Məhkəmə qərarları › İş №2(026)-263/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-263/2022

30.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-263/2022 30.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı1 Əmiraslan oğlu və İddiaçı2, cavabdehlər X6 və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı1 Əmiraslan oğlu və İddiaçı2 Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qobustan rayon Təklə-Mirzəbaba kənd tam orta məktəbinin direktoru əvəzi Cavabdeh2 qarşı işə bərpa və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Qobustan şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Əmiraslan oğlu və İddiaçı2 Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qobustan rayon Təklə-Mirzəbaba kənd tam orta məktəbinin direktoru əvəzi Cavabdeh2 qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı1 Əmiraslan oğlu məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, o və həyat yoldaşı Musayeva X16 rayon Təklə-Mirzəbaba kənd tam orta məktəbinin direktoru əvəzi Cavabdeh2 tərəfindən qanunsuz və əsassız olaraq işdən çıxarılmışlar. Əmrdə Qobustan rayon, Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbin 20 aprel 2022-ci il tarixli 31 saylı çıxarış əmrində onun və həyat yoldaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 aprel 2022-ci il tarixli K-341 nömrəli əmrinə əsaslanmışdır. Onun işdən çixarılması ilə bağlı olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 aprel 2022-ci il tarixli K-341 nömrəli əmrinin ona təqdim edilməsini dəfələrlə tələb etsə də ona verilməmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qəbul otağında olmuş, Qobustan rayon Təhsil Şöbəsində olmuş və ona etdiyi telefon zəngləri ilə xahiş etsə də həmin əmri ona verməmişlər. Qobustan rayon Təhsil Şöbəsinin müdirindən dönə-dönə xahiş etdikdə isə ona “Təhsil Nazirliyi icazə vermir" deyə bildirilmişdir. Həmin əmri almaq üçün poçt vasitəsi ilə Təhsil Nazirliyinə və Qobustan rayon Təhsil Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının müvafiq qanunlarını kobud surətdə pozaraq, bilavasitə onun və həyat yoldaşının konstitusion hüquqlarını pozmaqla qanunla qorunan əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqlarını müdafiə etməyə mane olmaq üçün cəhd etmişlər. Qobustan rayon, Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbin 20 aprel 2022-ci il tarixli 31 saylı çıxarış əmrinə baxdıqda açıq-aydın görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. O, 01 fevral 2017-ci il tarixindən Qobustan rayon Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbində təsərrüfat müdiri, həyat yoldaşı İddiaçı2 isə 2014-ci il tarixindən katibə-makinaçı vəzifəsində işləyir. Onun əmək haqqı 323 manat, həyat yoldaşının əmək haqqı isə 279 manatdır. Ailə tərkibi isə 4 nəfəri azyaşlı məktəbli uşaq olmaqla 9 nəfərdən ibarətdir. Aldıqları əmək haqqı ilə çox çətinliklə dolanırlar. Hazırkı iqtisadi durumda qarşıda ailəni nələrin gözlədiyini təsəvvür etmək çətin deyil. Yeganə gəlir və dolanacaq yerləri bu cüzi maaşlı iş yeri olmuşdur və güzəranlarını ailə təminatlarını bununla qurmuş, hər ikisi “Kapital Bank”dan kredit borc götürmüş və banka borclanmışlar. O və həyat yoldaşını qanunsuz və qərəzli olaraq işdən çıxarmışlar. Məktəbdə 15 dekabr 2021-ci il tarixində Təhsil Nazirliyinin əməkdaşı Rəşad Musayev və 15 saylı ƏMHM-nin əməkdaşı Fariz Mahmudov tərəfindən yoxlama keçirilmiş, akt tərtib olunmuş və aktın 2-ci hissəsində yazılmışdır ki, katibə İddiaçı2, kitabxana müdiri Şıxəliyevə Gülnar və X28 işdə YOXDURlar, mütəmadi olaraq işə gəlmirlər. Həmin aktın 4-ci hissəsində göstərilir ki, texniki işçilərin davamiyyət jurnalı YOXDUR. Təklə-Mirzəbaba kəndində yerləşən məktəbləri köhnə və qəzalı vəziyyətdə olduğundan, X25 Əliyevin göstərişi ilə müasir tələblərə uyğun olaraq yenidən inşa olunduğundan, məktəb binası olmadığı üçün dərslər 01 oktyabr 2021-ci ildən həmin kənddə yiyəsiz evlərdə keçirilmiş, evlərdə darısqallıq oiduğundan qonşu Sündü kəndinin köhnə məktəbində yerləşmişlər. Havalar soyuduğundan, qarlı günlər səbəbindən Sündü kənd yolunun əlverişsiz və təhlükəli olduğundan uşaqları daşıyan avtobus çətinlik çəkdiyi üçün oktyabr ayının sonlarına yaxın qonşu Təklə məktəbinə yerləşmişlər. Yoxlama keçirilərkən məktəb təqribən 15 gün olardı ki, qonşu Təklə kəndində yerləşən heç bir elementar şəraiti olmayan köhnə məktəbdə yerləşmişlər. Hazırda da həmin məktəbdə dərslər tədris olunur. Həmin məktəbi özlərini bir təhər təmir etmişlər. Hətta məktəbin normal sinif otaqları və ayaqyolusu belə yox idi. Həmin məktəbdə 11 yararsız sinif otaqları və 1 döşəməsi çökmüş və rütubət qoxuyan müəllimlər otağı vardır. Xadimələr, gözətçilər, müəllim və müəllimələr, uşaqları daşıyan sürücü-hamısı bir otaqda toplaşmaq məcburiyyətində olmuşlar və belə vəziyyət pandemiya qaydalarına zidd olduğunu və məktəbdə katibənin, kitabxana müdirinin iş otaqlarının olmamasını yazılı izah edərək və əmək şəraitinin olmaması, bununla bağlı katibə və kitabxana müdirinin müvəqqəti olaraq işə gəlməməsi səbəbi, koronavirus pandemiya dövrünün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq göstərişinə uyğun olaraq Məsafəli İdarəetməyə keçirildiyini və məktəbdaxili təsdiq olunmuş texniki işçilərin müvəqqəti iş qrafikini yoxlama üzvlərinə göstərib yazılı izahat vermişdir. Kitabxanaçı və katibə daim işdə olublar. Yoxlama üzvləri yuxarıda təsvir etdiyi müəllimlər otağında oturub saxta qərəzli akt tərtib etmişlər. Məktəb tez-tez yerdəyişməsinə pərakəndə vəziyyətin yarandığına, katibənin, kitabxana müdirinin əmək şəraitinin olmaması, məsafəli idarəetməyə keçirildiyini və məktəbdaxili təsdiq olunmuş texniki işçilərin müvəqqəti iş qrafikini nəzərə alaraq jurnal müvəqqəti olaraq istifadə olunmamısdır. İsəgötürən işçinin keyfiyyətli və əmək müqaviləsi üzrə onun üzərinə düşən əmək funksiyasını yerinə yetirməsi üçün, normal əmək şəraiti yaratmağa borcludur. Həyat yoldaşı Rəna şəkərli diabet xəstəsidir və Qobustan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Əmək Məcəlləsinin 79-cu maddəsinə görə aşağıdakı şəxslərlə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hər ikisi 60 yaşına satmışlar və bundan sonra heç bir yerdə iş tapıb işləmək şansları belə YOXDUR. Yoxlama üzvləri tərəfindən yol verilən, diqqəti çəkən ən əsas saxtakarlıq, aşağıda göstərilən mühüm və mötəbər faktlar sübut edir ki, keçirilən yoxlama bir başa ona qarşı qərəzli olmuşdur. Onun işdən çixarılması ilə bağlı olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 aprel 2022-ci il tarixdə Qobustan rayon Təhsil Şöbəsinə gələn sənədin ona aid olan 7.3-cü hissəsində yazılır ki, o təsərrüfat müdiri olaraq, maliyyə pozuntusuna yol verdiyi üçün işdən azad olunmalıdır. O nə mühasib deyil, nə də möhür daşıyıcı məsul şəxs deyil. Əslində isə, yoxlama üzvləri çox ciddi qanun pozuntusuna yol verərək, məktəbin sabiq direktoru X17 rayon Təhsil Şöbəsinin mühasibi Rafiq Əlibalayevin birgə əlbir olaraq törətdikləri fırıldaqları, pul mənimsəmələrini ona aid edərək onun işdən çıxarılmasına nail olublar. Adı keçən ocaqçı X18 15 aprel 2021-ci il tarixdə işdən çıxmasına baxmayaraq onun əmək haqqı kartına yoxlama olan günə qədər (8 ay ) məktəbin sabiq direktoru X17 rayon Təhsil Şöbəsinin mühasibi Rafiq Əlibalayev əmək haqqı buraxmış və mənimsəmişlər. O, təsərrüfat müdiri kimi istəsəydi belə ocaqçının adını tabelə yaza bilməz və etməmişdir. O dövr, yəni ocaqçıya pul buraxılan (8 ay ) Qobustan rayon təhsil Şöbəsinin mühasibi Rafiq Əlibalayevə göndərilən məktəbin texniki işçilərinə əmək haqqı buraxılması üçün işə davamiyyət tabelində X2 adı YOXDUR. Çünki, məktəbdə ocaqçılar mövsümü iş olmaqla qış mövsümünə keçidlə bağlı hər il noyabrın 15-dən aprel ayının 15-nə qədər işə götürülür. Uzun illərin təcrübəli işçisi təhsil şöbəsinin mühasibi Rafiq Əlibalayev ocaqçı ştatının necə işlədiyini bilir. Göründüyü kimi, günahkarlar cəzasız kənarda qalmaqla o işdən azad edilmişdir. Qobustan rayon Ə.Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əlisa Hacıyev on günlərlə işə gəlmir, Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. Məktəbdə məhdud sayda uşaqlar oxuyurlar, onlardan da 5 nəfəri onun nəvələridir. Əlisa Hacıyevlə zaman-zaman, onun nə üçün dərs keçmədiyini, ona baxaraq digər müəllimlər də intizamsızlıq edərək dərs keçmirlər və ya dərsə gəlmirlər-deyə mübahisələri də olmuşdur. Təhsil Nazirlyinin əməkdaşı Rəşad Musayev və 15 saylı ƏMHM-nin əməkdaşı Fariz Mahmudov tərəfindən ona qarşı ciddi qanun pozuntularına yol verilməklə qərəzçilik olmuşdur. O, və həyat yoldaşı işdən azad olunarkən həmkarlar ittifaqının razılığı olmamışdır. Çünki o və həyat yoldaşı həmkarlar ittifaqının üzvüdür. Hətta üzvlüyə əmək haqqından pul tutulur. Ona görə də onun öz işinə, yəni Qobustan rayon Ə.Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, 2014-cü ildən Qobustan rayon Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbinə katibə-makinaçı vəzifəsində işləyir. İşinə məsuliyyətlə yanaşır. 15 dekabr 2021-ci il tarixdə xəstə olduğu üçün icazə alaraq işə getməmişdir. Bu barədə məktəb direktorunun xəbəri olmuşdur. Barəsində verilmiş əmr əsassız olduğu üçün onun öz işinə, yəni Qobustan rayon Ə. Nəbiyev adına Təklə- Mirzəbaba kənd tam orta məktəbinə katibə-makinaçı vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X15 izahat verərək göstərdi ki, 01 sentyabr 2010-cu il tarixdən 06 dekabr 2021-ci il tarixə kimi Əlvan Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 06 dekabr 2021-ci il tarixdə məktəbin direktoru Vüsal Şıxaliyev işdən azad edildiyi üçün məktəbin direktor vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq ona həvalə edilmişdir. Dərslər əvvəlcə həmin kənddə olan evlərdə keçirilmiş, sonra isə rayonunun Sündü kəndinin köhnə məktəbinə daşınmışdır. Havalar soyuduğundan, Sündü kənd yolunun əlverişsiz və təhlükəli olduğundan uşaqları daşıyan avtobus çətinlik çəkdiyi üçün isə oktyabr ayının sonlarına yaxın məktəbi qonşu Təklə məktəbinə daşımışlar. 2021-ci ilin dekabr ayında Təhsil Nazirliyi tərəfindən Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında monitorinq keçirilməsi barədə əmr verilmişdir. 15 dekabr 2021-ci il tarixdə Təhsil Nazirliyinin əməkdaşı Rəşad Musayev, 15 saylı ƏMHM-in əməkdaşı Fariz Mahmudov və Qobustan rayon təhsil şöbəsinin metodisti İntiqam Mürsəlov məktəbə daxil olaraq məktəbdə yoxlama aparacaqlarını bildirərək məktəbdə bir gün ərzində yoxlama apardılar. Şagirdlərin dərsə davamiyyəti, müəllimlərin işə davamiyyəti, texniki işçilərin işə davamiyyəti, müəllimlərin tədrisi və bütün sənədlər yoxlanıldı. Yeddi nəfərdən ibarət akt tərtib olunaraq hər bir iştirakçı tərəfindən oxunaraq imzalarla təsdiq edildi. Aktın ikinci bəndində texniki işçilərin davamiyyət jurnalının olmaması, məktəbin katibəsi İddiaçı2, kitabxana müdiri X1, X2 işdə olmamaları müəyyən edilmişdir. Həmin günü təsərrüfat müdiri İddiaçı1 Əmiraslan oğlu ona şifahi müraciət edərək katibə İddiaçı2 və kitabxana müdiri Gülnar Şıxəliyevanın xəstə olduğunu bildirmişdir. 06 dekabr 2021-ci il tarixə kimi tədris işləri üzrə direktor müavini vəzifəsində işlədiyindən texniki işçilərin əmək haqqının buraxılması üçün tərtib olunmuş tabellərdən xəbəri olmamışdır. Həmin tabellərdə heç bir imzası və möhürü də olmamışdır. 06 dekabr 2021-ci il tarixə kimi texniki işçilərə nəzarət, əmək haqqı buraxılması üçün tərtib olunmuş tabellərə cavabdeh sabiq direktor Şıxaliyev Vüsal olmuşdur. Həmin tarixə kimi o dərs cədvəllərinin hazırlanması və tədrisi ilə məşğul olmuşdur. X2 noyabr ayının 15-də işə götürülməsi, aprelin 15-də isə işinə xitam verilməli olduğu halda sabiq direktor tərəfindən işə xitam verilməmiş və ona artıq əmək haqqı buraxılmışdır. Könül Ağayeva haqqında isə 15 dekabr 2021-ci il tarixdə məktəbdə olan yoxlamadan sonra məlumatı olmuşdur. Digər iki işçi İddiaçı2 və X3 ona direktor əvəzi işlədiyi müddətdə işlərinə davam etmişlər və bunun üçün də təsdiq olunmuş tabellər var. Həmin tabellərə uyğun da əmək haqqı buraxılmışdır. İddiaçı1 Əmiraslan oğlunun əmək müqaviləsinə xitamı Təhsil Nazirliyinin 18 aprel 2022-ci il tarixli K-341 nömrəli əmrinə əsasən vermiş və həmin əmrin icrasını yerinə yetirmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X19 izahat verərək göstərdi ki, Qobustan rayon Təklə-Mirzəbaba kənd tam orta məktəbində yoxlama aparılan zaman həmin məktəbdə təsərrüfat müdiri işləyən İddiaçı1 Əmiraslan oğlunun tabelə imza etmədiyi, inventarların yerində olmadığı, digər İddiaçı2 isə işdə olmadığı aşkar edilmişdir. Buna görə də akt tərtib edilmiş və həmin aktın əsasında da Təhsil Nazirliyi Ş. Musayevin əmək müqaviləsinə xitam verilməsi üçün əmr vermişdir. İddianın təmin edilməməsi barədə qətnamə verilməsini xahiş etdi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yoxlamanın nəticələrinə dair sənəddən görünür ki, Azərbaycan Respublikası təhsil nazirinin 05 fevral 2021-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin 30 noyabr 2021-ci il tarixli E-1439 nömrəli əmrinə əsasən 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə 2020-2021-ci illəri əhatə edən dövr ərzində ayrılan vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsinin və Qobustan, Şamaxı, İsmayıllı, Ağsu rayon təhsil şöbələrində və tabeliyindəki təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkili, təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, kadrların işə qəbul prosesində və tədrisin təşkilində öz səlahiyyətləri daxilində Mərkəz və aidiyyəti rayon təhsil şöbələri tərəfindən vəzifələrin icrasının qiymətləndirilməsi üçün araşdırma aparılmışdır. Araşdırma zamanı müəllimlərin dərs bölgüsündə, dərs saatlarının əvəz olunmasında, ştatların bölünməsində, işçilərin işə davamiyyətində, məktəb sənədlərinin aparılmasında, təhsil müəssisələrində tədrisin dövlət standartlarına uyğun təşkilində və sair sahələrdə bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4cü və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr edilmişdir. Həmin əmrin 7. 3-cü bəndində əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və əsassız büdcə vəsaitinin ödənilməsinə görə Qobustan rayonu Təklə-Mirzəbaba kənd tam orta məktəbinin təsərrüfat müdiri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və 7.4-cü bəndində Qobustan rayonu Təklə-Mirzəbaba kənd tam orta məktəbində mütəmadi olaraq işə gəlməyən texniki işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv olunması və görülmüş tədbirlər barədə 1 (bir) ay müddətində Təhsil Nazirliyinə hesabatların təqdim olunması göstərilmişdir. Təhsil Nazirliyinin əməkdaşı Rəşad Musayev, 15 saylı ƏMHM-nin əməkdaşı Fariz Mahmudov, Qobustan RTŞ-nin metodisti İntiqam Mürsəlov, Qobustan rayonu Təklə- Mirzəbaba kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor əvəzi Cavabdeh2, məktəbin sabiq direktoru Vüsal Şıxəliyev, tərbiyə işləri üzrə direktor müavini Əlisa Hacıyev və təsərrüfat müdiri İddiaçı1 15 dekabr 2021-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, yoxlama zamanı aşağıda qeyd edilənlər aşkar edilmişdir. Məktəbdə ümumi olaraq 11 sinif komplektində 95 şagird təhsil alır. Şagirdlərin davamiyyəti 3-cü saatda 3 sinifdə yoxlanılmışdır. Belə ki, 27 şagirddən 11 şagird dərslərdə iştirak etmirdi. Məktəbdə 11 nəfər texniki işçi var. (1- katibə, 1-kitabxana müdiri, 3-xadimə, 1-fəhlə. 1-təsərüffat müdiri, 1dalandar, 2-gözətçi, 1.5- ocaqçı) texniki işçilərin davamiyyət jurnalı YOXDUR. Texniki işçilərdən 3 nəfər- katibə İddiaçı2, kitabxana müdiri X4, ocaqçı X18 işdə yox idilər. Ümumiyyətlə onlar mütəmadi olaraq işə gəlmirlər. Onlara hər ay əmək haqqı hesablanaraq ödənilir. Pedaqoji işçilərin davamiyyəti mövcud cədvələ görə siniflərdə şagirdlərin davamiyyətinə baxış zamanı yoxlanılmış hər kəsin dərsdə olduğu müəyyən olunmuşdur. Texniki işçilərin davamiyyət jurnalında YOXDUR. Müəssisədə ümumi 33 nəfər işçi çalışır. Onlardan çalışmanın yaş həddinə çatmış işçi YOXDUR. Son 3 ildə məktəbə qəbul olunan müəllimlərin şəxsi işlərinə işə qəbul proseduruna baxış keçirilən zaman şəxsi işlərin qaydasında olmadığı müəyyən olunmuşdur. Yeni işə təyin olunanlarla əmək müqaviləsi bağlanılmır. Elektron bildirişlər vaxtında sistemə salınmır. X21 06 oktyabr 2021-ci il tarixdən gənclərin hərbi hazılrlıq rəhbəri vəzifəsinə təyin olunub. Hərbi rütbəsi əsgərdir. İşə təyin olunarkən səfərbərlik idarəsinin razılığı alınmayıb. X20 15 noyabr 2021-ci il tarixdən ocaqçı təyin olunub. Vakant yer marafona çıxarılmamışıdr. Dərs bölgülərində DQ nəticələri əsasən nəzərə alınmışdır. Yalnız Azərbaycan dili və ədəbiyyat müəllimi X7 DQ-də 45/28 bal toplasa da 10 saat dərs yükü verilmişdir. Tədris planı üzrə 39 saat dərs yükü mövcuddur. 7 saat direktor müavini Əlisa Hacıyevə (35/27), 26 saat Çinarə Abuzərovaya (55/38) verilmişdir. Müəssisədə 18 yanvar 2020-ci il tarixdən əmr kitabı yazılmır. Buna görə də müəllimlərin dərs bölgüsü barədə əmrə baxmaq mümkün olmadı. Müəssisədə “Daxil olan sənədlərin qeydiyyat kitabı”YOXDUR. Məktəbin fəaliyyət planı və pedaqoji işçilərin uçotu kitabı təqdim olunmadı. Qobustan rayon Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbinin 20 aprel 2022-ci il tarixli 31 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 aprel 2022-ci il tarixli K-341 nömrəli əmrinə əsasən təsərrüfat müdiri- İddiaçı1 Əmiraslan oğlu, katibə-makinaçı-İddiaçı2 və kitabxana müdiri- X5 işdən azad edilmişlər. Elektron sistemdən çıxarılmış Qobustan rayon Təhsil Şöbəsinin 20 aprel 2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 Əmiraslan oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Elektron sistemdən çıxarılmış Qobustan rayon Təhsil Şöbəsinin 20 aprel 2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X24 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi xəstəxanası” X30 03 iyun 2022-ci il tarixdə verdiyi 07-2022/775 saylı arayışdan görünür ki, 1964-ci il təvəllüdlü Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini İddiaçı2 həqiqətən “ Şəkərli diabet tip İİ orta ağır forma, arteriall hipertonziya İİ dərəcəli, əlavə yüksək risk qrupu Ü.Xr.l.X ” diaqnozu ilə 19 fevral 2018-ci il tarixdən Qobustan RMX PHŞ-nın poliklinika şöbəsində dispanser qeydiyyatdadır, lazımi dərman preparatları ilə mütəmadi təmin olunur. Mediasiya prosesinə xitam verilməsi barədə 28 iyun 2022-ci il tarixli arayışda göstərilir ki, İddiaçı1 Əmiraslan oğlu Cavabdeh2 qarşı əmək müqaviləsi işə bərpa ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməli, iddiaçılarin işdən çıxarılması barədə Qobustan rayon Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbinin 20 aprel 2022-ci il tarixli 31 saylı əmri ləğv edilməli, İddiaçı1 və İddiaçı2 əvvəlki işinə bərpa edilməli, məcburi işburaxmaya görə onlara əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən iİşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 80-ci maddəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehinin verilməsi qaydaları, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən intizam tənbehinin verilməsi şərtləri bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Ə. Nəbiyev adına Qobustan rayonu Təklə- Mirzəbaba kənd tam orta məktəbinin direktoru əvəzi Cavabdeh2 həmin məktəbdə 01 fevral 2017-ci il tarixindən təsərrüfat müdiri işləyən İddiaçı1 Əmiraslan oğlunu və həmin məktəbdə 2014-cü ildən işləyən İddiaçı2 işdən çıxararkən Əmək Məcəlləsinin tələblərinə riayət etməmişdir. Belə ki, Təklə-Mirzəbaba kəndində yerləşən məktəb köhnə və qəzalı vəziyyətdə olduğundan, məktəbin müasir tələblərə uyğun olaraq yenidən inşa olunduğu, məktəbin daşınar vəziyyətdə olduğu nəzərə alınmamışdır. Eyni zamanda əmrdə əmək müqaviləsinə hansı vaxtdan xitam verilməsinin ay, gün və tarixi göstərilməmişdir. Həmçinin müəyyən olundu ki, əmr verilərkən həmkarlar ittifaqının razılığı alınmamış, İddiaçı1 Əmiraslan oğlu və İddiaçı2 əmək müqaviləsinə xitam verilərkən müqavilənin əsasları və əmrdə hansı maddə ilə işdən azad edilmələri göstərilməmişdir. Şərh olunanlara və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Əmiraslan oğlu və İddiaçı2 işdən çıxarılması barədə Qobustan rayonu Əlvan Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbin direktor əvəzi X15 tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli 31 saylı əmr etibarsız hesab edilməli, iddiaçılar İddiaçı1 Əmiraslan oğlu və İddiaçı2 işinə bərpa olunmalı, məcburi işburaxmağa görə iddiaçılara əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qobustan rayonu, Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbin direktor əvəzi X15 tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli 31 saylı əmr etibarsız hesab edilsin. İddiaçı Musayev X8 rayonu, Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbində işlədiyi təsərrüfat müdiri işinə bərpa olunsun və ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilsin. İddiaçı Musayeva X16 rayonu, Ə. Nəbiyev adına Təklə-Mirzəbaba kənd tam orta məktəbində işlədiyi katibə-makinaçı işinə bərpa olunsun və ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar