Məhkəmə qərarları › İş №2(026)-12/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-12/2025

13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-12/2025 13.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi “1993-cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (maraqlı şəxs kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti göstərilməklə) məhkəməyə müraciət edərək, özünün 1993-cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 17 yanvar 1975-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmaqla 1993-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə köçüb gəlmiş və həmin vaxtdan hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşayır. O, 1995-ci ildə X16 ilə el adəti üzrə toy edib evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Həmin evlilikdən onların 20 iyun 1996-cı ildə Zöhrə, 29 avqust 2002-ci ildə Lalə və 18 fevral 2006-cı ildə Telman adlı üç uşaqları anadan olmuşdur. Qobustan Rayon Məhkəməsinin 2(026)-28/2013 saylı, 14 fevral 2013-cü il tarixli qətnaməsi ilə övladları X7 20 iyun 1996-cı ildə, X9 29 avqust 2002ci ildə və X8 18 fevral 2006-cı ildə doğulmaları faktı müəyyən edilmiş, uşaqlar üçün Qobustan rayon Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamələr alınmışdır. Uşaqlarının Azərbaycan Respublikasında doğulmalarına və Azərbaycan Respublikası vətəndaşı olmalarına baxmayaraq, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını ala bilmir. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2018-ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə etdiyi dəyişikliklə əlaqədar vətəndaşlıq almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin ona 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmək hüququ izah edilmişdir. 16 dekabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən Gürcüstan Respublikasının səfirliyinə müraciət etmiş, səfirlikdən ona Gürcüstan Respublikasının vətəndaşı olmaması barədə arayış verilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizəyə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli, 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. MPM-in 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, Qobustan RİHB-nin xx.xx.2014-cü il tarixli, 080/1 nömrəli sərəncamında qeyd olunmuşdur ki, qayınatası X5 adıçəkilən İcra hakimiyyətinə etdiyi müraciətində Ərizəçi Gürcüstan Respublikasında yaşadığını bildirmişdir. Belə olan halda, şəxsin ölkə ərazisindən giriş-çıxışı, o cümlədən dövlət sərhədlərindən hərəkəti zamanı hansı sənədlə ölkə ərazisinə daxil olmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, MPM-in 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin (faktiki hala görə Gürcüstan) vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd təqdim edilməsini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müvafiq sorğunun göndərilməsini, ərizəyə müvafiq dəqiqləşmə verilərək predmetə “Ərizəçi 1993-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair” şəklində düzəliş verilməsini, 1-ci və 2-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini, 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 2-ci bənddən giriş-çıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Ərizəçi MPM-in 53-cü maddəsinə uyğun olaraq tələbə düzəliş edilməsi barədə ərizə verərək, ərizənin giriş və nəticə hissəsinin “Ərizəçi 1993-cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonu, Xilmilli kəndində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılsın” kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək, onun 1993-cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonu, Xilmilli kəndində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil ərizənin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, ərizəçinin 1993-cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonu, Xilmilli kəndində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X19 çıxış edərək bildirdi ki, ərizənin təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər ərizəçi tərəfindən təqdim olunmuşdur. Təmsil etdiyi qurum tərəfindən idarələrarası avtomatlaşdırılmış məlumat bazasında aparılmış araşdırma nəticəsində də Ərizəçi sərhəd keçməsinin qeydə alınması müəyyən edilməmişdir. Hazırkı sorğuya verilmiş cavab onun təmsil etdiyi qurumu qane edir. Ona görə də ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, 1961-ci ildə Şamaxı rayonunun Şıxlar kəndində doğulmuşdur və 1987-ci ildən bəri Qobustan rayonunun Xilmilli kəndində yaşayır. Ərizəçi Sevdanı İnad Məmmədovun həyat yoldaşı kimi tanıyır. Ərizəçi onun üzbəüz qapı qonşusudur, onu 1993-cü ildən tanıyır. Ərizəçinin 3 uşağı var. Ərizəçi 1993-cü ildə Gürcüstandan gəldiyi vaxtdan etibarən daimi olaraq Xilmilli kəndində yaşamaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, 1978-ci ildə Qobustan rayonunda doğulmuşdur və doğulandan bəri rayonun Xilmilli kəndində yaşayır. O, ərizəçi Sevdanı 1990-cı illərin əvvəllərindən İnad Məmmədovun həyat yoldaşı kimi tanıyır. Ərizəçinin 3 uşağı var. Ərizəçi kəndə gəldikdən etibarən daimi olaraq Xilmilli kəndində yaşamaqdadır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Gürcüstan SSR-in səlahiyyətli orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 17 yanvar 1975-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda doğulmuşdur. İşdəki Bakı şəhərində yerləşən Gürcüstan səfirliyinin 16 dekabr 2021-ci il tarixli arayışından görünür ki, 17 yanvar 1975-ci ildə Gürcüstanda anadan olmuş Ərizəçi “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın orqan qanununun 30-cu maddəsinin “b” və “q” bəndlərinə uyğun olaraq Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət xidmətlərinin inkişaf agentliyinə təqdim edilmiş və agentlik tərəfindən əldə edilmiş sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab edilmir. İşdəki Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 avqust 2024-cü il tarixli arayışından görünür ki, 17 yanvar 1975-ci il təvəllüdlü Ərizəçi Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. İşdəki Qobustan rayonu, Xilmilli kənd sakinləri X13, X2 və X6 tərəfindən imzalanmış və Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Ş.Bayramov tərəfindən təsdiq olunmuş 22 avqust 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, 17 yanvar 1975-ci il təvəllüdlü Ərizəçi 1993-cü ilin noyabr ayından Gürcüstan Respublikasından köçüb onların qonşuluğunda Qobustan rayonu, Xilmilli kəndində yerləşən fərdi yaşayış evi almış və həmin evdə ailəsi ilə birlikdə yaşayır. İşdəki Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 07 iyun 2024-cü il tarixli arayışından görünür ki, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində 17 yanvar 1975-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı barədə 14 fevral 2019-cu il tarixli, ******* nömrəli inzibati akt (arayış formasında) qəbul edilmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(026)- 28/2013 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X7 20 iyun 1996-cı il tarixdə doğulması faktının müəyyən edilməsi, X10 doğum haqqında şəhadətnamə verilərkən doğum ili 20 iyun 1996-cı il, doğulduğu yer Qobustan rayonunun Xilmilli kəndi, soyadı Məmmədova, adı Zöhrə, atası qrafasında X16, anası qrafasında Ərizəçi yazılması, X9 29 avqust 2002-ci il tarixdə doğulması faktının müəyyən edilməsi, X14 doğum haqqında şəhadətnamə verilərkən doğum ili 29 avqust 2002-ci il, doğulduğu yer Qobustan rayonunun Xilmilli kəndi, soyadı Məmmədova, adı Lalə, atası qrafasında X16, anası qrafasında Ərizəçi yazılması, X8 18 fevral 2006-cı il tarixdə doğulması faktının müəyyən edilməsi, X11 doğum haqqında şəhadətnamə verilərkən doğum ili 18 fevral 2006-cı il, doğulduğu yer Qobustan rayonunun Xilmilli kəndi, soyadı Məmmədov, adı Telman, atası qrafasında X16, anası qrafasında Ərizəçi yazılması qət edilmişdir. İşdə surəti olan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 03 dekabr 2018-ci il tarixli arayışlardan görünür ki, 18 fevral 2006-cı il təvəllüdlü X8 və 29 avqust 2002-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. İşdə surəti olan AZ-İİİ 069217 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 20 iyun 1996-cı il təvəllüdlü X7 atası X16, anası Ərizəçidır. İşdə surəti olan AZ-İİİ 114561 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 29 avqust 2002-ci il təvəllüdlü X9 atası X16, anası Ərizəçidır. İşdə surəti olan AZ-İİİ 114562 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 fevral 2006-cı il təvəllüdlü X8 atası X16, anası Ərizəçidır. İşdəki Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən sorğuya cavab olaraq göndərilmiş 05 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatların 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, Ərizəçi 1993-cü il ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 09 dekabr 2024-cü il tarixində yeni sorğu göndərilmiş, Ərizəçi məlumatların yerləşdirildiyi 2001-ci il tarixindən indiyədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeyd olunan məlumatların məhkəməyə göndərilməsi xahiş olunsa da, məhkəmənin baxış iclası keçirilənədək sonuncu sorğuya cavab məhkəməyə daxil olmamışdır. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 12, 12.1 və 12.2-ci bəndlərinə əsasən, məhkəmələr MPM-in 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir... Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Hazırkı iş materialları ilə müəyyən edilir ki, Ərizəçi 17 yanvar 1975-ci ildə Gürcüstan SSR-də anadan olmuşdur. Ərizəçi doğulduğu Gürcüstan Respublikasının və hazırda yaşadığı Azərbaycan Respublikasının vətəndaşı hesab olunmur və o, bununla bağlı müvafiq təsdiqedici sənədləri təqdim etmişdir. Ərizəçi özünün 1993-cü ilin noyabr ayından Gürcüstandan gəlib Qobustan rayonunun Xilmilli kəndində yaşamağa başladığını qeyd etmiş, bununla bağlı 22 avqust 2024-cü il tarixli aktı təqdim etmiş, şahid kimi X1 və X3 ifadələrinə istinad etmişdir. Balacavan Bəndaliyev ərizəçini 1993-cü ildən İnad Məmmədovun həyat yoldaşı kimi tanıdığını təsdiq etmiş, digər şahid Sabir Cəbrayılov da ərizəçinin 1990-cı illərin əvvəllərində Qobustan rayonunun Xilmilli kəndinə gələrək orada yaşamağa başladığını qeyd etmişdir. Bundan əlavə, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, idarələrarası avtomatlaşdırılmış məlumat bazasında aparılmış araşdırma nəticəsində ərizəçinin sərhəd keçməsinin qeydə alınması müəyyən edilməmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də ərizəçinin Qobustan rayonunun Xilmilli kəndində 20 iyun 1996-cı ildə, 29 avqust 2002-ci ildə və 18 fevral 2006-cı ildə 3 uşağının doğulması faktı müəyyən edilmişdir. Qeyd edilənlər onu göstərir ki, ərizəçi həqiqətən də heç bir dövlətin vətəndaşlığına mənsub deyil və o, 1993cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşayır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 1993-cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1993-cü ilin noyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar