Məhkəmə qərarları › İş №2(026)-115/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-115/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-115/2021 29.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 1971-ci ilin dekabr ayından 1992-ci ilə kimi “Lenin” adına sovxozda işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, xx xxxx 1955-ci ildə Laçın rayonunun Leninkənd kəndində anadan olmuş, Laçın rayonunun Qarakeçid kəndində qeydiyyatda olmaqla, 1992-ci ildən Laçın rayonunun işğalından sonra məcburi köçkün kimi Qobustan rayonunun Qobustan şəhərində məskunlaşmış və orada yaşayır. 1971-ci ilin dekabr ayından 1978-ci ilə kimi “Lenin” kolxozunda kolxozçu işləmiş, 1975-ci ildən 1977-ci ilə kimi həqiqi hərbi xidmətdə olmuşdur. 1978-cü ildən 1992-ci ilə kimi isə “Lenin” adına sovxozda fəhlə işləmişdir. Həmin işlədiyi illərin 1978-ci ilə kimi əmək kitabçasında qeydi aparılsa da, 1978-ci ildən sonra heç bir qeyd aparılmamışdır. 1992-ci ildə Laçın rayonu işğal olduqdan sonra məcburi köçkün düşmüş və bütün sənədləri Laçın rayonunda qalmışdır. Hal-hazırda xəstəliyi və yaşı ilə əlaqədar təqaüdə çıxmaq istəyir. Lakin əmək kitabçasında işlədiyi illər qeyd edilmədiyindən ona pensiya təyin etmək mümkün deyildir. Lazım olan sənədləri heç cür əldə edə bilmir. Ona görə də qanunvericiliyə uyğun olaraq işlədiyi illərin məhkəmə qaydasında müəyyən edilməsi zərurətində qalaraq 1971-ci ilin dekabr ayından 1992-ci ilə kimi Laçın rayonunda olan “LENİN” adına sovxozda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı Ərizəçi ərizəsi ilə əlaqədar Qobustan rayon məhkəməsinə ərizənin təmin olunmaması barədə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə Əsasnamənin 16-ci bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bır idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbınə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin ərizəçinin təsdiqini tələb etdiyi müddət 12 il 6 aydan çoxdur. Etirazda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.4-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə ərizəni, ərizəyə əlavə olunmuş sənədləri və etirazı araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçinin şahid kimi göstərdiyi şəxslərin, yəni X2 və X1 Ərizəçi ilə “Lenin” adına sovxozda birlikdə işləmələrini təsdiq edən heç bir sənəd ərizəyə əlavə olunmamışdır. Eyni zamanda ərizəçinin tələbi ilə maraqlı tərəfin etirazı arasında hüquqa dair mübahisə vardır. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ərizəçiyə onun ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 306, 263 və 264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi 1971-ci ilin dekabr ayından 1992-ci ilə kimi “Lenin” adına sovxozda işləməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar