Məhkəmə qərarları › İş №2(025)-613/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-613/2020

03.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-613/2020 03.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil İsgəndər oğlunun, cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru x1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı x9 Mərkəzinin nümayəndəsi x3iştirakları ilə, İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, 1. Qəbələ şəhəri , 4 saylı tam orta məktəbin 14.06.2017-ci il tarixli 36 nömrəli əmrinin ləğv olunması, 2. əvvəlki işə bərpa olunmağı, 3. Əsasız və qanunsuz olaraq işdən çıxarıldığı dövür ücün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 17 avqust 1992-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı Humanitar Kollecini ibtidai sinif müəllimi ixtisası üzrə bitirməklə, 18 iyul 2012- ci il 3112 qeydiyyat və AA 015953 nömrəli diplom almışdır. 01 dekabr 2012-ci ildə Qəbələ şəhəri 4 saylı tam orta məktəbinə müəllim kimi işə qəbul olunmuşdur. Həmin müəssisəyə işə daxil olan da aralarında işə götürən müəssisə ilə əmək müqaviləsi bağlanmış, əmək kitabçanı təqdim etmişdir. Müəssisədə işlədiyi dövrdə kollektiv arasında özünə görə hörməti olmuşdur. Müəssisənin rəhbərliyi tərəfindən verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. İşdən çıxarılmağını 2019-cu ilin sonunda biləndən sonra Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə 2019-cu ilin dekabr ayında rəsmi olaraq müraciət etmişdir. Buna görə də müfəttişlik tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məktəbin 14 iyun 2017-ci il tarixli 36 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmsı) əsası ilə əmək münasibətlərinə xitam verildikdən sonra da 2018-ci ilin iyun aymadək məktəbdə dərs demişdir. Müfəttişliyin araşdırması zamanı müəyyən edilmişdir ki, məktəblə arasında bağlanmış əmək müqaviləsinin müddəti 15.09.2017-ci il tarixdə qutardığı halda əmək qanunvericiliyin tələbləri məktəb direktoru tərəfindən pozularaq müqaviləyə 14.06.2017- ci il tarixdə xitam verilməklə qanunla qorunan hüquqların kobud sürətdə məktəb rəhbərliyi tərəfindən pozulmuşdur. Araşdırma zamanı məktəbin onu əmək fəaliyyətinə cəlb etməklə qanunu pozulduğu müəyyən edilmişdir. Buna görə də məktəblə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsindən xəbəri olmamış və yalnız 2019-cu ilin dekabr ayında bilərək bu barədə müfəttişliyə araşdırma ücün müraciət etmişdir. Onun barəsində cavabdehlər tərəfindən əmək qanunvericiliyinin normaları pozulmuş və qanunsuz olaraq işdən çıxarılmışdır. İşdən çıxarıldığı vaxtdan ona məktəb bildirmədiyi üçün qanunla müəyyən olunan müddətdə işə bərpa barədə məhkəməyə iddia verə bilməmişdir. Cavabdeh məktəb direktoru əsassız əmrlə onu işdən azad etmiş, ona işdən çıxarıldığını bildirməmiş və qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, hazırkı mübahisə üzrə araşdırma aparmış Dövlət Əmək Müfəttişliyinin 01 may 2020-ci il tarixli məktubundan görünür ki, onun işdən azad olunmağı barədə 14.06.2017-ci il tarixli əmr verildikdən sonra məktəbin direktoru 2017-2018-ci tədris ilində onu işə cəlb etmişdir. Öz əmək fəaliyyətini əvvəlki qaydada davam etdirmişdir. Eyni zamanda məsələnin mahiyyətindən görünür ki, 14.06.2017-ci il tarixli əmrdən onun xəbəri olmamış, onun müddətli əmək müqaviləsinin qurtarma vaxtı 15.09.2019-cu il tarixə müəyyən edildiyindən hesab etmişdir ki, işəgötürənin onunla müddətli əmək müqaviləsinə xitam vermək niyyəti yoxdur və, o da öz növbəsində Əmək Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq əmək münasibətlərini yeniləmək niyyəti ilə öz əmək fəliyyətini qarşılıqlı anlaşma əsasında davam etdirmişdir. Bu niyyətinin və hərəkətlərinin əsasını cavabdehlə aralarında bağlanmış və 15.09.2019-cu il tarixdə başa çatmalı olan müddətli müqaviləyə işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməməsini hesab etməyi olmuşdur. Lakin onun məlumatı olmamışdır ki, müqavilə müddəti başa çatmamış, işgötürən müqaviləyə xitam verilməsi barədə qanunsuz əmr imzalamışdır. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edəniddiaçının vəkili Vəkil İsgəndər oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru x4 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 2012-ci ildə işə qəbul edilərək müddətli əmək müqaviləsi bağlanmışdır. 2017-ci il tarixdə diaqnostik qiymətləndirmədən keçmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab 2017-ci ildə verilmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı x11 Mərkəzinin nümayəndəsi x7 izahatında bildirdi ki, Mustafayeva (Eyyublu) Aynur Cahangir qızı 01 dekabr 2012-cü ildə 87 saylı əmrlə müvəqqəti olaraq Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə ixtisasi üzrə (ibtidai sinif) əvəzçi müəllim təyin olunmuşdur. Belə ki, məktəbin analıq məzuniyyətinə çixmiş ibtidai sinif müəllimi x2 dərslərinin tədrisi müvəqqəti olaraq ona verilmiş və müddətli əmək müqaviləsi bağlanmışdır. Mustafayeva (Eyyublu) Aynur Cahangir qızına 17 iyun 2017-ci ildə 36 saylı əmrlə bağlanmiş əmək müqaviləsinə xitam verilmiş və son hesab ödənilmişdir. Mustafayeva (Eyyublu) Aynur Cahangir qızı diaqnostiq qiymətləndirmədə iştirak etməmişdir. Sonda isə iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 01.12.2012-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru x1 01.12.2012-ci il tarixli 87 saylı əmri ilə Qəbələ şəhər 4 saylı tam orta məktəbə əvəzçi müəllimə təyin edilmişdir. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın 01 dekabr 2012-ci il tarixli 87 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmişdir. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın 17 iyun 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 01 dekabr 2012-ci il tarixli 87 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında müddətli əmək müqaviləsi bağlanmış, sonuncu dəfə əmək müqaviləsinin müddətinin hansı tarixdən hansı tarixədək artırılması barədə məlumat təqdim olunmamışdır. Məktəb direktorunun 17 iyun 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Bundan başqa iddiaçı 17.06.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız 05.06.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 05.06.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nəqarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar