Məhkəmə qərarları › İş №2(025)-754/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-754/2021

18.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-754/2021 18.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı X1 və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı X2 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firudin oğlunun JN-220 Kod 40613018 olan Torpağa mülkiyyət hüququqna dair Dövlət Aktına əsasən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.33 ha torpaq sahəsinə JN-220 Kod 40613018 olan Torpağa mülkiyyət hüququqna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışdır. Lakin bir müddətdən sonra o, 2001-ci il tarixində Mirzəbəyli kənd Bələdiyyəsinin binasında 0.33 ha torpaq sahəsinin Mirzəbəyli kəndi ərazisindəki 0.30 ha hissəsini Cavabdeh Firudin oğluna köhnə məzənnə ilə 350.000 (indiki 70 manat) manata öz aralarında uzunmüddətli icarə müqaviləsi bağlayaraq vermişdir. Artıq 20 ilə yaxındır Cavabdeh Firudin oğlu ona məxsus Dövlət Aktına əsasən verilmiş torpaq sahəsini istifadə edir və bir neçə il bundan əvvəl cavabdeh şəxsə torpaq sahəsini boşaldılmasını və ona qaytarılmasını tələb etsə də, əvəzində onunla razılığa gələrək dəyərini ödəyəcəyini və ya digər torpaq sahəsi ilə əvəzləşdirəcəyini bildirsədə vədinə əməl etməmişdir. Bu barədə o, aidiyyatı orqanlara (İcra nümayəndəliyinə, Bələdiyyəyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə) müraciət etməyinə baxmayaraq, cavabdeh barəsində hər hansı tədbir görə bilmədiklərini və tərəflər arasında mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələblərini müdafiə etdi, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2001-ci ildə iddiaçının özü onun atasına müraciət edərək maddi vəziyyəti ağır olduğundan torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Mübahisəli torpaq sahəsini iddiaçı onlara 35 şirvana satmışdır. Onlar həmin sahəni əkib-becəriblər, mütamadi olaraq vergi ödəyiblər. Onların arasında 99 illik müqavilə bağlanıb. Müqavilənin bağlanmasından hələ 20 il ötüb. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-220 saylı, kod 40613018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində X1 mülkiyyətinə 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2001-ci il tarixli icarə müqaviləsindən görünür ki, X2 ilə X4 arasında bağlanmış müqaviləyə əsasən X2 özünə məxsus 0.3 ha torpaq sahəsini Mirzəbəyli kənd sakini X3 uzun müddətli (99 il) icarəyə vermişdir. Məhkəmə iddiaçının “torpaq sahəsinin boşaldılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən mübahisəli 0.33 ha torpaq sahələri JN-220 saylı, kod 40613018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə X1 mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı qeyd olunan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının olduğunu, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaç X2 Cavabdeh Firudin oğlunun JN-220 Kod 40613018 olan Torpağa mülkiyyət hüququqna dair Dövlət Aktına əsasən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsini cavabdeh tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı X1 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X1 Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar