Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-565/2020 26.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanuni istifadədə olan 6X33=198 kv.m torpaq sahəsində inşa edilmiş 6X13=78 kv.m maşın təmiri sexinin ətrafında 60 kv.m torpaq sahəsini zəbt etməklə qazılmış xəndəklərin (tikinti aparmaq üçün), dəmir hasarın sökülməsi və sexin divarına yaxın məsafədə qazılmış və quraşdırılmış sanitar qovşağın sökülməsi və ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxx 1995-ci il tarixdə Qəbələ rayon X4 Sərəncamı ilə atası X1 fərdi avtomobil maşınlarının təmiri sexi tikmək üçün Qəbələ-Vəndam yolunun Nohurqışlaq kəndinə ayrılan yerindən 50 metr cənuba Nohurqışlaq-Tüntül yolunun qərbindən 6X33=198 m2 ölçüdə torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi Nohurqışlaq kəndində fəaliyyət göstərən “Qızıl-Əhmədi” kiçik müəssisənin xx.xx.1995-ci il tarixli, 02 №li məktubu, Tüntül kənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli, 27 saylı vəsatəti və rayon Torpaq şöbəsinin sahənin ayrılması barədə sxematik planı nəzərə alınmaqla verilmişdir. Həmin torpaq sahəsi xx.xx.1935-ci il tarixdə 06 nəfər səlahiyyətli komissiya üzvlərinin iştirakı ilə sərəncamda göstərilən ərazidən ayrılaraq “Qızıl-Əhmədi” kiçik müəssisəsinin timsalında atası X1 naturada ayrılaraq verilmiş və həmin tarixdə səlahiyyətli təşkilat nümayəndələri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Ərazidə torpaq sahəsi ayrılandan dərhal sonra təyinatı üzrə 13 metr uzunluğunda maşın təmiri sexi inşa olunmuş və bu günədək əmisi - maşın təmiri ustası X2 tərəfindən istifadə edilir. Sexin ətrafındakı qanuni əsaslarla istifadədə olan bir hissəsi ətrafda müştərilərin maşınlarının saxlanılması, kiçik ölçüdə yaşıllıq salmaq və çay xidməti göstərmək məqsədiə 120 kv.m sahə boş saxlanılmışdır. Həmin sahənin qəbələ rayon Torpaq şöbəsinin baş mütəxəssisi X.Bayramov tərəfindən imzalanıb möhürlə təsdiqlənmiş xx.xx.1995-ci il tarixli sxematik planından da görünür ki, ayrılan ərazi 6X33=198 m2 ölçüdədir. Qanunla istifadədə olan 198 m2 torpaq sahəsinin bir hissəsi 60 m2 cavabdeh tərəfindən zəbt edilərək kənarı dəmirlə hasarlanmış və hasarın daxilində tikinti işləri aparılması məqsədilə xəndək qazılmışdır. Bundan əlavə cavabdeh maşın təmiri sexinin arxa ovarının 50-də primitiv sanitar qovşağı hazırlayaraq divarın tez xarab olmasına, ətrafa pis çoxunun yayılmasına səbəb olan hərəkətlər etmişdir. Cavabdehi dəfələrlə qeyd olunan hərəkətlərdən çəkindirmək məqsədilə onunla söhbətlər aparsa da nəticəsi olmamışdır. Məcbur olub yerli idarə orqanlarına müraciətlər etmişlər. Nohurqışlaq kənd bələdiyyəsinin sədri Adil Əzimovun imzası və möhürü ilə təsdiqlənmiş xx xxxxxx 2019-cu il tarixli, 60 saylı xx.xx.2019-cu il tarixli ərizəyə cavab məktubunda gösərilmişdir ki, 1995-96-cı illərdə minik avtomobillərinin təmiri üçün tikilmiş sex Nohurqışlaq Bələdiyyəsinin Baş planının xəritəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində inşa olunmuş fərdi avtomobil maşınlarının təmiri sexi əmisi X2 tərəfindən təyinata uyğun istifadə olunsa da, yuxarıda göstərilən qaydada verilmiş 198 kv.m torpaq sahəsinin bir hissəsi yəni 60 kv.m cavabdeh tərəfindən zəbt edilərək kənarı hasara alınmış, bir hissəsində isə tikinti işləri aparılması məqsədilə xəndəklər quyular) qazılmışdır. Bundan əlavə cavabdeh sexin arxa divarının 50 sm-də xəndək qazaraq sanitar qovşağı kimi sitifadə etməklə ətrafda pis qoxunun yayılmasına və sexin arxa divarının vaxtından tez yararsız vəziyyətə düşməsinə şərait yaratmışdır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə qeyd olunan 198 kv.m torpaq sahəsinin bir hissəsi, yəni 60 kv.m üzərində qanuni hüquqlarını kobud şəkildə pozmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələblərini müdafiə etdi, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 20 ildir ki, bəhs olunan ərazidən birlikdə istifadə edirlər. Ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. O, heç kimin torpağını qanunsuz olaraq zəbt etməmişdir. İddiaçının tələbi tamamilə əsassızdır. İş üzrə verilmiş ekspertiza rəyi ilə razıdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. İddiaçı istifadəsində olan Qəbələ Rayon Sovetinin xx xxxx 1995-ci il tarixli 81 saylı sərəncamı ilə avtomobillərin təmiri sexi tikmək üçün Qəbələ-Vəndam yolunun Nohurqışlaq kəndinə ayrılan yerindən 50 metr cənuba, Nohurqışlaq-Tüntül yolunun qərbindən 6x33=198 kv.m. ölçüdə torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 226 saylı rəydən görünür ki, Hüququmüəyyənedici sənədlərə, ərazinin ümumi (islahat) xəritəsinə, X5 əsaslanaraq Cavabdeh qazdığı özül xəndəyi onun özünə məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən hüquqları qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarış və ayrılmaz hissəsi olan A seriyalı 208755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla qeyd olunan 0.026 ha torpaq sahəsinin sərhədləri daxilindədir. Lakin cavabdehə məxsus A seriyalı 208755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0.026 ha torpaq sahəsinin 4 kv.m hissəsi naturada iddiaçı tərəfindən inşa edilmiş avtomobil təmir sexinin üzərinə düşür. AutoCAD proqramı vastəsiylə işlənib hazırlanmış plan sxemdə ətraflı izahı verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********10, qeydiyyat tarixi – xx.xx.2011-ci il) surətindən görünür ki, Cavabdeh Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – 190600248, reyestr nömrəsi – **********32, qeydiyyat tarixi – xx.xx.2006-cı il) surətindən görünür ki, Cavabdeh Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.026 ha yaşayış təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019cu il tarixdə verilmiş AZ-İİ № 055256 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 87 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qəbələ rayon X4 xx xxxxx 1995-ci il tarixli 81 saylı sərəncamını surətindən görünür ki, “Qızıl Əhmədi” kiçik müəssisəsi nəzdində Nohurqışlaq kənd sakini X1 fərdi avtomobil maşınlarının təmiri sexi tikmək üçün Qəbələ-Vəndam yolunun Nohurqışlaq kəndinə ayrılan yerindən 50 metr cənuba, Nohurqışlaq-Tüntül yolunun qərbindən 6x33=188 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Məhkəmə iddiçıanın “torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). İşin faktiki hallarından təsdiq olundu ki, iddiaçının mübahisə etdiyi torpaq sahəsi ümumiyyətlə onun mülkiyyətində deyil. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmiş və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və, ümumiyyətlə, onun hazırki iş üzrə bu cür iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıtutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı Cavabdeh oğluna qarşı “torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçıtutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev