Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-620/2022 14.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələri, zamin müqaviləsi üzrə mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1235 (min iki yüz otuz beş) manat məbləğində pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona qohum olan yəni, həyat yoldaşının xalası oğlu, Cavabdeh "Nikoyl" İKB -ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, "Nikoyl" İKB-dən 24 ay müddətində qaytarılmaq üzrə illik 28 faizlə 3400 manat kredit almışdır. Borc üzrə öhtəliyin icrasını təmin etmək məqsədilə xx.xx.2015 ci-il tarixli onunla bağlanmış zaminlik müqaviləsi olmuşdur. Cavabdeh ilə aralarında şifahi olaraq razılaşdılar ki, bankdan götürülən pulu bölək yəni, onun daha çox ehtiyacı olduğu üçün pulun bir çox qismini o, aldı. Pərviz isə bankdan aldıqları puldan 800 manat götürdü və belə razılaşdılar ki, hərə öz payına düşən məbləği ödəsinlər və Pərvizə aid olan məbləğ yəni 800 manat və həmən məbləğin faizi bitdikdən sonra ödənişi dayandıracaqdı. Lakin Pərviz heçbir pul ödəmədi. Belə ki o, öz üzərinə düşən məbləği ödəsə də Pərviz ödəmədiyi üçün o, ödədiyi pullar gecikdirilmiş faizlərə çıxılırdı. Pərvizin ödəmədiyi məbləğə görə faiz borcları yığılaraq, "Nikoyi" İKB 2016 ci-il tarixdə Cavabdeh və ona qarşı borcun qaytarılması tələbiylə bağlı məhkəməyə müraciyyət etdi. Qəbələ Rayon Məhkəməsi 29 sentyabr 2016 ci-il tarixdə 2(025)-2751/2016 saylı məhkəmə əmri ilə Cavabdeh və ondan "Nikoyi" İKB-nin xeyrinə 2719 manat əsas, 594 manat faiz, 20 manat dövlət rüsumu olmaqla cəmi 3313 manat pulun tutulmasına dair əmr çıxarılmışdır. Məhkəmə əmrindən sonra bir neçə müddət ona bankdan ya da icra və probasiya şöbəsindən heç bir məlumat gəlmədi. Artıq düşünürdü ki yəqin Pərviz borcu bağlayıb. Lakin 2019-cu il tarixdə onun əmək haqqının 50 faizini tutularaq bankın xeyrinə ödənildiyində anladı ki Pərviz kredit borcunu bağlamayıb. O, Pərvizlə görüşdü dəfələrlə telefon əlaqəsi yaradıb dedi ki banka olan borcuvu bağla ki əmək haqqından tutulmalar dayansın, Pərviz isə ona pulu ödəyə bilməyəcəyini bildirdi. O, məcbur qalaraq Pərvizin yerinə "Nikoyi" İKB xeyrinə əmək haqqından tutulmalarla birlikdə 1235 manat pulu ödəyərək borcu tamamilə bağladı. Lakin Pərviz bugünə qədər ona qaytarmalı olduğu 1235 manat puldan heçnə qaytarmayıb. Ondan pulunu isdədikdə isə ona müxdəlif bəhanələr gətirir. Buna görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli oldu. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 05 aprel 2022-ci il tarixli, 22/005 saylı arayışdan görünür ki, "xxxx" MMC-nin X3 mehmanxanasında "Nəzarət və buraxılış xidməti əməkdaşı" vəzifəsində işləmiş İddiaçı əmək haqqısından 2019-cu ilin mart və aprel aylarında tutulma edilərək aşağıda qeyd olunan tarixdə təqdim olunmuş müvafiq bank hesabına ("Nikoil İKB ASC-nın Bərdə Filialındakı bank hesabına) köçürülmə olunmuşdur.
1. xx.xx.2019-cu il tarixində 161,00 azn
2. xx.xx.2019-cu il tarixində 186,54 azn İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-2751/16 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, Borclular xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və xx.xx.1989-cu ildə Qəbələ rayonunda anadan olan, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan İddiaçı birgə qaydada kreditor ünvan 2 ünvanda yerləşən «Nikoyl» X1 xeyrinə 2719 (iki min yeddi yüz on doqquz) manat əsas borc və 594 (beş yüz doxsan dörd) manat faiz borcu, cəmi 3313 (üç min üç yüz on üç) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 1012D2995 saylı məktubdan görünür ki, 5-Z1-1-0-1160-15 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi ilə təmin edilən kredit öhdəliyi icra edilmiş və bu səbəbdən onun "xxxx" ASC qarşısında öhdəliyi mövcud deyil. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı kredit müqaviləsi üzə "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixdə ümumilikdə 734 manat ödəniş etmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidlinin 16 mart 2022-ci il tarixli Qərarına əsasən borc tam şəkildə ödənildiyindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-2751/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «Nikoyl» X2 ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli, 5-Z1-1-0-1160-15 nömrəli Kredit Müqaviləsinə əsasən borcalana illik 28 % olmaqla 24 ay müddətinə 3400 (üç min dörd yüz) manat məbləğində kredit verilmişdir. Borc üzrə öhdəliklərin icrasının təmini kimi zamin (iddiaçı) İddiaçı ilə «Nikoyl» X2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh ilə iddiaçı aralarında şifahi olaraq razılaşaraq bankdan götürülən pulu bölmüşlər. Cavabdeh kredit götürülən puldan 800 manat, iddiaçı isə qalan hissəsini götürmüşdür. Tərəflər hərə öz payına düşən məbləği ödəmək barədə razılığa gəlmişlər. iddiaçı özünə aid olan hissədə ödənişləri həyata keçirsə də, Cavabdeh heç bir ödəniş etməmişdir. Kredit müqaviləsinin şərtlərinə borclu və zamin tərəfindən əməl edilməmiş, onlar, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazmi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən «Nikoyl» X1 iddiasına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-2751/16 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, Borclular xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və xx.xx.1989-cu ildə Qəbələ rayonunda anadan olan, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan İddiaçı birgə qaydada kreditor ünvan 2 ünvanda yerləşən «Nikoyl» X1 xeyrinə 2719 (iki min yeddi yüz on doqquz) manat əsas borc və 594 (beş yüz doxsan dörd) manat faiz borcu, cəmi 3313 (üç min üç yüz on üç) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Buna baxmayaraq Cavabdeh özünə aid olan hissədə yenə də heç bir ödəniş etməmiş, qalıq borcun tutulması İddiaçı əmək haqqına yönəldilmişdir. İddiaçı cavabdehin yerinə "Nikoyi" İKB xeyrinə əmək haqqından tutulmalarla birlikdə 1235 manat pulu ödəyərək borcu tamamilə bağlamışdır. Hazırda iddiaçı subsidiar qaydada Cavabdeh onun xeyrinə 1235 (min iki yüz otuz beş) manat məbləğində pulun və ödədiyi 32 (otuz iki) manat dövlət rüsumunun tutulmasını tələb edir. İş materiallarından göründüyü kimi, iddiaçı banka cəmi 1235 manat ödəniş etmiş və tələb üzrə hüquqlar həmin həcmdə iddiaçıya keçmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1235 (bir min iki yüz otuz beş) manat pul vəsaiti və 32 (otuz iki) manat dövlət rüsumu olmaqla, cəmi 1267 (bir min iki yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçıb xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 1235 (bir min iki yüz otuz beş) manat pul vəsaiti və 32 (otuz iki) manat dövlət rüsumu olmaqla, cəmi 1267 (bir min iki yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev