Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-197/2024 15.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt etdikləri, qonşuları X3 və X1 həyətyanı torpaq sahələri ilə sərhəd təşkil edən və JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsində çıxarılaraq torpağın boşaldılması, onun mülkiyyətinə qaytarılması, cavabdehlər barədə xüsusi qərardad çıxarılaraq Qobustan rayon prokurorluğuna göndərilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt etdikləri, qonşuları X3 və X1 həyətyanı torpaq sahələri ilə sərhəd təşkil edən və JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsində çıxarılaraq torpağın boşaldılması, onun mülkiyyətinə qaytarılması, cavabdehlər barədə xüsusi qərardad çıxarılaraq Qobustan rayon prokurorluğuna göndərilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşadıqları halda Qobustan rayonu Təklə kəndində onun qonşuluğunda torpaq zəbt edərək yaşayış evi tikmişlər. Müəyyən vaxtlarda kəndə gəlib, həmin evdə yaşayırlar. Uzun müddətdir cavabdehlərlə aralarında torpaqla bağlı məhkəmə mübahisəsi gedir. Onlar Təklə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini zəbt edərək yaşayış evi tikərkən onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsini də zəbt etmişlər və oranı dəmir torla hasara almışlar. Həmin 0,03 ha torpaq sahəsi həyət qonşuları X3 və X4 ilə qonşu zolağına düşür. Qobustan Rayon Məhkəməsində cavabdehlərə qarşı iddia qaldırmış və həmin torpaq sahəsinə cavabdehlər tərəfindən qanunsuz çəkilmiş tor hasarın onların hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı Qobustan rayon məhkəməsi tərəfindən mübahisənin həll edilməsi üçün mütəxəssis dəvət edilmiş və ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti mübahisəli torpaq sahəsinə baxış keçirmiş və hər iki təşkilat müvafiq rəyləri ilə təsdiq etmişlər ki, mübahisələndirilən və cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin 0,03 ha-sı onun mülkiyyətində olan torpaq sahəsidir, 0,08 ha torpaq sahəsi isə Qobustan rayonu Təklə bələdiyyəsinin mülkiyyətinə aiddir. Ona görə də, Qobustan rayon məhkəməsi bu sənədləri nəzərə alaraq, özünün 17 aprel 2023-cü il tarixli, 2(026)-2/2023 saylı qətnaməsi ilə onun iddia tələbini qismən təmin edərək 0,03 ha. torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, yəni onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamədən cavabdehlər Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsi 2(105)-1314/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qətnamə ilə apelyasiya şikayətini təmin etmiş, Qobustan rayon məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(026)-2/2023 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi hesab etmişdir ki, mübahisəli torpağın 0,03 ha. əvvəlki vəziyyətinə, yəni onun mülkiyyətinə qaytarılması tələbi qoyulmamışdır. Bununla yanaşı, apelyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli torpağın 0,03 ha İddiaçı mülkiyyətində olan torpaqdır, 0,08 ha. isə Təklə bələdiyyəsinin mülkiyyətinə aid olmaqla hasara alınmışdır. Beləliklə, hüquqi sənədlərlə təsdiq olunub ki, cavabdehlər onun mülkiyyətində olan və qonşuları X3 və X1 həyətyanı torpaqları ilə sərhəd təşkil edən 0,03 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Bununla da onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Ona görə də cavabdehlər ona məxsus olan həmin torpaq sahəsindən çıxarılmalıdırlar və torpaq ona təhvil verilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri, qonşuları X2 və X1 həyətyanı torpaq sahələri ilə sərhəd təşkil edən və JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsində çıxarılaraq torpağın boşaldılması, onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhərində qeydiyyatda olsa da faktiki olaraq Qobustan rayonu Təklə kəndində yaşayır. Yaşadığı evi 2013-cü ildə atası 90cı illərdə çəpəri əyərək ona verdiyi 0,21 ha həyətyanı torpaq sahəsinin bir tərəfində yerləşir. Uzun illər həmin torpaqdan istifadə etmiş, orada çoxlu sayda ağaclar əkdirmişdir. Cavabdeh onunla qonşuluqda yaşayır və orada zəbt etdiyi 0.50 ha -ya yaxın olan ərazidə 2 ev tikmişdir. Birində oğlu Tural, digərində isə özü yaşayır. Son illərdə evlərin birinə çıxarış almaq istəyəndə ona məlum olmuşdur ki, hazırda oğlunun yaşadığı evin torpaq sahəsinə dair şəhadətnamədə göstərilən 0,08 ha sahənin 0.03 ha-sı onun istifadə etdiyi əraziyə düşür. Hansı ki, evin yerləşdiyi sahə daşla metal torla əhatəyə alınmış və həmin sərhədlərin daxilində faktiki olaraq 0.20 ha torpaq sahəsi mövcuddur. Buna baxmayaraq şəhadətnamədəki torpağın 0.03 hasının onların çəpərinin daxilində olmasını və həmin sahənin də ona verilməsini tələb edir. Həmin 0,03 ha sahə onun çəpəri daxilində olduğu halda səhvən iddiaçının şəhadətnaməsinə daxil etmişdir. Onun öz çəpərlədiyi yerin içərisində, kifayət qədər artıq torpaq sahəsi olduğu halda niyə belə çəkilib onu bilmir. Tərtib olunmuş elektron bazada da onun evi və həyətyanı sahəsi bütövlükdə çəpərin sərhədləri daxilində göstərilmişdir. İddiaçı mübahisəli torpaq sahəsini qanunsuz yolla əldə etmişdir. İslahata qədər onun belə bir torpaq sahəsi olmamışdır. İslahatdan sonra da nə bələdiyyə ilə, nə də hansısa vətəndaşla aralarında bu torpaqla bağlı hər-hansı bir ilkin sənəd də yoxdur. İslahat komissiyası heç bir əsas olmadan ona torpaq şəhadətnaməsi verib, onun da 0,03 ha hissəsi onun çəpərinin içərisindən verilmişdir. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı ona qarşı iddiasını qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, mülki iş materiallarında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu müəyyən edilmişdir. Qeyd olunan mübahisəli tor hasar naturada mövcud deyildir. 5-ci sual üzrə: Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür. Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən qötürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbt etdikləri JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən çıxarılaraq torpaq boşaldılmalı və iddiaçının mülkiyyətinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbt etdikləri JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən çıxarılaraq torpaq boşaldılsın və iddiaçının mülkiyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-197/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-197/2024
15.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver