Məhkəmə qərarları › İş №2(025)-970/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-970/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-970/2022 30.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2003-cü il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyət payı kimi ayrılmış 0,61 h (JN №-0029L sənədi üzrə 0,5529 h və JN №-0029Z sənədi üzrə 0,0535 h) kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mərhum anası X2 payına münasibətdə mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(004)-2375/2022 nömrəli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi sözügedən işi ərazi aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə göndərərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Bununla bağlı məhkəmə qeyd edir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.6-ci maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda həmin məcəllənin 307.2.9-cü maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan normalarından göründüyü kimi qanunverici orqan “daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” ilə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işlərini ayırmış və həmin işlər eyni maddənin başqa bəndləri ilə tənzimlənmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 37-ci maddəsində göstərilmiş “tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsi” faktının müəyyən edilməsi dedikdə, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işləri başa düşülməməlidir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin qərarın 10-cu bəndində isə göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, “daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” ilə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işlərini ayrılmış, onların eyni növlü işlər olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən isə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə hesab edir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə xüsusi icraat işləri Mülki Prosessual Məcəllənin 37-ci maddəsi ilə əhatə olunmadığından hazırki mülki işin Qəbələ Rayon Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçinin Qəbələ rayonunda yaşaması və qeydiyyatda olması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Qəbələ regional ASAN xidmət mərkəzinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar