Məhkəmə qərarları › İş №2(025)-846/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-846/2021

30.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-846/2021 30.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş hasarın (çəpərin) sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş hasarın (çəpərin) sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində JN-192 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş 0,50 ha torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, torpaq sahəsinin kənarına çəkilmiş ağac hasarın (çəpərin) sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, torpaq islahatı keçirilən zaman ailə üzvlərinə Qəbələ rayonu AİK-nın 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində birgə mülkiyyətlərinə 1,66 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla JN-192 saylı kodu 40613018 olan dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilməsinə baxmayaraq həmin torpaq sahəsinin 0,50 hektarından istifadə edə bilmirlər. Səbəbi ərazinin 0,50 hektarının cavabdeh tərəfindən ağac hasarla bağlanması və əraziyə daxil olmaqlarına imkan verməməsidir. Hətta o, Mirzəbəyli kənd İƏN-nə dəvət olunmaqla söhbət aparılmış, ancaq nəticəsi olmamışdır. Bununla da cavabdeh birgə paylı mülkiyyətlərinə verilmiş torpaq sahəsindən istifadələrinə imkan vermir. Torpaq üzərində hüquqlarını pozur. Məhkəmənin 13.07.2021-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nə həvalə edilmiş və rəy alınadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. 25.10.2021-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, iddia üzrə mübahisə məhkəmədən kənar həll olduğuna görə iddia ərizəsindən imtina etdiklərini bildirmişlər. Məhkəmənin 25.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların məhkəməyə təqdim etdiyi ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçıların iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçıların iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. İddiaçıların məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iddiaçılar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçıların iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş hasarın (çəpərin) sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçıların iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş hasarın (çəpərin) sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar