Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-61/2022 10.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Ağakişi oğlunun, cavabdehin vəkili Vəkil1 və maraqlı şəxs Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh Ağakişi oğluna və maraqlı şəxs Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Ağakişi oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Alqı-satqı yolu ilə Qəbələ rayonunun Zarağan kəndi ərazisində aldığı 0.10 ha torpaq sahəsinin Cavabdeh Ağakişi oğlu tərəfindən zəbt edilmiş 0.05 ha hissəsinin, torpaq sahəsinin yuxarı hissəsinin kənarına çəkilmiş daş hasarın cavabdehin öz hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması, dövlət qeydiyyatı üçün ərazidə ölçü işlərinin aparılmasına törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, 23.01.2015-ci il tarixdə Qəbələ rayonu Zarağan bələdiyyəsindən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında nötarial qaydada təsdiq olunmaqla almışdır. Həmin torpaq sahəsi 0.10 ha olmaqla ƏMDK -nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 28.10.2014-cü İİ tarixdə satıcı (Zarağan bələdiyyəsinin sədri) X1 verilmiş və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən tam mülkiyyət hüququna malik olmuşdur. Qeyd olunan 0.10 ha torpaq sahəsinin alıcı olaraq satıcıdan (Zarağan bələdiyyəsinin sədri) alarkən satıcının pulunu 1250 manatı nəğd olaraq ödəmişdir. 0.10 ha torpağı alarkən həmin torpağın yüklülüyü olmamışdır. Torpaq sahəsini notarial qaydada alqı -satqı yolu ilə alandan bir müddət sonra 04.10.2018 - ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək 0.10 ha torpaq sahəsinin Daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınması və adıma çıxarışın verilməsini xahiş etmişdi. Ona verilən 10.10.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsi sənəd üzrə 0.10 ha olsa da faktiki olaraq sahənin ölçüsü (hektarla) 0.049 ha olmuşdur. Ona görə də həmin torpağın sərhədləri müəyyənləşdirilməlidir. 0.10 ha torpaq sahəsinin təxminən 0.05 ha cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməklə ərazidə tikinti işlərinin aparılmasına cəhd edilib, hətta hasarın bir hissəsi də çəkilib. Dəfələrlə ona irad tutulmasına baxmayaraq öz qanunsuz hərəkətlərini dayandırmamışdır. Əksinə ona məxsus torpaq sahəsinin yuxarı hissəsindən 1.5 m hündürlüyündə daş hasar çəkməklə böyük darvaza qoymuşdur. Cavabdehlə aparılan söhbətlərə baxmayaraq nəticəsi olmamışdır. Ona də qanuni yolla əldə etdiyi 0.10 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.05 ha hissəsinin boşaldılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qəbələ rayon notariat kontorunda 23.01.2015-ci il tarixdə təsdiq olunmuş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən (torpaq sahəsi) görünür ki, o, həqiqətən satıcı X1 0.10 ha torpağın dəyəri olan 12:50 manatı nəğd ödəmişdir. Bununla da onun müqavilənin predmeti olan 0.10 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ əmələ gəlmişdir. Cavabdehin maneələri üzündən torpaq üzərində hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə etdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Ağakişi oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı irəli sürdüyü iddia tələbləri tamamilə əsassızdır. O, iddiaçıya məxsus və ya digər hər hansı torpaq sahəsini zəbt etməmişdir. Hal-hazırda istifadəsində olan torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Buna dair o, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı da əldə etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi X7 izahatında bildirdi ki, iş üzrə mütəxəssis rəyi onun tərəfindən verilmişdir. Qəbələ rayonu, Zarağan kəndində yerləşən mübahisəli 0,1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Tərəfindən bütün olçmə işləri aparılmış, sahənin hüdudları müəyyən edilmişdir. Mübahisəli 0,1 ha torpaq sahəsinin cavabdeh tərəfindən 0,051 ha sahəsi zəbt olunmuş və ətrafı hasara alınmışdır. Həmin 0,1 torpaq sahəsinin zəbt olunmuş 0,051 ha sahəsi cavabdeh tərəfindən hasara alınan torpaq sahəsində yerləşir və həmin hasar iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə törədir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.1 ha torpaq sahəsinə dair 28.10.2014-cü il tarixdə, AA 006487 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmiş və hüquq sahibi olaraq Qəbələ Rayon Zarağan Bələdiyyəsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş 4Ə-69 saylı 23 yanvar 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X3 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.1 ha torpaq sahəsini 1250 manat qarşılığında alıcı İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 15.05.2015 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh Ağakişi oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 15.05.2015-ci il tarixdə, AA 009057 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(025)-1751/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur
1. Qəbələ rayonu, Zarağan kəndində yerləşən İddiaçı məxsus mübahisəli 0.1 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.
2. Qəbələ rayonu, Zarağan kəndində yerləşən İddiaçı məxsus mübahisəli 0.1 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (koordinatları müəyyən edilsin)
3. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı hasar var mı? Əgər zəbt olunmuş hissədə hasar varsa iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə həmin hasar maneə törədir mi? İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 26.11.2021-ci il tarixli **********14 saylı ekspert rəyindən görünür ki, işin araşdırılması üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri iddiaçı və cavabdehlərin iştirakı ilə torpaq sahəsində çöl ölçmə işləri aparmış və aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında araşdırma aparılmışdır. Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki,
1. Qəbələ rayonu, Zarağan kəndində yerləşən İddiaçı məxsus mübahisəli 0,1 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş, torpaq sahəsinin koordinatları və planı rəyə əlavə olunur.
2. Qəbələ rayonu, Zarağan kəndində yerləşən İddiaçı məxsus mübahisəli 0,1 ha torpaq sahəsinin cavabdeh tərəfindən 0,051 ha sahəsi zəbt olunmuş və ətrafı hasara alınmışdır.
3. İddiaçıya məxsus olan 0,10 torpaq sahəsinin zəbt olunmuş 0,051 ha sahəsi cavabdeh tərəfindən hasara alınan torpaq sahəsində yerləşir və həmin hasar iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə törədir. Ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, 4Ə-69 saylı 23 yanvar 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı X3 (alqı-satqı olan zaman Zarağan Bələdiyyəsinin sədri) Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.1 ha torpaq sahəsini 1250 manat qarşılığında alıcı İddiaçı satmışdır. Qeyd olunan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh qeyd olunan torpaq sahəsinin 0.051 ha hissəsində ölçü işlərinin aparılmasına iddiaçıya maneə yaradır. Həmçinin həmin torpaq sahəsini zəbt edərək, torpaq sahəsinin yuxarı kənarına daş hasar çəkmişdir. Hazırda iddiaçı alqı-satqı yolu ilə Qəbələ rayonunun Zarağan kəndi ərazisində aldığı 0.1 ha torpaq sahəsinin Cavabdeh Ağakişi oğlu tərəfindən zəbt edilmiş 0.05 ha hissəsinin yuxarı hissəsinin kənarına çəkilmiş daş hasarın cavabdehin öz hesabına sökülməsini və zəbt edilmiş torpaq sahəsinin boşaldılmasını, həmçinin dövlət qeydiyyatı üçün ərazidə ölçü işlərinin aparılmasına törədilən maneələrə son qoyulmasını tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı aparılan ekspertiza nəticəsində məlum oldu ki, iddiaçının mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, torpaq sahəsinin 0,051 ha sahəsi cavabdeh tərəfindən zəbt olunaraq ətrafı hasara alınmışdır. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayonu, Zarağan kəndində yerləşən İddiaçı məxsus 0.1 ha torpaq sahəsinin zəbt edilmiş 0.05 ha hissəsi Cavabdeh Ağakişi oğlu tərəfindən boşaldılmalı, həmin torpaq sahəsinin yuxarı kənarına çəkilmiş daş hasar cavabdehin öz hesabına sökülməli, torpaq sahəsində ölçü işlərinin aparılmasına Cavabdeh Ağakişi oğlu tərəfindən törədilən maneələrə son qoyulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh Ağakişi oğlundan tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia təmin edilsin. Qəbələ rayonu, Zarağan kəndində yerləşən İddiaçı məxsus 0.1 ha torpaq sahəsinin zəbt edilmiş 0.05 ha hissəsi Cavabdeh Ağakişi oğlu tərəfindən boşaldılsın və həmin torpaq sahəsinin yuxarı kənarına çəkilmiş daş hasar cavabdehin öz hesabına sökülsün. (Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq). Torpaq sahəsində ölçü işlərinin aparılmasına Cavabdeh Ağakişi oğlu tərəfindən törədilən maneələrə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh Ağakişi oğlundan tutularaq Azərbaycan Respublikasının ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elman İsayev