Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-585/2023 05.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı Cavabdeh qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Kürd kəndində yerləşən, mərhum atasına məxsus 0,15 ha torpaq və yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda Qəbələ rayonu İnzibati Ərazi Quruluşuna aid olan Kürd kəndində 1917-ci ildə anadan olmuş mərhum atası X6 tərəfindən 0,15 ha həyətyanı torpaq sahəsində əvəllər ata babası tərəfindən 1925-ci ildə tikilmiş fərdi yaşayış evi qəzalı olduğundan 1958-ci ildə təmir edilmiş və yaşayış üçün zəruri hala salınmışdır. Sonradan iki qardaş, atası Həsən və əmisi Nüsrət ailələri ilə birlikdə bu evdə yaşamışlar. Onların ailə üzvləri 5 nəfərdən ibarət olmuşdur. Təsərrüfatbaşı kitab üzrə bu faktlar bir daha təsdiq olunur. Atasının və anasının vəfatından sonra o, və digər bacıları ailə həyatı qurub digər yaşayış məntəqələrində yaşadıqlarına baxmayaraq həmişə kəntdəki evinə gedib-gəlmiş, təsərrüfatı mütəmadi olaraq idarə etmişdir. Atası 1976-cı ildə vəfat etmişdir. Uzun illər, yəni ki, 1976-cı ildən 2021-ci ilədək mərhum atasının istifadəsində olmuş daşınmaz əmlaka, yaşayış və torpaq sahəsinə faktiki sahiblik etmişdir. O, kəntdə olmadığı müddətdə razılığına əsasən torpaq sahəsi və yaşayış evi qohumları tərəfindən, o cümlədən hazırkı cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh özünə məxsus torpaq sahəsini mərhum atasının torpaq sahəsinə birləşdirmiş və onlardan ümumilikdə istifadə etmişdir. Hazırkı iddia tələbi üzrə münasibətdə cavabdeh əmisi oğludur. 2021-ci il tarixədək hər il ailə üzvləri ilə birlikdə kəndə gedib-gələndə həmin evdə qalmış, torpaq sahəsində olan meyvə ağaclarının barından istifadə etmişdir. Ev darısqal olduğundan cavabdehə ata yurdunda olan torpaq sahəsində münasib ev tikmək istədiyini bildirəndə, cavabdeh narazılıq etmiş və demişdir ki, həmin torpağı ona dövlət vermişdir və ona məxsusdur. Nəticədə mübahisələri yaranmışdır. Mübahisənin qarşılıqlı şəkildə həll edilməsi üçün bütün imkanlardan istifadə etsə də cavabdeh buna razılaşmamışdır. Belə ki, aidiyyəti üzrə Qəbələ rayon İcra Hakimiyyətinə, Kürd kənd İƏD Üzrə Nümayəndəliyə, Kürd Bələdiyyəsinə mərhum atasına məxsus torpaq və yaşayış sahəsinin təyinatı barədə müraciətlər etmiş və aldığı cavablardan məlum olmuşdur ki, torpaq sahəsinin cavabdehə verilməsi barədə heç bir məlumat yoxdur. Bununla bərabər kəntdə yaşayan bütün qohum-əqrəba da bilir və təsdiq edir ki, 0,15 ha torpaq sahəsi mərhum atasına məxsus olmuşdur. Ölən günədək həmin torpaq sahəsində tikilmiş evdə yaşamışdır. Artıq bu il kəntdə olan xeyr-şər məclislərində də iştirak etdiyi zaman cavabdeh onu ata yurduna girməyə qoymamışdır. Yaranmış mübahisəyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə mərhum atasına məxsus olmuş 0,15 ha torpaq sahəsini boşaltmalı və torpaq sahəsində mövcud olmuş və sonradan təyinatında dəyişiklik edilmiş yaşayış evindən çıxarılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiada göstərilənlər həqiqətə uyğun deyildir. Onun mübahisəyə çevirdiyi yaşayış evi ata babası tərəfindən 1925-ci ildə tikilmiş, qəzalı vəziyyətdə olduğu üçün 1958-ci ildə təmir edilərək istifadə üçün yararlı hala salınmışdır. Lakin evin kim tərəfindən təmir edildiyini iddiaçı qeyd etməmişdir. İddiaçı ilə o, əmi qızı, əmi oğludurlar. Ataları Həsən və Həsrət qardaş olmuşlar. Mərhum əmisi X6 01 iyun 1976-cı ildə vəfat etmişdir. Onların yaşadıqları ev babadan qalmış olduğuna və əmisinin heç kimi kənddə olmadığına görə təsərrüfat onların adına keçmişdir. İddiaçının hər il gəlib evdə qaldığı və həyətdə olan meyvə ağaclarının barından istifadə etməsi barədə fikirləri tamamilə yalandır. O, kəndə ilk dəfə məhkəmədə iddia qaldırmaq üçün gəlmişdir. Ümumilikdə isə miras olan əmlakı, nə varsa bacısı X2 qəbul etmişdir. Hələ miras qoyan şəxsin sağlığında və onun ölümündən sonra bütün torpaq vergilərini və digər kommunal xərcləri onlar ödəmişlər və bu gün də ödəməkdə davam edirlər. Bütün kənd camaatı, icra nümayəndəliyi və bələdiyyəsi iddiaçının heç bir torpaq vergisi və kommunal xərcləri ödəmədiyini bilirlər. Torpaq sahəsinə gəldikdə isə bildirir ki, mərhum əmisi 1976cı ildə vəfat etmiş aqrar islahatı 1996-cı ildə aparılmışdır. İddiaçı aqrar islahatı zamanı həmin ərazi üzrə qeydiyyatda olmadığına görə islahata gedən subyektlərin siyahısına daxil edilməmişdir. Bu səbəbdən də Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarına əsasən 0,30 ha torpaq sahəsi bacısı X1 mülkiyyətinə verilmiş və bu barədə ona JN-060F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” təqdim edilmişdir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. X7 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, İddiaçı mübahisəli evə gəlib getdiyindən məlumatlıdır. X5 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, İddiaçı mübahisəli evə gəlib getmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzhürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayadaya riayət edilməklə yaranır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan JN-060 F saylı, kod 40610018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünün ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998ci il tarixli 10 saylı qərarı ilə X1 mülkiyyətinə 0,30 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Ağdaş rayonu Kürd kəndində X3 təsərrüfatına dair 1964-1965-ci illər üzrə qeydə alınmış 83 saylı şəxsi hesaba dair təsərrüfat başı kitabından çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin təssərüfatda X3 adına 1925-ci ildə tikilmiş yaşayış evi və 0,15 hektar torpaq sahəsi qeydə alınmışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin 13 iyul 2022-ci il tarixdə ünvan ünvanladığı 180/B saylı məktubda X4 aid heç bir rəsmi sənədin olmadığı, lakin əldə olunmuş məlumata əsasən 1925-ci ildə onun öhdəsində olmuş ev qəzalı vəziyyətdə olduğundan 1958-ci ildə təmir edildiyi, hazırda həmin evdə X3 qardaşı oğlu Cavabdeh yaşadığı və onun təsərrüfatında olduğu göstərilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayonunun Kürd kəndi ərazisində 0,15 hektar torpaq sahəsində yerləşən və hazırda tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evi 1925-ci ildə tikilmişdir. Həmin ev qəzalı vəziyyətdə olduğundan 1958-ci ildə təmir edilmişdir. Ev Ağdaş rayonu Kürd kəndində X3 təsərrüfatına dair 1964-1965-ci illər üzrə qeydə alınmış 83 saylı şəxsi hesaba dair təsərrüfat başı kitabda X3 adında olduğu göstərilmişdir. Həmin ərazi üzrə Aqrar İslahatı keçirilən zaman Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə X1 mülkiyyətinə 0,30 hektar torpaq sahəsi verilmiş və ona JN-060 F saylı, kod 40610018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” təqdim edilmişdir. Hazırda fərdi yaşayış evində mülki iş üzrə Cavabdeh yaşayır. Mübahisəli evin yerləşdiyi 0,15 ha torpaq sahəsi də həmin 0,30 hektar torpaq sahəsinin hüdudlarındadır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qanunun mənasına görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində Cavabdeh ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Kürd kəndində yerləşən, mərhum atasına məxsus 0,15 ha torpaq sahəsindən və yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Lakin o, mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahəsinin mərhum atasından miras olaraq onun mülkiyyətinə keçməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətində olmasını sübut edən hüquq müəyyənedici mülkiyyət sənədini (Hüquqların dövlət qeydiyyatına dair DƏDRX-dən çıxarışı və s.sübutu) onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinin mülkiyyətçisi olmadığı halda, yəni qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verən mülkiyyət sənədini məhkəməyə təqdim etmədən Cavabdeh qarşı onun ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Kürd kəndində yerləşən, mərhum atasına məxsus 0,15 ha torpaq sahəsindən və yaşayış sahəsindən çıxarılmaları barədə iddia qaldırmışdır. İşin halları və eləcə də işdə olan JN-060 F saylı, kod 40610018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə müəyyən edilir ki, evin yerləşdiyi və tərəflər arasında mübahisələndirilən 0,15 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998ci il tarixli 10 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş 0,30 hektar torpaq sahəsindədir. Bir sözlə, İddiaçı iddia qaldırmış şəxs olaraq müvafiq subyektiv hüquqa malik deyildir. Buna görə də həmin əsasla onun iddiası təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-585/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-585/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver