Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-91/2020 14.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Abduləli oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayonu Yemişanli Bələdiyyəsinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayonu Yemişanlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə aldığı 0.229302 ha zəbt olunmuş torpaq sahəsinin boşaldılması, mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşdırma işlərinin aparılmasına törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Qəbələ rayonu Tikanlı kənd sakini X2 Daşınmaz Əmlakın (torpaq sahəsinin) alqı-satqı müqaviləsi əsasında 0,229302 ha torpaq sahəsini almışdır. Alqı-satqı müqaviləsi xx.xx.2011-ci il tarixdə Qəbələ rayon Dövlət Notariat Kontorunda təsdiqlənmişdir. Alqı-satqının predmeti olan torpaq sahəsi torpaq satıcısı X4 Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş, Həmin torpaq sahəsi JN-265 saylı kodu 40615048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə adına rəsmiləşdirilmişdir. Həmin dövlət aktı qeydiyyat kitabında 8415 nömrə ilə qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsindən bir müddət sonra xx.xx.2011-ci il tarixdə alqı-satqı qaydasında əldə etdiyi 0,2293 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 9 saylı X9 rəsmi qaydada müraciət etmişdir. Ərizəsinə xx.xx.2019-cu il tarixdə cavab verilmiş, məktubda göstərilmişdir ki, torpaq sahəsi başqa vətəndaş tərəfindən istifadə olunur və torpaq sahəsi mübahisəlidir. Sonradan ona məlum olmuşdur ki, 0,2293 ha torpaq sahəsi Qəbələ rayonu Yemişənli kənd sakini Cavabdeh tərəfindən zəbt olunmuşdur və kənarları kol hasarla bağlanılmış və əraziyə daxil olması və torpaqdan istifadə olunması mümkünsüz olmuşdur. Dəfələrlə cavabdehə ərazinin boşaldılması və istifadəyə imkan verilməsi, maneələrdən əl çəkməsi xahişi və tələbi ilə müraciət olunsa da nəticəsi olmamışdır. Cavabdeh torpaq üzərində hüquqları həyata keçirilməsinə, torpağın dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsinə maneəçilik törədir. Onun törətdiyi maneələr səbəbindən mütəxəssislər tərəfindən ərazidə texniki invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Ona görə də maneələr son qoyulması, torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçıMikayıloğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələblərini müdafiə edib təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil Abduləli oğlu iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 1999-cu ildə rəsmi sənədləşmə ilə həmin torpaq sahəsini almışdır. Mübahisə yaranandan sonra bir neçə dəfə torpaq sahəsi ölçülmüş, razılığa gəlinmişdir, həmin torpağı satması qarşılığında o iddiaçıya bir baş inək vermişdir. İndi yenidən iddiaçı onun istifadəsində olan torpaq sahəsini tələb edir. Həmin torpaq sahəsində o, hələ 2011-ci ildən qabaq yaşayış sahəsi də tikmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Qəbələ rayonu Yemişanli Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-265 saylı, kod 40615048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon X5 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Qəbələ rayonu Yemişanlı kəndində X3 mülkiyyətinə 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu Yemişanlı kəndində mülkiyyətində olan 0,229302 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş JN-210A saylı, kod 40615048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon X5 xx xxxxxx 1999-cu il tarixli, 20 saylı qərarına əsasən Qəbələ rayonu Yemişanlı kəndində Cavabdeh mülkiyyətinə 0,10 ha həyətyanı sahə təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx xxxx 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişənli kəndində İddiaçı mülkiyyətinə verilmiş 0,229302 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Zəbt edilmişdirsə həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 347 saylı ekspert rəyindən görünür ki, GPS aləti vasitəsilə mübahisəli ərazidə göstərilən koordinatlar əsasında kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə və Kompleks Yerquruluşu xəritəsinə əsasən müəyyən edildi ki, İddiaçı mülkiyyətinə verilmiş 0.229302 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən metal çəpər daxilində faktiki istifadə etdiyi torpaq sahəsi daxilində yerləşir və həmin ərazidə heç bir tikili mövcud deyil. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.229302 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur. Cavabdeh qeyd olunan ərazini qanunsuz şəkildə zəbt edərək metal çəpər vasitəsilə ilə bağlanmışdır. Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə, həmçinin mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşdırma işlərini aparmasına maneə yaradır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.İddiaçı və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxx 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanlı kəndində İddiaçı məxsus 0,229302 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılmalı, mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşdırma işlərinin aparılmasına törədilən maneələrə son qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. xx xxxx 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanli kəndində İddiaçı məxsus 0,229302 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın və mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşdırma işlərinin aparılmasına törədilən maneələrə son qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev