Məhkəmə qərarları › İş №2(026)-3/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-3/2023

21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-3/2023 21.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı çirkab suların axıdılması üçün evinin arxasında quraşdırılmış plastmas boruların və tikilinin sökülməsi və 3000 manat dəymiş ziyanın alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı çirkab suların axıdılması üçün evinin arxasında quraşdırılmış plastmas boruların və tikilinin sökülməsi və 3000 manat dəymiş ziyanın alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və ƏMDRX 14 saylı Şamaxı Ərazi idarəsindən fərdi yaşayış evinin **********58-10301 reyestr nömrəli texniki pasport almışdır. Yaşadığı evin arxa hissəsi X4 həyətinə düşür. Həmin sahəni Cavabdeh satmış, Vüsaləddin də həmin sahədə ev tikib yaşayır. Vüsləddin aldığı həyətdə tikdirdiyi tikililəri onun evinə birləşdirib, həmin tikililərin plansız tikilməsi də onun evində qəza vəziyyəti yaradır. Bundan əlavə Vüsaləddin kanalizasiya sularının axıdılması üçün quraşdırdığı boruları onun evinin arxasından keçir, həmin borular sınıq-qırıq olduğundan və evimin arxasını qazaraq həmin çirkab suları qazdığı yerə axıtdığından onun evinin divarlarının çartlamasına və uçmasına gətirib çıxarır. Vüsaləddinə dəfələrlə etdiyi hərəkətin düzgün olmadığını, kanalizasiya sularını onun evinin arxasına axıdılmasının qarşısının alınmasını demiş lakin Vüsaləddin heç bir tədbir görməmişdir. Bu barədə Qobustan rayon İcra Hakimiyyətinin başçısına, rayonun memarına müraciət etsə də, heç bir müsbət nəticə əldə etmədiyinə görə Qobustan rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Uzun müddət mütəxəssis rəyi üçün rüsumu ödəməmişdir ki, qonşudur, bəlkə özləri işi qaydaya qoyarlar. Qobustan rayonunun Qobustan şəhər sakini Cavabdeh ona məxsus evin arxasında tikdirdiyi tikililərin və evin arxasında kanalizasiya sularının axıdılması üçün quraşdırılmış boruların cavabdeh tərəfindən sökülməsi, evinə dəymiş 3000 manat ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2005-ci ildə Qobustan şəhər sakini X5 məxsus həyətyanı torpaq sahəsindən 0,06 ha torpaq sahəsi alaraq həmin sahədə ev tikdirmişdir. Kanalizasiya sularının axıdılması üçün çəkdiyi boruları özünə aid həyətdən çəkmiş və kanalizasiya xəttinə qoşmuşdur. Onların məhəlləsində çatlamayan ev və tikili yoxdur, məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, hamının evində, o cümlədən qonşuların da evində çatlar əmələ gəlmişdir, bu isə onun günahı üzündən olmamışdır. Məhkəmənin qərarı ilə təyin olunmuş ekspertiza keçirilərkən İddiaçı mərhum əri Zahid müəllim də iştirak etmişdir. İddianı əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 fevral 2021-ci il tarixli çıxarışın ********** qeydiyyat nömrəsi olan surətindən görünür ki, Qobustan rayonu, Mərəzə qəsəbəsi, M.Ə. Sabir küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 90 nömrəli vərəqəsində qeydiyyata alınmışdır Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsinin fərdi yaşayış evinin **********58- 10301 reyestr nömrəli texniki pasportunun surətindən görünür ki, Qobustan rayonu, Mərəzə qəsəbəsi, M.Ə. Sabir küçəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023cü il tarixli 10/2965 saylı ekspert rəyində göstərilir ki, 1-ci, 2-ci və 3-cü suallar üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 06 aprel 2023-cü il tarixli **********97 saylı mütəxəssis rəyinə əsasən Qobustan şəhəri ərazisində mübahisə predimeti olan kanalizasiya borularının quraşdırıldığı torpaq sahəsinin Cavabdeh tərəfindən hasarlanaraq faktiki istifadəsində olan torpaq sahəsi olduğu və Qobustan şəhəri ərazisində mübahisə predimeti olan kanalizasiya borularının quraşdırıldığı torpaq sahəsinin Cavabdeh tərəfindən hasarlanaraq faktiki istifadəsində olan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş, həmçinin mülki işdə təqdim edilmiş **********58-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü və mülki işdə Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı 1992-ci ildən Qobustan şəhəri (əvvəlki Mərəzə qəsəbəsi) M.Ə. Sabir küçəsi 1 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 126.1 kv. metr ümumi sahəsi olan ev mülkiyyət hüququ ilə iddiaçıya, 0,06 ha həyətyanı torpaq sahəsi isə ona və 3 ailə üzvünə məxsusdur. Cavabdeh X3 aldığı 0,06 ha torpaq sahəsində ev tikdirmiş və həmin evə texniki pasport alsa da, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almamışdır. Cavabdeh çirkab sularını faktiki istifadəsində olan torpaq sahəsinin içərisində plastik borularla ümumi kanalizasiya xəttinə qoşmuşdur. İddiaçı tərəfindən evinin divarlarında çat olması, habelə həmin çatın cavabdehin təqsiri üzündən yaranmasına dair məhkəməyə heç bir sübut təqdim olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı çirkab suların axıdılması üçün evinin arxasında quraşdırılmış plastmas boruların və tikilinin sökülməsi və 3000 manat dəymiş ziyanın alınıb ona verilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdeh X2 qarşı çirkab suların axıdılması üçün evinin arxasında quraşdırılmış plastmas boruların və tikilinin sökülməsi və 3000 manat dəymiş ziyanın alınıb ona verilməsi tələbi əsassız olduğundan rədd edilsin. 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar