Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-813/2020 14.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli X-20/10 saylı əmrinin ləğv edilməsi (etibarsız hesab edilməsi), onun Cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat vəsaitini tutlub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 15 ilə yaxındır «xxxxx» şirkətinin X29nda işləyir. İndiyədək həmin zavodda müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu dəfə təsərrüfat şöbə rəisi vəzifəsinin icrası ona həvalə edilmişdir. İşlədiyi müddətdə həmişə öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Bütün bu illərdə var gücünü, enerjisini, qabiliyyətini şirkətin yolunda sərf etmişdir. Lakin 2020-ci ilin iyun ayının 19-da o, birdən-birə ən ağır intizam tənbehi ilə işdən çıxarılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq onunla olan əmək münasibətlərinə xitam vermişdir. Bununla da o, qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Kadrlar şöbəsində mütəxəssis vəzifəsini daşıyan Aynur Maqsudova ona və zavoddakı bir çox işçilərə qarşı ayrıseçkilik etmiş, qərəzli mövqe tutmuş, qəsdən və bilərəkdən onları ləkələməyə və nüfuzdan salmağa çalışmışdır. Bir müddət bundan əvvəl ona və bir sıra işçilərə haqsız yerə töhmət verilməsinə nail olmuşdur. Onun bir çox işçilərə qarşı qərəzli mövqe tutması və zavod rəhbərliyini də yanıltması nəticəsində zavodda xeyli sayda işçilərin ondan narazı qalmasına, ona qarşı öz etirazlarını ifadə etmələrinə səbəb olmuşdur. O isə bu etirazları bəhanə edərək, işçilərin işdən çıxarılmasına çalışmaqdadır. Nəticədə bir neçə işçi haqsızlıqlara görə məhkəməyə müraciət etmişdir. Zavaodda qeyd olunan halların şahidi olan xeyli sayda işçilər vardır. Aynur Maqsudovanı belə hərəkətlərə kimin vadar etdiyini bilmirlər. Ancaq o, haqsız hərəkətlərinə davam etməkdədir. Son zamanlar şöbədə guya bir sıra işçilərin maaşlarının kəsilməsinə səbəb olmağı barədə sözsöhbətlər gəzdiyinin şahidi olmuşdur. Bu onu hiddətləndirmiş və o, 10 iyunda zavodun kadrlar şöbəsinə yaxınlaşaraq söz-söhbətlər barədə öz fikrini bildirmişdir. Barəsində olan belə məlumatların doğru olmadığını, belə şaiələrin yayılmasının ikrah hissi doğurduğunu, belə halların yolverilməz olduğuna dair öz fikirlərini səsləndirmişdir. X2 danışmış və ona «tərbiyəsiz» demişdir. Ona qarşı dediklərini qaytarmışdır. Bundan sonra mübahisə olmaması üçün otaqdan çıxmışdır. Buna görə direktor müavini Rahib Kərimov onu otağına çağırmışdır. X15 və maliyyə mütəxəssisi olan Kənan Şahverənovun da həmin otaqda olduğunu görmüşdür. Rahib Kərimov ondan nə baş verdiyini soruşduqda hadisəni olduğu kimi ona danışmışdır. Bu zaman Kənan Şahverənov və Aynur Maqsudova ona qarşı çıxaraq üstünə cummuş, ona «tərbiyəsiz» deyərək üzərinə gəlmişlər. Buna görə də onlardan uzaqlaşmış və Rahib Kərimovla həyətə düşmüşlər. Həmin vaxtı Aynur Maqsudova arxalarınca həyətə çıxaraq «səni bu zavoddan rədd edəcəyəm» deyə qışqırmışdır. Ona cavab verməmiş və nəzakətli davranmışdır. Bütün olanlar bunlardan ibarət olmuşdur. O, heç kimi təhqir etməmiş və heç kiminlə nəzakətsiz davranmamışdır. Aydındır ki, onun buna görə işdən çıxarılması adı çəkilən şəxslərin qərəzli hərəkətlərinin nəticəsidir. Onun tərəfindən heç bir qanun və qayda pozuntusu olmamışdır. Sadəcə öz fikrini bildirmiş, zavodda olanlara dair öz fikirlərini səsləndirmişdir. Əmək Məcəlləsində işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin öz fikrini bildirməsi nəzərdə tutulmamışdır. İşçinin müəssisədə olanlar barədə iradını bildirməsi, öz fikirini, sözünü, düşüncələrini söyləməsi qanunazidd hərəkət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Konstitusiyanın 47-ci maddəsi fikir və söz azadlığına təminat verir. Fikir və sözün azadlığına birlikdə təminat verməsi onların bir-biri ilə sıx bağlılığından xəbər verir. Fikir insanın ayrılmaz xüsusiyyəti olan düşüncənin, təfəkkürün nəticəsi, insan beyninin fəaliyyətinin məhsuludur. Fikir azadlığı-insanın predmet, hadisə, ətraf mühitə öz münasibətini müəyyən etmək, bütün baş verənlər ilə bağlı azad inamını formalaşdırması ilə əlaqədar onun təbii, anadangəlmə xüsusiyyətidir. İnsanın ətraf aləmə subektiv münasibəti, onun inamı-şəxsiyyətin həyat tərzinin özünəməxsusluğunun, təkrarolunmazlığının ayrılmaz tərkib hissəsidir. Fikir azadlığının təminatı insanın sərbəst, müstəqil düşünməsinin məhdudlaşdırılmasının müdəfiəsində ifadəsini tapır. Fikir azadlığı o deməkdir ki, insanı onun iradəsindən kənar, başqa cür düşünməyə məcbur etmək olmaz. Fikir insanın nailiyyəti kimi digərlərindən gizli qala bilər. Lakin bir qayda olaraq fərd ətraf aləm, hadisələrə öz münasibətini bildirmək, bu münasibəti kollektiv, cəmiyyət, digər insanlara ötürmək istəyir. Bu tələbatı ödəmək üçün insan söz azadlığına malkidir. Fikirlərini, düşüncələrini açıq şəkildə ifadə etdiyi üçün onunla naməlum səbəblərdən şəxsi qərəzliyi olan zavodun səlahiyyətli şəxsləri tərəfindən işdən uşaqlaşdırılmışdır. Halbuki, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsu ilə ləğv edilə bilər. Dana sonra ona həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmağı barədə qeydlərin aparıldığı əmək kitabçası və əmrin surətini təqdim etmişlər. Bunun haqsızlıq olduğunu bəyan etməklə etiraz etmişdir. Tanıdıgı bir çox şəxslərə öz gileyini, narazılığını və şikayətini bildirmişdir. Bundan sonra onu çağırıb demişdilər ki, əgər öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazsa əmək kitabçasını düzəldə bilərlər. Yəni qeyd olunan maddəni yazmazlar. Bu minvalla ondan ərizə almışlar. Bundan sonra ondan təkrar olaraq əmək kitabçasını istəmiş və düzəliş etdiklərini bildirmişlər. Lakin düzəliş etməmişlər. Belə tutarsız davranışları görüb ərizə yazmağına peşiman olmuş və əizəsini geri götürmüş, məhkəməyə müraciət etməyə qərar vermişdir. Onunla əmək müqaviləsi bağlanmış, hər dəfə vəzifə dəyişiklikləri olanda da yeni əmək müqavilələri ona imzalatdırılmış, lakin bu müqavilələrin bir nüsxəsi verilməmişdir. Bu hal da ayrıca qanun pozuntusudur. Buna görə də onunla bağlanmış əmək müqaviləsini məhkəməyə təqdim edə bilmir. Onun işdən çıxarılmağı, onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə direktor müavini Rahib Kərimovun imzaladığı və möhürlə təsdiq etdiyi Cavabdeh MMX-nin xx xxxx 2020-ci il tarixli X-20/10 saylı əmr qanuna ziddir və ləğv olunmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin «qeyd» hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zəzərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutulması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd olunan hadisələrin ona mənəvi zərər vurduğu şübhəsizdir. Baş verənlər onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməyinə gətirib çıxartmışdır. Buna görə də ona dəyən mənəvi zərərin əvəzini tələb etməkdə haqlıdır. Dəymiş mənəvi zərərə görə kompensasiya miqdarını 5000 (beş min) manat olaraq müəyyənləşdirmişdir. Mülki işin məhkəmə baxışı mərhələsində İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəməyə vermiş olduğu iddianı «işə barpa olunma tələbinə dair» iddia ərizəsi kimi qəbul edilməsini və işə bərpa olunmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli X-20/10 saylı əmrinin ləğv edilməsi (etirabsız hesab edilməsi), onun cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə işə bərpa edilməyi, xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək mücburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X3 iddianı müdafiə edərək, qeyd olunanlara uyğun izahat verib göstərmişdir ki, işəgötürən tərəfindən İddiaçı qarşı qərəzçilik formalaşmışdır. Onun hərəkətlərində qeyri-etik heç nə aşkar edilmir. İddiaçı Nəcəf X18 Maqsudovaya tərbiyəsiz sözünü işlətmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə olmuş, lakin izahatlar müxtəlif vaxtlarda alınmışdır. Akt xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. İddiaçı olmamışdır deyə tərtib olunmuş aktda onun iştirakı yazılmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-də Təsərrüfat şöbə rəisi işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdə insan resursları xidməti aparılan otağa, sonra isə Cavabdeh MMC-nin direktorunun otağına daxil olub, orada xxx (X8) MMC-nin İnsan Resursları xidmətinin baş mütəxəssisi vəzifəsində işləyən Maqsudova Aynur Rövşən qızını qeyri-etik ifadələrlə təhqir etmiş, həmçinin müəssisənin maliyyə mütəxəssisi X10 ilə mübahisə etmişdir, bu əməlləri ilə müəssisənin normal fəaliyyətini pozmuşdur. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinin, Cavabdeh MMC-nin «X31 Qaydaları»nı, Cavabdeh MMC-nin «Davranış Kleksi»nin tələblərini pozmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi yuxarıda göstərilənləri əsas gətirərək müəssisənin təsərrüfat şöbəsinin rəisi İddiaçı həmin vəzifəyə layiq olmadığını və tutduğu vəzifədən azad olunması qərarına gəlmişdir. Buna görə də Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndini nəzərə alaraq və həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinin tələblərini rəhbər tutaraq, Cavabdeh MMC ilə İddiaçı arasında olan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Həmçinin ona 20 gün istifadə edilməmiş əsas məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir. Yuxarıda göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, İddiaçı işə bərpa olunması barədə yazmış olduğu iddia, həmçinin iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Qeyd olunan xüsusatlara əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maqsudova Aynur Rövşən qızı məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, təsərrüfat şöbəsinin fəhləsi Nazim Orucov xx.xx.2020-ci il tarixdə oturduqları otağa gəlib ona may ayı üçün əmək haqqının 69 manat əskik hesablandığını bildirmişdir. Bunu araşdırmaq üçün cəmiyyətin əməkdaşı olan Ceyhun Hafizova müracəit etmişdir. Sonuncu məsələyə aydınlıq gətirmişdir. İşçinin davamiyyət tabeli digər əməkdaşlar Qadir İsmayılov tərəfindən təqdim olunmuşdur. Qadirlə əlaqə saxlamış və sonuncu ona işçinin davamiyyətinin təsərrüfat şöbəsinin rəisi tərəfindən təqdim olunduğunu və həmin tabelə əsasən işçinin əmək haqqının hesablandığını bildirmişdir. İşiçyə məsələni şöbə rəisi ilə həll etməklə kömək edəcəyinə söz vermişdir. Məsələyə aydınlıq gətirilməsinin yazılı olmasının uyğun olmasını düşünərək və ona köməklik göstərilməsi məqsədi ilə mühasibatlığa e-mail vasitəsi ilə müraciət etməyə hazırlaşmışdır. Elə bu zaman təsərrüfat şöbəsinin rəisi İddiaçı əsəbi halda içəri daxil olmuşdur. Məsələyə aydınlıq gətirilməsini xahiş edib və problemin izahatının mühasibatlıqdan yazılı olaraq gələcəyini deyəndə həmin şəxs «işləyə bilmirsiniz, mənim üstümə atmayın günahlarınızı» deyərək ona qışqırmış və üzərinə gəlmişdir. Təmkinliyini qoruyub məsələni aydınlaşdırmaqla cavab verəcəyini sonuncuya bildirmişdir. Şöbə rəisi isə ona yenə çığıraraq «özünüz düzgün işləyin, sonra danışın» deyə bildirmişdir. O, şöbə rəisindən səsinin tonunu aşağı salmağı xahiş etmişdir. Bu zaman o, «aaz sən kimsən, mənim səsimi kəsəsən» sözləri ilə çığırmağa başlamışdır. Buna görə də ona «tərbiyəsiz» demişdir. Çünki müvafiq vəziyyətdə başqa uyğun söz tapa bilməmişdir. Bundan sonra iddiaçı «sən kimilərin çox görmüşük və kimin hesabına burada olduğunu çox gözəl bilirəm» sözlər və digər nalayiq ifadələr işlətməklə təhqirlərlə ona hücum çəkmişdir. Tikinti-təmir bölümünün rəisi Raqub Abdullayev fiziki güc tətbiq olunmasın deyə onun önünə keçərək qarşısını almışdır. Gülşən Hümbətovanın köməyi ilə Raqub iddiaçını otaqdan güclə çıxartmışdır. Daha sonra o, direktor müavini Rahib Kərimovun yanına sənəd imzalatmaq üçün yaxınlaşmış və məsələni ona daşınmışdır. Sonuncu iddiaçını otağına çağırmışdır. İddiaçı orada da onun günahkar olduğunu öz istəklərinə uyğun olaraq izah verərək «bu mənə tərbiyəsiz dedi, tərbiyəsiz özünsən» sözləri ilə yenidən özündən çıxmışdır. Otaqda olan maliyyəçi Kənan Şahverənov ona məsləhətlə «yəqin ki, tərbiyəsizlik etmisiniz ki, elə deyib» sözlərini demişdir. Bu zaman iddiaçı yenə izah olunmaz qışqırıq səsləri ilə onu da davaya sövq etməyə başlamışdır. Buna görə də direktor müavini onu güclə otağından çıxartmışdır. Qorxu və şok hissələri onda o qədər çoxalmışdır ki, uzun müddət otaqdan çıxa bilməmişdir. Eyni hal 2020-ci ilin aprel ayında da Çipsi ofisində işçilərin gözü önündə sadəcə həmin vəziyyətdən azacıq yumuşaq formada olmuşdur. Həmin vaxt da susmağa üstünlük vermişdir. Amma bu dəfə iddiaçı bütün etik, insani, professional hədləri aşaraq ona qorxu və stress kimi hallar yaşatmış, onu kollektiv içində gözdən salmağa çalışmışdır. O, «xxx» MMC-nin əməkdaşıdır, lakin 6 il Cavabdeh MMC-nin işçisi olmuşdur. Buna görə də bura onun üçün doğma olmuş və bu illər ərzində işçilərlə daim səmimi münasibət yaratmışdır. Bu gün də müəssisəyə yüksək səviyyədə xidmət göstərmək üçün bütün məsuliyyəti ilə işini görməyə çalışır. Lakin bu kimi hallar əmək məhsuldarlığını sıfra endirir, onu həm işçi və həm də qadın kimi çox sarsıdır. Vəziyyətin bu yerə çatmaması, konfliktin yaranmaması üçün bütün professional cəhətlərini işlətməyə çalışsa da mümkünsüz olmuşdur. Çünki, İddiaçı atrıq otağa daxil olanda dava və provakasiya ilə gəlmişdir. O, əvvəlcə otağı tərk etmək istəsə də fikrindən daşınmışdır. Fikirləşmişdir ki, eyni aqressiya ilə onun arxasınca gələcək və konflikti kütlə görəcəkdir. X11 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, hadisə baş verən gün xxx əməkdaşı Aynur Maqsudova sənədlərin direktor müavininə təsdiqlənməsi üçün otağına gətirmişdir. Söhbət əsnasında Aynur Maqsudova üzgün və şok halda direktor müavininə «mən bu insana neyləyim, kimə şikayət edim ki, tədbir görsün» deyərək müraciət etmişdir. Sonuncu məsələnin nədən ibarət olduğunu soruşduqda o, İddiaçı onu işçilərin yanında təhqir etdiyini bildirmişdir. Direktor müavini bundan sonra İddiaçı telefonla zəng edərək məsələnin nə olduğunu soruşmuşdur. İddiaçı isə ona otağına gələcəyini bildirmiş və az sonra aqressiv formada otağa daxil olaraq əyləşmişdir. Bu dəqiqələrdə işçinin əmək haqqının az hesablandığını aydınlaşdırmaq üçün digər xxx əməkdaşına zəng etmişdir. Məsələyə qarışmaq fikrində də olmamışdır. Lakin İddiaçı «Dərgah deyir ki, Aynur deyir Ramin tabeli səhv verib deyə işçinin əmək haqqı az hesablanmışdır» ardınca da əlini əşya göstərircəsinə Aynura uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» dedikdə o, normal olaraq sakitliyini saxlaya bilməmiş və «yəqin etmisən ki, deyib» cavabını vermişdir. Sözünü tamamlamamış Ramin yüksək səs tonu ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə» deyərək ayağa qalxaraq «gəl» deyərək onu mübahisəyə çəkməyə çalışmışdır. Ayağa qalxsa da stolun arxasından çıxmamışdır. Direktor müavini Ramini çətinliklə (aqressiv qışqırıqla gəl deyərək ona çığıran) sonuncunu və sonra da onları otağından çıxartmışdır. Sonradan fikirləşmişdir ki, sakitliyini qorumaqla, məsələyə müdaxilə etməli olmadığı halda bunu etmişdir. Lakin İddiaçı Aynur Maqsudova ilə digər işçilərin yanında anormal danışmağı birinci dəfə deyil, bir neçə dəfə olduğunu düşünərək onun yerinə başqa kim olsaydı qadına qarşı etikadan bü curə kənar davranışa görə eyni ilə reaksiya verəcəyinə əmin olmuşdur. X19 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, hadisə baş verən gün xxx əməkdaşı Aynur Maqsudova sənədləri təsdiqlətmək üçün onun xidməti otağına gəlmişdir. Söhbət əsnasında sonuncunun üzgün və şok halda «mən bu insana neyləyim, kimə şikayət edim ki, tədbir görsün» deyərək ona müracəit etmişdir. Məsələnin nə olduğunu soruşduqda İddiaçı onu işçilərin yanında təhqir etdiyini bildirmişdir. Telefonla zəng edərək İddiaçı məsələnin nə olduğunu soruşmuşdur. İddiaçı bu zaman ona «Aynur deyir Ramin tabeli səhv verib deyə işçinin əmək haqqı az hesablanıb» cavabını vermişdir. Sonra da onun xidməti otağına gələrək əlini əşyanı göstərən tərzdə Aynur Maqsudovaya uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» dedikdə otaqda onun yanında olan Kənan Şahverənov sakitliyini saxlaya bilməmiş və «yəqin etmisən ki, deyib» cavabını vermişdir. Sözünü tamamlamadan İddiaçı yüksək səs tonu ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə” deyərək ayağa qalxaraq «gəl» deyərək Kənanı mübahisəyə çəkməyə çalışmışdır. Kənan oturduğu yerdən ayağa qalxsa da stolun arxasından çıxmamışdır. Ramini çətinliklə otaqdan çıxartmış və sonra da digər işçilərdən otaqdan çıxmalarını xahiş etmişdir. X20 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə işlə bağlı Aynur Maqsudovanın qəbulunda olan zaman işçilərdən biri maaşı az hesablandığı üçün sonuncuya yaxınlaşmışdır. Aynur Maqsudova bu məsələ ilə bağlı mühasibatlığa müraciət etmiş və işçinin tabeli səhv təqdim edildiyini öyrənmişdir. Bu zaman əsəbi halda bir şəxs daxil olmuşdur. Sonradan həmin şəxsin şöbə rəisi olduğunu bilmişdir. Daxil olan şəxs yüksək tonlu səslə və qışqıraraq Aynur Maqsudovanın üzərinə getmiş və onu səhv işləməkdə günahlandırmışdır. Aynur Maqsudova daxil olan şəxsdən səs tonunu aşağı salmasını xahiş və tələb etdikdə həmin şəxs ona qışqıraraq «aaz, sən kimsən mənim səsimi kəsirsən» deyəndə Aynur ona «tərbiyəsiz» deməklə cavab vermişdir. Bundan sonra da həmin şəxs ona qışqıraraq Aynur Maqsudovanın üzərinə getmişdir. Lakin otaqda olan digər xanım və bəy qışqıran şəxsi güclə çölə çıxarmışdır. X12 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə müəssisədə işləyən işçi X13 əmək haqqının düzgün hesablanmadığı ilə bağlı müraciət etmişdir. Buna görə də Aynur Maqsudova mühasiblə əlaqə saxladıqda ona tabeldə əmək günlərinin həqiqətən də az göstərildiyini bildirmişlər. Bu zaman təsərrüfat şöbəsinin müdiri İddiaçı onun otağına daxil olaraq «siz deyirsiniz ki, mən tabeli səhv yazmışam, öz səhvlərinizi görmürsünüz məndə səhv axtarırsınız» deyə ona qışqırmışdır. Aynur Maqsudova ona səs tonunu aşağı salmağı xahiş etmişdir. Bu zaman İddiaçı onun üzərinə gəlmişdir. Vəziyyəti görüb tez ayağa qalxmış və otaqda olan Raqub Abdullayevlə onu otaqdan çıxarmışdır. İddiaçının müəssisədə qanunazidd hərəkətləri ilə işin ahəngini pozması nəticəsində həmin gün normal işləyə bilməmişlər. Məhkəmə iş üzrə iddiaçının, vəkilinin, cavabdehin nümayəndəsinin və şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində xx xxxx 2007-ci il tarixdə 0707-Y5455 nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Cəmiyyətin təsisçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2005-ci il tarixdə 1105-T13-3907 nömrə ilə dövlət qeydiyyatına alınmış ünvan 2 mənzil 7 hüquqi ünvanı olan «xxxxx» məhdud məsuliyyətli cəmiyyətidir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş **********090500 nömrəli çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin nizamnamə kapitalı miqdarı 377,340.00 manat təşkil etməklə 10 saylı X17 «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh MMC-nin təsisçisinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdən X7 Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilərək onun yerinə X21 bu vəzifəyə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş **********090500 nömrəli çıxarışdan görünür ki, həmin tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin hazırkı qanuni təmsilçisi X21 göstərilməklə 10 saylı X17 «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «Xidmət müqaviləsi» nin surətindən görünür ki, həmin müqavilənin predmetini icraçı şirkət tərəfindən verilmiş sifarişlərə əsasən bu Müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən xidmətləri təmin etməyi, şirkət isə hazırkı müqavilənin şərtlərinə və müddətlərinə müvafiq olaraq icra edilən xidmətləri qəbul edib xidmət haqqını bu müqavilə ilə razılaşdırılmış vaxtda icraçıya ödəməyi öz üzərinə götürürlər. İş materiallarında olan İddiaçı xx.xx.2006-cı il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, o, xx.xx.2006-cı il tarixli 75-K nömrəli əmrlə «xxxxx» MMC-də Konserv Zavodu üzrə idarə işlər müdiri vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasında xx.xx.2007ci il tarixdə aparılan qeyddən görünür ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar olaraq «xxxxx» MMC X29 Cavabdeh MMC adlandırılmışdır. xx.xx.2010-cu il tarixli 48-K nömrəli əmrlə o, həmin tarixdən ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2011-ci il tarixli K-130/11 nömrəli əmrlə İddiaçı Cavabdeh MMC-nin limonad istehsalı sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli K-247/18 nömrəli əmrlə limonad istehsalı sahəsinin rəisi vəzifəsindən köməkçi xidmətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli K-95/19 nömrəli əmrlə isə o, təsərrüfat şöbəsi rəisi vəzifəsinə təyin olunmuşdur. İşdə olan Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış «əmək müqaviləsi»nin surətindən görünür ki, həmin müqavilə ilə işçi limonad istehsal sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz olaraq bağlanmış və işçiyə 1000 manat məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan Cavabdeh MMC ilə şöbə müdiri vəzifəsində çalışan İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış «əmək müqaviləsinə əlavə»nin surətindən görünür ki, onlar arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə və əlavəyə görə sonuncu K-247/18 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən şöbə müdiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən ona tarif maaş ştat cədvəlinə uyğun olaraq əmək haqqı 2400 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi imzalanmışdır. Həmin əmək müqaviləsinə görə o, bölmə rəhbəri vəzifəsinə təyin edilmiş və aylıq əmək haqqı 1000 manat müəyyən olunmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi imzalanmışdır. Müqaviləyə görə o, bölmə rəhbəri vəzifəsinə təyin edilmiş və aylıq əmək haqqı 1400 manat müəyyən olunmuşdur. İşdə olan Cavabdeh MMC-nin direktoru S.S.Heydərovla sahə rəisi İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən bağlanmış «tam maddi məsuliyyət haqqında müqavilə»nin surətindən görünür ki, həmin müqavilə maddi dəyərlərin saxlanılması məqsədi ilə, habelə müqavilədə qeyd olunan tələblərin icra olunması şərtilə bağlanmışdır. İşdə olan Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş “Davranış kodeksi»nin surətindən görünür ki, davranış kodeksinin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində Cavabdeh MMC-nin hər bir işçisi bu etik prinsiplərə əməl və riayət etməyə borcludurlar: ətrafındakı bütün insanlara hörmətlə yanaşmalı və hər kəsin şəxsiyyətini qiymətləndirməlidir; işi ilə sözü bir olmalı, verdiyi sözə həmişə əməl etməlidir; başqasının fikri ilə razılaşmasa da, buna səbr və hörmətlə yanaşmalıdır; bütün vəziyyətlərdə özünü ələ almağı bacarmalı, ədəbli və nəzakətli olmalıdır; həmişə təmiz və səliqəli geyinməli, iş yerində və ümumiyyətlə zavod ərazisində təmizliyə və gigiyena qaydalarına əməl etməli və bunu iş yoldaşlarına da məsləhət görməlidir. İşdə olan Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş «X31 qaydaları»nın surətindən müəyyən edilir ki, qaydaların 2-ci bəndinə əsasən işçi aşağıda göstərilənlərə əməl etməyə borcludur: öz iş vəzifələrini vicdanla yerinə yetirmək, əmək intizamına riayət etmək, müdriyyətin göstərişlərinə vaxtında və dəqiq əməl etmək, bütün iş vaxtını səmərəli işə sərf etmək, digər işçilərə öz vəzifələrini yerinə yetirməyə mane olmaqdan çəkinmək; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əməyin gigiyenası və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək; iş yerini, maşın və avadanlığı təmiz və saz vəziyyətdə saxlayaraq digər növbənin işçisinə təhvil vermək, həmçinin, şöbənin və ümumiyyətlə müəssisənin ərazisində təmizliyi qorumaq; maddi sərvətlərin və sənədlərin saxlanma qaydalarına əməl etmək; işəgötürənin və başqa işçilərin əmlakına qayğı ilə yanaşmaq; əmək funksiyalarını yerinə yetirərkən, ona məlum olan sirrləri (dövlət, kommersiya, xidməti və s.) yaymamaq; işçinin öz ixtisası, vəzifəsi çərçivəsinə düşən vəzifələr əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilir. Qaydaların 6.1-cı bəndinə əsasən işçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyətsiz yerinə yetirdikdə Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutlan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bir sıra intizam tənbehlərindən birini verə bilər və eləcə də Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edə bilər. İşdə olan Cavabdeh» MMC-nin direktor müavini Rahib Kərimovun, maliyyə mətəxəssisi Kənan Şahverənovun və «X8» MMC-nin İR baş mütəxəssisi Aynur Maqsudovanın iştirakları ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə direktor müavini məsələni araşdırmaq üçün təsərrüfat şöbə rəisi İddiaçı otağına dəvət etmişdir. Otaqda o, yenidən səs-küy yaradaraq Maqsudova Aynura əlini uzadaraq «bu mənə tərbiyəsiz deyir, tərbiyəsiz özünsən» konflikti yaratmışdır. Şahverənov Kənan «yəqin ki, tərbiyəsizlik etmisiniz elə deyirlər» sözlərini tamamlamadan İddiaçı qeyri-insani səs tonları ilə «sən kəs ə, sən kimsən ə, nə deyirsən ə» deyərək ayağa qalxıb Kənanı davaya çəkməyə başlamışdır. X32 çətinliklə onu otaqdan çıxarmışdır. İşdə olan Cavabdeh» MMC-nin təsərrüfat bölmə rəisi Raqub Abdullayevin, Limonad istehsal sahəsinin fəhləsi Vasif Kərimovun, «X8» MMC-nin İR baş mütəxəssisi Aynur Maqsudovanın və İR mütəxəssisi Gülşən Hümbətovanın iştirakları ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə fəhlə Nazim Orucov əmək haqqının az hesablanması ilə əlaqədar İR xidmətləri aparılan otağa yaxınlaşıb problemini demişdir. Araşdırmalar işçinin gündəlik tabelinin şöbə rəisi İddiaçı tərəfindən səhv doldurulmasını üzə çıxarmışdır. İddiaçı İR otağına daxil olaraq «xxx» MMC-nin əməkdaşı Maqsudova Aynuru günahlandırıb «aaaz, sən kimsən, mənim səsimi kəsəsən» və s. kimi sözlərlə Aynur Maqsudovanı təhqir edərək üstünə hücum çəkmişdir. İşdə olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli D-20/3 nömrəli əmrin surətindən görünür ki, müəssisənin direktoru vəzifəsində işləyən X21 ezamiyyət və məzuniyyətdə olan müddətdə vəzifə və imza səlahiyyətləri direktor müavini vəzifəsində işləyən X16 həvalə edilmişdir. İşdə olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli E-20/12 nömrəli əmrin surətindən görünür ki, müəssisənin direktoru, işgüzar görüş məqsədi ilə xx.xx.2020-ci il tarixdən 10 gün müddətinə Bakı şəhərinə ezam olunmuş və xx.xx.2020-ci il tarixdə işdə hesab edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktorunun müavini X14 xx.xx.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmrin surətindən görünür ki, İddiaçı cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışan əməkdaşı xx.xx.2020-ci il tarixdə İnsan Resursları xidməti aparılan otağa və cəmiyyətin direktorunun otağına daxil olarkən əməkdaşları qeyri-etik ifadələrlə təhqir etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə görə əmək vəzifələrinin, habelə cəmiyyətin «Şirkətdaxili intizam Qaydaları»nın müvafiq tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Yuxarıda göstərilənləri və Əmək Məcəlləsinin 186cı maddəsinin 2.ç) təndini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərini rəhbər tutaraq, cəmiyyətin təsərrüfat şöbəsinin rəisi əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70 «ç» bəndinə əsasən xitam verilmişdir. Son haqq hesab 20 gün istifadə edilməmiş əsas məzuniyyət günü pul əvəzi ödənilmişdir. Əmrə əsas olaraq akt və izahatlar göstərilmişdir. İşdə olan Cavabdeh MMC-nin direktor müavini Rahib Kərimovun və «X8» MMC-nin İR meneceri Vüsal Həmidovun iştirakları ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Cavabdeh MMC-nin təsərrüfat şöbə rəisi İddiaçı xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam əmrini oxumuş, lakin əmrlə tanış olmasını imzası ilə təsdiqləməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış «əmək müqaviləsi»nə əsasən o, limonad istehsal sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC ilə şöbə müdiri vəzifəsində çalışan İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış «əmək müqaviləsinə əlavə»yə görə onlar arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə və əlavəyə görə sonuncu K-247/18 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən şöbə müdiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən onun tarif maaş ştat cədvəlinə uyğun olaraq əmək haqqı 2400 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə MMC-də işləyən fəhlə (işçi) X13 əmək haqqının düzgün hesablanmadığı ilə bağlı xxx əməkdaşı Aynur Maqsudova müraciət etmişdir. Buna görə də sonuncu mühasiblə əlaqə saxladıqda ona tabeldə əmək günlərinin həqiqətən də az göstərildiyi məlum olmuşdur. Bundan sonra iddiaçı (Cəmiyyətdə təsərrüfat şöbəsinin rəisi işləyən) İddiaçı İbrahim oğlu aqressiv tərzdə Aynur Maqsudovanın xidməti otağına daxil olaraq onunla mübahisə etməyə başlamış, səs-küy yaratmış, müəssisədə çalışan işçilərin narahatlığana səbəb olmaqla işin ahəngini pozmuşdur. Müəssisənin direktor müavini Rahib Kərimov məsələdən Aynur Maqsudova vasitəsi ilə xəbər bildikdə İddiaçı İbrahim oğlunu otağına dəvət etmiş və onunla söhbət aparmışdır. Bu zaman İddiaçı xxx-nin əməkdaşı Aynur Maqsudovanın, Cəmiyyətin işçisi X11 və digərlərinin yanında əvvəlki qanunazidd hərəkətlərini daha da aqressiv olaraq davam etdirmiş və orada olan işçilərlə, kobud, nəzakətsiz və etikadan kənar hərəkətlərlə mübahisə edərək (şöbə müdiri olaraq digər işçilər üçün nümunəvi davranışı ilə örnək olmalı olduğu halda) Aynur Maqsudovanı əsassız və lüzumsuz yerə təhqir etmiş və bu cürə hərəkətləri ilə də müəssisənin iş ahəngini bir neçə müddətə pozmuşdur. İşin qeyd olunan halları şahid ifadələri və məhkəmyə təqdim olunmuş aktlarla sübut edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş “Davranış kodeksi»nin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində qeyd olunan tələblərə görə Cavabdeh MMC-nin hər bir işçisi ətrafındakı bütün insanlara hörmətlə yanaşmalı və hər kəsin şəxsiyyətini qiymətləndirməli, başqasının fikri ilə razılaşmasa da, buna səbr və hörmətlə yanaşmalı, bütün vəziyyətlərdə özünü ələ almağı bacarmalı, ədəbli və nəzakətli olmalıdır kimi etik prinsiplərə əməl və riayət etməyə borcludurlar. Bundan savayı, Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş «X31 qaydaları»ın 2-ci bəndinə əsasən cəmiyyətdə çalışan hər bir işçi öz iş vəzifələrini vicdanla yerinə yetirmək, əmək intizamına riayət etmək, digər işçilərə öz vəzifələrini yerinə yetirməyə mane olmaqdan çəkinmək kimi tələblərə əməl etməyə borcludur. Qaydaların 6.1-cı bəndinə əsasən işçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyətsiz yerinə yetirdikdə Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutlan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bir sıra intizam tənbehlərindən birini verə bilər və eləcə də Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edə bilər. Göründüyü kimi, İddiaçı İbrahim oğlu Cavabdeh MMC-nin “Davranış kodeksi»nin «xidməti münasibətlərin etik prinsipləri» bölməsində və eləcə də «X31 qaydaları»ın 2-ci bəndinə qeyd olunan tələblərdən tam xəbərdar olduğu halda, qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməklə iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngini pozmuşdur. Buna görə də “Cavabdeh» MMC-nin direktorunun müavini X14 xx.xx.2020-ci il tarixli, X- 20/10 nömrəli «işdən azad olunma haqqında» əmri ilə cəmiyyətlə təsərrüfat şöbəsinin rəisi olaraq İddiaçı arasındakı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70 «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrdə direktor müavini əmək qanunvericiliyinin tələblərinə tam olaraq riayət etməklə əsaslandıraraq İddiaçı xx.xx.2020-ci il tarixdə İnsan Resursları xidməti aparılan otağa və cəmiyyətin direktorunun otağına daxil olarkən əməkdaşları qeyri-etik ifadələrlə təhqir etməsini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə görə əmək vəzifələrinin, habelə cəmiyyətin «Şirkətdaxili intizam Qaydaları»nın müvafiq tələblərinin kobud şəkildə pozduğunu göstərmişdir. Əmək qanunvericiliyinin mənasına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahat verməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə (sərəncamda, qərarda) göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. İş materialalırında olan və İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə “Cavabdeh» MMCnin direktoru Elşad Paşayevə yazılmış izahatdan müəyyən edilir ki, işəgötürən tərəfindən əmək qanunvericilyinin qeyd olunan tələblərinə tam olaraq riayət olunmuşdur. “Cavabdeh» MMC-nin direktorunun müavini X14 xx.xx.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmrində İddiaçılə aralarındakı əmək müqaviləsinin ləğv olunması zəruriliyi əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, Cavabdeh MMC-nin təsərrüfat şöbə rəisi İddiaçı xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam əmrini oxumuş, lakin əmrlə tanış olmasını imzası ilə təsdiqləməkdən imtina etmişdir. Bu barədə Cavabdeh MMC-nin direktor müavini Rahib Kərimovun və «X8» MMCnin İR meneceri Vüsal Həmidovun iştirakları ilə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Bir sözlə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, X-20/10 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur, tam qanuni və əsaslıdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-813/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-813/2020
14.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver