Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-55/2021 02.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Qazıyeva Mahı̇ rə Qulu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi, yol yerində olan sanitar qovşağın sökülməsi və qapı qoyulmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qazıyeva Mahı̇ rə Qulu qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi, yol yerində olan sanitar qovşağın sökülməsi və qapı qoyulmasına törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən manelərə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinə qadağan edilməsi, həmin torpaq sahəsinə gedən yol yerində sanitar qovşağın sökülərək qapı (darvaza) qoyulmasına görə törədilən manelərə son qoyulması və sanitar qovşağın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ şəhərində atasına və onlara məxsus evdə yaşayır. 2016-cı ildə həmin torpaq sahəsinə çıxarış almışdır. Çıxarış aldıqdan sonra həmin ona düşən torpaq sahəsinin kənarını dəmir hasarla çəkmişdir. Dəfələrlə Cavabdeh1 bildirmişdir ki, sanitarqovşağı söksün və oradan özünə qapı yeri açsın. Lakin cavabdeh buna məhəl qoymamışdır. Belə ki, sonradan o, cavabdehə təklif etmişdir ki, ona pul versin və başqa yerdə sanitar qovşaq tikdirsin, sonra da köhnəni söksün. O da cavabdehlə razılaşmış və ona 350 manat bir, 50 manat bir və turba vermiş ki, özünə sanitar qovşaq inşa etdirsin. Bundan sonra o, Bakı şəhərində olduğu vaxt ərizində cavabdeh onun hasarını sökmüş və ona ziyan vurmuşdur. O, Bakı şəhərindən qayıtdıqdan sonra bu barədə cavabdehə öz narazılığını bildirmiş və cavabdeh onunla mübahisə edərək, qışqıraraq, nalaiq söyüşlər söyməyə başlamış və bu zaman o, 102 xidmətinə yığıb şikayət etmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş və orada hər ikisindən ifadə alınaraq bildirilmişdir ki, bu mülki işdir və bununla bağlı məhkəməyə müraciət etməlidirlər. Dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq onun dediklərinə məhəl qoymamışdır. O da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur ki, işini qanuna həll etsin. Məhkəmə xx xxxxxxx 2020-ci il tarixdə keçirilən iclasda Qəbələ bələdiyyəsini mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı 2016-cı ildə torpaq bölgüsü üçün Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı hakim bildirmişdir ki, həyətdə tikinti varsa, əvvəl evin kupçası olmalıdır və onunla bölgü aparılmalıdır. O, 2017-ci ildə Respublika Onkaloji Mərkəzdə qulaq dibi vəzinin onkaloji şişindən əməliyyat olmuşdur. O, xəstəxanada yatdığı zamanlarda ona texniki pasportun surətini göndərib demişlər ki, həyət bölünmüşdür. Texniki pasportda onun və iki qızının adı olmasına baxmayaraq onların heç birinin iştirakı və razılığı olmadan həyət bölgüsü aparılmışdır. Onun bildiyinə görə həyət bölgüsü qanunsuz olmuşdur. Qanunsuz olmasına səbəb onların və Aşqabatda yaşayan X2 iştirakı olmamasına görədir. Yaşayış yerinə kupça alınanda X2 ölüm kağızı və onun övladlarının razılığı alınmamışdır, çünki onlardan heç biri ilə əlaqə yoxdur. O, Ali Məhkəməyə şikayət etməmiş, çünki o biləndə həm artıq gec imiş, həmdə demiş ki, təki sakitləşsin və bəlkə ondan əl çəkər. Yoldaşı Cavabdeh2 ilə ona düşən hissəni dəmirlə hasara almışlar. Hasara işlənən dəmirlərin yarısını onlar almışlar. Darvazasını özünün razılığı və istəyi ilə dediyi yerdən qoymuşlar. 3 ilə yaxındır ki, sakitçilik olmuşdur. İddiaçı ailə həyatı qurub Bakıda yaşamışdır. Evinin və həyətinin qapısının açarlarını baldızı X3 vermişdir. Onlar tez-tez evə gəlib qalırmışlar və heç bir problem yox imiş. İddiaçı 2020-ci ilin sentyabr ayında Bakıdan gəldikdən 3 gün sonra başlamış ki, sanitar qovşağı sökün və o, darvazanı ora qoyur. O və həyat yoldaşı buna razı olmamışlar. Onlar iddiaçıya demişlər ki, qapı var, sənə kimsə nəsə demir axı. İddiaçı onlara həyəti satacağını bildirmişdir. Həyat yoldaşı Cavabdeh2 ona öz etirazını bildirib demiş ki “Mən sənə evimin yarısını ölçüb vermişəm ki sənə yaşamağa yer olsun. Sənətləşməyə qol çəkəndə sən mənə həyəti kağız üstündə böləcəyimizi deyirdin. İndi nə oldu nə dəyişdiki? Uzun müddətdir eyni qapıdan hərə öz evinə gedir”. Həmçinin ona verilən evlər onun qonaq otaqının pəncərələrinin tutulmasına səbəb olmuşdur. İddiaçı yazdığı iddia ərizəsindəki iddialarını hamısını əsassız sayır, çünki onun çölə qapı (darvaza) qoyulmasına öz həyət hissəsindən yeri var. Onun həyət hissəsinə heç biri daxil olmamışlar. Darvaza və hasar özü qoyduğu yerdədir, bunu 102 xidmətinin polis əməkdaşlarını dəvət edəndə onlarda bunu təsdiqləmişdir. Həyat yoldaşı Cavabdeh2 həyətlərindəki qurumuş qoz ağacını kəsdirəndə aralarında olan hasarın bir dəmiri əymişdir və onuda yenisi ilə əvəz olunmuşdur. İddiaçı sökdürmək istədiyi yerdə onlar tərəflərindən tikilmiş 6 metr daş hasar və iki sanitar qovşağı var idi. Onun biri İddiaçı tərəfindən 2019-cu ildə icazəsiz sökülmüşdür. Onlar şikayət etməsinlər deyənə 200 azn pulu həyat yoldaşı Cavabdeh2 vermişlər ki, sanitar qovşağı başqa yerdə tiksin. Hal-hazırda İddiaçı və onun həyat yoldaşı darvazanı çıxardıb və sökülməmiş sanitar qovşağın yanına quraşdırılmamış qoymuşlar. İddiaçı iddialarının hamısını əsassız sayır, çünki onlardan xahiş eləyib yer istəmək əvəzinə üstlərinə böhtan ataraq, şikayət edərək əlavə torpaq tələb edir. Onlar buna narazıdırlar. Həmçinin İddiaçı iddiasında görə sökmək istədiyi sanitar qovşaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinin verdiyi Texniki pasportun Xüsusi qeydlər bölməsində göstərilmişdir. Bu sanitar qovşaq həyat yoldaşı Cavabdeh2 həm istifadəsində, həmdə onun adına zəbt olunmuş sahədədir. Məhkəmə iclasında İddiaçı izahat verib göstərmişdir ki, ekspert rəyini almış və rəy ilə tanış olmuşdur. Onun qapısının yerinə qoyulmasını və dava-dalaşa son qoyulmasını istəyir. Həyətlərinin arakəsməsinə zabor olaraq dəmir vurmuşlar, həmin o dəmirlərin 8-ni cavabdeh Mənzər sökmüşdür. Həyətinə toyuq-cücə salır, onu və mərhum valideyinlərini nalayiq söyüşlərlə söyüb təhqir edir. Həyətinin giriş qapısında olan ayaqyolu üçün cavabdehlərə 300 manat pul ödəmişdir ki, onu söksünlər və başqa yerdən tiksinlər. Sənədlərdə göründüyü kimi 2 ayaqyolu var. D və E ayaqyolu. D ayaqyolu onlar tərəfdədir. E isə onun qapısının önündədir. O, həmin hissəyə qapı qoymaq istəyir. Onun həyətinin zaborunu sökübdür, o, qapıdan keçmək istəyəndə onu içəri keçməyə qoymurlar. Onlar hələ də atasının mülkiyyətində yaşayırlar. Cavabdehlər payların naturada ayrılması üçün sənədləşdirilmədən imtina edirlər. O, həyətinə giriş-çıxışın bərpa edilməsini istəyir. Hazırkı giriş çıxış yeri onu qane etmir və istəyir ki, özünün ayrıca qapısı olsun. Həyətləri naturada bölünməmişdir. Qapısının ağzındakı zəbt olunmuş sahə onun tərəfdədir və cavabdehlərin orada ayaqyolusu var. Həmin ayaqyolu çoxdan mövcuddur və texniki pasportda da qeyd olunub. O, həyətinə ata mülkündən girib-çıxır. Həmçinin həyətinə məxsus torpaq sahəsinə qoyduğu qapının qarşısında cavabdehlərə məxsus quyu var. Ona görə də o, qapıdan istifadə edə bilmir. Həmmin qapını da müvəqqəti olaraq qoymuşdur. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən birgə mülkiyyətçilərin payı müəyyən olunmuş, lakin paylar naturada ayrılmamışdır. Həmin torpaq sahəsinə ümumilikdə bir giriş qapısı var və o qapıdan hamı manəsiz istifadə edir. Həmçinin iddiaçıya heç bir maneçilik törətmirlər. İddiaçı özünə qapı da qoymuş, burada da yalandan qeyd edir ki, qapının ağzında quyu var. Yalandan deyir. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, atalarının sağlığında həyətlərinə giriş-çıxış üçün bir qapı qoyulubdur. Həmin qapıdan da hamısı istifadə edirlər. Əvvəl bacısı öz həyətinə qapı qoymuşdur. Lakin sonradan onu sökmüş və indi iddia edir ki, o, zəbt olunmuş torpaq sahəsinə qapı qoymaq istəyir. Həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinin verdiyi Texniki pasportun Xüsusi qeydlər bölməsində sanitar qovşaq göstərilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə üçüncü şəxs Qəbələ bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə üçüncü şəxs Qəbələ bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxs Qəbələ bələdiyyəsinin nümayəndəsi X1 göstərmişdir ki, 0,10 ha torpaq sahəsinin 0,0377 ha iddiaçıda, qalan torpaq sahəsi cavabdehdə qalmışdır. İddaçının iddia etdiyi yerdə yol yeri vardır. Lakin cavabdehlərin zəbt etdiyi sahə bələdiyyənin mülkiyyətindədir. Bələdiyyənin isə ya iddiaçı ilə, ya da cavabdehlərlə heç bir müqaviləsi yoxdur. Həmin zəbt olunmuş torpaq sahəsinə görə iddiaçı və cavabdehlər tərəfindən hər hansı məbləğdə pul bələdiyyə büdcəsinə ödənilmir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Beləki, iş materiallarında olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********07-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə, 406-1/5700 inventar nömrəli «fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********03; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2016 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, Mikayıl Müşviq küçəsi, № 6A ünvanda yerləşən 0,0377 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, 406-1/5700 inventar nömrəli «fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşən Qasımovun xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, HK-1/929 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və torpaqla bağlı mülki mübahisəsinin həlli üçün məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 560 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, planın cənub-qərb hissəsindən gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin yol Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilən 406-1/5700 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunda zəbt edilən sahə kimi göstərilmişdir. Həmin planda təsvir edilən “E” indeksli sanitar qovşaq tikilisi naturada faktiki olaraq mövcuddur. Bu sanitar qovşaq planda zəbt olan sahədə olmaqla, gediş-gəliş yolu üçün nəzərdə tutulan sahədə yerləşir. Mübahisəli yol ərazisi gediş-gəliş yolu olmaqla bələdiyyə mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsinə əsasən, hərbirfiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar X6 Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********07-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən 0,03377 ha payı müəyyən olunmuş torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi, yol yerində olan sanitar qovşağın sökülməsi və qapı qoyulmasına törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdehlər isə ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən birgə mülkiyyətçilərin payının müəyyən olunduğunu, lakin paylarının naturada ayrılmadığını, həmin torpaq sahəsinə ümumilikdə bir giriş qapısının olduğunu, o qapıdan hamının manəsiz istifadə etdiyini, iddiaçının isə zəbt olunmuş ərazidə özünə yeni qapı qoymaq istəyini, həmçinin iddiaçıya heç bir maneə törətmədiklərini və iddiaçının iddia ərizəsində göstərdiyi maneənin nədən ibarət olduğunu bilmədiklərini qeyd etmişlər. Bundan savayı “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 560 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyindən də görünür ki, planın cənub-qərb hissəsindən gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin yol Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilən 406-1/5700 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunda zəbt edilən sahə kimi göstərilmişdir. Həmin planda təsvir edilən “E” indeksli sanitar qovşaq tikilisi naturada faktiki olaraq mövcuddur. Bu sanitar qovşaq planda zəbt olan sahədə olmaqla, iddiaçının açmaq istədiyi gediş-gəliş yolu üçün nəzərdə tutulan sahədə yerləşir. Həmin sahə bələdiyyə mülkiyyəti hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə zamanı verdiyi ifadəsində də bu maneələrin nədən ibarət olması barədə heç bir söz deməmişdir. Əksinə cavabdehlər iddiaçıya torpaq sahəsindən istifadə ilə bağlı heç bir mane törətmədiyini, maneənin nədən ibarət olduğunu bilmədiklərini qeyd etmişlər. İddiaçı əsas maneənin Cavabdeh1 tərəfindən onun valideynlərinin nalayiq sözlərlə söyməsi olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdehlərin bildirdikləri ilə iddia tələbi həmin hissədə təkzib olunur. İddiaçı isə cavabdehlərin bildirdiyinin əksini sübut edə bilmir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,10 həyətyanı torpaq sahəsi iddiaçının, cavabdehlərin və digər şəxslərin ümumi birgə mülkiyyətindədir. Sözügedən ümumi birgə mülkiyyətdən tərəflərin payları müəyyən olunsa da, paylar naturada ayrılmamışdır. Torpaq sahəsi tərəflərin birgə mülkiyyətində olduğundan, tərəflərin payları müəyyən edilsə də naturada bölünmədiyindən cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələri mane kimi qiymətləndirilə bilməz. Belə ki, ümumi mülkiyyətdə olan torpaq sahəsinin hansı hissəsinin kimin mülkiyyətində olması barədə hər hansı hüquqmüəyənedici sənəd mövcud deyildir. Bu səbəbdən iddiaçı payını naturada ayırandan sonra cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən istifadəyə mane olarsa, bu halda manelərə son qoyulmasını tələb edə bilər. Hazırkı halda isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin nə də ifadə olunması barədə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində mane kimi birbaşa olaraq sanitar qovşağı göstərmiş və qapı qoyulmasına törədilən manenin, yəni sanitar qovşağın sökülməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 560 saylı ekspert rəyində də göstərilmişdir ki, planın cənub-qərb hissəsindən gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin yol Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilən 406-1/5700 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunda zəbt edilən sahə kimi göstərilmişdir. Həmin planda təsvir edilən “E” indeksli sanitar qovşaq tikilisi naturada faktiki olaraq mövcuddur. Bu sanitar qovşaq planda zəbt olan sahədə olmaqla, iddiaçının açmaq istədiyi gediş-gəliş yolu üçün nəzərdə tutulan sahədə yerləşir. Həmin ərazi bələdiyyə mülkiyyətidir. Göründüyü kimi iddiaçının və digər şəxslərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə yol yeri mövcuddur. İddiaçının tələb etdiyi yol yerində əvvəldən sanitar qovşaq inşa edilmişdir. Həmin sanitar qovşaq fərdi yaşayış evi və onun yerləşdiyi torpaq üzə texniki pasportda da qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinin verdiyi Texniki pasportun Xüsusi qeydlər bölməsində sanitar qovşağın yeri göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Qəbələ bələdiyyəsinin nümayəndəsi X1 isə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi kimi həmin ərazidə çoxdan sanitar qovşaq inşa edilmişdir. Lakin həmin sahə zəbt sahəsidir və bununla bağlı bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətçiləri ilə hər hansı müqavilə bağlanmamışdır. Həmçinin iddiaçı və digər mülkiyyətçilər tərəfindən həmin torpaq sahəsi ilə bağlı bələdiyyəyə heç bir ödəniş edilmir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçının sanitar qovşağın sökülməsi və yol yerinin açılması ilə bağlı hissədə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan sanitar qovşağın sökülməsi və yol yerinin açılması ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********07-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən 0,03377 ha payı müəyyən olunmuş torpaq sahəsinə gedən yol yerinin açılmasını və sanitar qovşağın sökülməsini tələb edir. Lakin məhkəmə zamanı müəyyən olundu ki, iddiaçının ümumi mülkiyyət hüququ ilə ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə gedən yol yeri Qəbələ bələdiyyəsinin mülkiyyətindədir. Beləliklə iddiaçı, yol yerinin onun mülkiyyətində olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində iddiaçının iddiaçının açılmasını tələb etdiyi yol yeri və həmin yol yerində yerləşən sanitar qovşağın bələdiyyənin mülkiyyətində olması müəyyən edilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və X6 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Qazıyeva Mahı̇ rə Qulu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi, yol yerində olan sanitar qovşağın sökülməsi və qapı qoyulmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Qazıyeva Mahı̇ rə Qulu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həyətyanı torpaq sahəsinə icazəsiz girilməsinin qadağan edilməsi, yol yerində olan sanitar qovşağın sökülməsi və qapı qoyulmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçıvə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-55/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-55/2021
02.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver