Məhkəmə qərarları › İş №2(025)-842/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-842/2020

23.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-842/2020 23.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə Ərizəçi Hətəmova (Sadıqova) Zeynəb İspəndiyar qızının maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: Ərizəçi Hətəmova (Sadıqova) Zeynəb İspəndiyar qızı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasında daimi yaşaması hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 310.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən MPM-nin 310.2-ci maddəsinin tələbləri pozulmuş və həmin maddədə göstərilən sənədlər ərizəyə əlavə edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi ərizəçi tərəfindən Mülki Prosessual Məcəllənin 310.2-ci maddəsində nəzərdə tutulan sənədlər ərizəyə əlavə edilmədən məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Hətəmova (Sadıqova) Zeynəb İspəndiyar qızının maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi qəbul edilməkdən imtina edilsin. Ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar