılar özlərinə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı aparılan ekspertiza nəticəsində məlum oldu ki, iddiaçıların mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.06 ha torpaq sahəsinin 0.2401 ha hissəsi və İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.38 ha torpaq sahəsinin 0.0449 ha hissəsi cavabdeh tərəfindən zəbt olunaraq ətrafı kol çəpərə alınmışdır. Həmçinin cavabdeh həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə maneələr törədir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və JN-0003 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Qəbələ rayonu Mamaylı kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.06 ha torpaq sahəsinin 0.2401 ha hissəsindən və JN-0002 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Qəbələ rayonu Mamaylı kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.38 ha torpaq sahəsinin 0.0449 ha hissəsindən Cavabdeh çıxarılmalı, Zəbt edilmiş torpaq sahələrində çəkilmiş kol çəpər və onun hissələri (dirək, məftil və s.) Cavabdeh öz hesabına sökülsün və həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət e t d i:

İddia təmin edilsin. JN-0003 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Qəbələ rayonu Mamaylı kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.06 ha torpaq sahəsinin 0.2401 ha hissəsindən və JN-0002 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Qəbələ rayonu Mamaylı kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.38 ha torpaq sahəsinin 0.0449 ha hissəsindən Cavabdeh çıxarılsın. Zəbt edilmiş torpaq sahələrində çəkilmiş kol çəpər və onun hissələri (dirək, məftil və s.) Cavabdeh öz hesabına sökülsün və həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar