Məhkəmə qərarları › İş №2(025)-602/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-602/2020

02.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-602/2020 02.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru x1, Cavabdeh1 nümayəndəsi x4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı x9 Mərkəzinin nümayəndəsi x2 iştirakları ilə, İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, Qəbələ şəhəi N.Apayev adına 4 saylı tam orta məktəbin direktorunun onun işdən azad edilməyi baərədə verilmiş 14 iyun 2017ci il tarixli, 36 nömrəli əmrin ləğv edilməsi və həmin məktəbdə işlədiyi ədəbiyyat müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1987-ci Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuşam. 24 iyun 2010-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Üniversitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır. 02 sentyabr 2013-cü il tarixdə, 55 nömrəli əmrlə Qəbələ şəhər N.Apayev adma 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə texniki işçi kimi işə qəbul olunmuş, 26 sentyabr 2014-cü il tarixdən 135 nömrəli əmrlə həmin məktəbdə ixtisası üzrə əvəzçi müəllim vəzifəsinə təyin edilmişdir. 14 iyun 2017-ci il tarixdə 36 nömrəli əmrlə müddətli işlədiyi üçün işdən azad edilmişdir. Lakin o, həmin əmr barədə məlumatsız olmuş və əmr rəsmi qaydada təqdim olunmamışdır. Amma faktiki olaraq o, 2017-2018-ci il tədris ilində də fənni üzrə müəllimlik etmiş, əmək haqqı almışdır. 2018-2019-cu il tədris ilində isə səhhəti ilə əlaqədar, yəni övladının səhhətinə görə pedoqoji fəaliyyətini davam etdirə bilməmişdir. O, hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin onunla bağladığı müddətli əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi müvəqqəti bağlanmış müqavilə göstərilmişdir. Həmin müqavilənin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. 14 iyun 2017-ci il tarixli, 36 nömrəli əmrin surəti ona 30 aprel 2020-ci il tarixdə müraciətindən sonra verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru x3 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 2014-cü ildə işə qəbul edilərək müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddətinin bitmə tarixi 14.06.2017-ci il müəyyən edilmişdir. 2017-ci il tarixdə diaqnostik qiymətləndirmədən keçmədiyi, müqavilənin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab 2017-ci ildə verilmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi x8 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ilə 2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, bu elektron bazada qeydiyyatdan keçirilmişdir. 2017-ci ildə müqavilənin müddətinin bitməsi əsası ilə işdən azad edilmişdir. İşdən çıxarılmasına dair əmr veriləndən 1 ay müddətinə şikayət edə bilərdi. Lakin, iddiaçı 3 il sonra məhkəməyə şikayət etmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı x9 Mərkəzinin nümayəndəsi x5 izahatında bildirdi ki, Allahverdiyeva (Ağayeva) Ülviyyə Samit qızı 26 sentyabr 2014-cü ildə 135 saylı əmrlə müvəqqəti olaraq Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə ixtisasi üzrə (Azərbaycan dili və ədəbiyyat) əvəzçi müəllim təyin olunmuş və müddətli əmək müqaviləsi bağlanmışdır. Allahverdiyeva (Ağayeva) Ülviyyə Samit qızı 14 iyun 2017-ci ildə 36 saylı əmrlə bağlanmiş əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. Allahverdiyeva (Ağayeva) Ülviyyə Samit qızı diaqnostiq qiymətləndirmədə iştirak etməmişdir. 15 sentyabr 2017-ci ildə Təhsil Nazirliyinin 287 saylı əmirinə əsasən Kürdəmir rayonu Beyi kənd orta məktəbinə ixtisasi üzrə müəllim təyin olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanmişdır. 16.10.2019-cu ildə ərizəsinə əsasən işdən azad olunmuşdur. Allahverdiyeva (Ağayeva) Ülviyyə Samit qızı 01 noyabr 2019-cu ildə 44 saylı əmrlə x11 Mərkəzinə müddətsiz müqavilə ilə dərnək rəhbəri vəzifəsinə təyin olunmuş və hal hazırda həmin müəssisədə çalışır. Sonda isə iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 02.09.2013-cü il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru x1 26.09.2014-cü il tarixli 135 saylı əmri ilə Qəbələ şəhər 4 saylı tam orta məktəbə əvəzçi müəllimə təyin edilmişdir. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın 26 sentyabr 2014-cü il tarixli 135 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmişdir. 15.09.2014-cü il tarixdə tərəflər (məktəb direktoru və iddiaçı) arasında bağlanmış əmək müqaviləsinə dair bildirişdən görünür ki, İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə 15 sentyabr 2014-cü tarixdən 14 iyun 2017-ci il tarixədək bağlanmışdır. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın 14 iyun 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 26 sentyabr 2014-cü il tarixli 135 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında müddətli əmək müqaviləsi bağlanmış, sonuncu dəfə əmək müqaviləsinin müddətinin hansı tarixdən hansı tarixədək artırılması barədə məlumat təqdim olunmamışdır. Məktəb direktorunun 14 iyun 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Bundan başqa iddiaçı 14.06.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız 02.06.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 02.06.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nəqarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar