Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-723/2021 19.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X3, iddiaçının vəkili X11 və Cavabdeh iştirakları ilə İddiaçı X3 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində JN-634 saylı kodu 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə birgə paylı mülkiyyətlərinə verilmiş 0,72 ha torpaq sahəsindən istifadəyə son qoyulması, çəkilmiş ağac hasarın (çəpərin) sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı keçirilən zaman ailə üzvlərinə Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə paylı mülkiyyətlərinə verilmiş və JN-634, kodu 40614018 olan dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin birgə paylı mülkiyyətlərinə verilməsində xeyli müddət keçməsinə baxmayaraq hazırki dövrədək istifadə edə bilmirlər. Belə ki, Cavabdeh torpaq sahəsinin kənarına ağac hasar (çəpər) çəkərək torpaq üzərində mülkiyyət hüquqlarını pozmaqla 0,72 ha torpaq sahəsini tam olaraq zəbt etməklə istifadələrinə imkan vermir. Dəfələrlə cavabdehlə danışıqlarla ərazinin boşaldılmasını tələb etməkdə nəticəsi olmamış və mübahisənin həlli məqsədilə Mıxlıqovaq kənd İƏN-nə kənd bələdiyyəsinə, Qəbələ rayon İcra hakimiyyətinə və Daşınmaz əmlakın Dövlət reyestri xidmətinə müraciətlər nəticə verməmişdir. Bütün təşkilatlar məhkəməyə müraciət edilməsini tövsiyyə etmişlər. Cavabdehdən özünün və ailə üzvlərinin birgə paylı mülkiyyətlərinə verilmiş 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin geri alınmasının mümkün olmaması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı X9 qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş rəy ilə tanış olmuşdur. Rəydə onun mülkiyyətinə verilmiş 1.23 ha torpaq sahəsinin 0,72 ha hissəsinin Cavabdeh tərəfindən zəbt olunduğu müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X3 vəkili X16 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçının hal-hazırda boşaldılmasını tələb etdiyi torpaq sahəsi 1985-ci ildən onun istifadəsində olmuşdur. 1997-ci ildə torpaq sahəsi bölünəndə onun istifadəsində olan torpaq sahəsi başqalarına düşmüşdür. Tərəflərlə qarşılıqlı razılığa gəlmişlər. İddiaçıya “Tala” deyilən ərazidə 0,50 ha torpaq sahəsi vermiş və iddiaçı həmin torpaq sahəsini həmişə əkibbecərmişdir. Bu il isə iddiaçı həmin torpaq sahəsini əkib-becərməmişdir. Həmçinin iddiaçının boşaltmasını tələb etdiyi torpaq sahəsində fındıq, şabalıd və alma ağacları əkmişdir. Torpaq sahəsi iddiaçıya verildiyi təqdirdə isə onun bağ sahəsinə çəkdiyi xərcin ona verilməsini tələb edir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin izahatlarınıdinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İşdə olan JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X3, X6, X10, X7, X4 və X8 birgə mülkiyyətinə 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-029A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X14, X15, X13 və X12 birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0534 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X14, X15, X13 və X12 birgə mülkiyyətinə 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-534 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X14, X15, X13 və X12 birgə mülkiyyətinə 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29sentyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasənX3, X6, X10, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin iddiaçı tərəfindən göstərilən mübahisə predmeti olan 634 B cizgisindəki 0,72 hektar hissəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X10, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən 0,72 hektar hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X10, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən Cavabdeh tərəfindən istifadə olunan 0,72 hektar hissəsində tikili inşa edilməmişdir. Sözügedən 0,72 hektar torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsi cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmışdır. Hasar iddiaçının torpaq sahəsinə bilavasitə giriş-çıxışın qarşısını aldığı üçün torpaq sahəsindən istifadəsinə maneəçilik törədir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən X5 ünvanlanmış 27 avqust 2020-ci il tarixli, 2/1544/M-94-18 nömrəli məktubda Mıxlıqovaq kənd sakini Cavabdehla aralarında olan mübahisənin aralarında razılaşma olmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Mıxlıqovaq X1 ünvanladığı 11 avqust 2020-ci il tarixli, 33 nömrəli məktubda göstərilmişdir ki, pay torpağının Cavabdeh tərəfindən qanunsuz zəbti bələdiyyənin səlahiyyətlərinə daxil deyildir. Ərazinin tanıdılması ilə bağlı Ünvan kadastr idarəsinə müraciət edilməli, tanıdılmış ərazidən istifadəsi zamanı təkrar çətinliklərə qarşılaşdığı təqdirdə isə məhkəmə müraciət edilməlidir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Mıxlıqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X5 ünvanlanmış 10 avqust 2020-ci il tarixli, 510 nömrəli məktubda göstərilmişdir ki, mübahisəli əmlak məsələləri onlar səlahiyyətində olmadığından məhkəməyə müraciət edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən X5 ünvanlanmış 09 iyul 2020-ci il tarixli, **********84 nömrəli məktubda göstərilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi başqa vətəndaşın istifadəsində olduğundan və torpaq sahəsi üzərində mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki,Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X10, X7, X4 və X8ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Lakin iddiaçı və onun ailə üzvlərimülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyindəQəbələ rayon AİKin 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X10, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən 0,72 hektar hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən Cavabdeh tərəfindən istifadə olunan 0,72 hektar hissəsində tikili inşa edilməməsi, sözügedən 0,72 hektar torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsinin cavabdeh tərəfindən kollu çəpərlə hasarlanması, hasarın iddiaçının torpaq sahəsinə bilavasitə giriş-çıxışın qarşısını aldığı üçün torpaq sahəsindən istifadəsinə maneəçilik törətməsi göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı və mütəxəssis rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 1,23 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997ci il tarixli 25 nömrəli qərarı ilə JN-0634 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X3, X6, X10, X7, X4 və X8 mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilən 0,72 hektar hissəsi Cavabdeh istifadəsində olduğundan və həmin hissə Cavabdeh tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr qismən mövcud olduğundan iddia tələbi əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən çəkilmiş ağac hasarın (çəpərin) sökülməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində0,72 hektar torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsinin cavabdeh tərəfindən kollu çəpərlə hasarlanması, hasar iddiaçının torpaq sahəsinə bilavasitə giriş-çıxışın qarşısını aldığı üçün torpaq sahəsindən istifadəsinə maneəçilik törətməsi göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsində fındıq, şabalıd və alma ağaclarından ibarət bağ salmışdır və həmin bağın salınması üçün çəkdiyi xərci tələb etmişdir. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş fındıq, şabalıd və alma ağaclarının dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 311,0 (üç yüz on bir) manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına ödənilmiş və iddiaçı həmin məbləği cavabdehhən tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, JN-0634 (Kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində X3, X6, X10, X7, X4 və X8 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-634B cizgisində göstərilmiş 0,72 ha hissəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsində cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpər sökülməli və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. JN-0634 (Kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində X3, X6, X10, X7, X4 və X8 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-634B cizgisində göstərilmiş 0,72 ha hissəsindən Cavabdeh çıxarılsın, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsində cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpər sökülsün və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-723/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-723/2021
19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver