Məhkəmə qərarları › İş №2(025)-857/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-857/2020

28.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-857/2020 28.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad etməyi barədə əmrin əsassız olduğu və əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən verildiyi nəzərə alınaraq ləğv edilməsi və vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də 14 ildir çalışır. 12 ildir ki, İnsan Resursları şöbəsinə rəhbərlik edir. 2018-ci ildə müəssisəyə direktor təyin edilmiş Elşad Paşayev onun qanunsuz əməllərinə etiraz etdiyi üçün onunla açıq düşmənçiliyə başlamışdır. Bir ildən çox çəkən çəkişmələrdən, əsəb gərginliyindən sonra 2019-cu ilin may ayında müəssisə rəhbərliyi onu qanunsuz olaraq, ştat ixtisarı bəhanəsi ilə işdən azad etmişdir. O, işə bərpa olunması üçün məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə əvvəlki vəzifəsinə bərpa olunaraq x xxxxxxxx 2019-cu il tarixdə işə başlamışdır. Elə birinci iş günü ona məlum olmuşdur ki, direktor bütün işini, gücünü atıb ona qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuşdur. Belə ki, elə birinci iş günü müəssisəyə daxil olan məktubları açıb qeydə alıb, direktora təqdim edən kimi ondan nə ixtiyarla məktubları açdığı barədə yazılı izahat tələb etmişdir. Bundan sonra E.Paşayev sanki İnsan Resursları şöbəsinin rəisi yoxmuş kimi şöbəyə aid tapşırıqları xxxxxxxxxxnə deyil, şöbənin adi bir əməkdaşına verməyə başlamışdır. İşə bərpa olunduğu gündən direktor, kadrlar şöbəsinin möhürünü və künc ştampını özündə saxlayaraq xxxxxxxxxxnə verməmiş, səbəbini soruşduqda «zəhmət çəkib gətirərsiniz sənədi mənim yanıma, burda imzalanar» deyə cavab vermişdir. Bu cılız hərəkət direktorun onu alçaltmaq üçün atdığı addımlardandır. Bu ilin fevral ayında müəssisə PSC MMC adlı şirkətlə xidmət müqaviləsi bağlayaraq, İnsan Resursları işlərini bu şirkətə həvalə etmişdir. Şöbənin işçilərinə öz xahişi ilə işdən azad olunaraq həmin şirkətə keçmələrini təklif etmişlər. Bununla belə müəssisədə İnsan Resursları şöbəsi ləğv edilməmişdir. O, könüllü ərizə yazmayacağını və heç bir başqa şirkətə keçməyəcəyini bildirdikdə onu yenidən «ixtisar» adı ilə işdən uzaqlaşdırmağa başlamışlar. Bunun üçün müəssisə həmkarlar komitəsinin heç bir prosedura sığmayan iclasını keçirmişdir. İclasda cəmi 5 nəfər direktora yaxın işçilər iştirak etmişlər. Halbuki, həmkarlar komitəsinin həmin anda 70 üzvü olmuşdur. Nəhayət, xx.xx.2020-ci il tarixdə ona PRS MMC-yə keçmədiyi üçün ixtisar ediləcəyi barədə xəbərdarlıq məktubu verilmişdir. Xəbərdarlıq müddəti xx.xx.2020-ci il tarixdə bitmiş və o, direktorun imzaladığı əmrə əsasən işdən azad edilmişdir. Lakin hələ iyul ayının əvvəlində PSC MMC-nin fəaliyyətinə xitam verilməsi faktı nəzərə alınmamışdır. Mülki işin məhkəmə baxışı mərhələsində xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X10 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi müəssisədə işin keyfiyyətinin yüksəldilməsi məqsədi və müəssisədə aparılan optimallaşdırılma ilə əlaqədar olaraq İnsan Resursları şöbəsinin (Kadrlar şöbəsinin) işi qənaətbəxş və işçilərin iş yükünün ştat vahidlərinin iş yükünə uyğun olmadığı qətaətinə gəlmişdir. Ona görə də Cavabdeh MMC-nin rəhbərliyi İnsan Resursları şöbəsinin gördüyü işi xidməti müqavilə ilə PSC (X8) MMC-yə həvalə etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2020-ci il tarixində Cavabdeh MMC ilə PSC (X8) MMC arasında Xidməti müqavilə bağlanmış və həmin müqavilə hazırda qüvvədə olmaqla xidmət göstərilməkdədir. Bununla əlaqədar Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin işçilərinə PSC (X8) MMC-də iş təklif olunmuşdur. Həmçinin, İddiaçı da iş təklif edilmişdir. Digər işçilərdən fərqli olaraq sonuncu həmin işdən imtina etmişdir. Ona görə də müəssisənin rəhbərliyi İnsan Resursları şöbəsində «xxxxxxxxxx» vəzifəsini ləğv etmək qərarına gəlmişdir. Bununla bağlı ilkin olaraq müəssisə rəhbərliyi adından xx.xx.2020-ci il tarixdə müəssisə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğluna müraciət məktubu ünvanlanmış və 10 gün müddətinə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimata əsasən iclas keçirərək Həmkarlar İttifaqı Komitəsinin qərarının təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixində isə müəssisə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun sədrliyi ilə Həmkarlar ittifaqının iclası keçirilmiş və qərar qəbul olunmuşdur. İddiaçı işdən çıxarlmasına etiraz etmədiklərini bildirmişlər. Həmçinin, xx.xx.2020-ci il tarixdə müəssisəyə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun adından 57/20 saylı məktubu daxil olmuşdur. Məktubda da sonuncunun işdən azad edilməsinə etiraz olunmadığı müəssisənin nəzərinə çatdırılmışdır. xx.xx.2020-ci il tarixdə isə İddiaçı müəssisə tərəfindən xəbərdarlıq məktubu verilərək ona əmək stajına uyğun olaraq 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti verilmiş və həmin müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi bildirilmişdir. Həmin müddət ərzində hər həftənin 5-ci günləri iş axtarmaq üçün şərait yaradılmışdır. Xəbərdarlıq müddəti bitdikdən sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru müəssisənin İnsan Resursları xidmətinin başqa şirkət tərfindən aparılması ilə əlaqədar xxxxxxxxxx vəzifəsininin ləğv edilməsi, sonradan isə həmin tarixdə İddiaçı Azərbaycan Respblikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad olunması barədə əmr imzalamışdır. Göstərilənlər birmənalı şəkildə deməyə əsas verir ki, İddiaçı işə bərpa olunma barədə yazmış olduğu iddia, həmçinin iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır. Qeyd olunan xüsusatlara əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində xx xxxx 2007-ci il tarixdə 0707-Y5455 nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Gəmiyyətin təsisçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2005-ci il tarixdə 1105-T13-3907 nömrə ilə dövlət qeydiyyatına alınmış ünvan 2 mənzil 7 hüquqi ünvanı olan «Gilan» məhdud məsuliyyətli cəmiyyətidir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş **********090500 nömrəli çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MMC-nin nizamnamə kapitalı miqdarı 377,340.00 manat təşkil etməklə 10 saylı X14 «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh MMC-nin təsisçisinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdən X7 Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilərək onun yerinə X15 bu vəzifəyə təyin edilmişdir. İşdə olan Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «Xidmət müqaviləsi»nin surətindən görünür ki, həmin müqavilənin predmetinə əsasən - icraçı şirkət tərəfindən verilmiş sifarişlərə əsasən bu Müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən xidmətləri təmin etməyi, şirkət isə hazırkı müqavilənin şərtlərinə və müddətlərinə müvafiq olaraq icra edilən xidmətləri qəbul edib xidmət haqqını bu müqavilə ilə razılaşdırılmış vaxtda icraçıya ödəməyi öz üzərinə götürürlər. İşdə olan «X8» MMC-nin direktoru X12 imzası ilə İddiaçı ünvanlanmış təklifdə ona İnsan Resursları şöbəsinin rəisi vəzifəsi PSC Qəbələ ofisində təklif olunmuşdur. Təklifdə başlanğıc tarix olaraq xx.xx.2020-ci il göstərilmişdir. İddiaçı təklifdə «təklifi qeyri-səmimi hesab etdiyim üçün etiraz edirəm» qeydi apararaq imzalamışdır. İşdə olan Cavabdeh MMC-nin direktorunun İddiaçı (Qəbələ şəhəri E.Kərimov küçəçi 34) ünvanladığı xx.xx.2020-ci il tarixli, 58/20 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyaları «X8» MMC tərəfindən həyata keçiriləcək, buna əsasən müəssisədə İnsan Resursları şöbəsi ştatının ləğv edilməsi qərarına gəlmişdir. Bu səbəbdən də işsi kimi müəssisənin Həmkarlar İttifaqı komitəsi ilə razılaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunur. Cəmiyyətdə əmək stajının 12 ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuş və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərarı verilmişdir. xx xxx 2020-ci il tarixdən başlayaraq xəbərdarlıq müddəti xx xxxx 2020-ci il tarixdə başa çatacaq. Bu müddət ərzində həftədə 1 gün olmaqla iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər əmək funksiyalarının icrasından azad olunacaqdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət götürə bilər. Bu halda əmək müqaviləsinə xitam veriləcək və xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. Həmin tarixdə xəbərdarlıq məktubu İddiaçı təqdim olunmuş və onun tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğluna ünvanladığı 54/20 saylı müraciətində Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının cəmiyyətdə aparılan optimallaşdırma məsqəsdilə «X8» MMC tərəfindən həyata keçiriləcəyi, artıq İnsan Resursları şöbəsində olan işçilərə «X8» MMC tərəfindən iş təklifi edildiyi və işə qəbul edildikləri, lakin İddiaçı təklif olunan işi qəbul etmədiyi, İnsan Resursları şöbəsinin rəisi ştatının ləğv edildiyi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq bu barədə əsaslandırılmış formada yazılı şəkildə məlumat göndərildiyi, əmək qanunvericiliyin əsasən 10 gün ərzində əsaslandırılmış yazılı qərarın işəgötürənə təqdim edilməli olduğu, sonuncunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatın müzakirə edilərək qərarın təqdim olunması xahiş edilmişdir. İşdə olan Azərbaycan Kənd Təsərrüfatı və X20 X2 «Kənd-Qida-İş» X4 Komitəsinin xx xxxx 2020-ci il tarixli 10 b.19 nömrəli kadrların təsdiqi barədə qərarın surətindən müəyyən edilir ki, Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2020-ci il tarixli Ümumi Yığıncağının qərarı nəzərə alınaraq Şahverənov Kənan Zakir oğlu MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış Azərbaycan Kənd Təsərrüfatı və X20 X1 (üçüncü redaksiya) 2.2-ci bəndində (Həmkarlar İttifaqının məqsəd və vəzifələri) dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkarlar birliklərində, ictmai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərinin müdafiə edilməsi, işəgötərənlər, təsərrüfat və icra hakimiyəti orqanları ilə sahələrə aid razılaşmalar əldə etməsi, kollektiv müqavilələr bağlaması, kollektiv müqavilə və razılaşmalara əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etməsi və s. göstərilmişdir. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsi sədrinin imzası ilə xx xxx 2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə onun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimata baxması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət daxil olduğu nəzərinə çatdırılmaqla xx.xx.2020-ci il tarixdə saat 15.00-da baxılacaq iclasda iştirakının mütləq olduğu bildirilmişdir. Məktub həmin tarixdə iddiaçıya təqdim edilmiş və o, məktubla tanış olduğuna dair qeyd aparmaqla məktubu imzlamışdır. İşdəki Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin yığıncağının xx xxx 2020-ci il tarixli 2 nömrəli protokolunun surətindən görünür ki, sədr Şahverənov Kənan Zakir oğlunun, üzvlər X6, X3, İsgəndərov Rövşən Vəli oğlunun və X11 iştirakları ilə keçirilən iclasın gündəliyini Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə müəssisənin Həmkarlar Şttifaqı komitəsi tərəfindən razılıq verilməsi barədə müraciətinə baxılması təşkil etmişdir. Yığıncaq çıxışları dinləyərək qərara almışdır ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. İşdə olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun xx xxx 2020-ci il tarixdə Cavabdeh» MMC-nin direktoru X13 ünvanladığı 57/20 saylı məktubun surətindən görünür ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. İşdə olan Cavabdeh MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli, Ş-20/68 nömrəli «ştat vahidinin ləğv edilməsi edilməsi haqqında» əmrin surətindən görünür ki, həmin əmrlə xx.xx.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə İnsan Resursları şöbəsində bir tam ştat vahidi «xxxxxxxxxx» vəzifəsi (peşəsi) ləğv edilmişdir. Əmrə əsasən müəssisənin ştat cədvəlinə müvafiq dəyişiklik edilməsi, müəssisənin müvafiq strukturları tərəfindən əmrin icrasının təmini və bütün aidiyyəti üzrə şöbələrin məlumatlandırılması nəzərdə tutulmuşdur. İşdə olan Cavabdeh MMC-nin direktorunun xx xxxx 2020-ci il tarixli, X-20/15 nömrəli əmrindən görünür ki, həmin əmrlə cəmiyyətin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştat ixtisarı) xitam verilmişdir. Əmrə əsasən son haqq hesab: 20 gün istifadə edilməmiş əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, Əmək Məcəlləsinin 77-3 maddəsinə əsasən 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Əmrin verilməsinə əsas olaraq ştat ixtisarı və xəbərdarlıq məktubu qeyd edilmişdir. İddiaçı əmrlə tanış edilmiş və əmrin «tanış oldum» qeydinin qabağında onun tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh MMC-nin rəhbərliyi müəssisədə işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müəssisədə aparılan optimallaşdırılmaya əsasən müəssisədə İnsan Resursları şöbəsinin (Kadrlar şöbəsinin) işi qənaətbəxş və işçilərin iş yükünün ştat vahidlərinin iş yükünə uyğun olmadığı qətaətinə gəlməklə İnsan Resursları şöbəsinin gördüyü işi xidməti müqavilə ilə PSC (X8) MMC-yə həvalə etmək qərarına gəlmişdir. Bu məqsədlərlə Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «Xidmət müqaviləsi» bağlanmışdır. «X8» MMC-nin direktoru X18 rəsmi olaraq PSC Qəbələ ofisində İddiaçı İnsan Resursları şöbəsinin rəisi vəzifəsini təklif etmişdir. Lakin İddiaçı təklifin qeyri-səmimi olmasını əsas gətirməklə qəbul olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Mələccəsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Buna görə də iş təklifinə iddiaçının imtinası işçinin işəgötürənlə əmək münasibətlərinə daxil olması baxımından onun sərbəst iradə ifadəsi olaraq qiymətləndlirilir. Bundan başqa, Cavabdeh MMC yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq İnsan Resursları şöbəsinldə «xxxxxxxxxx» vəzifəsini ləğv etmək qərarına gəlmiş və MMC-nin direktoru İddiaçı xx.xx.2020-ci il tarixdə 58/20 nömrəli xəbərdarlıq məktubu ünvanlamışdır. Məktubda Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının «X8» MMC tərəfindən həyata keçiriləcəyi, buna əsasən müəssisədə İnsan Resursları şöbəsi ştatının ləğv edilməsi qərarına gəldiyi, bu səbəbdən də işçi kimi müəssisənin Həmkarlar İttifaqı komitəsi ilə razılaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunduğu, cəmiyyətdə əmək stajının 12 ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulduğu və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərarının verildiyi, xx xxx 2020-ci il tarixdən başlayaraq xəbərdarlıq müddətinin xx xxxx 2020-ci il tarixdə başa çatacağı, bu müddət ərzində həftədə 1 gün olmaqla iş axtarmaq üçün vaxt veriləcəyi və həmin günlər əmək funksiyalarının icrasından azad olunacağı iddiaçının nəzərinə çatdırılmışdır. Həmçinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət götürə bildiyi, bu halda əmək müqaviləsinə xitam veriləcəyi və xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacağı bildirilmişdir. Bundan sonrakı mərhələdə isə Əmək qanunvericiliyinin tələblərinə tamamilə riayət olunaraq Cavabdeh MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli, Ş-20/68 nömrəli «ştat vahidinin ləğv edilməsi edilməsi haqqında» əmri ilə xx.xx.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə insan resursları şöbəsində bir tam ştat vahidi «xxxxxxxxxx» vəzifəsi (peşəsi) ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh MMC-nin rəhbərliyi xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğluna 54/20 saylı müraciət ünvanlamışdır. Müraciətdə Cavabdeh MMC ilə «X8» MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının cəmiyyətdə aparılan optimallaşdırma məsqəsdilə «X8» MMC tərəfindən həyata keçiriləcəyi, İnsan Resursları şöbəsində olan işçilərə «X8» MMC tərəfindən iş təklifi edildiyi və işə qəbul edildikləri, lakin İddiaçı təklif olunan işi qəbul etmədiyi İnsan Resursları şöbəsinin rəisi ştatının ləğv edildiyi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq bu barədə əsaslandırılmış formada yazılı şəkildə məlumat göndərilməsi, əmək qanunvericiliyin əsasən 10 gün ərzində əsaslandırılmış yazılı qərarın işəgötürənə təqdim edilməli olduğu, sonuncunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatın müzakirə edilərək qərarın təqdim olunması Həmkarlar İttifaqı Komitəsindən xahiş edilmişdir. Bu əsasla da Həmkarlar İttifaqı Komitəsi xx xxx 2020-ci il tarixdə sədr Şahverənov Kənan Zakir oğlunun, üzvlər X6, X3, İsgəndərov Rövşən Vəli oğlunun və X11 iştirakları ilə iclas keçirlmiş və xx xxx 2020-ci il tarixli 2 nömrəli protokol tərtib etmişdir.X9 Komitəsinin Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmədiyi qərarına gəlmişdir. Bundan sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Şahverənov Kənan Zakir oğlunun imzası ilə xx xxx 2020ci il tarixdə Cavabdeh» MMC-nin direktoru X13 57/20 saylı məktubla yığıncağın protokolunu ünvanlamışdır. Görülən qanuni prosedurdan sonra Cavabdeh MMC-nin direktorunun xx xxxx 2020ci il tarixli, X-20/15 nömrəli əmri ilə cəmiyyətin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştat ixtisarı) xitam verilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin direktorunun xx xxxx 2020-ci il tarixli, X-20/15 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» (ştat ixtisarı) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı xəbərdarlıq məktubu verilərək ona əmək stajına uyğun olaraq 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti verilməsi və həmin müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi iddiaçının nəzərinə çatdırılmaqla, ona həmin müddət ərzində hər həftənin 5-ci günləri iş axtarmaq üçün şərait yaradılması, xəbərdarlıq müddəti bitdikdən sonra xx.xx.2020-ci il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi tam qanunidir. İşəgötürənlə işçi arassındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tləbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar