Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-94/2021 26.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı2 vəkili Vəkil1, cavabdeh X2 və onun vəkili Vəkil2 İsgəndər oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni-İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında ölän cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; onun yəni-İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək- açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 və ailə üzvləri - həyat yoldaşı X6, övladları X7, X11, X12 və X14 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.46 ha torpaq sahəsinə görə onlara JN-0059 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 1.9494 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 1.9494 ha torpaq sahəsinin təxminən 0.50 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin, ünvan reyestri və kadastr xidmətinin əməkdaşlarını əraziyə dəvət etsəmdə, zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Cavabdeh dəfələrlə torpaq sahəmdən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişəm və cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəmi mənə qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 və ailə üzvləri - həyat yoldaşı X3, övladları X15, X13, islamov Tərlan Valik oğluna və X8 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.14 ha torpaq sahəsinə görə onlara JN-0058 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 0.6307 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 0.6307 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili Vəkil1 iddia tələblərini müdafiə etdi, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. İddiaçıların ona qarşı olan iddia tələbi tam və hüquqi əsassızdır. Buna görə də həmin iddianı qəbul etmir. İddiaçılarla aralarında mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadə və sahibliyindədir. Yəni, həmin torpaq sahəsini yararsız və istifadəsiz vəziyyətdən aqrotexniki vasitələr və üsullarla qulluq göstərməklə hazırkı vəziyyətə çatdırmışdır. İlk baxışda və sözdə bu məsələlər asan və çox sadə görünsə də əslində böyük əziyyət, zəhmət və fiziki qüvvə, bundan savayı maddi vəsait və xərc tələb edir. Hansı ki, o, sadaladığı bu cürə hərəkət sahəsində buna nail ola bilmişdir. Belə ki, həmin torpaq sahəsində müxtəlif növ ağac növləri əkmiş, calaqlar calayaraq müxtəlif meyvə növlərini yetişdirmişdir. Həmin ağaclara qulluq göstərmiş və hazırkı vəziyyətdə çatdırılmqala, göz qabağında olan gözəl və ağacları bar verən bağ yaratmışdır. Necə deyərlər, atalar demişkən : «Bağa baxarsan bağ olar, baxmazsan dağ». Həqiqətən də, bu prinsipi üstün tutmaqla zəhmətinin və xərclədiyi vəsaitin hesabına belə bağın yaradılmasına nail olmuşdur. Bunu isə bütün kənd icması (camaatı) və eləcə də iddiaçıların özləri də çox gözə! bilirlər. Bununla belə bu yaxın vaxtlara qədər istifadə və sahibliyində olan bağ sahəsinin mülkiyyət sənədlərinin iddiaçılarda olan sənədlərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Çünki, həmin ərazidə onun özünə də məxsus torpaq sahəsi mövcuddur. Hesab etmiş ki, istifadə və sahibliyimdə olan torpaq sahəsi onun özünə məxsusdur. Bu barədə xəbər biləndən sonra isə məsələnin əsl mahiyyəti ilə maraqlanmağa başlamış və son nəticədə ona məlum olmuşdur ki, iddiaçılar müxtəlif «yollar və vasitələrlə» mübahisələndirilən torpaq sahəsinə, yəni hazırkı bağ sahəsinə mülkiyyət sənədləri əldə etmişlər. Bir sözlə hazırına yiyə və sahib olmuşlar. Bundan sonra iddiaçılarla yaranan münasibətlərinə barışıq mövqeyindən yanaşaraq aralarında torpaq sahəsinə dair qarşılıqlı razılığın əldə olmasına dəfələrlə cəhd etmişdir. Hətta onlara ayrı yerdən torpaq sahəsinin alınıb verilməsi də təklif olunmuşdur. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər, bir sözlə iddiaçılar təklifləri qəbul etməyərək arzuladıqları formada, bir növ düşünülmüş və şüurlu surətdə onunla məhkəmə çəkişməsindən vaz keçmək istəməmişlər. Ancaq iddiaçılar bir məsələni unudurlar ki, həyatda kimin və nəyinsə hesabına torpaq sahəsinə və başqa mülkiyyətə də sahib olmaq olar, ancaq halallıq olmayan yerdə heç bir xeyir tapmazlar. Yəni illər boyu halal zəhməti ilə (bu yaşında) və əziyyəti ilə əldə etdiyi ağacların məhsulunu və meyvəsini yeyə bilməzlər. Çünki, Böyük allah yerin və göyün tək sahibidir, hər bir bəndənin hərəkətini görür və qiymətləndirir. Uzun illərin əziyyəti və zəhməti hesabına yaratdığı bağa çəkilən xərclərin iddiaçılardan tələb edilməsi də onun hüquqlarıdır. Çox güman ki, gələcəkdə qəbul olunacaq məhkəmə qərarından asılı olaraq onun da bu istiqamətdə və s. iddiaları olacaqdır. Buna görə də iddiaçılara birinci növbədə mübahisə predmeti üzrə barışıq sazişinin bağlanmasını təklif edir. Onların barışıq sazişindən imtina etdikləri halda isə məhkəmədən ədalət və haqq naminə, iddiaçıların iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 İsgəndər oğlu iddia tələbini qəbul etməyərək, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-0058 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0059 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0057 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. JN-0058 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN- 0059 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahələrində Cavabdeh tərəfindən hər hansı bir tikili (ağac dirəkləri, hasar və s.) inşa edilmişdirmi? “xxxx” MMC-nin 05.04.2021-ci il tarixli 99 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilən JN-0057, JN-0058 və JN-0059 saylı Dövlət Aktlarının planşetləri DTXK tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. DƏDRX tərəfindən ərazinin ümumi elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM - 38N; 39N) koordinat sistemində yığıldığından, Azərbaycan Respublikasının bütün əraziləri üzrə verilən Dövlət Aktlarının və şəhadətnamələrin xəritə məlumatlarının yeni elektron məlumat bazasına inteqrasiyası zamanı müəyyən koordinat sürüşmələri və planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı uyğun torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinə gətirib çıxarmışdır. Məhz bu ərazidə də konfiqurasiya fərqləri olduğundan sözügedən JN-0058 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı2 və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 58A konturu üzrə 0.63 ha olan torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi - X5) naturaya nisbətdə müəyyən yerquruluşu-mühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN-0058 saylı Dövlət Aktının 58A konturu üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Həmçinin JN-0059 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 59A konturu üzrə 1.949 ha olan torpaq sahəsinin planşet əsasında (X5) naturaya nisbətdə müvafiq yerquruluşu-mühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN-0059 saylı Dövlət Aktının 59A konturu üzrə 1.949 ha olan, torpaq sahəsinin 0.4589 ha hissəsinin Cavabdeh istifadəsində olunması müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 ha torpaq sahələrini iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsindən ağac dirəklər, mövcud olan ağaclar və kollar ayırır. Mübahisəli torpaq sahələrinin ölçüləri AutoCad, ArcMap, Google Mapper və SAS.Planeta xəritə proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-0058 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsusdur. Həmçinin iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN- 0059 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə məxsusdur. Cavabdeh qeyd olunan torpaq sahələrinin bir hissəsini qanunsuz şəkildə zəbt edərək ətrafına ağac basdırmış və taxta hasar çəkmişdir. Cavabdeh iddiaçıların həmin torpaq sahələrindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarını pozur. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçılar özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçılarının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-0058 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin və JN-0059 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin cavabdeh X17 oglu tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia etsələr də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdirlər. Məhkəmə araşdırması zamanı ekspertiza rəyi ilə mübahisəli 1.14 ha torpaq sahəsinin yalnız 0.1931 ha hissəsinin və 2.46 ha torpaq sahəsinin yalnız 0.4589 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi cavabdeh X1 alınaraq, İddiaçı1 qaytarılmalı, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh X1 alınaraq İddiaçı2 qaytarılmalı, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəkləri sökülməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh X1 tutularaq “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət e t d i:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN- 0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi cavabdeh X1 alınaraq, İddiaçı1 qaytarılsın. İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN- 0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh X1 alınaraq İddiaçı2 qaytarılsın Cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəkləri sökülsün. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh X1 tutularaq “X10” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev