Məhkəmə qərarları › İş №2(025)-91/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-91/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-91/2021 16.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X1iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin nəticə hissəsində Cavabdeh səhv olaraq iddiaçı kimi göstərdiyini, iddia ərizəsinin nəticə hissəsində qeyd edilən “iddiaçı Cavabdeh” qızını cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun oğlu X10 rəsmi nikahlarını xx xxx 2015-ci il tarixdə rəsmiləşdirməklə evlənmişlər. Həmin nikahdan xx xxxxxx 2015-ci il tarixdə onların X11 adlı bir övladları olmuşdur. Toylarından iki ay keçəndən sonra onların arasında münasibət pozulmuş və oğlu Rusiya Federasiyasına getmiş və hazırda da orada yaşayır. Uzun müddət bir yerdə yaşamadıqlarına görə cavabdeh “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair” məhkəmədə iddia qaldırmışdır. Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-201/2020 saylı qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. Cavadehlə oğlu X5 arasında olan nikahlarının pozulmasına baxmayaraq cavabdeh bu günə qədər onun evində uşaqla birlikdə yaşayır. Həmçinin cavabdehin əmlakı da onun evindədir. Ona dəfələrlə evdən çıxması və əmlakını çıxarması təklif etsə də, cavabdeh ona təhqiredici ifadələrlə cavab vermiş və evdən çıxmayacağını bildirmişdir. O, bu günə qədər gözləmişdir ki, bəlkə onu başa salan olmuşdur ki, onun mülkiyyətində olan evdən çıxsın, lakin nəticəsi olmamışdır. Eyni zamanda elə bir gün olmamışdır ki, cavabdeh ona qarşı hər hansı bir təhqiredici ifadə işlətməsin. O, yaşlı adamdır, sakitlik istəyir, lakin cavabdehin qeyri-normal hərəkətləri onun sakit yaşamasına əsaslı şəkildə təsir edir. Həmçinin cavabdehin valideynləri onun qonşuluğunda yaşayır və onların mənzil şəraiti onun mənzilindən dəfələrlə yaxşıdır. Lakin cavabdeh ona mənəvi işgəncə vermək üçün mülkiyyətində olan mənzildən çıxmaq fikri yoxdur. Ona görə də, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. O, cavabdehi oğlunun arvadı kimi ailə üzvlüyünə qəbul etmişdir, lakin yuxarıda qeyd etdiyi kimi onların arasında nikah pozulduğuna görə cavabdeh ailə üzvlüyündən çıxarılmışdır. Onunla cavabdeh arasında onun nikah pozularsa onunla bir yerdə yaşamaqlarına dair heç bir nikah kontrakı da yoxdur. Ona görə də o, mülkiyyətində olan mənzildən məcburi qaydada çıxarılmalıdır. Mülkiyyətində olan evə və torpaq sahəsinə xx xxxx 2020-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışıda vardır. Həmin çıxarışda nə cavabdeh, nə də ki nəvəsi mülkiyyətində olan evdə qeydiyyatda deyillər. Cavabdehin ərə gələnə qədər yaşadığı ev, yəni atasının evi onun mülkiyyətində olan yaşayış evindən daha yaxşıdır. Belə ki, onun atasının evi kommunal şərait baxımından daha əlverişlidir. Həm də cavabdehlə olan ailə münasibətlərinə xitam verilmiş və onun oğlu ilə olan nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə oğlu arasında olan ailə münasibətləri xx xxx 2015-ci ildə yaranmış, xx xxxxxx 2020-ci ildə isə həmin ailə münasibətlərinə xitam verilmişdir. Ona görə də mövcud iddia ərizəsinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 50 37217 14 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsinin izahatını və çıxışını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********68-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində İddiaçı adına 120.10 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.10 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq İddiaçı (fərdi ev tam, torpaq ümumi birgə), X6, X10 və X9 (torpaq ümumi birgə) qeyd olunmuşlar. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya4xx-xx/4249 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. Texniki parsportun torpaq sahəsinin 1:500 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,10 ha təşkil etməklə, tərəflər arasında mübahisələndirilən ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olur ki, «LiterA» bağlı eyvan, mətbəx və sanitar qovşaqdan, sahəsi 25,8, 16,4 və 35 kv.m. olan yaşayış otaqlarından ibarətdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 201/2020 nömrəli qətnaməsindən görünür ki, X10 ilə Cavabdeh arasında xx xxx 2015-ci il tarixdə bağlanmış və Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəfləri birgə nikahlarından anadan olmuş xx xxxxxx 2015-ci il təvəllüdlü X7 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, X4 xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Akimova Azərbaycana qarşı» işdə də Avropa Məhkəməsi xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlarda «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Cavabdeh qızının əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması üçün əsasların mövcud olub-olmaması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, iddiaçının oğlu ilə cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən xx xxx 2015-ci il tarixdə 15 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuşdur. Bundan sonra Cavabdeh X8 qarşı «nikahın pozulması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 201/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Lakin tərəflər arasında nikah pozulmasına baxmayaraq Cavabdeh X10 ilə birgə nikahından doğulmuş xx xxxxxx 2015-ci il təvəllüdlü X11 ilə iddiaçının mülkiyyətində olan evdə yaşayır və həmin fərdi yaşayış evini könüllü şəkildə tərk etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********68-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinin tam hüquq sahibi olaraq İddiaçıdır. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə tərtib etdiyi inventar nömrəsi 4xx-xx/4249 olan «fərdi yaşayış evinin texniki pasportu» ilə də təsdiq olunur. Çıxarışın xx.xx.2020-ci il olaraq göstərilən qeydiyyat tarixin iddiaçının oğlu ilə cavabdeh arasında nikah pozulduqdan sonra (25fevral 2020-ci il) tarixlə müqayisəli təhlili isə mübahisəli evə mülkiyyət hüququnun sonradan dövlət qeydiyyatına alındığına dəlalət edir. Göstərilən xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında fərdi yaşayış evindən istifadə üzrə hüquq münasibətləri 2001-ci ilin sentyabrın 01-dən sonra yarandığından Cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı keçmiş ailə üzvləri kateqoriyasına aid edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçının oğlu ilə cavabdeh arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən cavabdehin və onun azyaşlı uşağının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh evin gəlini kimi iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin hər bir halda mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olmadığından o, həmin fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə mülkiyyət hüququnun müdafiə edilməsini nəzərdə tutan maddi hüquq normalarına əsaslanmaqla iddianın cavabdehə məxsus olan əşyalarında iddiaçının fərdi yaşayış evindən çıxarılması hissəsində də əsaslı olması qənaətinə gəlir. Çünki, işə əlavə edilən sənədlə müəyyən edilir ki, fərdi yaşayış evi iddiaçıya məxsusdur və cavabdehin əşyalarının həmin fərdi yaşayış evində qalması üçün hüquqi zəmin yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh əşyaları ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar