Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-704/2022 28.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdeh X1rşı “torpaq sahəsinin ölçülməsinə əsaslı şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “torpaq sahəsinin ölçülməsinə əsaslı şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbində bir cavabdehə bir biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddiaçı iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi əməkdaşlarının iştirakı ilə münaqişə predmeti sayılan 1,49 ha torpaq sahəsinin ölçülməsinə şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunmasını tələb etmişdir. Göründüyü kimi hazırkı tələblər eyni tərəflər arasında olsa da, mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Belə ki, torpaq sahəsi ölçüldükdən və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin istifadə edilməsi müəyyən olunduqdan sonra iddiaçı torpaqdan istifadə hüququnun bərpa olunması ilə bağlı məhkəməyə müraciət edə bilər. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı cavabdehlərin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), o cümlədən əlaqə nömrələrini iddia ərizəsində göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı iddia ərizəsinə sübut kimi əlavə etdiyi sənədlərin cavabdehə çatacaq surətlərini əlavə etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə” bildirişdə göstərilmişdir ki, “aparılan araşdırma nəticəsində torpaq sahəsində uyğunsuzluqların olduğu aşkar olunmuşdur. Belə ki, JN-044F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mülkiyyətlərində olan faktiki torpaq sahəsi, sənəd üzrə göstərilən torpaq sahəsindən azdır və həmin torpaq sahəsi üzərində mübahisə mövcuddur.” Beləliklə, iddiaçı cavabdeh tərəfindən həmin torpağın ölçülməsinə maneə yaradılması barədə sübut təqdim etməmiş, əksinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş imtinada torpaq sahəsi üzərində uyğunsuzluq olduğu müəyyən edilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(025)-23/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, hazırkı iddia tələbi üzrə İddiaçı cavabdehlər X9 və X6rşı “xüsusi mülkiyyətində olan torpaq sahələrindən cavabdehlərin məcburi qaydada çıxarılmaqla torpağın boşaldılması, onlar tərəfindən törədilən maneələrə son qoyulması və həmin torpaqdan özbaşına yığdıqları məhsulun dəyərinin alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 24.10.2018-ci il tarixli 11295 nömrəli rəydə göstərilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-044F saylı və JN-044G saylı, kodu 40600068 şəhadətnamələr ilə İddiaçı, X2, X3, X7 və X4 ümumi birgə mülkiyyətində olan 1,49 ha və 0,21 ha torpaq sahələri, eləcə də “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 23 may 2007-ci il tarixli, 56 saylı müqavilə əsasən İddiaçı istifadəsinə verilmiş 0,43 ha torpaq sahəsi cavabdehlər X8 və Cavabdeh istifadəsində deyildir.” Göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan da göründüyü kimi cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz zəbt etməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir. Hazırkı halda isə iddiaçı iddia ərizəsində cavabdehin ona hansı maneə törətməsini sübuta yetirə bilməmiş və bu maneənin nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə iddiaçıya izah edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış imtina məktubunda da “torpaq sahəsi üzərində uyğunsuzluq olduğunun müəyyən edilməsi” qeyd edilmiş və həmin imtina məktubu ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1rşı “torpaq sahəsinin ölçülməsinə əsaslı şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-704/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-704/2022
28.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver